Söküntünü həyata keçirən fəhlələr

Onları bir tikə çörəyə görə həlak etməyin!

42
Ölkə qanunvericiliyi insanları qızmar hava şəraitində işlətməyi qadağan edir. Lakin bəzi hallarda bu tələblərə əməl olunmur.

BAKI, 7 iyul — Sputnik. "Əmək Məcəlləsinə əlavədə dəqiq göstərilib ki, isti havalarda yaxud şaxtalı havalarda işçilərin açıq havada işləməsi qadağandır. Onların işləyib-işləməməsi ilə bağlı ciddi nəzarət lazımdır. Buna ya həmkarlar təşkilatı, ya əmək müfəttişliyi, ya da işəgötürən nəzarət etməlidir. Bu sahədə nəzarət mexanizmi var, amma yerinə yetirən yoxdur".

Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı
Şəxsi Facebook səhifəsindən
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı

Bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Sputnik-ə açıqlamasında deyib. O bildirib ki, tikintidə işləyənlərin çoxu qapalı yerlərdə çalışsa da, elə sahələr var ki, işçilər daim açıq havada işləyirlər.

"Məsələn, yol, su xətti çəkilişi. Yəni, açıq havada işləyənlər daima çöldədirlər. Buna nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətindədir", — deyə NHMT sədri bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Əmək Məcəlləsinə 2-ci əlavəyə görə, havanın temperaturu 41 dərəcə selsidən çox olan zaman açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir: "Azərbaycanda xarici şirkətlərdə buna əməl olunur, amma başqa sahələrdə bunu müşahidə edə bilməyəcəksiniz. Çünki, nəzarət yoxdur".

Tibb elmləri doktoru, həkim Adil Qeybulla isə Sputnik-ə açıqlamasında qızmar hava şəraitinin insan orqanizminə fəsadlarını şərh edib. Onun sözlərinə görə, temperatur 40 dərəcə və ondan yuxarı olarsa, əmək şəraiti dəyişir.

"İnsanlarda istivurma, günvurma hadisələri və digər fəsadlar olmasın deyə, həmin saatlarda əmək fəaliyyəti məhdudlaşdırılır. Amma bu məhdudlaşdırma aparılmırsa, mütləq müəyyən qaydalara riayət olunmalıdır", — həkim bildirib.

Ekspert, vətəndaşların sağlamlığının qorunması baxımından, sağlamlıq üçün əlverişsiz vəziyyətlərdə əmək fəaliyyətinin qismən məhdudlaşdırılmasını tövsiyə edir: "Məhdudlaşdırma yoxdursa, insanların fasilə ilə işləməsi, günvurmaya qarşı preventiv tədbirlərin görülməsi çox mühümdür".

Həkim Adil Qeybulla
MeydanTV
Səhiyyə eksperti Adil Qeybulla

"Əgər günvurma hadisəsi baş verirsə, dərhal həmin şəxs o sahədən başqa bir sərin yerə köçürülməlidir. Yəni, zərərverici amilin sonrakı təsiri aradan qaldırılmalıdır. Günəş şüalarının düz düşən vaxtı — saat 12-dən 16-dək günvurma hadisələrinin riski çoxdur", — A. Qeybulla əlavə edib.

Qeyd edək ki, Əmək Məcəlləsinin 233-cü maddəsində deyilir ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

42
Teqlər:
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı, fəhlə, Əmək Məcəlləsi, Adil Qeybulla, işçilər, Mirvari Qəhrəmanlı, temperatur, isti, hava
Əlaqədar
İyulda gözlənilən hava proqnozu açıqlandı
Sabaha olan hava proqnozu açıqlanıb
Sabah Azərbaycanda havanın temperaturu kəskin yüksələcək
Havanın temperaturu yüksəlir
Temperatur yüksəlir

Azərbaycanda tədris ilinin müddəti azaldılmayacaq

0
(Yenilənib 11:40 30.10.2020)
Nazir onu da bildirib ki, bu il tətillər bu və digər formada kompensasiya ediləcək: "Prosesin ortasındayıq və bu barədə qərar vermək çətindir. Proses bitdikdən sonra qiymətləndirmə aparılacaq".

