BAKI, 18 apr — Sputnik. Həyat yoldaşı "Günəşli" yatağındakı məşum hadisədə itkin düşmüş qadın deyir ki, "ölüsü olanın, ən azından gedib dərdini deyəcək, başını söykəyib ağlayacaq bir məzar daşı var, mən gedib dərdimi dənizəmi deyim?!". Sonra da banklardan və kreditlə məişət texnikası götürdükləri (həyat yoldaşının sağlığında!) mağazalardan şikayətlənir ki, pullarını istəyirlər. "Ərin ölüb, sən ölməmisən ha!" deyirlər.
Nə deməlidirlər ki, Vüsalə xanım? Acının, çarəsizliyin, sevdiyini itirməyin, başsız qalmağın… və pulsuzluğun nə olduğunu anlamayanlardan nə gözləyirsən ki? Rəhmmi? İnsanlıqmı? Vətəndaşlıq görəvimi?
Sən harada yaşadığını zənn edirsən, bacı? Bu torpaqları kasıbın alın təri suvarsa da, üzərində yetişənləri toplayan pəmbə əlləri görmədinmi, yoxsa? "Qara qızıl"ın axtarışı ilə zülmətə qərq olan sevgili həyat yoldaşındamı demədi, o "qara"nın kimlərə ağ gün bəxş etdiyini?
Filankəs müəllimə, sizə ianə etdiyi 5 manata görə təşəkkür edib, falankəs müəllimdən daha artığını (ən azı haqqın olanı) gözləyirsən. Və bir də dənizdə itirdiyin həyat yoldaşının yolunu… Sən gözünü dənizdən ayırma, əziz həmvətənim! Bu məmləkətdə ölənin geri dönüş yolu qalanın vicdanından daha yaxındır…
25 illik həyat yoldaşının tapılacağına ümidin qalmayıb artıq, bilirəm. "Amma istəyirəm ki, oğlum üçün nəsə bir sənəd verilsin, bilim ki, gələcəyi zəmanətdədir. Çünki atasız oğul böyütmək asan deyil" deyirsən… Sən bu məmləkətdəki alış-verişi, Elşada bəslədiyin qarşılıqsız sevgi ilə qarışdırırsan. Burda qarşılıqsız sədəqə də verilmir, inan.
Uşaqlarının atası iş başında həyatını itirdiyi üçün, unudulmamasını istəyirsən. Sən bizim nələri unutduğumuzu və nələri unutmamağa məhkum olduğumuzu bilmirsən, hər halda. Unut bunları, yaralı bacım, unut!
İçin sızlayarkən dənizə get, idarələrin qapısına deyil. Zatən heç birini yara bilməzsən. Heç olmazsa, içini boşalt, dişinin dibindən çıxanı söylə, hönkür və suları təpiklə. Çünki dəniz "ictimai asayiş" dərdində deyil.
Atasını itirmiş qızın, öz dərdini kimsəyə anlada bilmir, hə? Təhsil aldığı ocaqda, hətta ən yaxınları arasında belə… Onun qəlbinin necə yanıb-qovrulduğunu dərk etmirlər, deyilmi? "Davanız pul davasıydı, pulunuzu aldınız, artıq susun!" deyirlər, yəqin ki…
Siz onları qınamayın. Onlar da məzar daşlarıdır. Amma kimsənin axtarmayacağı və üzərinə sevgi gözyaşları tökülməyəcək qədər dəyərsiz daşlar. Başınızı belə daşlara qoşmayın. Dənizlə dərdləşin, dənizlə. Orda sizi dinləyən biri var…
BAKI, 24 yanvar - Sputnik. Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.
Ağayev Vüsal Əhməd oğlunun idarə etdiyi "Toyoto" markalı avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.
V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
BAKI, 24 yanvar - Sputnik. Türkiyənin "Fənərbaxça" klubu yeni transferi Məsut Özillə 3,5 illik müqavilə bağlayıb.
Sputnik Azərbaycan klubun rəsmi saytına istinadla xəbər verir ki, 2014-cü ildən oyunçusu olduğu Almaniya millisindən istefa verən türkəsilli hücumameylli yarımmüdafiəçi müqaviləyə imza atdıqdan dərhal sonra məşqlərə başlayıb.
"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə Özil vurğulayıb.
33 yaşlı oyunçunun transferi "sarı-lacivərdlilər"ə demək olar ki, havayı başa gəlib. Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.
Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul klubu ilə razılaşıb.
BAKI, 24 yanvar - Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu gün axşam Azərbaycana rəsmi səfərə gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, Zərif hava limanında jurnalistlərə açıqlamasında qardaş Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın torpaqlarını azad etdiyinə görə sevinc hissi keçirdiyini deyib.
Zərif səfər müddətində əsas müzakirə ediləcək istiqamətləri də açıqlayıb:
“Əsas müzakirə mövzusu bölgədəki regional əməkdaşlıqdır. Bu da bizim üçün çox vacibdir. İran İslam Respublikası regiondakı ölkələrlə ikitərəfli yaxın münasibətlərə üstünlük verir”.
İran XİN rəhbərinin sözlərinə görə, sabah azərbaycanlı rəsmilərlə Dağlıq Qarabağdakı vəziyyət, əməkdaşlıq və azad olunmuş ərazilərdə yenidənqurma, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar olacaq.
Zərif azərbaycanlı məcburi qaçqınların azad edilmiş doğma torpaqlarına qayıtmasına da münasibət bildirib. Qeyd edib ki, bu məsələ də danışıqlar masasında müzakirə ediləcək. Səfər çərçivəsində, həmçinin, Şimal-Cənub və Cənub-Qərb dəhlizləri ilə bağlı məsələlərə də toxunulacaq.
İranlı diplomat əlavə edib ki, Azərbaycandan sonra Rusiya, Ermənistan, Gürcüstan və yaxın günlərdə - həftə sonu Türkiyəyə də səfər edəcəyi planlaşdırılıb.