Təbrizin yazdığı son mesajı : Səni sevirəm…

Bu eşq hekayəsini sonadək dinləmək ürək tələb edir

11076
(Yenilənib 14:30 04.06.2016)
Şəhid pilotun həyat yoldaşı: "Bir var həyat yoldaşın rəhmətə gedib, onun acısını yaşayırsan. Bir də var ki, itirdiyin insan sevgilin, sirdaşın, dostun, bir sözlə hər şeyindir. Mən bir gündə bir neçə insanı itirdim"

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. İnsan itirmək çətindir. Ata, həyat yoldaşı, qardaş, ana… Kim olursa olsun, itirmək çətindir. Onun yoxluğuna alışmaq, onunla yaşadığın ömrün sona çatdığını anlamaq, onu bir daha heç vaxt görməyəcəyini bilmək, onsuz həyatı qəbul etmək çətindir…

Yoxdur O!!! Gözlərin önündən xəyalları getmir, gülüşləri, səsi, baxışları, qoxusu, səni oxşayan əlləri, əzizləməsi, ürəyin sıxılanda sığındığın sinəsi. Qucaqlayıb onu sənə verdiyi üçün Tanrıya dönə-dönə şükr etdiyin günləri salırsan yada. Mən sənsiz necə yaşayacağam?! Sual verirsən daima danışdığın xəyalına.

Kamran Şirəliyev əsgər yoldaşı ilə
© Photo : Şirəliyevlər ailəsinin şəxsi arxivindən

Sonra hönkürürsən, qışqırırsan: "İlahi mən onsuz necə yaşayacağam?". Başını divarlara vurmağın gəlir, onsuz ölməyin gəlir, nəfəsin kəsilir. Qəhər ilişib qalır boğazında. Hər nəfəsində burnun dirəyi sızıldayır, göz yaşların süzülür yanaqların boyu. Aynaya baxırsan, "Allahım, bu dərdin adı nədir?" deyirsən. Mən onsuz yaşaya biləcəyimmi? Mən onu hiss etmədən nəfəs ala biləcəyəmmi? Yox, bitdi. Mənim üçün həyat aprelin 2-də bitdi.

"İlk övladımızı qucağına alanda başı gicəllənmişdi"

"Mənə hər zaman qapıya ölüm xəbəri gətirən hərbçilərdən danışırdı. Deyirdi, "bir gün sənin də qapına gələ bilərlər, hər zaman hazırlıqlı ol. Hazırlıqlı ol qışqırmağa, hönkürməyə. Gələn hərbçilərin susqunluğuna. Hazırlıqlı ol mənsizliyə. Uşaqlarımızın səndən başqa heç kimi yoxdur. Mənsiz ayaqüstə durmağa hazır ol". Deyirdim, uşaqlarına yazığın gəlmir, belə danışırsan? Deyirdi ki, elə onları düşündüyüm üçün səni hazırlayıram. Sanki şəhid olacağı ürəyinə dammışdı".

Təbrizlə Pərişan uşaqlıqdan bir yerə böyüyüblər. Təbriz Pərişanın sinif yoldaşının xalası oğlu olub. Elə Pərişanla da Təbriz sinif yoldaşıgildə tanış olublar. Pərişan danışır ki, ilk tanışlıqları mübahisə ilə başlayıb. Amma sonradan zaman keçdikcə bir-birini sevməyə başlayıblar.

Kiçik bir dava ilə başlayan münasibət sonradan böyük bir sevgiyə çevrilib: "2005-ci ildə ailə həyatı qurduq. Sevgili olduğumuz vaxtlar o qədər maraqlı keçib ki, danışsam, bitməz. Həm də o, hərbçi idi. Gec-gec gəlirdi. Biz bir-birimizə məktublar yazırdıq. O, Kürdəmirdə xidmət edirdi. Poçtla göndərdiyi məktubları bu günə qədər saxlayıram".

