Anası Məlahət xanım deyir ki, Taleh imkansızlqıdan öldürdü özünü

Özünü yandıran gəncin tükürpədici həyatı: cəmi 15 dəqiqə...

5663
(Yenilənib 15:42 03.05.2016)
Oğlunu xilas etməyə gecikmiş ana: "Dedim, ay bala, niyə belə etdin? Dedi, "bir uşağa baxa bilmirəmsə, mən niyə yaşayıram?". Mənə ilk dəfə həmin an ana dedi. İlk və son deyişi oldu. Su istədi və dünyasını dəyişdi"

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Bir neçə ay bundan əvvəl bir xəbər oxudum: "23 yaşlı gənc Taleh Ömərli özünü yandırıb". Biri dedi, "bank borcuna görə özünü öldürüb", biri dedi, "kimsə məcbur edib intihara", bir başqası isə işsizlikdən, kasıblıqdan özünü öldürdüyünü deyirdi. 

Taleh Ömərlinin ailəsində olmaq, anası, həyat yoldaşı ilə danışmaq istəyirdim. Amma hər dəfə bir problem çıxır, onlara gedib çıxa bilmirdim.

Bu yaxınlarda bir dostumun təkidi ilə yenidən Talehin anası Məlahət xanıma zəng vurdum. Dedi ki, Gəncədədir, əməliyyat olunub, bir neçə günə Bakıya gəlib məni axtaracaq. Gözlədim. 3 gün sonra zəng elədi: "Bala, Bakıdayam nə vaxt istəsən, gəl".

8 ildən son tapılan övlad

Ertəsi günü yolum Zirə Südçülük sovxozuna idi. Yol uzaq olsa da, yeganə övladını min bir əziyyətlə böyüdən, bütün gəncliyini övladına qurban verən ana ilə görüşməli idim. Və bir də bir uşaq var idi. Talehin yadigarı…

Dar-dolanbac yollarla, soraqlaşa-soraqlaşa Talehgilin evini tapdım. Talehin həyat yoldaşı məni qapıda qarşılayıb içəri dəvət etdi. Bir göz otaq. Yemək-içmək, yatmaq hər şey bir otaqda. Yox, bura mənə qəribə gəlmir. Çünki hamı həyatının müəyyən bir dönəmində sıxıntı yaşayır. Mən də bu yolu keçmişdim.

Nəysə, keçib əyləşdim. Məlahət xanım səmimi, kövrək ürəkli bir qadındı. Eyni zamanda sədaqətli…

O, həyatını danışır, danışdıqca, göz yaşları yanaqları boyu süzülür, ara-sıra ayağa qalxıb otaqda var-gəl edir, yenidən söhbətinə davam edirdi.

  • Talehin anası Məlahət xanım
    Talehin anası Məlahət xanım
    © Sputnik / Irade Celil
  • Talehin övladı Ömər
    Talehin övladı Ömər
    © Sputnik / Irade Celil
  • Talehin həyat yoldaşı Nərmin oğlu Ömər ilə
    Talehin həyat yoldaşı Nərmin oğlu Ömər ilə
    © Sputnik / Irade Celil
  • Anası Məlahət xanım deyir ki, Taleh imkansızlqıdan öldürdü özünü
    Anası Məlahət xanım deyir ki, Taleh imkansızlqıdan öldürdü özünü
    © Sputnik / Irade Celil
  • Ailənin yaşadığı ev cəmi bir otaqdan ibarətdir
    Ailənin yaşadığı ev cəmi bir otaqdan ibarətdir
    © Sputnik / Irade Celil
  • Taleh Nərminlə rəsmi nikaha girmədiyi üçün uşaq anasının soyadını daşıyır
    Taleh Nərminlə rəsmi nikaha girmədiyi üçün uşaq anasının soyadını daşıyır
    © Sputnik / Irade Celil
1 / 6
© Sputnik / Irade Celil
Talehin anası Məlahət xanım

Məlahət xanım əslən şəmkirlidir. Ailə həyatı qurandan sonra həyat yoldaşı ilə Mingəçevirə köçür. 8 il övladı olmayan Məlahət xanım, hamilə olanda həyat yoldaşını itirir: "Qarabağda döyüşürdü. Xəstəlik tutdu, dünyasını dəyişdi. Görmədi Talehi. Mən 8 aylıq hamilə idim. Sonra Taleh dünyaya gəldi. Təkbaşına ana üçün uşaq saxlamaq çətin idi. Bir az anam, bir az bacım kömək edirdi, birtəhər dolanırdıq. Sonra Talehi Mərdəkana internat məktəbinə qoydum".

