Yeni tikili binalardakı mənzlillərə də tələb kəskin azalıb

Aztəminatlı əhali mənzillə təmin ediləcək?

195
(Yenilənib 12:09 15.04.2016)
Bəzi ekspertlər Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqda qərarı müsbət dəyərləndirirlər. Lakin bunun əksini düşünənlər də var.

BAKI, 12 apr — Sputnik. Prezident İlham Əliyev aprelin 11-də "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaradılması və fəaliyyətinin təşkili haqqında" Fərman imzalayıb. Fərmana əsasən, MİDA MMC-nin sərəncamına verilən torpaq sahələrində inşa ediləcək obyektlərin tikinti ərazisinədək mühəndis-kommunikasiya təminatı sistemi və xətləri dövlət büdcəsinin vəsaiti hesabına çəkiləcək.
Yeni tikili binalar
© Sputnik / Fuad Hasanov

Cəmiyyətin sərəncamına verilən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında qeydiyyatı da dövlət büdcəsinin vəsaiti hesabına aparılacaq. MİDA MMC-nin sərəncamına verilən torpaq sahələrində inşa edilən çoxmənzilli binalardan vətəndaşların mənzilləri güzəştlərlə əldə etməsi qaydasına dair təklifləri iki ay müddətində dövlət başçısına təqdim etmək tapşırılıb.

Bəs, görəsən MİDA-nın yaradılması vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsinə necə təsir edəcək? İqtisadçı ekspert Nicat Hacızadənin sözlərinə görə, MİDA-nın yaradılmasında əsas məqsəd əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasıdır.

"Təbii ki, bu yaxşılaşdırmanın da hədəf götürdüyü əsas məsələ vətəndaşların həmin mənzillərə əlçatanlığının təmin olunmasıdır. Orta təbəqə nümayəndələrinin, xüsusilə də aztəminatlı ailələrin mənzil alma problemləri mövcuddur. Digər tərəfdən ipoteka şərtləri ilə mənzillərin alınmasında da bir sıra problemlər mövcuddur", —deyə ekspert Sputnik-ə açıqlamasında bildirib.

O, hesab edir ki, bu agentliyin yaranmasından sonra əhalinin mənzil alma imkanları bir qədər rahatlaşacaq: "Tam təkliflərin formalaşmadığını nəzərə alsaq, bu agentliyin yaradılmasından sonra hansı fəaliyyəti göstərəcək, onu gözləmək və proqnozlaşdırmaq lazımdır".

N. Hacızadənin fikrincə, güzəştli şərtlərin hansı güzəşt kateqoriyasına aid ediləcəyi və əhalinin buna çıxışının nə dərəcədə təmin olunacağını zaman göstərəcək: "Bu sahədə özəl sektorun rolunu da arxa plana keçirmək olmaz və birgə əməkdaşlıq formalaşdırılmalıdır. Əgər belə bir əməkdaşlıq olarsa, bu əməkdaşlıqdan həm dövlət, həm sahibkar, həm də əhali qazanacaq".

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov isə bildirib ki, ümumən heç bir ölkə heç vaxt mənzil problemini tam olaraq aradan qaldıra bilməyib. Onunu fikrincə, belə addımın atılması müəyyən qədər mövcud problemin yumşaldılmasına yönəldiyindən, onu daha çox sosial lahiyə kimi dəyərləndirmək olar.

"Prezidentin göstərişi var ki, sosial evlərin tikintisinə başlanılsın. Həmin o evlərin tikintisi və onların idarə edilməsi ilə məşğul olan bir dövlət qurumunun yaradılmasına ehtiyac var idi. Ona görə də bu qurum təsis edildi. Yəqin ki, bu qurum həm sosial evlərin tikintisi və idarə edilməsi ilə məşğul olacaq, həm də ümumən ölkə üzrə mənzil tikintisinin bir vahid koordinatoru rolunda çıxış edəcək", —deyə ekspert vurğulayıb.

Agentiyin mənzil bazarına təsirinə gəlincə isə, Nüsrət İbrahimov qeyd edib ki, bu barədə danışmaq hələ tezdir. Digər iqtisadçı ekspert Natiq Cəfərli isə fərqli düşünür. O, belə bir qurumun yaradılmasını "tipik və qeyri-effektiv "sovet" yanaşmasının davam etdirilməsi" kimi dəyərləndirir.

Qeyd edək ki, aprelin 9-da Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev yaxın zamanlarda sosial mənzillərin tikintisi lahiyəsinin ictimaiyyətə açıqlanacağını bildirib.

195
Teqlər:
Nüsrət İbrahimov, MİDA, Mənzil İnşaatı Dövlət Agentliyi, Nicat Hacızadə, Natiq Cəfərli, aztəminatlı ailələr, mənzil, Prezident İlham Əliyev
Əlaqədar
MTK-lara ödədiyimiz "mənzil haqları" hara gedir?
"Sovetski"də evləri kiçik olan sakinlərə mənzil veriləcək
Mənzillərin qiymətləri 10 il əvvəlki səviyyəyə enəcək
"Problemli MTK olmayan" şəhərdə bir mənzili 5 nəfərə kim satır?
Hərbçilərə təhsil, mənzil, milli yeməklər və iş
“Sovetski”də mənzil sahəsi 25 kv.m-dən az olan 200 ailəyə müjdə