2006-cı ildə ilk övladları dünyaya gəlir — Tayfun, 2008-ci ildə isə Onur dünyaya göz açır: "Təbriz Tayfunu ilk dəfə qucağına alanda başı gicəllənmişdi. Yadımdadır, dedi, alın əlimdən, başım gicəllənir. Onur dünyaya gələndə isə deyirdi ki, unutduğum hissi yenidən yaşadım. Çox xoşbəxt idik. Düzdür, bütün ailələrdə olduğu kimi, bizim də problemlərimiz olurdu, amma dəyərdi Təbriz üçün hər şeyə dözməyə".

  • Pərişan xanım oğulları Onur  (solda) və Tayfunla
    Pərişan xanım oğulları Onur (solda) və Tayfunla
    © Photo : Pərişan xanımın şəxsi arxivindən
  • Pərişan xanım: Təbriz Tayfunu ilk dəfə qucağına alanda dedi, alın əlimdən, başım gicəllənir. Onur dünyaya gələndə isə deyirdi ki, unutduğum hissi yenidən yaşadım
    Pərişan xanım: "Təbriz Tayfunu ilk dəfə qucağına alanda dedi, alın əlimdən, başım gicəllənir. Onur dünyaya gələndə isə deyirdi ki, unutduğum hissi yenidən yaşadım"
    © Photo : Pərişan xanımın şəxsi arxivindən
  • Təbrizin cəbhə bölgəsində olduğunu heç kim bilmirdi
    Təbrizin cəbhə bölgəsində olduğunu heç kim bilmirdi
    © Sputnik / Irade Celıl
  • Kiçik bir dava ilə başlayan münasibət sonradan böyük bir sevgiyə çevrilib
    Kiçik bir dava ilə başlayan münasibət sonradan böyük bir sevgiyə çevrilib
    © Photo : Pərişan xanımın şəxsi arxivindən
  • Şəhid Təbrizə məxsus əşyalar
    Şəhid Təbrizə məxsus əşyalar
    © Sputnik / Irade Celıl
  • Hərbiçidən ailəsinə yadigar qalan mukafatlar
    Hərbiçidən ailəsinə yadigar qalan mukafatlar
    © Sputnik / Irade Celıl
  • Təbrizin layiq görüldüyü fəxri fərman
    Təbrizin layiq görüldüyü fəxri fərman
    © Sputnik / Irade Celıl
  • Sevgili olduğumuz vaxtlar o qədər maraqlı keçib ki, bir-birimizə məktublar yazırdıq
    Sevgili olduğumuz vaxtlar o qədər maraqlı keçib ki, bir-birimizə məktublar yazırdıq
    © Photo : Pərişan xanımın şəxsi arxivindən
  • Təbriz deyirdi:Gələn hərbçilərin susqunluğuna. Hazırlıqlı ol mənsizliyə. Uşaqlarımızın səndən başqa heç kimi yoxdur
    Təbriz deyirdi:"Gələn hərbçilərin susqunluğuna. Hazırlıqlı ol mənsizliyə. Uşaqlarımızın səndən başqa heç kimi yoxdur"
    © Photo : Pərişan xanımın şəxsi arxivindən
  • Şəhid Təbriz
    Şəhid Təbriz
    © Photo : Pərişan xanımın şəxsi arxivindən
  • Təbrizin yazdığı son mesaj : Səni sevirəm…
    Təbrizin yazdığı son mesaj : "Səni sevirəm"…
    © Photo : Pərişan xanımın şəxsi arxivindən
1 / 11
© Photo : Pərişan xanımın şəxsi arxivindən
Pərişan xanım oğulları Onur (solda) və Tayfunla

"Sənə döyüş əmri verirəm, paltarlarımı hazırla!"

1999-cu ildə Naxçıvanski adına Hərbi Məktəbi, daha sonra isə Hərbi Hava Qüvvələri Akademiyasını bitirib Təbriz. Təyinatı Kürdəmirə olub. Xanımı danışır ki, həmin illər sevgili olduğu dövr olub. Təbriz uzaqda olduğu üçün həsrət vardı, göz yaşı vardı, amma o həsrət, o göz yaşı başqaydı.

