Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 20 iyun — Sputnik. Bu gün Lənkəranda oğlanlar üçün 2 nömrəli ailə tipli kiçik qrup evinin açılışı olub. Sputnik-in bölgə müxbiri xəbər verir ki, açılışda təhsil naziri Mikayıl Cabbarov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak edib. Açılışdan sonra M. Cabbarov və T. Qaraşov binada yaradılan şəraitlə tanış olub.
Məlumat üçün bildirək ki, Lənkəran Şəhəri M. M. Axund küçəsi 43 ünvanında yerləşən binanın tikintisinə 2014-cü ildə başlanılıb və bu ilin may ayında başa çatdırılıb. 2 nömrəli ailə tipli kiçik qrup evinə yerləşdirilməsi üçün dövlət uşaq müəssisələrində yaşayan valideyn himayəsindən məhrum olan tam kimsəsiz 12 nəfər oğlan uşağı seçilib.
Qeyd edək ki, bu tip evlərdə kimsəsiz uşaqlar 18 yaşınadək qayğı ilə əhatə olunaraq yaşayır və 18 yaşdan sonra təhsillərini davam etdirdikləri təqdirdə, onların kiçik qrup evində yaşamasına icazə verilir. Azərbaycanda Türkiyə modeli tətbiq olunduğundan oğlanlar və qızlar üçün ayrı-ayrılıqda kiçik qrup evləri yaradılır.
Açılışdan sonra isə təhsil naziri M. Cabbarov sakinlərlə görüş keçirib. Nazir Lənkəran Heydər Əliyev Mərkəzində Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad rayonlarından olan sakinləri qəbul edib və müraciətlərini dinləyib. Görüşdə əksər məsələlər yerindəcə həll edilib. Nazirliyin səlahiyyətinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.
BAKI, 21 aprel — Sputnik. Xərçəngdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev bu gün Türkiyədə əməliyyat olunub.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən müğənninin oğlu Səbuhi Ağayevin sözlərinə görə, müğənni bir müddətdir onkoloji xəstəliklə mübarizə aparır: "Atam iki aydır ki, Türkiyədədir. Bu gün əməliyyat olundu. Xəstəlik ona əziyyət versə də, bu haqda heç kimə bildirməyib. Şükür ki, vəziyyəti yaxşıdır".
BAKI, 21 aprel — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 2480 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 12 679, hazırkı dövrədək isə 3 141 335 test aparılıb.
Azərbaycanda indiyədək ümumilikdə 305 933 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4235 nəfər vəfat edib, aktiv xəstə sayı 31 733 nəfərdir.
BAKI, 21 aprel — Sputnik. Rusiya Dağlıq Qarabağda silahlı qarşıdurmanın dayandırılmasında əsas rol oynayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
"Biz regional münaqişələrin həll olunmasına yardım etməyə çalışırıq. Biz Suriyada vəziyyətin normallaşması, Liviyada siyasi dialoqun formalaşması üçün çox şey etmişik. Bildiyiniz kimi, Rusiya Dağlıq Qarabağda silahlı qarşıdurmanın dayandırılmasında da əsas rol oynayıb", - deyə Putin qeyd edib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.