Əməkhaqqı

Müəllimlərin maaşlarından əlavə "haqq" tutulur

3722
Üç il öncə təhsil işçilərinin əməkhaqlarına əlavə edilən iki günlük ödənişin "kəsilməsinə" başlanıb. Təhsil Şöbəsi qərarın Hesablama Palatası tərəfindən verildiyini bildirsə də, Palata bu barədə heç bir qərar qəbul olunmadığını bəyan edir.

BAKI, 14 apr — Sputnik. İmişli rayonu, Sarıxanlı kəndi 1 saylı tam orta məktəbin müəllimlərinin maaşları kəsilib. Bu barədə sözügedən məktəbdən Sputnik-ə məlumat daxil olub. Şikayət məktubunda qeyd olunur ki, 2013-cü ilin avqustunda İmişli rayonun kənd məktəblərində çalışan müəllimlərə 2 gün əlavə məvacib yazılıb.

"Lakin bu il qərar qəbul edilib ki, həmin 2 günlük əlavə məvacib, 2016-cı ilin aprel ayında müəllimlərə veriləcək maaşdan çıxılsın. Axı bizə verilən əlavə iki günlük maaşdan 3 il keçir. Niyə mühasibin və məktəb direktorunun səhvini biz müəllimlər ödəməliyik? Və bu hansı qanuna, məntiqə uyğundur?", —deyə məktubda vurğulanır.

Məsələni araşdırmaq üçün İmişli rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirovla əlaqə yaratdıq. O, Sputnik-ə açıqlamasında, müəllimlərin aprel ayı üzrə maaşlarından iki günlüyün tutulmasını təsdiqlədi: "Mühasib səhv edib və müəllimlər 2 gün əlavə əmək haqqı alıblar. Sonrakı illər iki gün əlavə maaş müəllimlərdən tutulmayıb. Yoxlamanın nəticəsində bildirildi ki, həmin pullar qaytarılmalıdır. Hal-hazırda müəllimlərin məvacibləri artırılıb, onlar da əlavə verilmiş iki günün pulunu dövlətə qaytarmalıdırlar".

Hansı yoxlamadan söhbət getdiyinə gəlincə, şöbə müdiri yoxlamanın Hesablama Palatası tərəfindən aparıldığı və qərarın da həmin qurum tərəfindən verildiyini bildirdi. R. Əmirov onu da qeyd etdi ki, hadisə ilə əlaqədar pedaqoji şurada məsələ qaldırılıb: "Müəllimlərin razılığı ilə məvaciblərindən həmin 2 günlük tutulur. Müəllimlər məvaciblərin tutulmasından razıdırlar. Etiraz edən də yoxdur".

Məsələ ilə bağlı Hesablama Palatasına və Təhsil Nazirliyinə də sorğu göndərdik. Hesablama Palatasının aparat rəhbəri Məhəmmədəli Süleymanovun imzası ilə redaksiyamıza daxil olmuş cavab məktubunun mətnini olduğu kimi təqdim edirik: "Bildiririk ki, Azərbaycan Respublikası Hesablama Palatasının İş planına uyğun İmişli rayon Təhsil şöbəsində aparılan audit başa çatmayıb və nəticələri ilə bağlı Hesablama Palatasının Kollegiyası tərəfindən qərar qəbul edilməyib. Auditin gedişində aşkar olunmuş nöqsanların günahkar şəxslər tərəfindən aradan qaldırılması barədə qərar audit olunan qurum tərəfindən qəbul olunub. Eyni zamanda diqqətə çatdırırıq ki, Azərbaycan Respublikasının Hesablama Palatası başa çatmış və müvafiq qərarlar qəbul edilib, nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumatı rəsmi internet səhifəsində mütəmadi olaraq yerləşdirir".

Təhsil Nazirliyi isə, cari həftənin birinci günündən indiyədək göndərdiyimiz məktuba heç bir rəsmi cavab verməyib. Nazirliyin mövqeyini də dərc etməyə hazırıq.

3722
Teqlər:
Hesablama Palatası, Təhsil Nazirliyi, məvacib, əməkhaqqı, maaş, müəllim, 1 saylı tam orta məktəb, Sarıxanlı kəndi, İmişli rayonu
Əlaqədar
"Qabaqcıl müəllim o müəllimdir ki, innovasiyaları mənimsəməklə başqalarından fərqlənir"
Sumqayıtda şagirdini döyən müəllim işdən çıxarılıb
Beyləqanda müəllimə küt alətlə öldürülüb
İş yerini dəyişən müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir
Ölkədəki bütün müəllimlər attestasiyadan keçiriləcək