"Yeni ailə quranda "Nasosnu"da işləyirdi. O vaxtlar həftəsonu evə gəlirdi. Yeni ailə qurduğumuz üçün çox çətin idi Təbrizsiz qalmaq. Sonra təyinatını Qalaya verdilər. Orada rahat idi hər şey. Hər gün saat 6-da işə gedib, axşam 8-də evinə gəlirdi. Ara-sıra cəbhəyə gedirdi. Gedəndə 3-4 günlük, bəzən isə bir həftəlik gedirdi. Amma sonunda qayıdırdı. Onun ən çox evdə olmadığı müddət 15 gün olub. 15 gündən artıq biz ayrı qalmamışdıq. O zaman da onu Türkiyəyə kursa göndərmişdilər. 15-ci gün qayıtmışdı geri", — Pərişan nəql edir.

Deyir ki, sevməsəydi, bu gün bu qədər yanmazdı: "Bir var həyat yoldaşın rəhmətə gedib, onun acısını yaşayırsan. Bir də var ki, itirdiyin insan sevgilin, sirdaşın, dostun, bir sözlə hər şeyindir. Mən bir gündə bir neçə insanı itirdim. Anası, atası, bacısı tək bir insan üçün ağlayır, "oğlum getdi, qardaşım getdi" — deyə. Mən isə hər şeyim üçün ağlayıram".

"Sonuncu dəfə Təbrizi martın 31-i səhər saatlarında yola saldım. Bir neçə saat sonra zəng etdi ki, "Pərişan xanım, sənə döyüş əmri verirəm, paltarlarımı hazırla". Hər zaman mənə belə deyirdi. Soruşdum ki, yenə gedirsən? Dedi, hə. Mən ona hər zaman sadə geyim də qoyurdm ki, işdən çıxanda geyinə bilsin. Gəlib paltarları apardılar", — həmsöhbətimiz deyir.

Aprelin 1-də Pərişan Təbrizə zəng vurur. 1 aprel beynəlxalq gülüş günü olduğu üçün, Təbrizi ilə zarafatlaşır, onu aldadır: "Təbrizin ən sevdiyi söz idi "yaramaz", ən ağır sözü də o idi. Mənə dedi ki, "yaramaz, sən məni aldatdın". Axşamüstü yenə danışdıq. Dedim, Təbriz, gələcəksən? Dedi, hə. Yemək hazırladım. Gözlədim, saat 9 oldu. Təbrizdən isə xəbər yox idi. Zəng vurdum ki, Təbriz gələcəksən? Gülə-gülə dedi ki, "qapını bağla, yat, divardan düşəcəyəm". O zaman anladım ki, bütün gün məni aldadıb".

"Ata, boyum çatmır, əyil aşağı, öpüm səni"

Pərişanın dediyinə görə, Təbriz cəbhə bölgəsinə gedəndə heç kimə deməzmiş. İstəmirmiş ki, kimsə ondan nigaran qalsın. Yenə də Təbrizin cəbhə bölgəsində olduğunu heç kim bilmirdi.

Aprelin ikisi. Pərişan səhər telefonunda Təbrizin yazdığı son mesajı görür: "Səni sevirəm"…

"10.26-da zəng elədim. Dedi, "əlayam, toydur, bayramdır burada". Yarım saat sonra xəbərlərdə eşitdim ki, M24 düşüb. Nə qədər zəng elədim, telefonu götürmədi Təbriz. Sonra xalası oğlu Roman zəng elədi. Təbrizi soruşdu. Dedim, "Roman, sən xeyirliyə zəng vurmazsan. Məni aldadırsan. Düşən M24 Təbrizindir, hə?" Dedi, yox, narahat olma, məni də göndərirlər Təbrizin yanına. 1 saata gedirəm", — danışır Pərişan.

Şəhid Cabbarxan Hacıyev
© Sputnik / Hacıyevlər ailəsinin arxivi

Bundan sonrakı bir saat ərzində Romana dəfərlərlə zəng vurur: "Gedib çatdı və çatanda dedi ki, "mən Rəşadın yanndayam". Rəşad Təbrizin ən yaxın dostudur. Təbriz həmişə deyirdi ki, "Rəşad bağrımın badaşıdır, sirdaşımdır". Roman dedi ki, "Rəşad deyir, Təbriz yaxşıdır, narahat olmasın. Düşən təyyarə onunku deyil". Telefonu qoyub mətbəxə kedim. Bizdə mətbx həyətdə idi. Gördüm, maşın səsi gəlir. Çıxdım ki, iki qara maşın, hərbçilərdir. Elə bağırdım ki, küçənin ortasında. Tutdum yaxalarından, Təbrizdir, hə? Təbrizin tələbələrindən biri dedi ki, yox elə belə gəlmişik".

