Ünvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli

Aztəminatlı əhaliyə bəd xəbər

14623
Suyun və kanalizasiya tariflərinin təxminən 40% bahalaşması kasıb ailələrin ünvanlı dövlət sosial yardım alması imkanlarını daha da məhdudlaşdırıb. Belə ki, ayda 13 manat 61 qəpiklik kommunal ödəmiş edən ailəyə sosial yardım verilməyəcək.

BAKI, 16 may — Sputnik. Tarif Şurasının növbəti iclasında su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. "Azərsu" ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl — 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl — 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə — 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetr (əvvəl 12 manat/kubmetr) müəyyən edilib.

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat (əvvəl 30 qəpik/kubmetr) səviyyəsində təsdiq olunub. Yeni tariflər 2016-ci il mayın 16-dan qüvvəyə minəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, "Azərsu" ASC Tarif Şurasına müraciət edərkən ictimaiyyəti məlumatlandırmalı idi: "Və bu müraciət ictimai müzakirəyə çıxarılmalı idi ki, belə bir müraciətin olması hansı zərurətdən doğdu. "Azərsu" ASC izah etməli idi ki, harada maya dəyərinin artımı baş verib ki, suyun qiymətinin artmasına belə bir zərurət yaransın. Təəssüf ki, ölkədə mənfi bir praktika mövcuddur. Yəni, dövlət nəzarətində olan şirkətlərin tariflərində dəyişiklik olarkən bununla bağlı əhaliyə normal məlumat və yaxud bir izah verilmir".

Ekspert qeyd edib ki, "Azərsu" ASC-nin belə bir addım atmasına ilkin baxışdan heç bir zərurət yox idi: "Çünki, "Azərsu"nun su təminatında iştirakçı olan komponentlərdə qiymət dəyişikliyi baş verməyib. Məsələn, suyun paylanmasında enerji mühüm rol oynayır. Enerji qiymətləri artmayıb. Daxili resurslar hesabına su təminatı həyata keçirilir, burada heç bir dəyişiklik baş verməyib".

"Heç bir ciddi dəyişiklik olmadan belə bir addımın atılması bir variantı gündəmə gətirir — "Azərsu" ASC-nin özünün külli miqdarda borcu var. O nöqteyi-nəzərdən ola bilər ki, qiymət artımı borc bataqlığından çıxması üçün "Azərsu"ya müəyyən dərəcədə kömək məqsədilə atılmış bir addımdır. Düşünürəm ki, qiymət artımı bu məsələ ilə bağlı ola bilər", — N. Cəfərli əlavə edib.

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qalib Toğrul isə Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda suyun qiyməti qonşu ölkələr və digər inkişaf etmiş dövlətlərlə müqayisədə ucuzdur: "Amma məsələ burasındadır ki, suyun qiymətinin o şəkildə müqayisəsi düzgün deyil. Biz bunun müqayisəsini bu şəkildə apara bilərik ki, əhalinin gəlirlərində ümumiyyətlə, kommunal xidmətlərə olan ödənişlər nə qədər təşkil edir. Bu şəkildə müqayisə aparsaq, görərik ki, inkişaf etmiş ölkələrdə gəlirlər daha yüksək olduğu üçün onlarda daha cüzi bir hissəsini təşkil edir. Bizdə onlara nisbətən böyük hissəsini təşkil edir".

"Ümumiyyətlə, böhran dövründə suyun qiymətinin qalxması doğru addım deyil. Suyun qiymətinin artımında əsas götürüblər ki, bizdə suyun qiyməti digər ölkələrlə, beynəlxalq qiymətlərlə müqayisədə ucuzdur. Amma bu, əsas vermir ki, suyun qiyməti artırılsın", —deyə ekspert bildirib.

İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul
© Photo : Qalib Togrul
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul

Q. Toğrul şəxsi "Facebook" səhifəsində də məsələyə toxunub: "Suyun və kanalizasiya tariflərinin təxminən 40% bahalaşması kasıb (aztəminatlı) ailələrin ünvanlı dövlət sosial yardım alması imkanlarını daha da məhdudlaşdırdı. "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na görə, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda ona sosial yardım təyin olunmasından imtina verilir".

"Ölkə üzrə yaşayış minimumu hazırda 136 manatdır. Belə çıxır ki, bir ailə ayda 13 manat 61 qəpiklik su, kanalizasiya, zibil, işıq, istilik, qaz və rabitə (sabit telefonun aylıq abunəsi hazırda əhali qrup abonentlər üçün 2 manat 50 qəpikdir) ödəsə, ona sosial yardım verilməyəcək", — iqtisadçı yazıb.

14623
Teqlər:
su pulu, su təchizatı, Qalib Toğrul, Tarif Şurası, Natiq Cəfərli, "Azərsu" ASC
Əlaqədar
Azərbaycanda suyun qiyməti qaldırıldı
Aztəminatlı əhali mənzillə təmin ediləcək?
Azərbaycanda aztəminatlı ailələrə ərzaq talonları paylana bilər?
Məmurlarla üz-üzə gəlmədən ünvanlı sosial yardım almaq mümkün olacaq
Sosial yardım alan hər kəsə 50 manat birdəfəlik müavinət veriləcək
Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı 16% azalıb

Həftəsonları yenə piyadayıq

1
Yanvarın 18-dən etibarən ölkə ərazisində karantin rejiminin müəyyən yumşaldılması olacaq: sms icazələr ləğv olunacaq, bir müddət sonra müəyyən sahələr fəaliyyətə başlayacaq. Amma ictimai nəqliyyatın həftəsonu hərəkətinə qoyulan məhdudiyyət götürülmür

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.

1
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Bakı karantinin yumşaldılmasından sonra

Kafe-restoran həsrətliləri üçün son tarix

4
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilsə də müəyyən yumşalmalar var

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

4
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar