Çəkisini yoxlayan adam. Arxiv şəkli

"Bəlanı satın almaq" buna deyirlər?

5368
Cəmiyyət piylənmə probleminə qarşı yeni-yeni mübarizə üsulları axtarışındadır. Ən dəhşətlisi isə, tədrici intihara bərabər olan arıqlama vasitəsidir. Bəs bu, necə baş verir?

BAKI, 3 may — Sputnik. Piylənmə son zamanlar dünya insanını ən çox narahat edən problemlərdən birinə çevrilib. Dünyada və Azərbaycanda artıq çəkidən qurtulmaq üçün insanlar müxtəlif üsullara əl atırlar. Kimisi idman zallarına gedir, kimisi üzgücülüyə üz tutur, bəziləri isə müxtəlif pəhriz üsulları vasitəsilə arıqlamağa çalışırlar.

Bir də var ən asan və qısa yol. Yəni, bəzi dərmanlar və kokteyllər qəbul etməklə arıqlamaq yolu. Bir çox insanlar, xüsusilə sosial şəbəkələrdə reklam olunan "Herbalife" kokteylindən istifadə edərək arıqlasalar da, bu üsul sonradan kəskin kökəlməyə səbəb olub. Bəzi istifadəçilər isə əksinə, istifadə zamanı nəticədən narazıdırlar.

Kokteyl istifadəsi ilə qısa zamanda 23 kiloqram arıqlayan Arzu Quliyeva dərmandan çox razı qaldığını deyir. Xanım istifadəçi Sputnik-ə açıqlamasında, kokteyllərin sağlamlığa ziyanlı olmadığını bildirib.

"Kokteyllər nəinki sağlamlığa ziyan vermir, əksinə mən əvvəllər çox xəstə olurdum, baş ağrılarım olurdu. Son zamanlar istifadə edəndən sonra baş ağrılarım azaldı, qışda xəstələnmədim. "Herbalife" kokteyllərindən çox razıyam", — A. Quliyeva qeyd edib.

Digər istifadəçi Aygün Əliyeva isə "Herbalife"dan istifadə etməyin əhəmiyyətsiz olduğunu bildirir və heç kimə bu məhsuldan istifadə etməyi məsləhət görmür: "Bu kokteyllər həm baha, həm də mənasızdır. Doğrudur, öncə arıqladır, amma bir müddət sonra yenidən o çəkini yığır insan. Ən yaxşı üsul hərəkət eləmək və düzgün qidalanmaqdır".

Bəs, mütəxəssislər bu haqda nə düşünür? Həkim Rasif Bağırov Sputnik-ə açıqlamasında deyib ki, bu arıqladan məhsullar keçən əsrin sonlarından satışa çıxarılıb. Onun sözlərinə görə, "Herbalife" adlı məhsullar, təxminən 1996-cı ildə Bakıya gətirilib.

"Satılmadığı üçün bir müddət sonra satışı dayandırıldı və insanlar o şirkəti unudandan sonra, yenidən ölkədə satışı başladı. Bir həkim kimi belə məhsulların satışının əleyhinəyəm. Ümumiyyətlə bu dərmanlar insan orqanizminə mənfi təsir göstərir", — həmsöhbətimiz bildirib.

Həkim insanların idmansız və düzgün qidalanmadan arıqlaya bilməyəcəyini dilə gətirib: "Bəziləri düşünürlər ki, dərman içməklə arıqlamaq olar. Bu, mümkün deyil. Arıqlamaq üçün düzgün qidalanmaq, yağlı yeməklərdən uzaq durmaq və mümkün qədər çox hərəkət etmək lazımdır".

Anar Süleymanov, Buda döyüş növləri üzrə dördqat Avropa və Dünya çempionu
Anar Süleymanov, dördqat Avropa və Dünya çempionu

Kikboksçu, eyni zamanda fitness dərsləri keçən Anar Süleymanov da arıqlama dərmanlarının əleyhinədir və öz zalında belə məhsullardan istifadəyə qəti qadağa qoyub. O, Sputnik əməkdaşı ilə söhbətində bildirib ki, bu cür arıqlama metodları təhlükəlidir.

"Tələbələrimə birinci növbədə bu dərmanlardan istifadə etməyə qadağa qoymuşam. Birdəfəlik insanlar anlamalıdılar ki, arıqlamaq üçün dərman içmək yox, qaçaraq tərləmək lazımdır", — məşqçi vurğulayıb.

Onun sözlərinə görə, belə dərmanlar böyrəklərə ciddi ziyan vurur: "Bir sözlə, mən və tələbələrim belə dərmanlardan istifadə etmir. Heç kimə də məsləhət görmürəm".

5368
Teqlər:
Aygün Əliyeva, Arzu Quliyeva, "Herbalife", kökəlmə, Rasif Bağırov, piylənmə, Anar Süleymanov, arıqlamaq, idman
Əlaqədar
Dünyada köklərin sayı arıqları üstələdi
Yeyirsən, xeyrini görürsən və arıqlayırsan
Arıqlamaq üçün atdığınız dərmanlar sizi ölümə aparır
Yediyimiz yağlara qanunsuz olaraq piy və marqarin qatılır