Magistral yolda süni maneə

Paytaxtın bu küçəsində sizi arzuolunmaz sürpriz gözləyir

329
(Yenilənib 12:32 13.05.2016)
Sürət həddinin saatda 60 kilometr olduğu magistralda qəflətən qarşınıza hündür tramplin çıxır. Bu süni maneənin hansı əsasla, kim tərəfindən yaradıldığı isə müəmma olaraq qalır.

BAKI, 13 may — Sputnik. Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yaşayan Fuad Hüseynov yol hərəkəti iştirakçıları üçün maraqlı olan mövzu ilə bağlı Sputnik-ə müraciət edib. Oxucumuzun toxunduğu problem isə süni maneələr, yəni tramplinlərlə bağlıdır.

Paytaxt sakini müraciətində qeyd edir ki, yaşadığı Məhəmməd Xiyabani küçəsində əsas magistral yola uzun müddətdir ki, qeyri-qanuni olaraq süni maneə, yəni tramplin çəkilib: "Heç bir xəbərdaredici nişan olmaya-olmaya bu yola tramplin çəkilməsi nə dərəcədə düzgündür? Halbuki, bu yolun girəcəyində sürət həddi 60 rəqəmi ilə işarə olunub. Əgər bunları çəkiblərsə, heç olmasa həmin nöqtəyə çatmamış xəbərdaredici işarələr qoyulmalıdır".

"Burda yaşamağıma baxmayaraq, dəfələrlə yüksək sürətlə gəlib avtomobilimin təkərlərini, amortizatorlarını bu tramplinlərə görə korlamışam. Özü də çəkilən bu süni maneələr qanunla müəyyən olunmuş sarı rəngdə yox, asfaltın öz rəngindədir. Yəni uzaqdan sürətlə gələn sürücünün bunu görə bilməsi imkansızdır. Nəticədə sürətlə tramplinin üzərinə çıxmaq avtomobilin bütün detallarına mənfi təsir edir", — şikayətçi bildirib.

Искусственное дорожное препятствие на улице Хиябани
© Sputnik / Fuad Hasanov
Искусственное дорожное препятствие на улице Хиябани

Mövzunu yerində araşdırmaq üçün həmin əraziyə baş çəkdik. Fuad Hüseynovun dediklərində doğruluq payı çoxdur. İpək yolu kimi tanıdığımız əsas magistral yoldan üzü Yeni Yasamal istiqamətinə dönən yolun girəcəyində sürət həddi 60 qeyd olunub. Və süni maneələr olan əraziyə yaxın heç bir xəbərdaredici işarə yerləşdirilməyib. Bu da istər-istəməz qeyd olunan sürətlə gələn sürücülərin tramplini görməməsinə səbəb olur.

Məlumdur ki, ölkəmizin bəzi yollarında, xüsusən şəhər və qəsəbələrin bəzi küçələrində sürücüləri hərəkət sürətini aşağı salmağa məcbur etmək üçün süni maneələr yaradılır. Belə maneələrin yaradılması nə dərəcədə qanunidir və qanunvericilikdə bununla bağlı hansı müddəalar var? Bu maneələri istənilən yerdə qoymağa icazə varmı?

Эксперт по вопросам транспорта Эршад Гусейнов
© Foto : Ə.Hüseynovun arxivindən
Эксперт по вопросам транспорта Эршад Гусейнов

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik-ə açıqlamasında deyib ki, həm "Yol hərəkəti haqqında qanun", həm də "Avtomobil yolları haqqında qanun" küçə və prospektlərdə istənilən məqsədlə və istənilən bəhanə ilə belə süni maneələrin özbaşına yaradılmasını qadağan edir.

"Qanunvericiliyin özbaşına süni maneə yaratmağı qadağan etməsi o deməkdir ki, həmin maneələrin yollarda, küçə və prospektlərdə yaradılmasının qanuni yolu olmalıdır. Lakin hazırda qüvvədə olan qanunvericiliyimizdə belə süni maneələrin kimin icazəsi ilə və hansı qaydada yaradıla bilməsinə dair hər hansı norma mövcud deyil", — ekspert bildirib.

Onun sözlərinə görə, həmin ərazidə süni maneələri, yəni tramplinləri kim qoyubsa araşdırılmalıdır, həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır: "Bu qaydanı pozanlar 30 manatdan 50 manatadək cərimələnməlidir. Və həmin ödənilən cərimənin hesabına maneə oradan yığışdırılmalıdır".

Məsələ ilə bağlı gün ərzində, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev və Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun münasibətini öyrənmək istəsək də, cəhdlərimiz baş tutmadı.

329
Teqlər:
Vaqif Əsədov, Kamran Əliyev, süni maneə, tramplin, yol, Bakı, küçə
Əlaqədar
Allah heç bir sürücünün yolunu bu küçədən salmasın!
Paytaxtın daha bir mərkəzi küçəsi bağlanacaq
Bakı küçələrində "Yaşasın Azərbaycan" şüarları səslənir
Bakının mərkəzi küçələri bağlanır
Bu küçədən keçmək məsləhət deyil
Paytaxtın bu küçəsinə avtomobillərin girişi qadağan olunacaq
Paytaxtın bu küçəsi də sürücülərin ixtiyarına verildi