Приморский бульвар в Баку

Bulvarın bağlanması xəbəri birmənalı qarşılanmır

37
Paytaxtda maşın yarışı üzrə Formula 1 çempionatının növbəti mərhələsinin keçirildiyi müddətdə bulvar 5 gün ərzində ziyarətçilərə qapalı olacaq.

BAKI, 9 iyun — Sputnik. Dənizkənarı bulvarın beş gün müddətinə bakılılar və şəhərin qonaqlarının üzünə bağlanması  barədə xəbər vətəndaşlar arasında birmənalı qarşılanmayıb.

Paytaxtda maşın yarışı üzrə Formula 1 çempionatının növbəti mərhələsinin keçirildiyi müddətdə bulvar 5 gün ərzində ziyarətçilərə qapalı olacaq. İyunun 15-dən 20-nə qədər bura ancaq mərasim tribunalarına bileti olanlar gedə biləcəklər: Bakı bulvarı bilet sahiblərinin əyləncə yeri olacaq. 

Sputnik ictimaiyyətin tanınmış nümayəndələrinin bu barədə nə düşündüklərini öyrənmək üçün sorğu keçirib. 

Məşhur heykəltaraş Zakir Əhmədov hesab edir ki, Formula 1 təşkilatçılarının 15-20 iyun dövründə vətəndaşların və şəhərin qonaqlarının bulvara getmək hüquqlarını pozmasını mənasız hesab edir. 

"Biz çox deyirdik ki, demək olar Xəzərin sahili işğal olunub, bütün sahilboyu varlı vətəndaşlar tərəfindən əsir götürülüb, adi insanlar təbiətin nemətlərindən istifadə edə bilmirlər. Nə oldu? Bizi kimsə eşitdi? Düşünürəm ki, bulvarı bağlamaq düzgün deyil” – deyə heykəltaraş bildirib. 

Teoloq, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev də öz növbəsində deyib ki, bir tərəfdən hakimiyyətin bu addımını Formula 1 iştirakçılarının təhlükəsizliyi nöqteyi-nəzərindən başa düşür. "Digər tərəfdən bu, vətəndaşların hüquqlarını pozur. Daha yaxşı olardı ki, təşkilatçılar bulvarı iki hissəyə bölərdilər. Onsuz da sahilə gələn adamlar bu möhtəşəm tədbirə mane ola bilməyəcəklər” –  deyə o, bildirib. 

Əliyev həmçinin qeyd edib ki,  bütün bunlar ölkənin prestiji üçün edilir: “Biz kapitalın hökmranlıq etdiyi kapitalizm rejimində yaşayırıq".

Məşhur hüquqşünas Aslan İsmayılov qeyd edib ki, bu məsələyə neqativ münasibət bildirir. Onun fikrincə, heç bir tədbir şəhər əhalisinin komfortuna mane olmamalıdır. 

Regional İnkişaf Mərkəzinin rəhbəri, professor, iqtisadi elmlər namizədi Çingiz İsmayılov isə təşkilatçıların mövqeyini dəstəkləyib.   

"Başa düşmək lazımdır ki, biz çox narahat vaxtda yaşayırıq. Mən düşünürəm ki, bulvarın bağlanması təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Əgər beş gün şəhər camaatı bulvara getməsə, dünya dağılmayacaq. Bir müddət sonra o açılacaq. Səbr etmək lazımdır. Qarışqadan fil düzəltmək nəyə lazımdır? Düşünmək lazımdır ki, onsuz da camaat hər gün bulvara getmir. Əgər kimsə məhz 15-20 iyun tarixlərində bulvara getmək istəyirsə, qoy bilet alsın."- deyə İsmayılov bildirib. 

Onun sözlərinə görə, dənizkənarı parkda yel əsib qoz tökülməyib, orada heç nə paylamırlar ki, ora məhz həmin günlərdə getməlidirlər. 

"Avropa Oyunları keçirilib. Hamı ona baxmağa getmədi ki. Əgər məni Qran Priyə pulsuz baxmağa dəvət etsələr, imtina edəcəm. Tribunada günəş şüalarının altında oturacam ki, nə var, nə var 5 saniyədə 10-larla maşın sürətlə gəlib keçəcək, mən də buna görə pul ödəyəcəm?! İstəmirəm. Adamlar da biletli tamaşaçıların bulvarda necə əyləndiklərini görməsələr, heç nə itirməyəcəklər” – deyə İsmayılov fikrini yekunlaşdırıb. 

37