Təmtəraqlı yas süfrəsi

"Yas adı ilə keçirilən banketlərin islam dininə heç bir aidiyyatı yoxdur"

441
(Yenilənib 11:13 16.06.2016)
Qafqaz Müsəlmanları İdarəsi onlardan aylıq məvacib alan mollaların yas mərasimini pulla aparmasını qadağan edib.

BAKI, 15 iyun-Sputnik. "Bu ölkədə ölmək yaşamaqdan bahadır" deyənlər, yəqin ki, yanılmırlar. Adamlar ölürlər, onların yaxınları isə yas mərasiminə sərf onun xərclərin altında əzilirlər. Ehsan süfrələri, qəbir pulu, molla pulu böyük miqdarda xərc tələb edir. Azərbaycanda bir ölünün qəbirpulunu, dəfnini, cümə axşamlarını, 3, 40 və il mərasimlərini, qəbir daşının hazırlanmasını yola vermək üçün az qala bir evin pulunu xərcləmək lazım gəlir.

Sputnik-in əməkdaşının sosial şəbəkə vasitəsilə keçirdiyi sorğudan aydın olub ki, Azərbaycanda yas mərasimlərini yola vermək üçün molla haqqı da az xərc tələb eləmir. Bir ölünün yas məclislərini aparmaq, ilini yola vermək üçün ümumilikdə orta hesabla azı 500-600 manat tələb olunur. Mollalar hər bir məclis üçün orta hesabla 50 — 150 manat pul tələb edirlər. Nəzərə alanda ki, müsəlmanların hüzr məclislərində qadın və kişi mollalar ayrı-ayrılıqda iştirak edirlər, onda həmin məsrəfi 2-yə vura bilərsiz.

Sputnik-in əməkdaşı Təzə Pir məscidində yas mərasimlərinin keçirilməsi və mollaların qiymətləri ilə maraqlanıb. Təzə Pir məscidinin nümayəndəsi bildirib ki, keçiriləcək yas mərasimində bir stol 12 manat təşkil edir. Ramazan ayı münasibətilə stolun qiymətində 1 manat endirim edilib. Çay süfrəsi isə 5-6 manat təşkil edir. Ehsan məclisinə gələn 1 nəfəri yola salmaq üçün orta hesabla 17 manat tələb edilir. Eyni zamanda qadın məclisini və kişi məclisini idarə edəcək mollaya ayrı-ayrılıqda 50 manat verilməlidir. Deməli, 100 nəfər başsağlığına gələni yola salmaq üçün yas mərasimini keçirən şəxs 1700 manat ehsanpulu və 100 manat molla pulu verməlidir. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli Sputnik-ə açıqlamasında yas mərasimlərinin keçirilməsi ilə bağlı deyib: "İnsan vacib əməl yerinə yetirərkən heç kimdən pul tələb edə bilməz. Vacib əməl olaraq namaz qılıb, oruc tutduğumuz kimi, öləni yumaq, kəfənləmək və cənazə namazı qılmaq da vacib əməllərdir və buna görə ölən insanın adamlarından pul istəmək olmaz."

Hacı Şahin bildirib ki, QMİ-də qeydiyyatda olan din xadimləri yas mərasimlərindən pul ala bilməzlər. Onlar QMİ-dən aylıq məvacib alırlar. Hacı Şahinin sözlərinə görə, QMİ-də qeydiyyatı olmayan, bu qurumun vəsiqəsini daşımayan mollalara görə idarə cavabdehlik daşımır.

Hacı Şahin deyib ki, insanlar öz istəkləri ilə "Quran" oxutdurduqlarında mollaya pul versələr, molla onu götürə bilər: "Ümumilikdə, bu sahəyə qazanc yeri kimi baxmaq olmaz. Müstəhəb olan əməlləri icra edərkən bunun müqabilində pul verilərsə, ala bilərlər. Amma ölünü yumaq, kəfənləmək, cənazə namazı qılmaq kimi vacib əməllərə görə pul almaq olmaz."

Dini ekspert Rəsul Mirhəşimli isə yas mərasimlərinin islam dininə heç bir adiyyatı olmadığını söyləyib: 

"Əvvəla onu deyim ki, yas adı ilə keçirilən banketlərin heç birinin islam dininə aidiyyatı yoxdur. 3, 7, 40 və bu kimi mərasimlər haqqında dinimiz heç nə buyurmur. Peyğəmbərdən gələn bir hədis var — ölmüş insanların yaxınlarını 3 gün ziyarət edin. Yəni onlara dəstək olun, təskinlik verin. Amma insanları xərcə salmaq, molla, ehsan sadəcə insanların uydurduqları mərasimlərdir."

Ekspert bu mərasimlərin israfçılıq olduğunu söyləyib: "Heç kim fikirləşmir ki, dində ehsan adı ilə verilən ehsanlarda ifratçılıq, qəbirüstü daşların islam dini ilə heç bir əlaqəsi yoxdur. Bunlar əksinə, dindən uzaqlaşdıran amillərdəndir."

R.Mirhəşimli bu israfçılığın qarşısının alınması üçün Qafqaz Müsalmanları İdarəsinin sədri Allahşükür Paşazadənin müvafiq addım atmalı olduğunu deyib:

"Allahşükür Paşazadə bu qanunları yaxşı bilir və o, Azərbaycan müsəlmanlarına yaxşı nümunə ola bilər. Hal-hazırda QMİ-nin tabeliyində olan 9, ya da 11 mərasim zalı var. O, bu mərasim zallarında heç olmasa nisbətən sadə və ucuz başa gələn süfrələrin açılmasını təşkil etsəydi, bu hal kütləviləşə bilərdi. Amma hal-hazırda həmin zallarda bir stolun qiyməti aşağısı 10-15 manatdır."

441
Teqlər:
islam dini, Təzə Pir, molla, Rəsul Mirhəşimli, Hacı Şahin Həsənli, ehsan süfrəsi, Quran, yas mərasimləri, ekspert, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), İslam
Əlaqədar
Deputat şəhidin yas mərasimində iştirak edib
Putin türk xalqı üçün yas tutur
Yas mərasimləri qanunla tənzimlənəcək
Orucluq vaxtı toy və yas mərasimləri necə keçirilməlidir?