Tikinti işləri

Azərbaycanda misli görünməmiş mənzil fırıldaqları

7030
Yeni yaşayış binalarının sakinlərinə niyə mənzillərin qeydiyyat şəhadətnamələri verilmir və adamlar niyə öz evlərində kirayənişin kimi yaşayırlar? Bu fırıldaqlarda ən az dövlət məmurlarının da şirkətlər və MTK-lar qədər əli var.

BAKI, 25 may — Sputnik. "Göydələnlər" Bakıya təkcə yaraşıqlı modern şəhər imici gətirmədi. Onun gətirdiyi bəlaların fonunda bu zahiri gözəllik və modernlik nədir ki?!

Biz bu yazıda həmin binaların sənədləşdirilməsində və idarə olunmasında yaranan problemlərə toxunacağıq. Çünki standartlara uyğun gəlmədiyindən, binalar müvafiq Dövlət Komissiyası tərəfindən qəbul olunmur və onlara mülkiyyət hüququnu təsdiqləyən qeydiyyat şəhadətnamələri verilmir.

Vətəndaşlar mənzilləri tikinti şirkətindən adi müqavilə ilə alırlar. Amma sonradan onu satmaq qərarına gəlsələr, qeydiyyat şəhadətnaməsinin olmaması ciddi problem kimi ortaya çıxır. Yaxud da aylıq xidməti ödənişlər elə yüksəkdir ki, bəzən sakinlərin bu ödənişləri etməyə maddi gücləri çatmır. Onlar öz evlərində kirayənişin kimi yaşayırlar.

"Bina tikilib başa çatdıqdan sonra binanı təhvil vermirlər"

Sputnik bu məsələlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH), bu sahənin ekspertinin və tikinti şirkətlərinin mövqeyini öyrənib.

BŞİH sənədləşmə probleminə görə günahı birmənalı şəkildə yeni binaları tikən şirkətlərin üzərinə atıb: "Şirkətlər, Mənzil Tikinti Kooperativləri (MTK) bina tikmək üçün tələb olunan sənədləri, layihələri İcra Hakimiyyətinə təqdim edib müvafiq icazəni alırlar. Binanı tikirlər, satırlar, külli miqdarda pul qazanırlar. Amma bina tikilib başa çatdıqdan sonra binanı təhvil vermirlər".

"Onlar qeydiyyat üçün dövlətə rüsum, həm də əldə etdikləri gəlirdən dövlət büdcəsinə vergi ödəmək istəmirlər. Həmçinin, onlar bütün standartlara cavab verən layihələr təqdim edib icazə sənədi alsalar da, sonradan o layihələrdə öz bildikləri kimi dəyişikliklər edirlər. Bilirlər ki, binaları bu şəkildə heç kəs qəbul etməyəcək" — deyə BŞİH yetkilisi bildirib.

Binaların idarə olunmasına gəlincə, BŞİH yetkilisi deyib ki, bu, binanın payçılarının öz aralarında həll edəcəyi məsələlərdir. Binanın sahibi bilavasitə dövlət olmadığından, dövlət orqanları idarəetmə məsələlərinə qarışmır.

"Sakinlər MTK rəhbərlərini binanın idarəetməsindən uzaqlaşdıra bilərlər"

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin (ƏBİİB) icraçı direktoru Ramil Osmanlı Sputnik-ə bildirib ki, 2006-cı ildən bu günə qədər Bakı şəhərində 1350-dən artıq yeni yaşayış binası inşa olunub. Onların təqribən 70-%-də bu gün sənəd problemləri var: "Paytaxtda 800 binada, ortalama rəqəm götürsək, 80 minə yaxın mənzil var. Onların əksəriyyətində yaşayış mövcuddur, amma sənədləri yoxdur".

O, qeyd edib ki, mənzillərin sənədləşməməsi bu gün həmin binalarda alqı-satqı zamanı müqavilələrin dəyişməsinə, şirkətlərin sakinlərdən əlavə pul tələb etməsinə gətirib çıxarır. Bu da 3-5 min, bəzi yerlərdə isə hətta daha çox əlavə pul deməkdir.

