Rəssam Nəcməddin Hüseynov

Boya almağa pul tapmayan rəssam bir ilkə imza atdı

1131
(Yenilənib 12:08 18.05.2016)
Artıq boya almağa ehtiyacı da yoxdur. Çıraq, şam hisinin köməkliyi ilə hislərini kağıza tökür. Dediyinə görə, onun hislə çəkdiyi rəsmlər Azərbaycanda bir ilkdir, heç bir rəssamın yaradıcılığında bu üsulla çəkilmiş əsərə rast gəlməyib.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. O, buxarının qabağında mütəkkəyə dirsəklənib, nənəsinin danışdığı nağılları dinləyə-dinləyə böyüyüb. Uşaq vaxtı nənəsinin toxuduğu xalçalara vurduğu naxışlara, atdığı ilmələrə heyranlığını gizlədə bilməyib və bu heyranlıq bir ömür boyu onu tərk etməyib.

Hələ də fikri, xəyalı o nağıllarda, xalçalarda, ilmələrdədir. Nağıldan-nağıla, hekayədən-hekayəyə, xalçadan-xalçaya, ilmədən-ilməyə böyüyüb. Böyüyüb, böyüdüb insanlara olan sevgisini. Təbiəti sevib, həyata iki əlli sarılıb.

Elə ona görə də, dünya malında gözü-könül yoxdur, insanların mal-mülk uğrunda davaları ona əzab verir. Yeganə umacağı kətan, fırça, rəngdir. Bu üçünə sahib olanda elə bil, ona dünyanı bağışlayırlar. O, rənglərin diliylə uşaqlığından bu yana içində gəzdirdiyi müşahidələrini, uşaqlığının insanlarını, pişiklərini, sərçələrini danışdırır, nənəsinin nağıl qəhrəmanlarını canlandırır.

Bəli, düz tapdınız, qəhrəmanım rəssamdır. Rəssam qəhrəmanım Nəcməddin Hüseynov Qazax rayonunun Çaylı kəndində yaşayır. Öz kasıb komasına sığınıb, ordan hər şeyə rənglərin gözündən boylanır.

Boya almağa pul da yoxdur, ehtiyac da

Evinin suvağı yoxdur, külək bu üzündən üfürəndə o üzündən çıxır. Əsərlərini çərçivəyə salmağa pul tapmır, amma heç nədən narazı deyil.

"Xoşbəxt sənətkaram, əlimə fırça götürəndən bu günə qədər bir dəqiqə də həvəsdən düşməmişəm, amma yaxşı olardı ki, dövlətimiz o bahalı binalara ayırdığı pullardan bir az da mənim üçün fırça, kətan pulu ayıraydı, özgə təmənnam yoxdur", — deyir.

Son dövrlər boya almağa da ehtiyacı olmur. Çıraq, şam hisinin köməkliyi ilə hislərini kağız üzərinə tökür. Dediyinə görə, onun hislə çəkdiyi rəsmlər Azərbaycanda bir ilkdir, heç bir rəssamın yaradıcılığında bu üsulla çəkilmiş əsərə rast gəlməyib.

  • Rəssam Nəcməddin Hüseynov
    Nəcməddin Hüseynov Qazaxın Çaylı kəndində yaşayır
    © Sputnik / Hikmet Orhun
  • Rəssam Nəcməddin Hüseynov
    N.Hüseynov: “Xoşbəxt sənətkaram, əlimə fırça götürəndən bu günə qədər bir dəqiqə də həvəsdən düşməmişəm”
    © Sputnik / Hikmet Orhun
  • Rəssam Nəcməddin Hüseynov
    Çıraq, şam hisinin köməkliyi ilə rəsmlər çəkən rəssam, bu sahədə Azərbaycanda bir ilkə imza atıb
    © Sputnik / Hikmet Orhun
  • Nəcməddin Hüseynovun əl işləri
    Rəssam son vaxtlar kəşf edib ki, müxtəlif əşyaların hisindən fərqli rənglər alınır
    © Sputnik / Hikmet Orhun
  • Nəcməddin Hüseynovun əl işləri
    Nəcməddin Hüseynovun hər əsərində özündən, yaşadıqlarından, uşaqlığından nəsə var
    © Sputnik / Hikmet Orhun
  • Nəcməddin Hüseynovun əl işləri
    Əsərlərə baxdıqca onların bənzərsizliyinə heyran olursan
    © Sputnik / Hikmet Orhun
  • Nəcməddin Hüseynovun əl işləri
    Bu günə kimi iki mindən çox işi olub; bir xeyli əsərini də bəyənmədiyindən cırıb, atıb
    © Sputnik / Hikmet Orhun
  • Nəcməddin Hüseynovun əl işləri
    Rəssam daim axtarışdadır, daha yeni kəşflər etmək arzusu ilə yaşayır hər gün
    © Sputnik / Hikmet Orhun
1 / 8
© Sputnik / Hikmet Orhun
Nəcməddin Hüseynov Qazaxın Çaylı kəndində yaşayır

Deyir ki, yandırma üsulu ilə işləyənlər çox olub: "Mən özüm də məşğul olmuşam, sonra davam eləmədim. Sənətkar həmişə axtarışda olmalıdır, axtarışım məni çıraq hisinə gətirib çıxardı. Rənglərin eyniliyindən bezmişdim, mənə elə gəlirdi ki, çəkdiyim hər şey biri-birinin təkrarıdır".

"Nə danım, boya da bahadır, mənim o qədər pulum da yoxdur. Çıraq hisiylə çoxdan nəsə çəkmək istəyirdim, ancaq necə çəkəcəyimi tapmamışdım. Bir gün təsadüf nəticəsində bir kağız götürdüm, yavaş-yavaş hislə qaraltdım, gördüm, alınır. O gündən bu günə xeyli şey çəkmişəm", — danışır rəssam.

Mövzusuzluqdan yana şikayəti olmur

İndi hisin də başqa rəngini axtarır Nəcməddin. Onları qarışıdırıb, rəngli əsərlər yaratmaq istəyir. Misal üçün, şam və çıraq hisi eyni rəngi verir, amma rezin yanığından alınan his bir az göyə çalır: "Bəzən baxıram ki, mövzular ayrı olsa belə, hislə çəkdiyim əsərlər də artıq biri-birinə oxşayır. Daha maraqlı şeylər tapmaq lazımdır. Müxtəlif şeyləri yandırıb, hislərini qarışdırıb, yeni rənglər ala biləcəyimə ümid edirəm".

Bu günə kimi iki mindən çox işi olub. Elə bir o qədərini də bəyənmədiyi üçün cırıb, atıb, yandırıb, kül eləyib. Bir azca başı çıxan adam Nəcməddinin əsərlərinə baxanda onun bənzərsizliyinə heyran olur. Hər əsərində özüdür, hər əsərində özündən, yaşadıqlarından, uşaqlığından nəsə var, rənglər biri-birini təkrar edə bilər, amma heç biri digərinin təkrarı deyil.

Mövzusuzluqdan yana şikayəti yoxdur. Sənətinə qarşı həddindən artıq diqqətlidir. Bir işi başa gətirənə qədər onu on cür çəkir, iş hasilə gələndə isə bir çay süzüb, onun toyunu, bayramını edir.

Şairliyə iddiası olmasa da, ara-sıra natamam qafiyələrlə aforizmlər də yazır. "Mən rəsimlərimdə sözün rəngini, şeirlərimdə rəngin sözünü tapmağa çalışıram", —deyir.

Hər rəsminin dünyaya deyəcək bir sözü var: birində barışı, sülhü anladır, birində müharibələrin bəşəriyyətə vurduğu yaraları, birində uşaqların şıltaqlığını, o birində adamların mənəvi kasıblığını. Amma heç bir əsərində mənfi enerji yoxdur, qarşısındakına bədbinlik aşılamır.

"Evdən çıxmaq pul israfıdır"

Çox zaman ətrafındakı insanlar onu anlamırlar. Anlamağa məcbur da deyillər, hər kəs rəssamlığı başa düşəcək deyə bir şey yoxdur. Onların sənəti, sənətkarı başa düşüməmələri rəssamı narahat eləmir, hətta, yeri gələndə bunu özünə mövzu eləyir.

Nəcməddini heç nə sənətdən küsdürə, yaradıcılıqla məşğul olmasına nəsə mane ola bilməz, amma buna rəğmən toplumdan mənfi enerji almasın, yaradıcılığa daha çox vaxt ayıra bilsin deyə, özünü cəmiyyətdən təcrid edib, bir növ inzivaya çəkilib.

"Evə qapanmağımın maddi tərəfləri də var, gəzib dolaşmağın, Bakıya getməyin, rayon mərkəzinə çıxmağın, insanların arasında olmağın özü də pul israfıdır. Söz oyunu eləsək, evə qapanmağımın özü maddi sıxıntılara gətirib çıxarır. Mən maddiyyatçı olmadığım üçün belə şeyləri fikirləşmirəm. Bəlkə şablon səslənəcək, amma sənət sənət üçündür".

"Ögey münasibət məni narahat eləyir"

Nəcməddin Hüseynov 1955-ci ildə doğulub. Zamanında dolanışıq üzündən ali təhsil ala bilməsə də, rəssamlıq məktəbini bitirib. Rəssamlar İttifaqının üzvüdür. Özünü "gözə soxan" adam olmadığı üçün 2011-ci ildən üzvü olduğu birlik onu layiqincə qiymətləndirməyib, gözdən-könüldən iraq düşüb.

Özü şikayət eləmir, ancaq iki oğlu var. Qapıdan girər-girməz məni bir küncə qısnayıb utana-utana, çəkinə-çəkinə ailənin problemlərini danışan böyük oğlu Taleh Hüseynov deyir ki, Rəssamlar İttifaqı Nəcməddin Hüseynovun işini yüksək qiymətləndirdiyini desə də, təqaüd kəsmir, dolanışıqları çətindir.

"Atama qarşı ögey münasibət məni narahat eləyir. Adam ömrünü bu sənətin yolunda şam kimi əridib, amma qiymətini almayıb. Çox istəyərdim, Azərbaycan hökuməti, Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı onun fədakarlığını görsün, indən beləsə onun rahat yaşamını təmin eləsin. Heç olmasa aylıq təqaüd ayırsın ki, dolana bilsin", — deyir T. Hüseynov.

1131
Teqlər:
Rəssamlar İttifaqı, Nəcməddin Hüseynov, çıraq, şam, boya, rəsm, rəssam
Əlaqədar
Təbiət ən gözəl rəssamdır
Tanınmış rəssamın oğlu azadlığa buraxıldı
Rəssamlar Xocalı Sülh mükafatı ilə təltif olunacaq
106 il əvvəl Xalq rəssamı Səttar Bəhlulzadə anadan olub
“Dünya rəssamları”nın əsərləri Bakı metrosunda
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

63
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

63
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

27
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

27

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

0
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

0
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam