CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobil bazarında növbəti bahalaşma başlayıb

Abunə olmaq
İkinci əl maşınların qiymət artımının əsas səbəbləri məlum olub. Avtokreditlərə məhdudiyyət qoyulması, ucuz və ili köhnə olan avtomobillərə tələbatın artmasına gətirib çıxarıb.

BAKI, 5 iyul — Sputnik. May ayının sonlarından etibarən ölkənin avtomobil bazarlarında bahalaşma müşahidə olunur. Bahalaşma ikinci əl avtomobillərdə də özünü büruzə verir.

Bakı Avtomobil Satış Mərkəzində satışa qoyulmuş maşınlar - Sputnik Azərbaycan
Devalvasiya avtomobil bazarına ciddi ziyan vurub

Ötən həftənin sonu paytaxtın "Maşın bazarı"na baş çəkən Sputnik əməkdaşı, ikinci əl avtomobillərin qiymətində, ilin əvvəli ilə müqayisədə 20-25 faiz arasında qiymət artımı olduğunu öyrənib. Alıcıların dediyinə görə, bir ay əvvəllə müqayisədə belə, maşınların qiymətində 1000-2000 manatarası bahalaşma var.

Badamdar qəsəbəsində yerləşən "Avtomobil Satış Mərkəzi"ndə özü üçün maşın axtardığını deyən alıcı Kamil Mirzəyev, cibinə uyğun ürəyincə bir şey tapa bilmədiyini deyir: "Bazara aprel ayında bir dəfə gəlmişdim. Açığını desəm, o vaxt cibimdəki pula uyğun arzu elədiyim maşını ala bilərdim. Amma bir az gözləmək istədim".

"Elə bilirdim, maşınlar daha da ucuzlaşacaq. İndi gəlib bu ab-havanı görəndə heyfsləndim. Kaş elə o vaxt alardım. İşlənmiş avtomobillər çox bahalaşıb", — müsahibimiz deyir.

Ekspertlərə görə, qiymət artımının bir neçə səbəbi ola bilər. "045" Avtosalonunun baş meneceri Emil Nəsrullayevin Sputnik-ə bildirdiyinə görə, birinci səbəb, hazırda ikinci əl avtomobillərə bazarda ciddi tələbat yaranması ilə bağlıdır.

"Üstəlik, bilirsiniz ki, hökumətin qərarı ilə "Avro-4" standartı qəbul olunub, bu səbəblə də idxal məhdudlaşıb. Yəni sahibkarlar ürəkləri nəyi istədi, Azərbaycana gətirə bilmirlər", — menecer bildirib.

© Photo : Emil Nəsrullayevin şəxsi arxivindənEkspert Emil Nəsrullayev
Ekspert Emil Nəsrullayev - Sputnik Azərbaycan
Ekspert Emil Nəsrullayev

E. Nəsrullayev ikinci əl maşınların nəyə görə bahalaşdığının gözdən qaçan tərəflərini də açıqlayıb: "İqtisadi səbəblərə görə, avto-bazarlarda kreditləşməyə məhdudiyyətlər qoyulub. Bu da ili təzə və bahalı maşınların alqı-satqısını zəiflədib. Nəticədə ucuz və ili köhnə olan avtomobillərə tələbat artıb. Bu da qiymət artımına səbəb olub. Sözün qısası, tələb artdıqca qiymətlər bahalaşır".

Ekspertin fikrincə, bahalaşma ən çox 1998-2005-ci illər istehsalı olan xarici markalı avtomobillərdə müşahidə olunur: "Bu maşınların qiyməti alıcıların cibinə uyğun olduğu üçün həmin avtomobillərə tələbat da yüksəkdir".

O, maşın bazarındakı bu bahalaşmanın uzun müddət davam edəcəyini də iddia edib.

Xəbər lenti
0