Qapıda hərbçiləri görəndə Təbrizin sözləri yadına düşür. 11 il Təbriz Pərişanı bu günə hazırlamışdı: "Mən də geyinəcəm, mən də bəzənib düzənəcəyəm, mən də bu dünyanın qaydalarına riayət edəcəyəm. Amma bomboşam. Sevgimi, cavanlığımı, gözəlliyimi, ümidlərimi də aldı apardı özü ilə. Çalışacağam, Təbrizə layiq olum. Onun adına layiq böyüdüm övladlarımı. Çox çətindir uşaqlara cavab vermək. Onurum deyir ki, "ana, atamı kombinzonda basdırıblar?". Deyirəm, niyə soruşursan ki? Deyir ki, "axı o geyimdə öldü". Onurum inanmaq istəmir atasının ölümünə. Təbriz hər zaman tələbələrinə deyirdi ki, "kombinzonunuzu təmiz saxlayın, o, həm də sizin kəfəninizdir".

"Təbriz gözəl insan idi. Böyük oğlum deyir "ana, atamın bəylik kostyumu hanı?". Deyirəm, neynirsən? Deyir ki, "böyüyəndə biləcəksən". Amma o kostyum belə, məndə deyil", — xanımı göz yaşlarını axıda-axıda danışır.

Onur atası üçün çox darıxır. Ara-sıra atasının qoxusunu istəyir: "Deyirəm, səmaya bax, ata ordadır, görəcəksən. Deyir, "ana baxıram". Deyirəm, o, səni qucaqlayır. Deyir, "ana, gəlsin mən də onu qucaqlayım, boynunun qoxusunu özləmişəm". Qəbri üstə getmişik, məzarı öpür, deyir, "ata, boyum çatmır, əyil aşağı öpüm səni".

Pərişan danışdıqca qəhər onu boğur, gözyaşları aramsız yanaqları boyunca süzülürdü. Hər kəlməsində, hər nəfəsində həsrət, intizar hiss olunurdu. Sakitləşməyə çalışsa da, tez-tez əllərinin arxası ilə gözyaşlarını silsə də, göz yaşları aramsız axırdı.

Təbriz Pərişanın ilk sevgisi idi, ilk sevdiyi, ömrünü verdiyi, bir həyatı paylaşdığı… Bu gün Təbriz həyatda olmasa da, Pərişan iki balasına sarılıb, ayaqüstə durmağa çalışır.

"Bilmirəm, Təbrizsiz necə yaşayacağam…"

Pərişan Musazadə Qarabağ qazisi Mirzə Hümbətlinin qızıdır. Pərişanın anası Aidə xanım danışır ki, bu 11 il ərzində Təbriz bir dəfə də olsun arada olan hörməti itirməyib: "Mənə də, yoldaşıma da siz deyə müraciət edirdi. O, mənə oğul kimi idi. Axırıncı dəfə martın 27-də görüşmüşdük. Mənim oğlum xəstə olduğu üçün, bayram keçirə bilməmişdik, xəsətxanada idik. Dedim, ay Təbriz, heç biz bayram keçirmədik. Gördüm, axşam uşaqları da götürüb gəlib bizə. O qədər sevindim ki. Bir dəfə də medal almışdı, şəklini çəkib göndərdi mənə. Üstündə "Müəllimin ala bilmədiyi kitabçanın əvəzində" yazmışdı. Bu mənim üçün böyük hədiyyə idi".

"Pərişanı da çox sevirdi. Elə hörmətli, ağıllı, gözəl xasiyyətli insan idi ki. Onun medallarının sayı qədər mən onun alnından öpmüşəm. Bu gün o, həyatda yoxdur, bu bizim üçün çox ağırdır. Biz onu çox istəyirdik…", — deyir Aidə xanım.