2016-cı ilin yanvarın 1-dən vergi qanunvericiliyində mənzillərin vergiyə cəlb olunması ilə bağlı yeni qaydaların qüvvəyə mindiyini xatırladan Osmanlının sözlərinə görə, həmin qaydalara görə Bakı 12 zonaya ayrılıb: "Həmin zonalara görə əmsallar müəyyənləşdirilib. Həmin əmsallara əsasən, 1 kv metr üçün ödəniləcək verginin baza hissəsi 15 manat müəyyən olunub. Alqı-satqı zamanı həmin o 15 manat hər kvadrata vurulur. Bu, şəhər mərkəzindəki məsələn, 100 kv metrlik mənzil üçün 6 min manat, şəhər ucqarlarında isə 1200-1500 manat civarındadır". 

"Dövlət hər il bu binalardakı alqı-satqı əməliyyatlarından vergi və rüsum şəklində əldə ediləcək külli miqdarda vəsati itirir. Çünki alqı-satqı əməliyyatları notarial qaydada aparılmır, onun reyestri həyata keçirilmir, qeydiyyatı yoxdur. Ona görə də vergi orqanlarının, Vergilər Nazirliyinin alqı-satqıya nəzarət etmək imkanlar məhduddur. Həmin məbləğlər müxtəlif formada MTK rəhbərləri tərəfindən camaatdan alınır", — deyə R.Osmanlı əlavə edib.

Ekspert deyib ki, sənədləşmənin yaratdığı əsas problemlərdən biri də idarəetmə ilə bağlıdır: "Azərbaycan qanunvericiliyində çoxmənzilli binaların idarə edilməsi forması Mənzil Məcəlləsində öz əksini tapır. Amma MTK-lar sakinlərə həmin idarəetmə formalarından hər hansı birini tətbiq etməyə imkan vermir. MTK-larda yaşayanlar həm də payçı hesab olunurlar. Binaların idarə edilməsində payçı, istehlakçı hüquqlarının kobud şəkildə pozulması baş verir. MTK rəhbərləri sakinlərdən "kommunal ödəniş" adı altında əlavə pul tələb edirlər. Bu, əslində xidmətə görə ödənişlərdir: liftlərin, binanın həyətindəki digər qurğu və avadanlıqların saxlanması, təmiri, orada olan komendantların, mühafizənin əməkhaqlarının ödənilməsi və s. Yığılan xidmət haqlarının müəyyən hissəsi həmin işlərə sərf olunur, çox hissəsi isə MTK rəhbərlərinin cibinə gedir".

R. Osmanlının sözlərinə görə, idarəetmə zamanı tətbiq olunan rüsumlar MTK rəhbərləri tərəfindən müəyyənləşir və sakinlərdən bu rüsum bəzi hallarda zorla alınır: "1 kv metrə görə 30-40-50 qəpik, bəzən 1 manata qədər pul tələb olunur. Bu, 100 kv metrlik mənzil üçün 30-100 manat ödəniş deməkdir. Şəhərin mərkəzində daha yuxarı ödənişlər var. Halbuki Azərbaycan qanunvericiliyinə görə, payçılar MTK-lardan aldıqları mənzillərin pulunu tam şəkildə ödəyiblərsə, onlar mükliyyətçi hesab olunurlar və idarəetmədə iştirak etmək hüququna malikdirlər. Onlar MTK rəhbərlərini binanın idarəetməsindən uzaqlaşdıra bilərlər. Hazırda mülkiyyətçilərin bu hüquqlarını təsbit və bərqərar edəcək hər hansı dövlət qurumu mövcud deyil. Bu da bu günün ən aktual problemlərindən biridir".

