İlyas İsgəndərov

82 yaşlı kişinin dramı: "Yoldaşım dedi, kişi deyilsən, pul tap..."

4062
(Yenilənib 12:10 10.05.2016)
Bir gün ona kişiyə xəbər verirlər ki, "həyat yoldaşın boşanma üçün məhkəməyə müraciət edib". Əvvəlcə inanmasa da, sonradan məhkəməyə çağırılır. Və 3 aylıq xəstəxana həyatından sonra evinə döndükdə gözlərinə inanmır.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Övlad dünyaya gəlir. Qızdır — həyanım olacaq, oğuldur — dayağım, deyə düşünürsən. Yemirsən, yedirirsən, geymirsən, geyindirirsən ki, hər şey onun ürəyincə olsun bu həyatda. Dost-tanışından, yaxınlarından əskik olmasın, başı aşağı olmasın deyirsən, təhsil verməyə çalışırsan.

Fəzail Əhmədov
© Sputnik / Ayaz Yashilyarpaq

Böyüyür, təhsilli, imkanlı bir şəxsə çevrilir. Və bir də baxırsan ki, tək-tənhasan. Daha ona lazım deyilsən, daha səni axtarmır. Daha kimsə onu incidəndə yanına qaçmır, daha pulu qutaranda "ata, ana pulum yoxdur" demir. Daha YOX kimidir. Uzaqdır, yaddır.

Sanki səndən deyil, sanki sənin olmayıb. Telefonuna cavab vermir, evinin yerini də tanımırsan. Əldən-ayaqdan düşürsən, əlindən tutanın, ayağa qaldıranın olmur. Peşman olursan, keçirdiyin bir ömrə, yaşadığın günlərə. Doğulanda sevincindən özünə yer tapmadığın balanın yerini tapmırsan. Ümid yalnız qalır ora. "Qocalar evi"nə…

"Dedi ki, bu qanı yerdə qoymayacağam"

Qocalar evində yüzlərlə qoca var, atılan, gərəksiz hesab edilən, övladı tərəfindən baxılmayan, kimsəsiz… İlyas dayı da tərk edilmişlərdəndir. 6 övladı olsa da, heç biri qocaya sahib çıxmayıb. Həyat yoldaşı ilə ayrılandan sonra ömrünün geri qalan hissəsini "Qocalar evi"ndə yaşamalı olub.

Deyib gülsə də, "Qocalar evi"ndə olan həyatından razılıq etsə də, könlündəki nisgili gizlədə bilmir. Nəvələrini görmək istəyir. Deyir ki, nəvə baladan şirİn olur, amma heç biri onu yada salımır. Beləcə, İlyas İsgəndərov 1995-ci ildən "Qocalar evi"nin sakinidir. Deyir ki: 

Neylirəm malı-dövləti
Mənə lazım idi oğul hörməti
İstəyirdim gəlin qulluğu görüm,
Öləndə nəvə qucağında ölüm…

Dediyinə görə, əslən goranboyludur. 6 övladı olan İlyas dayının böyük oğlunun 54 yaşı var: "3 qızım, 3 oğlum var. 5 uşağı evləndirdim, 6-cıda yoldaşım məndən ayrıldı. 1990-cı ildə böyük oğlum evlənirdi, pulu çatmırdı. O da Dənizçilik Məktəbini bitirib. Dənizdə gəmi kapitanı işləyirdi. Yoldaşım dedi ki, "böyük oğlum evlənmək istəyir". Dedim pul gətirsin, evləndirim. O vaxtlar indiki pulla 450 manat maaş alırdı. Həmin vaxtlarda oğlum avtomobilini də satmışdı. Yaxşı pulu var idi. Yoldaşım dedi ki, "kişi deyilsən, get birindən 3 min tap, uşağı evləndirək". Vurdum, ağzı-burnu qanadı. Mənə dedi ki, "bu qanı yerdə qoymayacağam". Sonra oğlu çəkib onu yanına apardı".

