Yeni tikili binalar

Ev almağa tələsməyin!

2048
(Yenilənib 17:31 12.04.2016)
Yeni tikili binalarda "kupça" problemi hələ də həllini tapmır. Rəsmilər və ekspertlər vətəndaşları ehtiyatlı olmağa çağırırlar: "Çıxarış almaqla bağlı gələcəkdə problem yaşamaq istəmirsinizsə, MTK-nın sənədləri ilə maraqlanın"

BAKI, 12 apr — Sputnik. Paytaxtdakı yeni tikili binaların yarıdan çoxunda çıxarış (kupça) problemi hələ də həll olunmamış qalır. Məhz "kupça" almaqda yaranan problemə görə minlərlə vətəndaş öz evinə qeydiyyata düşə bilmir.

Maraqlıdır, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışları almaq niyə bu qədər çətindir? Kimdir günahkar? Tikinti şirkətləri, yoxsa dövlət orqanları?

10 ilə yaxındır, tikinti sektorunda çalışan, daşınmaz əmlak məsələləri üzrə ekspert Daşqın Əbdüləzimov "kupça" problemi ilə bağlı Sputnik-ə maraqlı açıqlamalar verib. Əbdüləzimov, tikinti şirkətlərini səhlənkar olmaqda və öz işlərinə məsuliyyətsiz yanaşmaqda təqsirləndirib.

""Kupça"ların verilməməsində, yaxud da gecikdirilməsində tikinti şirkətləri birbaşa təqsirkardır. Çünki araşdırmalar göstərir ki, əksər hallarda MTK-ların ilkin qeydiyyat sənədləri, həmçinin tikinti üçün alınan icazə və sərəncamlar qaydasında olmur. Tikintinin aparıldığı torpaq sahəsinin sənədlərində də çoxlu problemlər üzə çıxır", —deyə ekspert bildirdi.

Onun əsaslandırmasına görə, hər hansı tikinti şirkəti 16 mərtəbəli binanın tikintisi üçün sərəncam alır, lakin tikdiyi bina 18-20 mərtəbə olur: "Və yaxud bir bloklu bina iki blokluya çevrilib. Tikintiyə icazə alınıb, ancaq inşaat sənədi yoxdur".

D. Əbdüləzimov, yaşayış binasının tikintisi üçün 130-dan artıq sənədin tələb olunduğunu deyib: "Hansısa şirkət tikinti işinə başlayırsa, bütün sənədlərə sahib olmalıdır. Söhbət 130-dan artıq sənəddən gedir. Bunlardan ikisi-üçü belə, olmadıqda problemlər yaranır. Ona görə də, vətəndaş "kupça" ilə bağlı gələcəkdə problem yaşamaq istəmirsə, müqavilə bağlamazdan əvvəl, MTK-nın təsis sənədlərinə, torpaq sahəsinə dair sərəncam və digər sənədlərə diqqət etməlidir".

"Əgər şirkət MMC-dirsə, tikilən kompleksin, heç olmasa torpaq sahəsinin ilkin çıxarışı mövcud olmalıdır. Müvafiq dövlət qurumları tərəfindən təsdiqlənmiş eskiz və işçi layihələr, inşaat pasportu, o cümlədən tikintiyə icazəsi olmalıdır. Tikinti şirkəti bütün sənədləri qaydasında təqdim edirsə, əslində binanın qeydiyyata alınmasında heç bir problem yaşanmır", —deyə mütəxəssis qeyd edib.

Maraqlıdır ki, çoxlu sayda MTK-lar yuxarıda sadalanan problemlərin çoxunu ya qəbul etmir, ya da cavab verməkdən boyun qaçırır. Vətəndaşlar isə hara və kimə şikayət etməli olduqlarını tam olaraq bilmirlər. Çünki tikinti şirkətlərinin vətəndaşları aldatması ilə bağlı, konkret cəza tədbirləri yoxdur.

Məsələn, "İlin Dörd Fəsli" şirkətinə məxsus "Yeni Bakı" yaşayış kompleksi çıxarışların veriləcəyi ilə bağlı artıq neçə ildir ki, sakinləri aldadır. Bu barədə kompleks sakini Fuad Həsənov Sputnik-ə danışıb: "Hər gün utanmadan televiziyalarda reklam edirlər ki, guya "kupça"lar verilir, gəlin burdan ev alın. Düşünürəm ki, bu, özü cinayətdir, prokurorluq bu cür halları araşdırmalıdır. Çünki vətəndaşları aldadırlar, necə ki 2 il əvvəl məni də aldatmışdılar".

Onun sözlərinə görə, vətəndaşlar ev alır, aylarla gözləyir, sonra "kupça" tələb edəndə, "tələsməyin, olacaq" deyirlər: "3 il əvvəl şirkətlə söhbət edəndə, dedilər ki, kupçalar yaxın aylarda veriləcək. Artıq üç il keçib. Amma ortada heç nə yoxdur".

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də də analoji vəziyyət hökm sürür. Vətəndaşlar illərdir, çıxarış ala bilmədiklərini bildirirlər. Sakinləri neçə ildir, "yaxın aylarda kupçalar veriləcək" deyib "yola verirlər".

Bu barədə Sputnik-ə danışan, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin inşa etdiyi "Abşeron Gənclər Şəhərciyi" yaşayış kompleksinin sakini Tural Məmmədovun sözlərinə görə, "kupça" problemi üzündən, nə evinə qeydiyyata düşə bilir, nə də kredit filan kimi işlərini həll edə bilir: "Mən burada 6 ilə yaxındır, yaşayıram. Eyni cavabı 6 ildir də eşidirəm — olacaq. Amma olan bir şey yoxdur".

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov Sputnik-ə açıqlamasında bildirib ki, qanunvericiliyə uyğun olaraq mülkiyyət haqqında sənədin verilməsi üçün heç bir problem yoxdur: "İstənilən vətəndaşın sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun tələblərinə cavab verirsə, onları toplayıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edə bilər. Qanunvericiliyə görə, müəyyən olunmuş müddətdə onlara hazır şəkildə sənədlər təqdim olunacaq".

Qulu Xəlilov, təmsil etdiyi qurumun kütləvi çıxarış kampaniyası keçirdiyini də deyib: "Bakı şəhərində yeni tikilmiş binalara da çıxarışlar veririk. Vətəndaşların şikayəti bizdən yox, digər qurumlardan, eləcə də Mənzil Tikinti Kooperativlərindən (MTK) ola bilər ki, onlar vətəndaşlara sənədləri vaxtında təhvil vermirlər, vətəndaşlara əsassız tələblər irəli sürürlər".

Mənzilin mülkiyyət haqqında sənədinin verilməsi üçün binanın istismara qəbul aktının olmasını vacib sayan Komitə sözçüsü qeyd edib ki, "kupça"ların verilməməsi həmin binaların Dövlət Qəbul Komissiyasından keçməməsi ilə bağlıdır: "Bütün bu sənədlər bizə təqdim olunandan sonra, biz də heç bir problemsiz vətəndaşlara sənədləri veririk. Yalnız dövlət rüsumu və xidmət haqqı banklar vasitəsilə ödənir. Əksər binalarda "kupça"ların verilməməsi həmin binaların Dövlət Qəbul Komissiyasından keçməməsi ilə bağlıdır. İstismara qəbul aktı olmadan biz mənzillərə çıxarış verə bilmirik. O problem bizim problem deyil. Biz, sənədləri qaydasında olan vətəndaşların sənədlərini aparıb mənzillərində təqdim edirik".

Q. Xəlilov, ev almağa hazırlaşan vətəndaşlara tələsməməyi və MTK-ları diqqətlə araşdırmağı tövsiyyə edib: "Əgər vətəndaş çıxarış almaqla bağlı gələcəkdə problem yaşamaq istəmirsə, MTK-nın sənədləri ilə maraqlansın. Bunun üçün biz onlara yardımçı ola bilərik. Hüquqşünaslarımız öz məsləhətlərini təmənnasız verirlər. Hansı MTK-nın sənədlərində problem varsa, həmin məlumatlar bizdə olur".

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik-ə bildirildi ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 6 km. ünvanında yerləşən "Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi Abşeron rayonu İcra Hakimiyyəti Başçısının 074 saylı 24 mart 2006-cı il tarixli sərəncamı Abşeron rayonu İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin 015 saylı 25 dekabr 2012-ci il tarixli Tikinti işlərini aparmaq üçün icazə aktına əsasən inşa edilib: "Yaşayış kompleksinin tikintisi tam olaraq başa çatdıqdan sonra (30 ədəd bina) qanunvericilik çərçivəsində binaların iki mərhələdə (texniki hissə və təhvil hissəsi) sənədləşdirilməsi və təhvil prosesinə start verilmişdir. Məlumat üçün bildirək ki, binaların təhvili üzrə texniki hissə ilə təhvil hissəsi mütləq şəkildə ardıcıl olaraq həyata keçirilməlidir. Yaşayış kompleksinin 1-30 saylı binalarına dair təhvil prosesinin texniki hissəsinin yekunu olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində yaradılmış Təhlil Qrupunun 18.02.2015-ci il tarixli 534 saylı iclasında yaşayış kompleksinin binalarının yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmiş və 534 saylı 18 fevral 2015-ci il tarixli müsbət rəy verilmişdir. Həmin texniki rəy əsasında Bina 1,blok 1-2-3-4-5-6,cəmi 52 mənzil, Bina 2,blok 7-8-9-10-11-12-13,cəmi 38 mənzil, Bina 4,blok 13,cəmi 25 mənzil, Bina 5,blok 14,cəmi 18 mənzil, Bina 3, blok 26-27-28,cəmi 160 mənzil, Bina 13,blok 20-21,cəmi 93 mənzil, Bina 14,blok 29-30,cəmi 108 mənzil təbii qazla təmin edilmişdir".

ASC bildirir ki, ikinci mərhələyə gəldikdə, yaşayış kompleksinin təhvili üçün bütün sənədlər toplusu (təxminən 31 adda sənəd) müvafiq qanunvericilik çərçivəsində toplanılıb: "Lakin "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1262-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı qüvvəyə minmiş və təhvil prosesində bəzi dəyişikliklər edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısının təsdiq edilməsi haqqında 309 nömrəli 16 sentyabr 2014-cü il tarixli qərarına əsasən təhvil üçün yeni sənədlər tələb olunmuşdur. Yaşayış kompleksinin ikinci mərhələdə təhvil prosesi (mənzillərə çıxarış) binalar tam qazlaşandan sonra qanunvericilik çərçivəsində davam etdiriləcək".

2048
Teqlər:
"Akkord Şirkətlər Qrupu", Qulu Xəlilov, Daşqın Əbdüləzimov, çıxarış, kupça, "İlin dörd fəsli", Əmlak Məsələləri Dövlət Komitəsi, Abşeron Gənclər Şəhərciyi, bina, mənzil, ev
Əlaqədar
“Sevil Massivi” MTK-nın rəhbərliyinin məhkəməsi başladı
"Problemli MTK olmayan" şəhərdə bir mənzili 5 nəfərə kim satır?
“Sevil Massivi” MTK üzrə cinayət işinin istintaqı yekunlaşıb
45 dəqiqədə mənzili necə təmizləməli
Hərbçilərə təhsil, mənzil, milli yeməklər və iş
“Sovetski”də mənzil sahəsi 25 kv.m-dən az olan 200 ailəyə müjdə