BAKI, 30 oktyabr — Sputnik. "Pandemiya və hərbi vəziyyətdə koronavirusa yoluxmalarda artım müşahidə olunur. Daha çox ictimai yerlərdə, ailə daxilində yoluxmalar çox artıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, dövlət müəssiələrində işçi sayının 30 faiz həddində azaldılması məhz koronavirusun yayılmasının qarşısını almağa yönəlib: "Hər kəsin qaydalara uyğun davranması ümumi nəticələrə təsir edir. Bu bir fərdin, bir şəxsin qaydalara riayət etməsindən, maska taxmasından, gigiyenik qaydalara riayət etməsindən asılı deyil. Ona görə də hazırda cəmiyyətimizin üz-üzə qaldığı, xalqımız üçün şanlı bir dövrdə hər bir vətəndaşımızın qarşımızda duran milli maraqlara nail olmaq baxımından qoyulmuş qaydalara riayət etməkdir".

Nazir onu da bildirib ki, bu il tətillər bu və digər formada kompensasiya ediləcək. Onun sözlərinə görə, tədris ilinin müddətinin azaldılması nəzərdə tutulmur: "Prosesin ortasındayıq və bu barədə qərar vermək çətindir. Proses bitdikdən sonra qiymətləndirmə aparılacaq".

0

Onlayn təhsil platformaları VPN-siz işləyəcək - Nazir

10
(Yenilənib 11:35 30.10.2020)
Nazir onu da qeyd edib ki, internetin keyfiyyəti ilə yanaşı istifadəçilərin İKT biliyinin olmaması ilə bağlı da problem var

BAKI, 30 oktyabr — Sputnik. Son bir ayda olan Ermənistanın təcavüzü nəticəsində 9 şagird həlak olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə söyləyib. O, bildirib ki, mülki obyektlərin hədəfə alınması Azərbaycanın terrorist bir dövlətlə mübarizə apardığının nümunəsidir: "Ermənistanın cəbhədən çox kənarda yerləşən yaşayış massivlərini hədəfə alması nəticəsində 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb".

Nazir qeyd edib ki, bu vəziyyətlə yanaşı koronavirusun yayılması da sürətlənib: "Məlumdur ki, biz dərslərin əyani təhsilə keçirilməsini mərhələli şəkildə həyata keçirdik. Okyabr ayının əvvəlində pandemiya ilə bağlı vəziyyət yaxşı olduğundan 2000-dən artıq məktəbdə 5 gün əyani təhsilə keçidi təmin etdik. Amma ölkəmizdəki hərbi vəziyyət, koronavirusa yoluxma sayı, eləcə də internetin məhdudlaşdırılması nəticəsində 19 oktyabrdan bütün təhsil müəssisələrində tətil elan edildi. Məqsəd bu iki həftədə vəziyyəti düzgün qiymətləndirmək və hazırlıq işlərini apararaq ən optimal qərarların verilməsindən ibarət idi. Bu iki həftədə hazırlıq işləri aparılıb. Bu günə olan ən optimal qərar noyabrın 2-dən dərslərin distant keçirilməsidir. Bu qərarın icrası təbii ki, müəyyən çətinliklər yaradacaq. Amma artıq onlayn təhsillə bağlı təcrübə var. Həm şagridlər, həm validyenlər həmçinin də müəllimlər vəziyyətin mürəkkəbliyini nəzərə alaraq təhsili onlayn həyata keçirəcək. Bu gün mövcud olan çətinliklərə baxmayaraq onlayn təhsil təhsildən geri qalmamaq üçün ən optimal variantdır. Ölkədə onlayn platformaların işinin bərpası istiqamətində iş görülüb. Həmin platfomaların işləməsi üçün testlər aparılıb. Son vaxtlar internetin sürətinin azaldığı bir dövrdə insanların ”VPN” kimi müxtəlif proqramlardan istifadə etdiklərini görürük. Nəzərinizə çatdırım ki, qarşıdakı günlərdə onlayn təhsil zamanı VPN-siz qoşulmaq mümkün olacaq. VPN proqramından istifadə şagirdələrin onlayn təhsilə qoşulmasına mane ola bilər. Ona görə də, istər şagirdlərdən, istərsə valideynlərdən bunu nəzərə almağı xahiş edirik".

Nazir onu da qeyd edib ki, internetin keyfiyyəti ilə yanaşı istifadəçilərin İKT biliyinin olmaması ilə bağlı da problem var: "Bizim gördüyümüz məsələ ondan ibarətdir, bir çox istifadəçilərdə brauzerin köhnə versiyasına görə müvafiq platforma. Biz 10-15 faiz istifadəçidə bu tip problemləri görürük. Çalışırıq ki, maarifləndirmə işini sürətləndirək. Nəzərə almalıyıq ki, biz bir amildən asılı deyilik. Bir neçə amil var".

10