"Əksər problemlərin günahkarı icra hakimiyyətidir"

ƏBİİB rəhbəri bu gün yaranan problemlərin böyük əksəriyyətində BŞİH-in günahkar olduğunu deyib: "BŞİH əksər hallarda bu problemləri bilərəkdən yaradır. Əvvəla müqavilələrin əksəriyyətində mənzillərin sənədləşdirilməsi bəndi öz əksini tapır. İkincisi, mənzil tikintisi, sənədləşmə nöqteyi-nəzərindən 3 mərhələdən ibarətdir. Hər üç mərhələ bilavasitə BŞİH-dən gəlib keçir. Burada ayrı-ayrı dövlət qurumlarından verilən sənədlər toplusu var. FHN-dir, Arxitektura və Şəhərsalma Komitəsidir, "Azərsu", "Azəriqaz", "Azərişıq" və s.-dən alınan texniki şərtlərlə bağlı sənədlərdir. Amma hər üç mərhələdə də sənədi təsdiq edən təşkilat BŞİH-dir. Tikintiyə icazəni də BŞİH verir, ikinci mərhələdə inşaat pasportunu da BŞİH verir, üçüncü mərhələdə tikinti nişanını da BŞİH verir. Əgər hər üç mərhələni MTK rəhbəri, yaxud da sahibkar, keçibsə, bu zaman BŞİH nə üçün o binanın istismarına icazə verməməlidir?".

Ekspert bildirib ki, BŞİH rəsmiləri bilərəkdən bəzi hallarda o idarələrlə bağlı məsələlərə göz yumurlar: "Əlavə ödənişlər tələb etməklə və s-lə sahibkarları məcbur edirlər ki, onlar bəzi sənədləri toplamasınlar, bəzi sənədlərdən yan keçsinlər. Sonda da bu problem ortaya çıxır ki, tikinti başa çatdıqdan sonra sahibkar müraciət edir, BŞİH də deyir ki, "sənin filan sənədin mövcud deyil". Əgər həmin sənədi tikinti dövründə yalnız rüsum ödəməklə həll etmək mümkün idisə, tikinti başa çatdıqdan sonra mümkün deyil. Çünki müvafiq orqanlar bunun üçün əlavə vəsait tələb edirlər. Bu da nəticə etibarilə belə problemlərə gətirib çıxarır".

R. Osmanlı bu problemlərdən çıxış yolunu bilavasitə dövlət başçısının məsələyə müdaxiləsində görür: "Çünki aidiyyəti orqanlar məsələni maksimum uzadaraq öz mənfəətləri üçün istifadə etməyə çalışırlar. Bu problem kütləvi xarakter daşıdıqca, sosial problemə çevrilməkdədir. Əgər Prezident müdaxilə etsə, bu problem öz həllini tapa bilər. Əks təqdirdə bu problemin həlli mümkün görünmür".

Dövlət başçısının bu sahədəki fərmanlarının, tapşırıqlarının icra olunmamasına toxunan ekspert deyib ki, Prezident hesabatlarla işləyir. Ancaq onun hesabatlarda əks olunan məlumatların nə dərəcədə doğru olub-olmadığını araşdırmaq imkanları məhduddur.

"Kütləvi şikayətlər olmalıdır ki, müvafiq orqanlara verilən tapşırıqların icra olunmadığı ortaya çıxsın. Bu problemlər ona görə həll olunmur ki, əksər hallarda Prezident Aparatına edilən şikayətlər aidiyyatı qurumlara yönləndirilir. Aidiyyəti qurumlar da ya o şikayətləri araşdırmır, ya da tam olaraq problemin mənbəyini bildikləri üçün onun üzərindən keçirlər. Bu məsələlər KİV-də müntəzəm işıqlandırılmalı, Prezidentin diqqətinə çatdırılmalıdır", — deyə R.Osmanlı bildirib.

"Rəsmi qurumlar bizdən o qədər "haqq" tələb edir ki…"

Sputnik mövzu ilə bağlı bir neçə MTK rəhbərinə müraciət etsə də, onlar mediaya hər hansı açıqlama verməkdən imtina ediblər. Bildiriblər ki, bu məsələlərlə bağlı suallar müvafiq dövlət qurumlarına ünvanlanmalıdır, nəinki onlara.

"Sənədləşmə ilə bağlı şərtlər çox ağırdır. Bizdən küllü miqdarda haqq tələb edirlər. Biz binanın tikintisindən nə qədər qazanırıq ki, onun da bir hissəsini dövlətə vergi verək, bir hissəsini də icra hakimiyyətinə haqq?! Binanın icazəsini alanda, sənədləri toplayanda o qədər qanunsuz tələblər irəli sürürlər ki, biz də məcburən o tələblərə boyun əyirik", — deyə Xətai rayonu, General Şıxlinski küçəsində bina inşaatı ilə məşğul olan, adının çəkilməsini istəməyən problemli MTK-lardan birinin rəhbəri Sputnik-in əməkdaşına bildirib.