O da danışdıqca göz yaşları ilə bacara bilmir. Sonra otağa Onurla, Tayfun gəldi. Onur çox ciddi uşaqdır, danışmaq istəmir. Uşaq olsa belə, o da dərk edir atasızlığı. Atası ilə keçidiyi günləri xatırlayır. Tez-tez anasından onu soruşur.

Pərişan həyata hansı formada davam edəcəyini bilmir. Amma Təbrizin xatirinə, iki övladının xatirinə ayaqüstə duracağına inanır: "Mən bilmirəm, Təbrizsiz necə yaşayacağam. Amma yaşamağa çalışacağam ki, adını yaşadım, övladlarını yaşadım".

Bəhruz Babayev (mərkəzdə) neftçi yoldaşları ilə
© Photo : B.Babayevin şəxsi arxivindən

Sağollaşıb çıxanda gözüm divardakı Təbriz güşəsinə sataşır. Pərişan Təbrizli illərini divarda canlandırıb. Onur da qapıya gəlir, qaşqabaqlı formada mənə baxır. Üzünə baxıram, hələ uşaqdır, heç nə hiss etmir. Bəlkə atasını itirdiyini bilir, amma hələ qarşıda onu nələrin gözlədiyndən xəbərsizdir.

Pərişanı isə həyatda böyük sınaq gözləyir, iki oğul böyütmək… Pərişanla söhbət etdikcə, dünyada sevginin hələ də yaşadığına inandım. Bəli, Sevgi var Pərişanın gözlərində. Danışdığı sözlərdə, axıtdığı göz yaşlarında… Bir də dilinə gətirib deyə bimədiyi, baxışlarından oxunan, ürəyində düyünlənib qalan fikirlərində…

Xatırladaq ki, şəhid mayor Təbriz Musazadə 2-5 aprel döyüşlərində, Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması məqsədilə, Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri endirən zaman qəhrəmancasına həlak olub.

11076
Teqlər:
Pərişan Musazadə, Təbriz Musazadə, 2-5 aprel döyüşləri, həyat hekayəsi, şəhid, pilot
Əlaqədar
Bu evdə 271 şəhid yaşayır
Lerik daha bir şəhid oğlu ilə vidalaşdı
Əsgərimiz şəhid olub
Şəhidin "qan pulu"nun oğurlanmasına dair şok fakt
Minlərlə insan Azərbaycanın şəhid gizirini son mənzilə yola saldı
Şəhid əsgərimiz son mənzilə yola salındı
Bakı Azərbaycan Hərbi Hava Qüvvələrinin şəhid pilotları ilə vidalaşdı
Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşı İlhamə Şirinova

Ön cəbhədə vuruşan həkim: “Sona qədər buradayam, mübarizə aparacağam” - MÜSAHİBƏ

212
(Yenilənib 21:59 02.07.2020)
İlhamə Şirinova deyir ki, həkim kimi yoluxub həyatını itirə bilər. Amma ən azı nə qədər insanı sevdiklərinə qovuşdurduğuna görə rahatdır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 iyul — Sputnik. Onlara həmişə ehtiyacımız var. Hər gün müraciət etməsək də, vaxtaşırı onlara işimiz düşür. Bu gün – dünyada koronavirus pandemiyasının yayıldığı bir dövrdə isə onlara xüsusi ehtiyacımız yaranıb.

Özümüz olmasaq da, yaxınlarımızın bu gün həkimlərə daha çox ehtiyacının olduğunu duyuruq. Hələ də virusa inanmayanlar, yaşananların böyük bir oyunun tərkib hissəsi olduğunu hesab edənlər olsa da, onlar ağır vəziyyətdə xəstəxanalara gətiriləndə, burada reallığı aydın şəkildə dərk edirlər. Reallıq isə sağ qalmaq üçün həkimlərə daha çox ehtiyacımızın olduğunu deyir.

