Manat

"Əmanətləri qaytara bilməyən banklara qarşı tədbir görülməlidir"

208
(Yenilənib 16:34 05.05.2016)
Ekspertin fikrincə, kreditləri yığa bilmədiklərinə görə, banklarda əmanətlərin qaytarılması ilə bağlı problemlər yaranır. Söhbət isə yalnız konkret bankın əmanətçilərindən deyil, bötüvlükdə bank sisteminə ehtimaddan gedir.

BAKI, 28 apr — Sputnik. "Bank Standard" QSC müştərilər qarşısında depozitlər üzrə öhdəliklərinin icrasını dayandırıb. "Report"un verdiyi xəbərə görə, bir müddət müştərilərə depozit vəsaitlərini aybaay limitlə ödəyən bank, hazırda depozitlərin qaytarılmasını ümumiyyətlə dayandırıb.

Bank eksperti Əkrəm Həsənov
Əkrəm Həsənov

Müşahidəçilər isə bunu bankın cari maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqələndirirlər. Bəs, görəsən banklar depozitlərini necə qaytarmalıdır?

"Kobud qanun pozuntusudur"

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında bildirib ki, bankın depoziti tam və ya qismən qaytarmaqdan imtina etməsi kobud qanun pozuntusudur: "Çünki Mülki Məcəlləyə görə, bank vətəndaşın əmanətini maksimum 5 iş günü müddətinə qaytarmalıdır. Hətta əmanətin müddəti bitməsə belə, vətəndaş gəlib bankdan tələb edirsə ki, "əmanətimi qaytar", bank onu qaytarmağa borcludur".

"Təbii ki, bu zaman vaxtından əvvəl götürüldüyü üçün bank ödənilən faizləri azalda bilər. Amma, əmanət məbləğinin özünü istənilən halda tam qaytarmalıdır. Bank bunu etmirsə, deməli müqavilə öhdəliyini pozur. Bu da qanunsuzdur", —mütəxəssis bildirib.

Onun fikrincə, bank depozitləri qaytarmırsa, demək ki, o bank artıq müflisdir: "Belə bankın isə təbii ki, lisenziyası ləğv olunmalıdır və əhalinin də əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilməlidir. Amma, ola bilər ki, bank müflis deyil. Likvdlik problemi var. Likvdlik problemi də odur ki, əslində bankın əmlakı var. Amma, əmlakı borcundan çoxdur, sadəcə onun öz kreditləri vaxtında qayıtmır. Ona görə də öhdəliklərini icra edə bilmir. Bu problem isə daimi deyil, müvəqqətidir. Yəni tutalım ki, bank əslində 100 milyon kredit verib, əmanətlər üzrə borcu isə 90 milyondur. Burada söhbət problemli kreditlərdən getmir. Problemli kreditlərdirsə, deməli bankın vəziyyəti çox pisdir".

"Bu halda, sadəcə bankın müvəqqəti likvdlik problemi var. Həmin problemi aradan qaldırmaq üçün bankın xahişi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Banka müraciət etməlidir. Mərkəzi Bank isə həmin banka kredit verməlidir. Çünki bankın vəziyyəti pis deyil, sadəcə müvəqqəti problem var. Bankda həmin kreditlər hesabına əmanətləri qaytara bilməlidir", — Ə. Həsənov vurğulayıb.

Ekspert əlavə edib ki, bu sahədə yaranmış vəziyyətdən əhalinin əziyyət çəkməməsi üçün dövlət qurumları bu problemi həll etməlidir: "Əgər vaxtında tədbir görülməsə, nəticələr çox ağır ola bilər. Burada söhbət yalnız "Bank Standart"ın əmanətçilərindən getmir, bötüvlükdə bank sisteminə ehtimaddan gedir. Tutaq ki, mənim əmanətim "Bank Standart"da deyil, digər bankdadır, digər bank da əmanəti indi qaytarır. Bizə bir tərəfdən deyirlər ki, əmanətləriniz tam sığortalanıb. Digər tərəfdən də bank əmanətləri qaytarmayanda sığortalanma mexanizmi işləmir. Həmin banka qarşı heç bir tədbir görülmür. Bu halda isə əhali gedib bütün banklardan əmanətlərini çıxara bilər. Bunun nəticəsi isə bank sistemi üçün ağır olar. Ona görə də belə banklara qarşı təcili tədbirlər görülməlidir".

"Bu problem devalvasiyadan sonra əksər banklarda yaşanır"

Руководитель Центра экономических исследований Галиб Тогрул
Руководитель Центра экономических исследований Галиб Тогрул

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qalib Toğrul isə düşünür ki, depozitlərin qaytarılması ilə bağlı problemin əsas səbəbi əhalinin banklara olan kreditləri geri qaytara bilməməsidir: "Bu, ümumiyyətlə tək "Bank Standart"ın problemi deyil. Bu problem devalvasiyadan sonra əksər banklarda yaşanır. Bu problem ikitərəflidir. Məsələ burasındadır ki, banklar niyə əmanətləri qaytara bilmir? Ona görə qaytara bilmirlər ki, banklar əhalidən kreditləri yığa bilmir".

"Ödəmə ilə bağlı faizlər kəskin şəkildə aşağı düşür. Yəni kreditləri yığa bilmədiklərinə görə əmanətlərin qaytarılması ilə bağlıda problemlər yaranır. Biz bununla bağlı bir dəfə Prezidentə müraciət eləmişdik. Əhalinin kreditləri qaytarması ilə bağlı təkliflərimizi vermişdik ki, nə etmək lazımdır. Çox təəssüf ki, müraciətimizlə bağlı konkret bir nəticə olmadı", — İTM rəhbəri qeyd edib.

Q. Toğrulun sözlərinə görə, rəhbəri olduğu mərkəz tərəfindən yeni təkliflər paketi hazırlanır: "Həmin təkliflərdə kreditlərin qaytarılması ilə bağlı dövlətin hansı addımları atmalı olduğu göstərilib, yaxın günlərdə biz bu paketi ictimaiyyətə açıqlayacayıq".

Qeyd edək ki, hazırda bank depozit qəbulunu davam etdirir. Kreditləşməyə gəlincə, bank artıq iki aydır həm biznes, həm də istehlak kreditləşməsini dayandırıb.

208
Teqlər:
"Bank Standard" QSC, Qalib Toğrul, depozit, əmanət, Əkrəm Həsənov, kredit
Əlaqədar
30 milyon ABŞ dolları məbləğində vəsait Mərkəzi Banka satılıb
Azərbaycanda 132 bankomat ləğv edilib
"Mərkəzi Bank istəsə, dolların məzənnəsini 1.40-a da endirə bilər"
"Əhalinin zərərinin bir hissəsini dövlət, bir hissəsini də banklar kompensasiya etməlidir"
"Mərkəzi Bankın statusunun dəyişməsi heç nəyi dəyişməyəcək"
"Mərkəzi Bankı "üzən məzənnə"dən imtina edəcək"
Macar bankı Azərbaycana 200 milyon dollar ayırıb