Onun sözlərinə görə, təkcə bina tikintisi üçün torpaq sahəsi alanda, onu MTK-ya dövlət qiymətindən dəfələrlə baha satırlar: "FHN-dən tutmuş "Azərsu"ya qədər hər bir qurumdan standartlara texniki uyğunluqla bağlı sənəd alırıq ki, icra hakimiyyəti layihəni qəbul eləsin. Özü də o sənədlərin heç biri havayı başa gəlmir. Bina tikilib mənzillər sahiblərinə təhvil veriləndən sonra bizim işimiz bitir. Qoy dövlət özü maraqlı olsun, sahibkara belə ağır şərtlər qoymasın, məmurlar rüşvət istəməsin, biz də qaydalara əməl edək. Bəzən bizi sonradan ilkin müqavilənin şərtlərinə əlavə tələblər irəli sürməkdə günahlandırırlar. Amma bir də görürsən, tikinti gedən müddətdə materialların, xidmətlərin qiymətləri qalxdı, devalvasiya getdi. Onda sahibkar o ziyanın altından necə çıxmalıdır?!".

O qeyd edib ki, yeni binalarda xidmət haqqları xarici ölkələrlə, məsələn, qonşu Türkiyə ilə müqayisədə o qədər də çox deyil. "Binanı tikən istəyir ki, xidmətləri də özü təşkil etsin və burda da ona xeyir qalsın. Binaları idarə etmək sizə asan gəlməsin. Hər bir çatışmamazlığa görə, sakinlər dövlətin deyil, məhz MTK sədrinin qapısını döyürlər" — deyə MTK sədri əlavə edib.

7030
Teqlər:
'Göydələnlər', Bakı, Dövlət Komissiyası, MTK, mənzil, ev, tikinti, Bakı Şəhər İcra Hakimiyyəti, BŞİH
Əlaqədar
“Sevil Massivi” MTK-nın rəhbərliyinin məhkəməsi başladı
"Problemli MTK olmayan" şəhərdə bir mənzili 5 nəfərə kim satır?
“Sevil Massivi” MTK üzrə cinayət işinin istintaqı yekunlaşıb
200-ə yaxın Çernobıl əlilinə mənzil verilib
Bakıda mənzildən 50 min manatlıq qızıl oğurlanıb
Əli və Nino filmindən fragment

Yazıçı öncəgörənliyi

2
(Yenilənib 21:38 20.09.2021)
Yusif Vəzirin "Gələcək şəhər" hekayəsi barədə bəzi qeydlər: "Kiçik bir hekayədə, 70-80 il sonranın elmi nəaliyyətlərindən də xəbər vermək ustad yazıçımızın yaradıcılığı üçün ciddi faktdır.

BAKI, 20 sentyabr — Sputnik. Tanınmış dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı İmperiyasındakı ilk səfiri, Stalinin Azərbaycanda həyata keçirdiyi qanlı repressiyasının qurbanlarından biri Yusif Vəzir Çəmənzəminli olduqca məhsuldar fəaliyyəti dövründə, romanlar, məqalələr, elmi araşdırmalar, oçerklər, publisistik məqalələr qələmə alıb, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub.

Sentyabr ayında 56 yaşında vəfat edən Yusif Vəzirin anadan olmasından 134 il ötür. Enişli-yoxuşlu tale yaşayan yazıçı Azərbaycan Demokratik Cumhuriyyəti tərəfindən Osmanlı İmperiyasına səfir təyin olunanda cəmi 32 yaşında idi. Ukraynada hüquq təhsili almış, diplomatik fəaliyyət göstərmiş bir ziyalı, Cumhuriyyətin süqutundan sonra Parisdə ağır işlərdə işləməyə məcbur olur, ehtiyac içərisində yaşayır. Və ən ağrılısı istedadına, savadına və bacarığına heyranlıq duyduğu kiçik qardaşını ağır xəstəlikdən itirir, ruh düşkünlüyünə qapılır və Sovet Azərbaycanına qayıdır. Yusif Vəzirin vətəninə qayıtdığı dövrün siyasi mənzərəsi insanı dəhşətə gətirir. Bu dövrün yaradıcı mühitində nə desən var: danosbazlıq, satqınlıq, hiyləgərlik, qəddarlıq və s…

