Təndir çörəyi. Arxiv şəkli

Allah kimsəni onunla imtahana çəkməsin...

760
(Yenilənib 19:38 24.06.2016)
"Hələ də dünyada bu çörəyin nə demək olduğunu başa düşən insanlar var. Onlar bir gün yolunu bizim kənddən salacaqlar və bizim bu dəyirmana dəyər verəcəklər"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Azərbaycanlıların gündəlik qida rasionunda çörəyin yeri ayrıdır. Bizdə çörəyə and içirlər, onu "Quran" qədər müqəddəs nemət hesab edirlər.

"Çörək haqqı" deyə and içir, "Allah bizi çörəklə imtahana çəkməsin" deyir, ən hörmətli qonağı duz-çörəklə qarşılayırıq. Bəzən haqsızlıqla üzləşəndə, "səni görüm çörək tutsun", "süfrədə yediyin çörək sənə qənim olsun" deyə qarğış etməsi də bizim camaatın həyatında çörəyin yerinin nə qədər yuxarıda olmasınını göstəricisidir.

Azərbaycan folklorunda çörəklə bağlı müxtəlif atalar sözləri, məsəllər, aforizmlər, bayatılar, qarğışların olması təsadüfi deyil. Şübhəsiz ki, bu müqəddəs nemətin ərsəyə gəlməsi, həm vaxt, həm də böyük zəhmət tələb edir.

Bizə çörəyi bu qədər sevdirən, bəlkə də nənələrimizin təndirindən çıxan, ətri və dadı duyulan çörəklər olub. İndi isə biz, sadəcə o çörəklərin nostalgiyası ilə yaşayırıq. Çünki artıq kəndlərdə belə, nənələrimizin buğda unundan bişirdiyi xəmrəli çörəyin dadına, ətrinə rast gələ bilmirik.

Əsl çörək əvəzinə GMO

Bunun bir neçə səbəbi var. Əvvəla, getdikcə yerli buğda növləri sıradan çıxarılır və əvəzində bol məhsul verən xarici buğda növlərinə üstünlük verilir. Xarici növlərin də çoxu genetik-modifikasiya olunmuş (GMO) məhsullardır.

İkinci səbəb keçmişlərdə kəndlərdə buğdanı üyütmək üçün istifadə olunan su dəyirmanlarının sıradan çıxmasıdır. İndinin özündə belə, həkimlər mədə pozğunluğu, şəkərli diabet, qan azlığı kimi bir sıra xəstəliklərdən əziyyət çəkənlərə su dəyirmanında üyüdülən taxılın unundan bişən çörək yeməyi məsləhət görürlər.

Çünki dəyirman daşları su axını ilə nizamlı sürətlə fırlanır. Paralel olaraq üyütmə zamanı daşları da su soyudur. Beləliklə, proses zamanı sürtünmədən qızma halları olmur, bununla da un heç vaxt yanmır və keyfiyyətini itirmir. Dəyirman unu yüksək qida tərkibi və müalicəvi keyfiyyəti ilə seçilir.

"Saxla samanı, gələr zamanı"

Qəhrəmanımız Məhəmməd Abdullayev uzun illər yaşadığı Zaqatala rayonunun Dardoqqaz kəndində dəyirmançı işləyib. Sputnik-ə verdiyi müsahibədə o, sahibi olduğu Dardoqqaz su dəyirmanından danışıb.

"Bu su dəyirmanının bünövrəsi 1916-18-ci illərdə babamız və onun qardaşı tərəfindən qoyulub. Babalarımız vəfat etdikdən sonra bu dəyirman atamın himayəsinə keçib. Sonra atamı "kolxoz quruculuğu" illərində, sovet hökuməti "qolçomaq" adı ilə Sibirə sürgün edib. Onun bütün əmlakı müsadirə olunub, su dəyirmanını da əlindən alıblar", — deyir müsahibimiz.

Sovet hökuməti dağıldıqdan sonra, Məhəmməd kişi bu dəyirmanı atasının varisi olaraq işlətməyə çalışır: "Kolxozlarda o zaman islahatlar aparılırdı. İslahat komissiyası əvvəlcə bu dəyirmanı mənim əmlakım hesab etmək istəmirdi. Baş Prokurorluğun atama bəraət verməsindən sonra, onun əmlakı varisi olaraq mənə qaytarıldı".

  • Məhəmməd Abdullayev
    Məhəmməd Abdullayev uzun illər yaşadığı Zaqatala rayonunun Dardoqqaz kəndində dəyirmançı işləyib
    © Sputnik / Shahperi Abbasova
  • Su dəyirmanı
    Təmiz buğdadan su dəyirmanında üyüdülmüş unun çörəyi min bir dərdin dərmanıdır
    © Sputnik / Shahperi Abbasova
  • Su dəyirmanı
    Su dəyirmanları ata-babalarımızın yadigarıdır, o irsi qoruyub saxlamaq lazımdır
    © Sputnik / Shahperi Abbasova
  • Təndirdə çörəyin bişirlməsi
    İsti təndir çörəyinin dadına görə tayı-bərabəri yoxdur
    © Sputnik / Shahperi Abbasova
1 / 4
© Sputnik / Shahperi Abbasova
Məhəmməd Abdullayev uzun illər yaşadığı Zaqatala rayonunun Dardoqqaz kəndində dəyirmançı işləyib

Amma bu su dəyirmanının hazırkı vəziyyəti qənaətbəxş deyil: "Çünki bu dəyirmanda sərf olunan elektrik enerjisi çox pul aparır. Üstəlik dəyirmanın yolu da insanların gəliş-gedişi üçün əlverişli deyil. Bütün çətinliklərə baxmayaraq dəyirmanı qoruyub saxlayıram. Ataların bir məsəli var: "Saxla samanı, gələr zamanı". Elə buna görə də, su dəyirmanını həm tarixi abidə kimi, həm də insanların ənənəvi un ehtiyacını ödəmək üçün qoruyub saxlamağa çalışıram. Bu dəyirmanın şəraiti normal olsa, onu işlətməyə dəyər".

"İnsanlar tənbəlləşiblər"

Dəyirmançı yerli camaatın taxıl əkməməsindən də şikayətlənib: "Əvvəllər dəyirmanın içərisi dolu olardı, çünki hər kolxozçunun taxıl payı var idi. Hərə öz taxılını gətirəndə dəyirmanın içi dolu olardı. Hazırda kəndlinin əlində taxıl yoxdur. Taxılı ordan-burdan tapıb, üyüdüb bazara çıxarırıq. O da az miqdarda olur. Camaatın gediş-gəlişi üçün yol olsa, bəlkə də artıq gətirərlər".

"Bununla belə, mənfi haldır ki, insanlar tənbəlləşiblər. Heç kəs taxıl becərmək istəmir. Hamı deyir ki, "xərci kirəsini ödəmir, onu əkməkdənsə, hazır un almaq sərfəlidir, niyə əlavə zəhmət çəkirik?". Amma bilmirlər ki, öz əlinlə yetişdirdiyin buğdanın çörəyi ilə mənşəyi məlum olmayan unun çörəyi eyni deyil", — köhnə dəyirmançı danışır.

Onun sözlərinə görə, təmiz buğdadan su dəyirmanında üyüdülmüş unun çörəyi min bir dərdin dərmanıdır: "Müharibə illərindəki aclıq dönəmində insanlar məhz su dəyirmanında üyüdülən buğdanın yavan çörəyini yeyərək sağ qalmağı bacarıblar. İndi ölkəyə gətirilən, mənşəyi məlum olmayan unlardan hazırlanan çörək və un məmulatları insanlarda çoxsaylı problemlər yaradır".

"İndi hər cür xəstəliklər ortaya çıxır. Xərçəng, qan təzyiqi, şəkərli diabet kimi xəstəliklər milləti qılınc kimi biçir. Mən bunun səbəbini daha çox sağlam olmayan qidalarda, eləcə də çörəkdə görürəm. Adamlar təbiətin bəxş etdiyi nemətlərdən könüllü surətdə imtina edərək sintetik qidalara, geni dəyişdirilmiş bitkilərdən alınan ərzaqlara üstünlük verirlər. Nəticə də göz qabağındadır. Fikir versəniz, görərsiz ki, artıq bir çox xəstəlikləri heç dərmanlar da sağaltmır", — deyə dəyirmançı bildirir.

"Ölüm yatağında bu çörəyin ətrini arzulayıb"

M. Abdullayev övladlarının bu sənətə maraq göstərməməsindən də gileylənib: "Təəssüf ki, övladlarım yanımda deyil. Onlara deyirəm ki, gəlin, bu su dəyirmanına yiyə durun, o, dağılmasın, ata-babalarımızın yadigarıdır, o irsi qoruyub saxlayaq. Təəssüf ki, onlar da bütün gənclər kimi asan yolla çox pul qazanmaq istəyirlər. Dəyirmanımın dağılmasını istəmirəm. Bir nəfər taxıl əkə, çörək yapa bilər. Amma bir nəfər tək dəyirmanı işlədə bilməz. Burada kollektiv işləməlidir. Mən köməyim olmadan, 100 ilin yadigarını işlədə, qoruyub saxlaya bilmərəm".

Dəyirmançı onu da dedi ki, bu mirası təkcə pul qazanmaq üçün qorumaq niyyətində deyil. Burada daha dərin mətləblər var: "Söhbət təkcə çoxlu pul qazanmaqdan getmir. Söhbət babaların bizə miras qoyub getdiyi ənənələri yaşatmaqdan və dünyada müəyyən qədər sağlam, orqanik məhsulların qorunub saxlanmasından gedir. Adamlar tanıyıram ki, onların milyardları var, amma həmişə su dəyirmanında üyüdülən undan bişmiş təndir çörəyini arzulayırlar. Elə xəstələr olub ki, həyatda milyonları olub, var-dövlət içində üzüb, amma ölüm yatağında bu çörəyin ətrini, dadını arzulayıblar".

"Düşünürəm ki, hələ də dünyada bu çörəyin nə demək olduğunu başa düşən insanlar var. Onlar bir gün yolunu bizim kənddən salacaqlar və bizim bu dəyirmana dəyər verəcəklər", — müsahibimiz bildirir.

Qeyd edək ki, bu yaxınlarda Milli Məclis "Taxıl haqqında" qanuna əlavə və dəyişiklik edib. Bu qanunun 6.8-ci maddədə qeyd olunur ki, "Taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir".

Qanunun 11.5-ci maddəsinə görə isə, "Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir".

Bu qadağanın pozulması Cinayət və İnzibati Xətalar məcəllələri ilə məsuliyyət yaradır.

760
Teqlər:
Dardoqqaz kəndi, Zaqatala rayonu, Məhəmməd Abdullayev, buğda, un, dəyirman, taxıl, çörək, GMO
Əlaqədar
Taxıl Kombinatının direktorunun qətlində şübhəli bilinən 3 nəfər saxlanılıb
Rusiyanın taxılı olmadan keçinmək mümkündürmü?
Biz taxılı dollarla alırıq, tenge ilə deyil
Ət, meyvə-tərəvəz, taxıl ucuzlaşıb, yumurta və bal bahalaşıb
Azərbaycan Özbəkistandan taxıl ixrac edəcək