"Qocalar evi"ndə evlilik

Bir gün İlyas kişiyə xəbər verirlər ki, həyat yoldaşı boşanma üçün məhkəməyə müraciət edib. Əvvəlcə inanmayan İlyas kişini, sonradan məhkəməyə çağırırlar: "O vaxtlar 59 yaşım vardı. O, məndən 11 yaş kiçik idi. Ayrıldıq. Bir müddət sonra gedib ayağımı kəsdirdim. Ayağımı yerə qoya bilmirdim, qolum da keyimişdi. Hardasa 3 aya yaxın xəstəxanada qaldım. 1994-1995-ci illərdə xəstəxanadan sonra evimə getdim. Uşaqlarım bütün sənədlərimi yandırmışdılar".

"Mənim 36 il iş stajım var idi. Ancaq sənədlərimi yenidən yığmalı oldum. Və bura gəldim. Əvvəlcə burada məni götürmək istəmirdilər. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim və məni qəbul etdilər", — deyir həmsöhbətimiz.

O, 5 il burada yaşayandan sonra, elə "Qocalar evi"ndə Sevda adlı xanımla ailə həyatı qurur. Sevda xanım əvvəlcə bu haqda bizimlə danışmaq istəmir. Sonra razılaşır.

İlyas İsgəndərovun həyat yoldaşı Sevda xanım
© Sputnik / Irade Celil
İlyas dayı "Qocalar evi"ndə 5 il yaşayandan sonra, elə buradaca Sevda adlı xanımla ailə həyatı qurur

Uşaqlıqdan ikinci qrup əlil olan Sevda xanım, ailə həyatı qursa da, övladı olmur. Sonra atası onu "Qocalar evi"nə gətirməli olur. Artıq ata-anası dünyasını dəyişib. İki qardaşı var, onlar da maraqlanmırdı. Maddi sıxıntıları olan Sevda xanım, burada İlyas dayı ilə tanış olur və İlyas dayı ona evlənmək təklif edir.

"Görürdüm, çox sıxıntıları var, dolana bilmir. Bir əli də işləmir. Dedim, qoy evlənək, ancaq biz bir-birimizin qədrini bilə bilərik. Və Sevda mənimlə razılaşdı. İndi 17 ildir ki, ailəliyik", — İlyas dayı deyir.

O, nəql edir ki, kiçik oğlu ara-sıra gəlib-gedirmiş. Amma sonra söhbətlərin birində oğlu atasından evini istəyir: "Vermədim. Dedim, verməyəcəyəm. Mənim evin qarşısında 24 metrlik bir gül çardağı var idi. Elə gözəl güllərimiz vardı ki. Heyif. Amma verməyəcəm onlara. O evi görsəniz, məni güllə ilə vurarsınız ki, adam da o gözəl evi qoyub burda yaşayar?".

"Özümə söz vermişəm, 90-a qədər yaşayacağam"

Qəhrəmanımız öz təqaüdünü yığaraq burada özünə "Jiquli" də alıb. Deyir ki, burada həyat çox gözəl keçir. Artıq danışan yox, səs-küy yox, rahat həyat var: "Öz maşınımla getdim bazarlıq edib gəldim. Sevda ilə çox gözəl həyatımız var. Mən gənclik illərində arzuladığım xoşbəxt həyatı indi yaşayıram".

İlyas İsgəndərov və İradə Cəlil
© Sputnik / Irade Celil
Qəhrəmanımız deyir ki, burada həyat çox gözəl keçir

"82 yaşım var. Özümə söz vermişəm, 90-a qədər yaşayacağam. Nə içki içmişəm, nə əxlaqsız həyatım olmayıb, qumarbaz olmamışam. Təmiz həyatım olub. Atam 98 yaşında dünyasını dəyişib, bir qardaşım var 88 yaşında. Biz uzunömürlüyük", — deyir.

Qapıdan çıxanda əsasına söykənib, ayağa qalxmağa çalışır, amma bacarmayıb, çarpayıya çökür. Yada saldığım üçün təşəkkür edir. Deyir ki, "bizi yada salın, bizim diqqətə ehtiyacımız var". 

Sağollaşıram. "Qocalar evi"nin sakinlərindən biri gəlib məni qucaqlayır, deyir ki, "sənə vuruldum"… Onun da maraqlı taleyi var. Yaşlı olsa da, gözlərinin gözəlliyi itməyib, təbəssümü hələ dodağındadır Mina xanımın. Həm də maraqlı həyatı var… Deyir, məndən də yaz. Onun da tarixçəsini qələmə almışam. Bizi izləsəniz, iki övladını avtomobil qəzasında itirmiş Mina xanımın taleyi ilə də tanış ola bilərsiniz.