"Sanki, dünyada tək övladı olan yeganə ana mən idim…"

Talehin taleyi elə dünyaya gəlməmişdən gətirməmişdi. İnternatda böyüyən Talehi bir neçə il sonra anası yanına aparır. Ancaq Mingəçevirdə oğlunun səhv yollara düşəcəyindən qorxan ana, oğlunu da götürüb Bakıya gəlir. Taleh hərbi xidmətini də sağ-salamat başa vurur.

"Hara gedirdisə, yalvarırdım ki, baxın, Taleh mənim tək balamdır, nə olar, ondan muğayat olun. Mən onun üzərində əsirdim. Sanki dünyada tək övladı olan yeganə ana mən idim", —deyir Məlahət ana.

Beləcə, Taleh əsgərliyini də başa vurub, anası ilə birlikdə Bakıya gəlir. Bakıda yaşamaq o qədər də çətin olmur. Zirə Südçülük Sovxozunda yaşayanlardan biri həyətini və iki balaca otağı onlara hədiyyə edir. Əvəzində isə onun evinə baxmağı tapşırır: "Bir gün Taleh Nərmini qaçırtdı. Dedi, "illərdir, sevirəm". Mən sevgini bunun atasında və bunda görmüşəm. Həqiqətən sevirdi Nərmini. Atası məni sevən kimi. Mən də heç nə demədim, tək oğuldur. Evləndirdim. Pis —yaxşı yaşayırdıq. Bir övladı da dünyaya gəlmişdi. İşləyirdi də. İş yerində ona verilən yeməyi gətirib balasına yedirirdi. Ağlımadan keçməzdi ki, Taleh özünə qəsd edər".

Kamran Şirəliyev əsgər yoldaşı ilə
© Photo : Şirəliyevlər ailəsinin şəxsi arxivindən

Ana danışır ki, hadisədən bir neçə gün əvvəl Talehin oğlu xəstələnir. Həkim bildirir ki, uşaqda astma əlamətləri var və müalicə olunmalıdır. Uşaq üçün resept yazılır. Amma respeti almağa nə Məlahət xanımın, nə də Talehin imkanı çatır.

"Anamın ilinə az qalmışdı. Talehə dedim ki, gedirəm rayona. Gedə bilsəm, avtobusla gedəcəyəm, gedə bilməsəm, maraqlanacam görüm qatarla mümkündürmü. Dedi, yaxşı get, rəis. Mənə ana deməzdi, rəis deyərdi. Sonra yoldaşına dedi ki, Nərmin, dur rəisin ayaqqabısını geyindir, beli ağrıyır, əyilə bilmir. Həmin keyfi belə idi. Yəni heç bir bir problem olmamışdı. Sadəcə işləmirdi və uşağına dərman ala bilməmişdi. Mənə dedi ki, ana, bax gör neynirsən. Dedim, gedim-gəlim görüm neynirəm", — dərdli qadın danışır.

İlk və son dəfə ANA deyir 

Məlahət xanım dediyinə görə, aradan bir qədər keçdikdən sonra Nərmin zəng vurur ki, Taleh özünü yandırıb. Ana evə necə qayıtdığını xatırlmır. Deyir, 15 dəqiqə tez qayıtsaymış, oğlu bu addımı ata bilməzmiş: "Gəldim ki, yandırıb özünü. Benzini töküb başına, iki dəfə alışqanla yandırmaq istəyib, alınmayıb, 3-cü dəfə də alışıb. Nərmin uşağı qoyub qaçıb qonşulara. Gəlib söndürüblər, aparıblar xəstəxanaya".

Ana həmin dəqiqələri xatırladıqca göz yaşlarını saxlaya bilmir. Elə hey "o, mənim tək balam idi. Ömrümü ona vermişdim" deyir.

Xəstəxanada həkimlər Talehin bədəninin 70 faizinin yandığını bildirir və anaya deyirlər ki, oğlunun 2 saat ömrü qalıb: "İnana bilmirdim ki, oğlum öləcək. Deyirdim, nə olar ay həkim, mənə öləcək demə. Taleh ağrımırdı da, şikayət də etmirdi yaralarından. Dedim, ay bala, niyə belə etdin? Dedi, "bir uşağa baxa bilmirəmsə, mən niyə yaşayıram?". Mənə ilk dəfə həmin anlarda ANA dedi. İlk və son deyişi oldu. Su istədi və dünyasını dəyişdi".

