CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda fəaliyyət göstərən çayxanaların "qara günləri" başladı

© Sputnik / Fuad HasanovÇayxana
Çayxana - Sputnik Azərbaycan
Abunə olmaq
Sakinlər açıq havada istirahət etmək üçün məkan tapa bilmirlər. Çünki obyektin çölünə stol-stul qoymaq üçün polisi "görməlisən". Çayçılar isə, əlavə "haqq" ödəməkdən cana doyduqlarını deyirlər.

BAKI, 26 may — Sputnik. Bəzi polis əməkdaşlarının özbaşınalığı ilə bağlı Sputnik-in redaksiyasına şikayət məktubu daxil olub. Məktubu göndərən paytaxt sakini Vüqar Məmmədovun sözlərinə görə, bir neçə gün əvvəl Yasamal rayonu ərazisində yerləşən çayxanalardan birində icarədar C. C. (şikayətçi həmin şəxsin adının çəkilməməsini xahiş etdi — red.) polis zorakılığına məruz qalıb.

"İşdən sonra həmkarlarımla birlikdə sözügedən çayxanaya getdik. Açıq havada olduğuna görə, isti aylarda həmişə ora gedirik. Obyekti işlədən oğlanı çox dürüst və mədəni insan kimi tanıyırıq. İçkidir, pivədir, belə şeylər satmır. Ancaq çay verilir obyektdə", — yazır oxucu.

Onun sözlərinə görə, çayxanada olarkən, iki-üç polis əməkdaşı çayxanaya yaxınlaşaraq, stol-stulları yığışdırmağı tələb edib: "Nəyə görə, hansı səbəbə görə belə edirdilər, anlaya bilmirdik. İcarədar C. C. ilk əvvəl onlarla mülayim danışır, polislərdən niyə belə rəftar elədiklərini soruşurdu. Amma ona heç bir cavab verilmirdi. Sadəcə olaraq çayxananım bayırdakı stol-stullarını yığışdırmaq tələb olunurdu".

© Sputnik / Fuad HasanovBakıdakı çayxanalardan biri
Bakıdakı çayxanalardan biri - Sputnik Azərbaycan
Bakıdakı çayxanalardan biri

"Müştərilərin narahat olduğunu görən icarədar, sonda dözmədi və polisə sərt reaksiya göstərməyə başladı. Müəyyən mübahisələrdən sonra, hadisənin getdikcə böyüdüyünü görən polislər ərazidən uzaqlaşdılar. Anlamaq olmur, bu məmləkətdə insanların normal istirahətini zəhərə döndərmək kimin arzusudur?", — deyir V. Məmmədov.

Paytaxt sakininin bu müraciətindən sonra, sözügedən çayxanaya yollandıq. İcarədar C. C. Sputnik-in əməkdaşı ilə söhbətində sözügedən hadisəni təsdiqlədi: "Bu çayxananı düz 4 ildir, işlədirəm və bütün vergilərini vaxtı-vaxtında ödəyirəm. Hər ay 700 manat icarə haqqı ödəyirəm. Əlavə ödənişləri də hesablayanda bir ay üçün bura 1300 manata yaxın pul xərcləyirəm. Qazandığım pul isə ailəmin dolanışığına ancaq çatır. Şükürlər olsun, haramla işim yoxdur".

İcarədarın sözlərinə görə, həyatda çox şeyə göz yuma bilir, lakin haqqının tapdalanmasına səbr göstərə bilmir: "40 yaşım var. Çox şey görmüşəm. Çox çətinliklə üzləşmişəm. Səbr etmişəm. Həmişə çalışmışam pulumu halal qazanım. Mənim yerimə başqası olsa, bu məkanda təkcə pivə satışından çoxlu pul qazanar. Özünüz də görürsünüz, mərkəzdir. Əhalinin sıx olduğu yerdir. Amma mən haramı bacarmıram. Ancaq çay satışı ilə pulumu qazanıram. Şükürlər olsun, normal dolanırıq".

"Di gəl ki, bəzi mərdiməzarlar öz pisliklərini etməkdən çəkinmirlər. Hər ay vergidən əlavə gəlib pul istəyirlər. Onu da ödəyirəm, 100 manat verirəm ki, nə də olsa, çölə stol-stul qoymuşam. Pulu alırlar, amma cavabdehlik daşımadıqlarını deyirlər. Mən başa düşmürəm, onda mən niyə onlara 100 manat verməliyəm?", — deyir C. C.

Onun sözlərinə görə, axırıncı dəfə gələn polislər 300 manat istəyiblər: "Çox ciddi mübahisəmiz oldu. Başa saldım ki, o qədər pulum yoxdur. Qulaq asmaq istəmədilər. Şantaj elədilər. Bu adamlar cənab Prezidentin çıxışlarını da izləmirlər? Dövlət başçısı açıq-aşkar bildirdi ki, sahibkarlar incidilməsin. Amma hanı? Ümid edirəm, aidiyyəti qurumlar buna bir əncam çəkər".

© Sputnik / Fuad HasanovYay fəslində şəhər sakinlərinin ən çox üz tutduğu məkanlardan biri də çayxanalardır
Yay fəslində şəhər sakinlərinin ən çox üz tutduğu məkanlardan biri də çayxanalardır - Sputnik Azərbaycan
Yay fəslində şəhər sakinlərinin ən çox üz tutduğu məkanlardan biri də çayxanalardır

"Adamın Allahı var, yalan danışmaq olmaz. Çox mədəni, səviyyəli polislərimiz var. Qayda-qanuna əməl edən, vətəndaşı incitməyən. Amma hərdən elələri peyda olur ki, bilmirsən, hansı planetdən gəlib", — icarədar bildirir.

C. C. Hər ay Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinə də pul ödədiyini deyir: "Qardaş, hansı birini deyim? Problemlər o qədərdir ki.. Vergidən əlavə çox sıxırlar, iki qat vergi veririk".

Qeyd edək ki, bu cür problemlər tək bu çayxanada yox, şəhərin fərqli-fərqli yerlərində də yaşanmaqdadır. Məsələn, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında, açıq havada fəaliyyət göstərən çayxanalarda.

Paytaxt sakini Fərid Həsənov həmin ərazidə yaşayır, amma açıq havada bir stəkan çay içməyə məkan tapmadığını deyir: "Çayxana sahibləri çölə qoyduqları stollara görə hər ay ərazidəki polislərə "haqq" ödəyirlər. Əks halda çölə stol-stul qoymağa imkan verilmir. Çayçının da ödəməyə pulu olmayanda, məcbur qapalı yerdə fəaliyyət göstərməli olur ki, bu da yaz-yay aylarında sakinlər üçün cəhənnəm əzabı deməkdir".

Xəbər lenti
0