Şahmat lövhəsində fiqurların düzülüşü. Arxiv şəkli

Cəzası ölümdən betər olan günah

826
(Yenilənib 10:57 02.05.2016)
İçində gizli-gizli saxladığın bir şey var. Onun varlığından kimsənin xəbəri olar deyə o qədər qorxursan ki... Haqsız da deyilsən!

BAKI, 2 may — Sputnik. Sənə kim həyata nifrət etməyi öyrətdi? Ya da özünə… Kim sənə "bu dünyada əzab çəkən axirətdə keyf çəkər" dedi? Atanmı, babanmı, ulu babanmı? Yoxsa babanın "işgəncə"si altında babandan çox yaşayan nənənmi?

Bu dünya bir pəncərədir, hər gələn baxar-gedər. Ya da bu dünyaya bir dəfə gəlirik, falan-filan… Bunları deməyən ata-ana, nənə-baba, böyük-kiçik varmı? Bəs, səni bir ömür öz istəklərinə qurban verməyən, o qohumdan bu qohuma, o adətdən bu ənənəyə yorğa at kimi çapırtmayan bir böyüyün necə?

"Var" deməyə qorxduğunu bilirəm. Bu haqda ağzından kəlmə çıxmasın deyə, dörd gözlə keşik çəkənlərin olduğunu da. Hətta, sirrinin faş olmaması üçün, şəxsən məni öldürməyə hazır olduğunu da…

Amma onu da bilirəm ki, içində gizli-gizli saxladığın bir şey var. Onun varlığından kimsənin xəbəri olar deyə, o qədər qorxursan ki… Haqsız da deyilsən. Bu cəmiyyətdə kim öz həyat seçimini özü müəyyənləşdirmək istəyənə xoş baxar ki? Onun istəyinə uyğun biri ilə ailə qurmadı deyə, övladını bir ömür bağışlamayan valideyn, şiddətli keçimsizlik səbəbindən boşanmaq istəyən övladının üzünə baxarmı?

Sən kimsən ki, yüz illərin oturuşmuş qaydalarına qarşı gələsən? Ya da bu dünyada bir parça huzur arxasınca düşüb, əbədi "kayfını" əldən qaçırasan. Sənə belə bir haqq verildimi? Atanmı verdi bu haqqı sənə, babanmı, yoxsa baban öldü deyə, onunla bərabər ölmədiyin üçün üzünə tüpürən qonşunmu?

Tənhalığa düşdüyün ilk fürsətdə hönkürərsən. Göz yaşların sel olar. İçində gizlətdiyin AZADLIQ "şeytanını" əzizləməyə başlarsan. Üzrxahlıq edərsən ona. Səni anlamasını xahiş edərsən. Səndən asılı olmayan səbəblərdən onu həbsə məhkum etməli olduğunu deyərsən. Qəfildən hürkək nəzərlərlə ətrafa boylanıb, diksinərsən. Biri səni bu qədər aciz durumda görər deyə… Və içindəki o yarımcan duyğunu daş-qalaq etdiyini göstərməyə çalışarsan çevrəndəkilərə.

Bir gün xəstələnərsən. Sol tərəfin qıc olar. Ağzın sola əyilər. Hamı başına tökülər. Sağ gicgahını ovxalayarlar, sağ çiynin üstə yatmadığın üçün danlayarlar, sağ qalmağın üçün sağa-sola vurnuxarlar. Loğman gələr-təbib gedər. Yastığın altındakılar, örpəyin içindəkilər ortalığa səpilər. Sənin üçün, sağlığın üçün.

Amma sən yenə içindəkini boğmaqda davam edərsən. Dəqiq bilirsən ki, nə səni dinləyən var, nə içindəkini görmək istəyən. Gizli hamiləlik yaşayan qadın kimi yalvarıcı nəzərlərlə donuq üzlərə baxarsan. Sonra yenidən, bic doğmağa hazırlaşan fahişə kimi baxışlarını onlardan gizlətməyə çalışarsan.

Və dişini sıxıb qurtuluş sandığın anı gözlərsən — ölümü. "Ölsəm də, qurtulsam", deyərsən. Halbuki axirətə belə, inanmırsan. Sadəcə "nə də olsa, bundan yaxşı olar" düşüncəsinə qapılarsan. Çünki sən bir zavallısan….

Çünki sən bir qorxaqsan! Yaradanın sənə bəxş etdiyi ömrü satacaq qədər adisən! Səni daş-divardan fərqləndirən özgürlük hissini boğacaq qədər qatilsən! "Bic" doğulmağından qorxub, ölü doğduğun AZADLIQ hissini özünlə qəbirə aparacaq qədər vicdansızsan.

… Sən onlardan birisən. Səndən sonrakılar da onlardan biri olacaq, ondan sonrakılar da. Get, əzab çək, o biri tərəfdə eyş-işrət səni gözləyir…

826
Teqlər:
sevgi, arzu, yaşam, nifrət, insan, cəmiyyət
Əlaqədar
Məni ölməyə qoymayın...
Heyif deyil bizim millət?!
Bu ölkədə 65 yaşı keçənləri cəza gözləyir
Allah kəssin belə çörəyi