BAKI, 8 iyun — Sputnik. Havalar isindikcə insanlar müxtəlif istirahət məkanlarına üz tuturlar. Şəhərdə mövcud olan istirahət məkanlarından biri də Bakı zooparkdır. Bura, xüsusilə uşaqlar üçün əyləncəli məkandır. Sputnik-in əməkdaşı da Bakı zooparkında olaraq, orada müşahidə etdiyi mənzərəni qələmə alıb.
Açığı, sonuncu dəfə 9 yaşında bu zooparkda olmuşdum. Necə qoyub getmişəmsə, bu gün də eyni mənzərə ilə üzləşdim. Ərazidə xırda kosmetik dəyişiklik belə, olunmayıb…
İstirahət günü olduğundan zoopark insanlarla dolu idi. Valideynlər uşaqlarına heyvanları göstərib, onların haqqında məlumat verirdilər. Lakin heyvanların onlara tamaşa edənlərə tamaşa etməyə, sanki əhvalları yox idi.
Süşə qəfəsdə saxlanılan, tükü tökülmüş bir neçə növ tutuquşu sadəcə gizlənməyə yer axtarırdı. İlanlar şüsədən insanların üzərinə "hücum etsə də", timsah saatlarla hərəkətsiz vəziyyətdə yerində qalmışdı. Timsah üçün hazırlanmış süni gölməçənin suyu isə, demək olar, qurumuşdu və qalan hissəsi çox çirkli idi.
Zooparkın 50 faizdən çoxunu tutuquşular və bir çox çöl quşları "bəzəyib". Elə təsəvvür yaranır ki, bura zoopark deyil, yalnız quş parkıdır. Çünki digər heyvanların sayı və onların yaşamı heç də ürəkaçan deyil.
Zooparkda acınacaqlı durum akvariumlar olan kiçik otaqdadır. Havasızlıq, isti və nəmişlik iyindən orada bir dəqiqə belə, dayanmaq mümkün deyil. İfunət iyi verən məkana daxil olan insanlar burunlarını tutub geri qayıdırdılar.
Zooparkda ev heyvanlarının çoxluğu da xüsusi diqqət çəkir. Qoyun, keçi, toyuq, ördək, xoruz və bu kimi həmişə gördüyümüz ev heyvanları ilə zooparkı "bəzəmək", insanların başını aldatmaq məqsədi güdmür də, nə edir?!
Zooparkın digər bölmələrində də eyni xoşagəlməz mənzərə hökm sürür. Tükləri tökülmüş və üfunət iyi verən dəvələr, qabırğaları sayılan canavarlar, halsızlıqdan hiyləgərliyini itirən tülkülərə, sadəcə adamın yazığı gəlir. Canavarın qarşısına atılmış leşdən gələn ifunətli iy insanları o ərazidən qaçmağa vadar edirdi. Hələ ayıları demirəm. Ayılar, sanki tamaşaya yığışmış insanlardan imdad diləyir, azadlıq istəyirdi.
Zooparka yeni gətirildiyi hiss olunan aslanlar, daha sağlam və ətli-qanlı görünürdü. Halsız bəbir isə, yerdə qımıldanmadan saatlarla uzanıb heç kəsi "vecinə almırdı". Təbii ki, aclıqdan və istidən…
Avstraliyadan gətirilmiş kenqurular, zooparkın kiçik bir guşəsində sakitcə "gözlərini döyürdü". Ən təbii vərdişlərini olan tullanmağı unutmuş bu zavallı heyvanların nə çəkdiyini gözlərinədn oxumamaq mümkün deyildi.
Bir sözlə, Bakı zooparkında vəziyyət heç də ürəkaçan deyil. Qəfəslər çirkli və baxımsız vəziyyətdədir. Havalar hələ tam isinməyib, artıq iy-qoxudan qəfəslərə yaxın getmək mümkün deyil. Bir neçə heyvanın qarşısında qalan leşlərdən aydın görünür ki, onların necə yemləndiyi zoopark rəhbərliyini o qədər də maraqlandırmır…
BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.
Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.
Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.
Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.
BAKI, 19 yanvar — Sputnik. Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisə daxil olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.
Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.