CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu kişi doğmalarının ruhları ilə danışır

© Sputnik / Hıkmet OrhunQulubəyli Əziz Əli oğlu
Qulubəyli Əziz Əli oğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarından birində yaşayan Əziz babanı heç kim anlamır, anlamaq istəmir. Həkimlər başında problem axtarırlar. Özü isə hər səhər vəfat etmiş anasının səsinə yuxudan oyandığını iddia edir...

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Qəsəbəyə reportaj eləmək üçün adını çağırıb, üz tutduğum ilk adamın qapısını döyəndə "heç bir şey danışmaq istəmirəm, səndən qabaq çoxları gəlib, heç zada kömək olmayıblar, sən də onlar kimi edəcəksən" cavabını alıb, milli mətbuatımızın gününə-güzəranına ağlaya-ağlaya əli ayağından uzun qəsəbə arası o yana-bu yana var-gəl edib, növbəti qapıya sarı yol almışdım.

Sazbənd Sabit Məmmədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ağacları danışdıran adam: o, sonuncu "mogikan"dır...

Ünvanı soruşmaq üçün qarşıdakı çay evinə buruldum. İki ağsaqqal, el dilində desək, domino çırpırdı. Məni görüb əl saxladılar, nisbətən yaşlı tayı — yazımızın qəhrəmanı soruşdu: "Hardan gəlib, haraya gedirsən, oğlan?".

Elə söhbətimiz də burdan başladı. İlk sualımdan bəlli oldu ki, aradığım adam kəndin qabağı deyilən yerə bir saat sonra çıxacaq, "obed" eləməyə gedib. İkisi də domino vurmağı buraxıb, ayrı stola keçdi və məni də çağırdılar.

Mən müxbir olduğumu demişdim, dərdləri açılmışdı. Teleaparıcı Zaur Baxşəliyevin nömrəsini xəbər alanda bildim ki, söhbət eləməyə adam gəzirlər.

Biri axıra kimi özünü təqdim eləməsə də, o birinin adını nəhayət öyrənə bildim: Qulubəyli Əziz Əli oğlu. Çayçıya bir çay deyib, özünü təqdim edəndən sonra onu da əlavə elədi ki, "istəsən, ad və soyadımın qabağına bir "məşədi" sözü də əlavə edərsən. Ata-babalarım irandan gəlib".

Üz-gözündən nur yağan bu ağsaqqal 1939-cu ildə doğulub. Hazırda Ağstafa rayonunun Vurğun qəsəbəsində yaşayır. Qulağının bir balaca ağır eşitməsini hesaba almasaq, normal insandır, hətta, özünün və domino yoldaşının dediyinə görə, kollec deməyib, institut deməyib, oxuyub. Hamısını da yarımçıq qoyub, normal təhsil vermirlərmiş. Bir az da cinxoy adam olub, savadına düzgün qiymət verməyən müəllimlərlə dalaşırmış.

Bir az sonra yazacağım şeyləri oxuyub, "dəli" damğası vurmayasız deyə, bir balaca "imtahan" elədim; danışığı qüsurlu deyil, dini də gözəl bilir, dünya siyasətini də… Söz arası, oxuduğu qalaq-qalaq kitablardan sitatlar da gətirdi. Di hazır olun, başlayırıq.

Adam iddia edir ki, beş-altı ildən çoxdur, ruhlar onunla danışır. Danışırlar, amma bu kişi onlara görünsə də, onlar bu adama görünmürlər. Ölən anası hər gün öz məlahətli səsiylə onu yuxudan oyadır, həyat yoldaşı zarafat edir, vəfat edən oğlu dünyasını dəyişən qonu-qonşudan onu çağırtdırır.

Ayaqqabı təmirçisi Söhrab Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
O, ən geci, günortayadək ac qala bilər

"Bir dəfə anama əsəbləşdim ki, ay arvad, məni yuxudan bir dəfə də tez oyatma, incidi. Amma yenə də oyadır. Kiminsə mənə inanması maraqlı deyil, əsas odur, bu şeylər hər gün baş verir. Düzdür, özüm də çaş-baş qalmışam, nə edim ki, səsləri qulağımdan çəkilmir", — həmsöhbətimiz deyir.

Həyat yoldaşı ilə belə bir maraqlı söhbəti olub. Deməli, yoldaşı məşhur mahnının sözlərini oxuyub: "Yarım gedib tək qalmışam". O da dünyasını dəyişən həyat yoldaşının ruhu ilə söhbət zamanı qayıdıb ki, axı, sən gedibsən, mən evdə tək qalmışam. Qadının ruhu yenə dillənib ki, mən olmalı olduğum yerdəyəm, sən gedibsən.

Kişi deyir: "Burdan belə qənaətə gəldim ki, ruhlar bizi getdi sayırlar. Dini kitablardan oxuduğuma görə də, haqq dünyası ötəkidir, biz yaşadığımız fanidir".

"Hər şey musiqi ilə başlayır. Hər şey qəfil başlayır, simfoniyalar çalınır, arialar oxunur, Rəşid Behbudovdan tutmuş Sara Qədimovaya qədər hamı çıxış edir, sonra isə onlar gəlirlər. Əslində, bir az da maraqlıdır, pulsuz konsertə qulaq asıram", — deyir Əziz baba.

Ömrünün yarıdan çoxunu yaşamış yetmiş yeddi yaşlı Əziz baba bildirir ki, bununla bağlı müraciət etmədiyi həkim qalmayıb, konkret diaqnoz qoya bilməyiblər: "Mən özümdəkini problem kimi görmürəm, həkimlər də dəqiq bir şey deyə bilməyiblər. Cəmi bir dəfə biri dedi ki, sənin başında nəsə var, amma adını demədi, deyə bilmədi".

"Başıma bir dəfə küt alət dəyib, bəlkə də ondan aldığım zədəni düşünür həkim, bilə bilmərəm. Ancaq yenə deyirəm, dəqiq heç nə demir. Bəlkə də məni Nyuton-zad hesab edir, hə, ola bilər, səncə, ola bilər?", — gülüb yanındakı dostundan soruşur.

Və sifariş verdiyimiz çay gəlib çıxmasa da, gözlədiyimiz adam gəldiyindən söhbətimizi yekunlaşdırıb, kişinin şəklini çəkib, onlardan ayrılıram.

Xəbər lenti
0