Bakıdakı supermarketlərdən biri

Nazirdən rədd cavabı alan sahibkarlar məyusdur: "Maaşları artıracaqdıq..."

190
Supermarketlərin ƏDV-dən azad edilməyəcəyi ilə bağlı vergilər naziri Fazil Məmmədovun məlum açıqlaması sahibkarlar tərəfindən birmənalı qarşılanmayıb. Bəs, indiyədək supermarket sahiblərinin gözləntiləri nə idi?

BAKI, 12 may — Sputnik. Xəbər verdiyimiz kimi, vergilər naziri Fazil Məmmədov iri ticarət şəbəkələrinin Əlavə Dəyər Vergisindən (ƏDV) azad olmaq istəyinə mənfi cavab verib. Nazir mətbuata açıqlamasında marketlərin ƏDV-dən azad olunmasının mümkünsüz olduğunu bildirib.

"Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98%-i bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2%-i marketlərdə satılır. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil. Təkrar edirəm, kənd təsərrüfatı məhsullarının 98%-i bazarlarda satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi", — F. Məmmədov deyib.

Nazir səviyyəsində belə bir açıqlamanın verilməsi, heç şübhəsiz ki, iri market şəbəkələrini məyus edib. Fazil Məmmədovun açıqlamasından öncə marketlərin gözləntiləri nə idi? Bundan sonra durumlarında nə kimi dəyişiklik olacaq? Bu kimi suallara yerində cavab tapmaq üçün, Sputnik-in əməkdaşı paytaxtda yerləşən bir neçə supermarketə baş çəkib.

Самир Байрамов директор ясамальского филиала сети супермаркетов Favorit
© Sputnik / Fuad Hasanov
Самир Байрамов директор ясамальского филиала сети супермаркетов Favorit

İlk üz tutduğumuz, "Favorit" supermarketlər şəbəkəsinin Yasamal rayonu ərazisində yerləşən filialının müdir müavini Samir Bayramov "hökumətlə hökumətlik etmək" fikrində olmadıqlarını bildirdi: "Yəqin ki, siz özünüz də nazirin açıqlamasını izlədiniz. Bir neçə iri marketlərlə birlikdə nazirliyə müraciət olunmuşdu ki, əlavə dəyər vergisi ləğv olunsun. Amma olmadı. Nazir qəbul etmədi".

"Hər şey bitdi mi? Xeyr. Biz öz işimizə baxırıq. Hər şey normal və qaydasındadır. Hökumətlə hökumətlik etmək fikrimiz yoxdur", — müdir müavini vurğuladı.

Onun sözlərinə görə, nazirliyin qərarı şirkətin işçilərə ödədiyi maaşlara təsir etməyəcək: "İxtisarlar da gözlənilmir. Hazırki vaxtda maaşlarda kəsintiyə getmək, yaxud işçi ixtisarları etmək fikrimiz yoxdur".

Paytaxtın digər iri market şəbəkəsi olan "Bizim Market"in "İnşaatçılar" metrostansiyasının yaxınlığında yerləşən filialının rəhbəri Səbinə Məmmədova isə qeyd etdi ki, ƏDV ləğv olunsaydı, işçilərin maaşlarında və premiyalarda artım olacaqdı.

"Bizdə ümumiyyətlə həmişə maaş artımı olub. Bu proses sonuncu devalvasiyaya qədər davam edib. Sonra maaşlarda artım məlum səbəblərə görə dayandırıldı. Biz istədik ki, bu prosesi yenidən canlandıraq. Bunun üçün ƏDV-nin ləğvi gərək idi. Ancaq olmadı. Buna görə məyusuq", — S. Məmmədova dedi.

"Araz" supermarketlər şəbəkəsində də ümumi əhval-ruhiyyə digərləri ilə eyni idi. Burada da Əlavə Dəyər Vergisinin ləğvi səbirsizliklə gözlənilirdi. Bununla belə, nəzarətçi Orxan Əliyev, hazırda işlərinə əvvəlki qaydada davam etdiklərini, nə maaş kəsintisi, nə də ixtisarlar olduğunu vurğuladı.

Qeyd edək ki, supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər. İqtisadiyyat Nazirliyi isə bildirib ki, bu məsələyə Vergilər Nazirliyi ilə birlikdə baxılır.

190
Teqlər:
vergilər naziri, əlavə dəyər vergisi, supermarket, Fazil Məmmədov, ƏDV, market
Əlaqədar
Böyük marketlərin başı böyük bəlada
Marketlərdə ajiotaj: siqaret böhranı dərinləşir
"Neptun" market: rəfdə bir, kassada isə başqa qiymət
Bu marketlərdən ərzaq almayın
Bu marketlərdən ərzaq almaq məsləhət deyil