Son vaxtlar həkimlər barədə o qədər də xoş olmayan fikir formalaşsa da, bu işdə canla-başla çalışan, hətta lazım olarsa, peşəsinə görə hər şeyi qurban verməyə hazır olan həkimlərimiz də var. Döyüş meydanına atılan və hər an ölümü gözə alan belə həkimlərdən biri də bu gün Mərkəzi Neftçilər Xəstəxanasında xəstələrin sevimlisinə, əzizinə çevrilən İlhamə Şirinovadır. O, qadın, ana, iki övladı, ailəsi, yaşlı valideynləri olmasına baxmayaraq döyüş meydanına atılan bu günün qəhrəmanlarındandır.

© Photo : Courtesy of İlhama Shirinova
Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşı İlhamə Şirinova

Sputnik Azərbaycan həkimlə portret müsahibəni təqdim edir:

-  Hər gün MNX-da COVID-19-dan müalicə alan xəstələrlə təmasdasınız. Demək olar ki, hər gün həyatınız riskdədir. Sizi tanımaq olarmı? 

- 1984-cü ildə Göyçə mahalında anadan olmuşam. Azərbaycan Tibb Universitetini bitirdikdən sonra artıq 7 ildir ki, infeksionist olaraq çalışıram. Ailəliyəm, 10 və 12 yaşlarında iki qız övladım var.

- Nə zamandan COVID-19 xəstələrinin müalicəsi prosesinə qoşulmusunuz?

- Bildiyiniz kimi, martın 24-dən etibarən çalışdığım Mərkəzi Neftçilər Xəstəxanası da COVID-19 xəstələrinin müalicəsi üçün ayrılıb. Martın 27-dən artıq bu komandada çalışmağa başladım. Bu xəstələrin müalicəsində ilk dəfə olaraq gecə növbəsində işə çıxdım. Xəstələrin ümumi durumunu, narahatlıqlarını gördüm, ağır idilər. Həmin gün MNX-nın digər infeksionisti Natiq Əliyevlə birgə gecə növbəsində idik. İlk günlər həkim çatışmazlığı var idi və mən də bu komandaya könüllü olaraq qoşuldum.

- Çətinlikləriniz yəqin ki, çox olar. Burada məsuliyyət yükü də var...

- Burada insanların taleləri bizdən asılıdır. Burada söhbət insan həyatından gedir. Çətinlik dedikdə, çalışırıq ki, xəstənin səhhəti ilə bağlı bütün şikayətləri dinləyək, tədbir görək və elə edək ki, xəstə həm yaxşı olsun, müalicəsi düzgün getsin, onu itirməyək, həm də bizdən məmnun qalsın. Çünki bir insanın müalicəsi, onun sağalması ətrafında nə qədər insanın sevinc xəbəri alması, üzlərinin gülməsi, qəlblərinin fərəhlənməsi deməkdir. Onlar bir canı, əzizlərini bizə etibar edirlər. Yəni ən böyük çətinlik budur.

- Sırf bu pandemiya dövründə əsas çətinlikləriniz nə oldu?

- Sırf pandemiya dövründə isə bir ana olaraq əsas çətinliklərim övladlarımla bağlı olur. Onlardan uzaq olmağım həm övladlarıma, həm də mənə çətindir. Dörd aydır onlardan uzaq düşmüşəm. İki ay ərzində övladlarımı demək olar ki, heç görməmişəm. İki aydan sonra isə övladlarımı ancaq uzaqdan görmüşəm. Övladlarımı qucaqlaya, onlarla təmas qura, onları doya-doya öpə bilmirəm. Onlar da mənim sevgimə həsrət qalıblar. Bilirsiniz, xüsusən də qız övladları anaya daha çox bağlı olur. Məni hər gün nə qədər öpüb-qucaqlayırdılar. Amma indi o hissləri yaşa bilməməyimiz məni çox üzür. Böyük qızım Məryəm vəziyyəti başa düşür. Deyir ki, ana eybi yoxdur, biz hər şeyə dözərik, səninlə fəxr edirik ki, bu cür xəstələri müalicə edirsən. Deyir ki, orada sənə ehtiyac var. Amma həqiqətən də vəziyyət çox çətindir. Həyat yoldaşım, övladlarım, anam-atamdan artıq aylardır ki, uzağam. Bir ana kimi övladlarım üçün darıxdığım kimi, mənim üçün də darıxan ana var. Anam-atam mənim üçün darıxır. Yəni, ailə, həsrət mənasında çox çətindir. Amma yenə də bu işdə, bu komandada olmaqdan məmnunam. Nə vaxta kimi burada olduğumuzu bilməsək də, COVID-19-la mübarizə sona çatanacan mən burada, xəstələrin yanında olacam. 7 illik fəaliyyətim dövründə ilk dəfədir ki, belə bir vəziyyətlə qarşılaşırıq. Arzu edirəm ki, xalqımızın bu əzablı günləri tezliklə geridə qalsın. Bu günlərin geridə qalması üçün hər kəsdən bu virusa inanmağı xahiş edirik. Pandemiyanın qısa zamanda bitməsini hər birimiz arzulayırıq. Çünki bu virus bizə hərtərəfli zərər vurdu. İtkilər, stresslər... COVID-19-a tutulan şəxslərin yanaşı xəsətlikləri də artdı. Bu itkilər sırasında tanınmış həkimlərimiz, ziyalılarımız da var.

© Photo : Courtesy of İlhama Shirinova
Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşı İlhamə Şirinova

- Həqiqətən də çətindir. Və bu durumun hələ uzun müddət davam edəcəyi görünməkdədir. Nə zamansa bezə bilərsinizmi?

- Mövcud vəziyyət bir daha göstərdi ki, həkimlik sənəti peşələrin ən ağırı və ən şərəflisidir. Sənətim üçün həyatda demək olar ki, hər şeyi qurban verə bilərəm. Düşünürəm ki, mən heç vaxt bu sənətdən bezmərəm. Hətta COVID-19 virusu arzulamadığımız halda belə, illərlə davam etsə, mən yenə də bu xəstələrin müalicəsində indiki kimi yaxından iştirak edərəm. Düşünürəm ki, hər bir işdə əsas olan amil peşəyə olan sevgidir. Bu gün elə həkimlər var ki, yaşı, səhhəti ilə əlaqədar olaraq COVID-19 xəstələrinin müalicəsi prosedurundan kənarda qalıblar. Amma mənim üçün yaş, səhhət, heç bir önəm daşımır. Bu sənət üçün demək olar ki, hər şeyi qurban verərəm.

- Gündəlik iş saatınız nə qədərdir?

- Biz hər gün 12 saat fasiləsiz işləyirik. Hətta olur ki, işdən sonra da xəstələrə baxırıq.  İşdən sonra telefonla belə xəstələrlə danışırıq, onların şikayətlərini, narahatlıqlarını cavablayırıq.

- İstənilən peşə, sənət kişilərlə müqayisədə qadınlar üçün daha çətindir...

- Düzdür, bir qadın və bir ana üçün belə bir vəziyyət həqiqətən də çox çətindir. Belə bir vəziyyətdə təbii ki, hər bir qadının ailədə onu başa düşən həyat yoldaşı olmalıdır. Ailəmin mənə dəstəyi bu işdə çox köməyimə çatır. Amma deyim ki, həkimlik sənətində qadın-kişi olmağın fərqi yoxdur. Öncədən, bu sənəti seçərkən artıq məsuliyyətini dərk etmiş olursan. Hər hansı xəstənin sağalaraq evə getməsi bizim üçün qəhrəmanlıqdır. Saturasiyası 78-85 olan xəstələr balonla, aparat vasitəsi ilə nəfəs alır. Bu xəstələrin sağalması, saturasiyalarının yenidən 95+ olması özü böyük qəhrəmanlıqdır. Mən sənətimin vurğunuyam. Xəstələr sağalıb evə gedəndə içimizi böyük bir fərəh hissi bürüyür. Bizim gördüyümüz iş, yəni bir insanın həyatını xilas etmək, onu əzizlərinə yenidən qovuşdurmaq böyük bir qəhrəmanlıqdır. Mən bu komandaya qoşulanda hər şeyi, hətta həyatımı itirə biləcəyimi də gözə almışam. Mən də bir həkim kimi yoluxub həyatımı itirə bilərəm. Amma ən azı rahatam ki, nə qədər insanı sevdiklərinə qovuşdurmuşam. Sənətimin vurğunuyam, bu mənim üçün böyük fəxrdir. Bu gün biz sanki cəbhə bölgəsindəyik. Mən sonuna qədər burada döyüşəcəm. İnanın, müharibə olsa belə, ön cəbhədə vuruşaram. Biz həkimlər ölümdən qorxmuruq. Bəzən valideynlərim deyir ki, 4 aydır işləmisən, çıx bir ay dincəl. Deyirəm, belə bir vəziyyətdə bunu edə bilmərəm. Çünki pandemiya şəraitində bu gün sırf infeksionistə böyük tələbat var.

