BAKI, 17 may — Sputnik. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 28 May — Respublika Günü münasibətilə "Amnistiya aktı haqqında" qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib. Sputnik xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov plenar iclasda deyib.
O bildirib ki, layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur. "Bu, Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə dördüncü müraciətidir", — Z. Əsgərov bildirib.
Mayın 20-də keçiriləcək parlamentin növbəti iclasında qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir.
BAKI, 22 yanvar — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə yanvarın 18-dən tətbiq edilən yumşaldılmaları bəzi vətəndaşlarımız yanlış anlayıblar.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda hərbi qulluqçuları və polis əməkdaşları nəzarət-profilaktiki yoxlamaları davam etdirirlər.
Yanvarın 21-də postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 1 nəfər barəsində inzibati həbs, 1677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıb. Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
DİN vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edib.
BAKI, 22 yanvar — Sputnik. Son vaxtlar Xəzər dənizinin səviyyəsi ilə bağlı müxtəlif fikirlər mətbuatda yer alır. Bəzi xarici tədqiqatçılar öz elmi araşdırmalarında rəqəmli modellərin nəticələrini açıqlayaraq əhalidə ciddi narahatlıq yaradan fərziyyələr səsləndirirlər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Bunlardan biri də dənizin gələcəkdə 9-18 metr aşağı düşəcəyi haqqında proqnozla bağlıdır. Baxmayaraq ki, Xəzər dənizinin səviyyə dəyişmələrinə aid açıqlamalar vaxtaşırı mütəxəssislərimiz tərəfindən işıqlandırılır”.
U.Tağıyeva əhaliyə bu cür proqnozların heç bir tarixi əsasının olmadığını və yalnız yüzdə bir faiz ehtimal oluna biləcək bir fərziyyə kimi nəzərə almalarını tövsiyə edib: “Ötən əsrin ikinci yarısında Xəzər dənizinin səviyyəsində müşahidə olunmuş səviyyə tərəddüdləri mütəmadi xarakter daşıyıb. Belə ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunan ən aşağı həddə - Baltik sistemi ilə -29 metrə qədər azalıb və sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artaraq -26,5 metrə çatıb”.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sözlərinə görə, Xəzər dənizi üzərində aparılmış uzunmüddətli müşahidələrə əsasən, dənizin səviyyəsinin dəyişmə amplitudası son 100 ildə 3 metrdən artıq olmayıb.
“Avropalı alimlərin verdiyi proqnoz onların Xəzər dənizinin cazibə səviyyəsi barədə anlayışlarının olmadığını göstərir. Cazibə səviyyəsi o deməkdir ki, dənizin səviyyəsi qalxdıqca güclü buxarlanma baş verir və səviyyənin aşağı düşməsinə səbəb olur. Səviyyə azalanda dənizdə buxarlanma da azalır və nəticədə suyun səviyyəsinin yenidən qalxır”.
Akademik onu da qeyd edib ki, riyazi modellərin nəticələrinin təhlilində istənilən ərazinin təbii-coğrafi şəraiti nəzərə alınmalıdır. Əks halda həqiqətə uyğun olmayan bu cür yanlış proqnozlar üzə çıxmış olur.
“Dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. Bunun səbəbi iqlim faktoru ilə bağlı kifayət qədər qeyri-müəyyənliklərin olması, dənizə tökülən iri çayların sululuğunun həcmi, baş verən dənizdibi tektonik proseslər və digər amillərlə izah edilir.