1937-ci ildə Yusif Vəzir Yazıçılar İttifaqından xaric edilir, haqqında böhtanlar yazılır, sərt tənqidlərə məruz qalır. Bütün bunlar repressiya maşınının işə düşdüyünə bariz işarə idi. Həbs ediləcəyini duyan yazıçı əvvəlcə Bağırova, sonra Stalinə müraicət edir və müraciətləri cavabsız qalır. Çarəsizlikdən gözdən uzaqlaşmağa, bir müddət Özbəkistanda, Ürgəncdə işləməklə, prosesdən kənarda qalmağa çalışır. Ancaq Stalinin repressiya maşınından xilas olmaq o qədər də asan deyildi…

***

Bəkir Çobanzadə, Nurməmməd bəy Şahsuvarov, Hənəfi Zeynallı, Hacıbaba Nəzərli və başqalarının ifadələri əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir həbs edilib Bakıya gətirilir. Altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilir. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan və ürək tutmasından vəfat edir. Səhəri gün – 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur. 1956-cı ildə – Stalinin ölümündən sonra Yusif Vəzirə bəraət verilir…

***

Ustad yazıçının adı qalmaqallarda da hallanıb.

Qurban Səid imzasıyla çap olunan, 35-dən çox dilə tərcümə olunan məşhur "Əli və Nino" romanı ətrafında gedən müzakirələr ədəbiyyatsevərlərə tanışdır. "Əli və Nino" romanın müəllifləri arasında illərdi Yusif Vəzirin də adı hallanıb. Hətta həm ölkə xaricində, həm də ölkəmizdə bu romanın qeyd-şərtsiz Yusif Vəzir Çəmənzəminli tərəfindən yazıldığını düşünən, araşdırmaları ilə bunu sübut etməyə çalışan tədqiqaçılar da var.

***

Şübhəsiz ki, Yusif Vəzirin həyatını, yaradıcılığını kiçik bir yazıda əhatə etmək mümkün deyil. Mən bu məsuliyyəti, bu ağırlığı dərk edirəm. Ona görə də mətləbi çox uzatmamaqda fayda var. Qısa ömründə böyük işlərə imza atan yazıçımızın əsərləri haqqında zaman-zaman yazılar yazsam da, oxuduqca onun yaradıcılığının daha nəhəng olduğunu bütün qəlbimlə hiss edirəm.

***

Bu yazıda böyük yazıçımızın bəzi mənbələrdə Azərbaycan ədəbiyyatında elmi-fantastika janrının ilk nümunəsi hesab olunan, 1933-cü ildə qələmə adlığı "Gələcək şəhər" hekayəsindən danışmaq istəyirəm. Mənə görə bu hekayə Yusif Vəzirin necə əhatəli, bilgili və intellektual yazıçı olduğunu tamamilə isbat edən ciddi faktlardan biridir. Bu hekayə bir növ yazıçı öncəgörənliyidir.

Hekayənin qəhrəmanları Sandro və Həsən Tiflisdən, Kürdəmirə təyyarə ilə gələrkən hava şəraiti ucbatından təyyarə eniş edə bilmir, saatlar sonra isə yazıçının xəyal məhsulu olan fərqli bir dünyaya düşür.

Sandro və Həsənin gəlib çıxdığı şəhərdə binalar modern dizayna malikdir, şəhərin müasir quruluşu, restoranları, restoranlardakı xidməti onları heyrətləndirir. Metro və eskalatorlar, rentgen və daxili orqanları müayinə edən tibbi avadanlıqlar, müasir avtomobil zavodları, görüntülü danışıqlar, qısaldılmış iş saatı, təqaüd yaşı və sosial təminatların təsviri və o dövrün digər yenilikləri, sovet oxucusu üçün inanılmaz və izaholunmaz yenilikdir.