"Qocalar evi" bir həyat məktəbidir. Səhvləri ilə, doğruları ilə bir ömrün son akkordlarını yaşayan insanların dərs keçdiyi bir məktəb. Bizi izləyin, izləyin ki, atılmış, tərk edilmiş qocaların həyatından, buraxdığı səhvlərdən, niskillərindən xəbərdar olasınız… Axı biz həyatı böyüklərdən öyrənirik.

4062
Teqlər:
övlad, İlyas İsgəndərov, "Qocalar evi", qoca, həyat hekayəsi, dram
Əlaqədar
Yaşını unutmuş qoca: "Ukrayna qızları ölürdü səsim üçün"
Qoca ər-arvadı qətlə yetirməkdə şübhəli bilinən iki nəfər saxlanıldı
İki dinə qulluq edən qadın – gözəgörünməzlə qəribə rabitə
Oder çayını yaran azərbaycanlı: o, böyük bir sovet diviziyasını xilas etdi
Televizora baxan adam, arxiv şəkli

Serial mövsümü başlayır - telekanallar nəyi göstərəcək?

1
(Yenilənib 19:26 21.09.2020)
Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq

BAKI, 21 sentyabr — Sputnik. Bu gün Azərbaycan kanallarında yeni serial mövsümü başlayır. "Oscar" Film Production da bu gün tamaşaçıların görüşünə iki layihəylə gəlir.

Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftəiçi dörd gün saat 21.00-da ekranlara çıxacaq.

Bu gün cəmiyyətdəki bir çox problemləri özündə əks etdirən, ötən mövsümdə sevilən, ən çox baxılan seriallardan olan "Bir qadın" serialı 2-ci mövsümünə sentyabrın 21-də saat 21.40-da ATV kanalında başlayır. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Çinarə Nüsrətli olan serial həftəiçi dörd gün yayımlanacaq.

1
Teqlər:
telekanallar, milli teleseriallar, serial
Əlaqədar
Əfsanəvi məhəbbət: Azərbaycanın dahisi haqda serial necə ərsəyə gəldi
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Serial çəkilişlərinə başlamaq onlara baha başa gəldi
Cazibədar rəqqasə serial çəkir
Məşhur aktyor serial çəkilişləri zamanı vəfat edib
Yaşlı insanlar, arxiv şəkli

Pensiya yaşı artırılacaq? Rəsmi açıqlama

6
(Yenilənib 19:22 21.09.2020)
"Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq".

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

A.Məcidov qeyd edib ki, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır: "Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq pensiyaya çıxma imkanı əldə edə biləcəklər. Qadınlar üçün isə 62 yaş 30 iyun 2021-ci il tarixinə kimi qüvvədə qalacaq. Ondan sonra isə pensiya üçün yaş həddi 6 ay artırılacaq".

O deyib ki, son 2 ildə pensiya sahəsində ciddi islahatlar aparılıb, pensiyaçıların pensiyaya çıxma imkanlarının mülayimləşdirilməsi prosesi baş verib.

Fond rəsmisi deyib ki, 2019-cu il 1 yanvar tarixindən pensiya yaşına çatan şəxslərin 25 illik stajının tanınması əksər insanların pensiyaya çıxma imkanlarını artırdı:

"1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək şəxsin minimum staja malik olması əsas şərtlərdən idi. Şəxsin 1 ay belə stajı var idisə, onun 2006-cı il tarixədək stajı tanındı. 25 il də pensiyaya çıxmaq üçün tələb olunan norma olduğu üçün minlərlə vətəndaş pensiyaya çıxmaq imkanı əldə etdi".

6
Teqlər:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Əmək pensiyaları haqqında" qanun, pensiya təminatı, əmək pensiyaları, əmək pensiyası, pensiya yaşı, pensiya
Əlaqədar
Pensiya almaq istəyənlərə şad xəbər - stajları bir neçə il artacaq
Yaşa görə orta aylıq pensiya artıb
Pensiya və yardım kartı itənlərə xəbərdarlıq
Kişilər və qadınlar üçün yeni pensiya yaşı müəyyənləşdi