Ana danışır ki, sonradan qohum-qonşunun köməkliyi ilə Taleh dəfn edilir. Amma problemlər bundan sonra da ailədən əl çəkmir. Çünki Taleh həyat yoldaşı Nərminlə rəsmi nikaha girməmişdi: "Gəlinə dedim ki, uşağı götürüb getsən, hesab elə, ölmüşəm. O da getmədi. Yanımdadır aylardır. Biz gəlin-qaynana deyilik, rəfiqəyik, bacıyıq".

Oğlu da soyadını daşımır

"Taleh Nərminlə rəsmi nikaha girmədiyi üçün uşaq anasının soyadını daşıyır. Nə qədər onu oğlumun soyadına salmaq istəsəm də, mümkün olmur. Deyirlər, rəsmi nikah lazımdır. Axı bu, Talehin balasıdır. Mən istəyirəm ki, nəvəm oğlumun soyadını daşısın. Ömərli Ömər Taleh oğlu olsun. Amma mümkün deyil", — qadın hönkürə-hönkürə danışır.

Məlahət xanım belindən "qrija" əməliyyatı edildiyi zaman, sinirə toxunulduğu üçün heç yerdə işləyə bilmir. Bəzən evlərə ev yığışdırmağa gedir, aldığı pulla nəvəsini saxlayır. Olmayanda isə ümidləri tək Allaha qalır: "Eşidən-bilən gəlir. Biri bazarlıq edir, biri pul verir, biri uşaq geyimi gətirir. Kimin nəyə gücü çatırsa. Beləcə dolanırıq, qızım…".

Ana oğlu barəsində mətbuatda yazılanlardan da gileylənir: "Əvvəlcə bir çox yerdə yazdılar ki, bank borcuna görə öldürüb özünü. Yox bala, mən yalan danışmayacağam. Bizim bank borcumuz olmayıb. Yalan deyərəm, bir imkanlı şəxs çıxar qarşıma, deyər, "gedək, ödəyim borcunu". Yox bala, mən yalançı deyiləm. Taleh imkansızlqıdan, işsizlikdən öldürdü özünü".

İndi nə qədər qəribə görünsə də, ananın son bir istəyi var — Talehə mərmər başdaşı qoydurmaq. Amma buna imkanı çatmır: "Gedib danışmışam, düzəltdirmişəm, hazırdır. Amma pulum yoxdur ki, aparım, qoydurum. Dedim, bu dünyada gün görmədi, heç olmasa məzarı qara daşdan olsun. Son arzumdur bu"…

Ana ilə sağollaşıb çıxıram. Talehin divara vurulmuş şəklinə gözüm sataşır. Necə də məsum görünür. Ana arxamca səslənir: "Bala, mənə kömək etsinlər, o başdaşını qoydurum"…

P. S.

Dünən Talehin anasından yenə zəng gəldi. "Bala, düşmüşəm yatağa, qalxıb evlərə iş görməyə gedə bilmirəm. Nəvəm neçə gündür ac yatır. Mənə kimsə kömək etsin" — kövrək səslə dedi qadın.

Mən də onun bu sözlərini sizə çatdırdım. Məlahət xanıma yardım etmək istəyənlər redaksiyadan nömrəsini götürə bilərlər. Bu dünya sınaq dünyasıdır. Hər insan onun üçün yazılmış imtahandan keçib gedir. Bəzisi imtahandan keçir, bəzisi imtahanın adından da qorxur, bəzisi isə kəslib gedir.

Taleh imtahanın adından belə qorxanlardan olub. Onun taleyi doğulmamışdan gətirməyib… Bu gün isə onun soyadını belə, daşımayan oğlu, həyat yoldaşı və anası kimsəsiz, çarəsiz, tənha qalıb.

Bu da bir həyatdır, qarmaşıq, yarımçıq. Taleh həyata olan həvəsini 23 ilə bitirdi. Gələcəkdə onu nələrin gözlədiyini bilməyərək. Məncə, insan həyata qarşı mübariz olmağı bacarmalıdır. Çünli Allahın ən ali yaratdığı varlıq insandır və insan hər şeyə qadirdir. İnsanı bu həyatın çətinlikləri əzməməlidir.

Mübariz olun. Və bizi izləyin. İzləyin ki, necə həyatlar olduğundan xəbərdar olasınız…

5663
Teqlər:
başdaşı, maddi imkansızlıq, bank borcu, Məlahət, Taleh Ömərli, intihar
Əlaqədar
İtkin neftçi hər gecə xanımının yuxusuna girir
"Allah həmişə gözəl qadınları başsız qoyur"
Anasına şəhid olacağını dedi və sözünü tutdu...
"Nənəmin ölümünə hazırlaşarkən elə bir hadisə baş verdi ki..."