Yusif Vəzirin uzun müddət Fransanın paytaxtı Parisdə yaşamasını nəzərə alsaq, bəzi yeniliklərin öncəgörənlik olmadığı aydın olur. Ancaq kiçik bir hekayədə, 70-80 il sonranın elmi nəaliyyətlərindən də xəbər vermək ustad yazıçımızın yaradıcılığı üçün ciddi faktdır.

Düşünürəm ki, bu hekayədə bəhs olunan elektron lövhələrdə reklamlar, ağıllı işıqforlar, süni yağışlar, görüntülü zənglər, sürücüsüz avtomobillər, insan orqanı implantasiyaları, müasir innovasiyalar, alternativ enerji mənbələri barədə məlumatlar yazıçı öncəgörənliyidir.

Elmi-fantastika həvəskarlarına bu hekayəni mütləq oxumağı tövsiyə edirəm. Əminəm ki, yazıçımızın təxəyyülünün zənginliyi sizləri də təəccübləndirəcək.

Ümumiyyətlə Yusif Vəzirin yaradıcılığı dərindən araşdırılmalıdır.

Eyni zamanda bir vaxtlar "Əli və Nino" müəllifi ilə bağlı polemikalarda iştirak etmiş bir qələm adamı olaraq, bu romanın tədqiqatçılarının gələcəyi son nəticə şəxsən mənim üçün olduqca maraqlıdır.

Bir daha və bir daha Yusif Vəzirin öncəgörənliyi qarşısında təəccübümü və heyrətimi etiraf edirəm.

Ruhun şad olsun, ustad!

Oxunmalı kitab: Qurban Səid, "Əli və Nino"

Nəşriyyat: "Şərq-Qərb"

Janr: Roman

Dili: Azərbaycanca

Səhifə: 208

Ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biri, dünyanın 35-dən artıq dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilmiş bu əsər əksər ölkələrdə hələ də bestsellerdir. Bəzi mənbələr görə, bir çox avropa ölkələrində "Əsrin romanı" kimi dəyərləndirilib.

Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.

Tarixin qanlı və təlatümlü hadisələri fonunda müsəlman Əli və xristian Ninonun məhəbbət hekayəsindən bəhs edilir.

2016-cı ildə rejissor Asif Kapadia, romanın motivləri əsasında "Əli və Nino" filmini çəkib.

Həmçinin oxuyun:

Dövlətin qayğısı, xalqın rifahı, mənim naşükürlüyüm...

2
Teqlər:
yazıçı, Yusif Vəzir Çəmənzəminli
Прогулка

Uzun ömür sürməyin sağlam yaşamağın yolu budur

4
(Yenilənib 21:21 20.09.2021)
Mütəxəssislər: sağlam qalmaq üçün "gündəlik 10 min addım" düşüncəsi sadəcə bir marketinq siyasətidir.

BAKI, 18 sentyabr — Sputnik. Gün ərzində 7 min addım atmaq sağlam və uzunömürlü olmaq üçün çox önəmlidir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir qənaətə "Massachusetts" universitetinin alimləri gəliblər.

Mütəxəssislər 11 il ərzində 38-50 aralığında olan 2 min 110 nəfər üzərində tədqiqat aparıblar.

Onlar bildiriblər ki, gündə 10 min deyil, 7 min addım atmaq erkən ölüm riskini 66 faiz azaldır.

Alimlər uzun illərdir ki, sağlam qalmaq və uzun ömürlü olmaq üçün "gündəlik 10 min addım" düşüncəsinin sadəcə olaraq bir marketinq siyasətinin - yəni, satışdan daha çox pul qazanılması hədəfinin tərkib hissəsi olduğuna da diqqət çəkiblər.

Onlar bildiriblər ki, hətta bu yolla daha çox pul qazanmaq üçün ötən əsrin 60-cı illərində "10 min addım ölçən" adı verilən bir cihaz da yaradılıb.

Elm adamları son olaraq belə qənaətə gəliblər ki, gündəlik 7 min addım atan şəxslər digərləri ilə müqayisədə daha sağlam və uzunömürlüdürlər.

Həmçinin oxuyun:

Pandemiya dövründə pəhriz saxlamaq düzgündürmü?

4
Teqlər:
ömür, sağlam, yaşamaq