“Accessbank”-ın  İmişli Rayon filialı

Bank ölüyə qarşı iddia qaldırdı, məhkəmə cərimə kəsdi

1214
Sağlığında 2 ay ödəniş edən İmişli sakini ağır xəstəlikdən dünyasını dəyişib. Onun ölüm şəhadətnaməsinin surəti də banka təqdim olunub. Buna baxmayaraq, mərhumun barəsində məhkəmədə iddia qaldırılıb.

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. İmişli Rayon Məhkəməsi (hakim Ülvi Qənbərov) "AccessBank" QSC-nin "kredit müqaviləsi üzrə borcun tutulmasına dair" ərizəsinə baxaraq, tələbi təmin edib. Çıxarılan məhkəmə əmrinə görə, İmişli rayon sakinləri Vaqif Məmmədov və Qalib İbadovdan müştərək qaydada əsas borc, ona hesablanan faiz və ödəniş tapşırığının gecikdirilməsinə görə cərimə ilə birgə, 2283 manat 82 qəpik, habelə ərizəyə məhkəmədə baxılması üçün ödənilən 20 manat dövlət rüsumu tutulub tələbkara qaytarılmalıdır.

Bu barədə Sputnik-ə məlumat verən, İmişli rayonunun Bəcrəvan kəndində yaşayan, Vaqif Məmmədovun həyat yoldaşı Şamama Məmmədova bildirir ki, bank məhkəmədə iddia qaldırmazdan əvvəl əri dünyasını dəyişib və bu haqda bank da məlumatlı olub: "Həyat yoldaşım xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bankdan borcu müalicə məqsədilə götürmüşdü. Sağlığında 2 ay ödəniş edib. Gecikdirmə olanda bank işçiləri qapımıza gəldi. Dedik, Vaqif vəfat edib, ölüm şəhadətnaməsinin surətini də verdik. Bunun üstündən onu məhkəməyə veriblər, üstəlik gecikdirməyə görə cərimə də hesablayıblar".

İmişli Kommunal Müəssisələri İstehsalat Birliyinin işçisi Qalib İbadov Vaqif Məmmədova zamin dayanıbmış. O bildirir ki, məhkəmənin qərarından yalnız maaşından tutulma olanda məlumatlı olub: "İşə iştirakımla baxılmaması bir yana, məhkəmə qərarını da mənə vaxtında göndərməyiblər ki, ondan şikayət edim".

"Qəribədir ki, bu qərarda ölünün üzərinə borcu mənimlə müştərək qaydada ödəmək öhdəliyi qoyulub. İndi mən bilmirəm bu məbləğin nə qədər hissəsi mənim üzərimə düşür", deyə Q. İbadov bildirib.

Sputnik-in sorğusunu cavablandıran "Accessbank" QSC-nin hüquqşünası Fərid Bayramov vəfat etmiş müştəriyə qarşı iddia qaldırılma faktını təsdiqləyib: "Hüquqi prosedur belədir ki, tələb borcu götürmüş şəxsə qarşı qaldırılmalıdır, hətta həmin şəxs ölübsə belə. Borcun vəfat etmiş şəxsin hüquqi varisləri və ya zamindən tutulmasını məhkəmə müəyyən edir".

1214
Teqlər:
Şamama Məmmədova, ölü, Qalib İbadov, Vaqif Məmmədov, "AccessBank", Ülvi Qənbərov, İmişli Rayon Məhkəməsi, İmişli, kredit
Əlaqədar
Dövlət özəl banklara dəstək verməlidirmi?
Mərkəzi Bank nə etmək istəyir?
"Əmanətləri qaytara bilməyən banklara qarşı tədbir görülməlidir"
Banklar batır
"Əhalinin zərərinin bir hissəsini dövlət, bir hissəsini də banklar kompensasiya etməlidir"
Bankların dollara olan tələbatı niyə azalıb?
"Mərkəzi Bankın statusunun dəyişməsi heç nəyi dəyişməyəcək"
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

6
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

6
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
Prezident İlham Əliyev, arxiv şəkli

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

11
(Yenilənib 21:06 23.11.2020)
Rus icması: "Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi".

BAKI, 23 noyabr - Sputnik. Azərbaycanın Rus İcması Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu!

İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. Ermənistan Respublikasının işğalçı qüvvələri darmadağın edildi və geri çəkildi.

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi.

Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürsə etdiniz. Lakin Ermənistanın destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermədi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gətirib çıxardı.

Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Respublikanın rus vətəndaşlarının çoxu 1990-cı illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sərhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etdi.

Biz Sizin sözlərinizi xatırlayırıq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz.

Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndaşı kimi fəaliyyətiniz sabahkı quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, müharibə dəhşətlərinin nə demək olduğunu bilməyən yeni nəsil tərbiyə etmək üçün işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər.

Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun.

Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyatdı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi sıx birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada – Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq.

Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şanlı Qələbə gününü Sizinlə birlikdə bayram edəcək.

Yaşasın Ali Baş Komandan!

Yaşasın çoxmillətli Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”

Bildirilib ki, müraciət Azərbaycan Rus İcmasının Respublika Şurasının iclasında qəbul edilib.

11
Teqlər:
Ermənistan, Azərbaycan, BMT-nin qətnamələri, kapitulyasiya, Üçtərəfli bəyanat, Prezident İlham Əliyev, rus icması
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

14
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

14
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması