Sədaqət və Uşarət bacıları

Bir ananın duası bu qədərmi keçərliymiş?!

2343
(Yenilənib 11:07 29.04.2016)
Qadın tez-tez pirlərə, ziyarətgahlara gedərək, dua edirmiş ki, kar, kor, ya lal qız da olsa, övladı olsun. Evliliyin 8-ci ilində ailədə uşaq dünyaya gəlir. İki il sonra biri də doğulur. Hər ikisi qız və hər ikisi lal-kar...

Ayaz YAŞILYARPAQ, Sputnik Azərbaycan

BAKI, 29 apr — Sputnik. Onlar güllə yağışı altında dədə-baba torpaqlarından baş götürüb qaçırdılar. Qəlblərdə viran olan yurd yerinin sızıltısı, gözlərdə müharibənin dəhşətləri, kürəklərə sarınmış körpə uşaqlar, bir evin bir əl çantasına sığacaq qədər yükü, ayaqlar yalın, başlar açıq… Gecənin qaranlığında el Həkəri çayını keçirdi.

"Ayaq saxla, dövrənə bax, ötəri belə,
Yüz illərdi Araz belə, Həkəri belə,
Axşamların, səhərlərin təkəri belə…"

Arxada göy üzünü qara tüstü bürümüşdü. Suları keçənlər ürəklərində heç vaxt boşalmayacaq dərd aparırdılar…

8 ilin duası ilə doğulan uşaqlar

İmişli şəhərinin Əzizbəyov küçəsindəki "Neftçilər beşmərtəbəsi"ndə məskunlaşan bacılar o müdhiş gecəni xatırlayanda həyəcanlarını boğa bilmirlər. Son vaxtlar cəbhədəki gərginliklə bağlı televiziyadan izlədikləri də onları qorxuya salıb.

Lal və kar olduqlarından, Uşarət və Sədaqətlə loqoped vasitəsilə söhbət edirik. Bəzi hallarda əl işarələrinin izahına ehtiyac qalmır, hər şey, necə deyərlər, üzlərindən oxunur. Yer, şəxs adları və tarixlərlə bağlı suallara Uşarət yazılı cavab verir. O, hələ də kiril əlifbasından istifadə edir. Sədaqət isə yazıb-oxumağı bacarmır.

Onlar Qubadlı rayonunun Muğanlı kəndində doğulublar. Palıd meşəli, vələs, fındıq, əzgil, zoğal, yemişan bağlı, əlik, kəklik, qırqovul, turac quşlu, çay, meşə, bulaq təbiətli bir yerdə. Köçkünlük illərində bu kəndin adamları Bakı, Gəncə, Sumqayıt şəhərləri də daxil, ölkənin onlarla yaşayış məntəqəsinə səpələniblər. "Müvəqqəti" adlandırılan bu məskunlaşma, beləcə 23 ildir, davam edir.

  • Sədaqət və Uşarət bacıları
    Sədaqət və Uşarət bacıları
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Sədaqət Behbudova
    Sədaqət Behbudova
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Behbudova Sədaqət Surxay qızının adına verilmiş 9№-li formada arayış
    Behbudova Sədaqət Surxay qızının adına verilmiş 9№-li formada arayış
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Uşarət Behbudova
    Uşarət Behbudova
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Behbudova Uşarət Surxay qızının adına verilmiş 9№-li formada arayış
    Behbudova Uşarət Surxay qızının adına verilmiş 9№-li formada arayış
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Fiziki məhdudiyyətli qızların qaldıqları ev şəraitsizdir
    Fiziki məhdudiyyətli qızların qaldıqları ev şəraitsizdir
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Bacıların yaşadığı evin giriş qapısı
    Bacıların yaşadığı evin giriş qapısı
    © Sputnik / Ayaz Yashilyarpaq
1 / 7
© Sputnik / Ayaz Yashilyarpaq
Sədaqət və Uşarət bacıları

Uzun müddət övladı olmadığından anaları Səbirə xanım bacısı oğlu Abışı yanında saxlayıb, böyüdüb. Qadın tez-tez pirlərə, ziyarətgahlara gedərək, dua edirmiş ki, kar, kor, ya lal qız olsa da, övladı olsun. Evliliyin 8-ci ilində behbudovlar ailəsində uşaq dünyaya gəlir. İki il sonra biri də doğulur. Hər ikisi qız, özü də eyni şəkildə fiziki qüsurlu. Sədaqət 1965, Uşarət 1967-ci il təvəllüdlüdür.