- Xəstələr yəqin ki, həm qorxu, həm də stress içindədirlər. Onların bəziləri psixoloji olaraq gərgin olduqlarını müxtəlif sosial şəbəkələrdən bəyan edirlər. Onlarla necə dil tapırsınız?

- Ümumiyyətlə, müxtəlif xəstəliklər zamanı xəstələrdə psixoloji durumu, sinir sistemi pozulur. Belə xəstələrlə gərək ki, dil tapaq. Bu isə təbii ki, təkcə biz həkimlərin işi deyil, ümumilikdə bütün tibb personalının işidir. Xadiməsindən həkiminədək, hər birimiz xəstə ilə dil tapmalıyıq. Bizim üçün xəstə hər zaman haqlıdır. Hətta haqsız olduğu halda belə, xəstə bizim üçün hər zaman haqlı sayılır. Biz xəstə ilə xəstənin dilində danışırıq. Ən azından özünü, doğmalarını xəstənin yerinə qoymalısan. Biz başa düşürük ki, xəstənin yerində öz əzizlərimiz də ola bilər. Ona görə hər bir xəstəmə əzizim kimi yanaşıram. Çalışıram ki, xəstəni başa düşüm.

© Photo : Courtesy of İlhama Shirinova
Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşı İlhamə Şirinova

- Tezliklə öncəki həyatımıza qayıtmaq üçün tövsiyəniz nədir?

- Heç kəs "bu xəstəlik mənim yaxınımda, qohumumda, qonşumda yoxdur, inanmıram", deməsin. Bu gün bu pandemiya bütün dünyada tüğyan edir. Virusdan qorunmaq üçün hər kəs şəxsi gigiyena qaydalarına əməl etməlidir. Tək olmadığı hər bir yerdə maska taxmalıdır. Sosial məsafə də gözlənilməlidir. Maska taxmadığı üçün ətrafındakı insanları da qınamalıdırlar. Artıq vəziyyət elə bir həddədir, virus elə alovlanıb ki, daha onun varlığına inanmayan qalmaycaq. Özümüzü qorumasaq, virus daha da alovlanacaq. Baxın, hazırda mart-aprel ayları ilə müqayisədə həm virusun yayılma dərəcəsi, həm də ağırlıq dərəcəsi artıb. Virus artıq mayın sonlarından etibarən mutasiya olunmuş formadadır. Bir də hər kəsi səhhəti ilə bağlı hansısa şikayət olduqda dərhal həkimə məlumat verməyə səsləyirəm.

212
Teqlər:
müalicə, Koronavirus, COVID-19, həkim
Bakubus avtobusu, arxiv şəkli

Həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır

13
(Yenilənib 21:04 02.07.2020)
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.

BAKI, 2 iyul - Sputnik. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. 

Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb. 

Məlumata əsasən, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonlarında aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

13
 Koronavirus testi, arxiv şəkli

Şad xəbər gəldi, koronavirus bir neçə aydan sonra...

0
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

BAKI, 2 iyul — Sputnik. Hazırda dünyada yeni növ koronavirusa qarşı 141 vaksinin üzərində iş aparılır. Sputnik Azərbaycan "The Washington Post"-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus bildirib.

O vurğulayıb ki, peyvəndin hazırlanması ilə məşğul olan bəzi şirkətlər bir neçə ay ərzində uğur əldə edə bilərlər: "Təbii ki, tam qorunmağa dair zəmanət yoxdur, lakin biz ümid edirik".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 10,6 milyonu keçib, 516 mindən çox adam isə virus səbəbilə ölüb.

0