Ataları Surxay tikinti idarəsində fəhlə, anaları Səbirə isə şirniyyatçı olub. Onlar həmkəndliləri tərəfindən çalışqan, halal insan kimi xatırlanır. Bağ salıb, ikimərtəbəli ev tikiblərmiş. 1993-cü ildə Qubadlının işğalından sonra ailə isti yuvasından zorən ayrı düşür.

"Atamız ağır yük, anamız isə dərd çəkməkdən öldü"

Köçkünlər bir müddət İmişli şəhərində yerli sakinlərdən birinin evində qalıb. Sonra onları dəmiryolu klubunda yerləşdiriblər. Uşarət xatırlayır ki, quru çörəyə möhtac olduqları o günlərdə ailələrini dolandırmaq üçün atası bazarda araba ilə yük daşıyıb.

Qız kövrəlir: "Atam o qədər zülm-zillət çəkdi ki, axırda tab gətirməyib öldü".

Bu, 1997-ci ildə olub. Anaları illərlə qaraciyər serrozundan əziyyət çəkib və 2004-cü ildə vəfat edib. Hər ikisi İmişlinin Rəsullu kəndindəki el qəbiristanlığında dəfn edilib. Qızlar deyirlər ki, hər bayramda gedib valideynlərinin qəbrini ziyarət edirlər.

Analarının şəklini böyüdüb çərçivəyə salıblar. Hər gün onunla baxışır, xəstələnib yatağa düşəndə portreti sinələrinə sıxır, ümidsiz vaxtlarda ondan kömək istəyirlər. Qızlara elə gəlir ki, analarının ruhu bu evdə dolaşır, hər addımlarına göz qoyur, onlardan muğayat olur. Buna görə "Qaçqınkom" xəttilə dövlət hesabına tikilən evə köçməkdən imtina ediblər.

Bacılara elə gəlir ki, Abış onların qardaşıdır. Köçkünlük bu doğma insanı da onlardan ayrı salıb — hazırda o, ailəsi ilə Sumqayıtda yaşayır. Əvvəllər tez-tez gəlib yoxlayırmış onları. Axır vaxtlar İmişliyə yalnız toy və yas məclislərində iştirak üçün gəlir. Bacılar onun telefon nömrəsi yazılan kağız parçasını üstlərində saxlayır, xəstələnəndə, çətinlikləri olanda qonşulara zəng etdirirlər.

Ucuz başa gəlsin deyə çörəyi özləri bişirirlər

Fiziki məhdudiyyətli qızların qaldıqları ev şəraitsizdir. İçmək və məişətdə istifadə etmək üçün suyu həyətdən 3-cü mərtəbəyə daşıyırlar. Kanalizasiya xətti də çəkilməyib deyə, işlənmiş suyu həm də əllə daşımaq əziyyəti var. Hamam, ayaqyolu da həyətdə, həm də bina sakinlərinin ümumi istifadəsindədir. Bununla belə, evi, üst-başlarını təmiz saxlayırlar. Otaqlardan ikisinin döşəməsi betondur, yalnız birinə taxta vurulub.

Onlar müstəqil olaraq özləri bazarlıq edir, çay, yemək hazırlayırlar. Ucuz başa gəlsin deyə, çörəyi elektrik sobasında bişirirlər. Məişət əşyalarının çoxu, üzərinə "USA", "USAID" yazılan karton qutular içərisinə yığılıb. Humanitar təşkilatlarla yanaşı, ayrı-ayrı xeyirxah insanlar da xəstə qızlara vaxtaşırı yardım göstərirlər.

Çoxları onlara sadəcə xəstə insan kimi yanaşır. Daha bilmirlər ki, iç dünyalarında nə qədər böyük sevgi və yanğı var. Bəlkə bu amnsız müharibənin ən günahsız qurbanları da onlar hesab olunmalıdır — niyə bu vəziyyətə düşməliydilər, kimə nə pislik ediblər axı?…

Başları üstündə quş yuva qurub

Giriş qapılarının başı üstündə bir quş yuva qurub. Bunu sevinclə bizə göstərib deyirlər ki, o, hürkməsin deyə, qapını yavaşca açıb-örtürlər. Bala çıxaranda blokun açıq pəncərəsi önünə çörək qırıntıları tökürlər ki, ana balalarını yedirdə bilsin.

Bu, onlara doğuluduqları, boya-başa çatdıqları evi, uşaqlıqda gördüklərini xatırladır. Bacılara elə gəlir ki, evləri hələ də qoyub gəldikləri vəziyyətdə qalıb: "Yəqin indi orada daha çox quş yuva qurar. Axı biz çıxandan sonra ev boş qaldı. Görəsən o quşlar nə tapıb yeyir?".

2343
Teqlər:
Muğanlı, Sədaqət, Uşarət, "Neftçilər beşmərtəbəsi", İmişli, Qubadlı
Əlaqədar
Yüz ilin yolçuları - səfər hələ bitməyib...
İtkin neftçi hər gecə xanımının yuxusuna girir
"Allah həmişə gözəl qadınları başsız qoyur"
Yaşını unutmuş qoca: "Ukrayna qızları ölürdü səsim üçün"
"Nənəmin ölümünə hazırlaşarkən elə bir hadisə baş verdi ki..."
Reza Deqati, arxiv şəkli

Əcnəbilər üçün tarix dərsi: "Maşınların pəncərəsindən gizli şahidlik etdim" - FOTO

6
(Yenilənib 17:01 20.01.2021)
"Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli  şahidlik edə bildim"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Fransada yaşayan məşhur fotojurnalist Reza Deqati 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, dünyaca məşhur fotoqraf qanlı gecə haqqında özünün "Facebook" səhifəsində yazıb: "Əfqan sərkərdələri ilə dağlarda döyüşdükdən sonra dünyanın ən böyük ordularından biri təslim oldu. Şərq Blokunun parçalanması başladı - Berlin divarından yıxılacaq ilk beton parçasının simvolizə etdiyi bir proses. 19-cu əsrdən bəri Rusiyanın nəzarətində olan bir ölkədə - Azərbaycanda siyasi ixtişaşlar Kremlə qarşı üsyana çevrildi. Bu cəsarəti cəzalandırmaq üçün rus tankları 19 yanvar 1990-cı ildə gecə Azərbaycanın paytaxtı Bakıya girdi və insanları qətlə yetirdilər".

Məşhur fotoqraf həmin faciə vaxtı Bakıya gəldiyi haqqında da danışıb: "Qırğın yüzlərlə ölü və yaralıya səbəb oldu. Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli şahidlik edə bildim".

Deqati qanlı günlərin simvolu olan qərənfil haqqında da danışıb: "Milli çiçək artıq ölkəni təmsil etmək üçün deyil, o lənətə gəlmiş gecə istifadə edildi. Qırmızı qərənfillər indi yalnız cənazə üçün istifadə olunur və müstəqillik uğrunda mübarizə zamanı ölənlərin xatirəsini yad etmək üçün məzar daşlarının üzərinə qoyulur. Ağrılı keçmişin əbədi qalıqları, yerdəki çiçəklər insanları öz tarixi ilə barışığa, nəhayət azadlığa qovuşmağa dəvət edir".

Məşhur fotoqraf həmin gecə ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib. R.Deqati izləyicilərini həmin kitabı oxumağa dəvət edib.

Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur dünyanı gəzib dolaşır. O, Qarabağda dəfələrlə olub. Otuzdan çox kitabın müəllifidir. Bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

6
Teqlər:
fotoqraf, tarix, 20 Yanvar

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

5
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

5