Molla Nəsrəddin satirik jurnalındakı karikatura

"Molla Nəsrəddin" ölməyibsə, bəs hanı?

940
(Yenilənib 12:44 11.04.2016)
Ötən əsrin əvvəlində jurnalın tənqid etdiyi personajlar və problemlər hələ də aktualdır. Amma Azərbaycanda qeydiyyatdan keçmiş 5 min KİV arasında bir "Molla Nəsrəddin" yoxdur.

BAKI, 7 apr — Sputnik. Bu gün Şərqin ilk satirik jurnalı "Molla Nəsrəddin"in yaranmasından 110 il keçir. "Molla Nəsrəddin" jurnalının redaksiya məqaləsi dərginin baş redaktoru və naşiri Cəlil Məmmədquluzadənin bu sözləri ilə açılır: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım". Çoxları hesab edir ki, "müsəlman qardaşlarını deyib gələn" "Molla Nəsrəddin" bu gün də diridir, çünki onun tənqid etdiyi personajların və problemlərin əksəriyyəti hələ də aktual olaraq qalır.

Профессор Гулу Магеррамли
© Sputnik / Murad Orujov
Профессор Гулу Магеррамли

Jurnalistika professoru Qulu Məhərrəmlinin sözlərinə görə, "Molla Nəsrəddin" kimi satirik jurnallara həmişə ehtiyac olacaq. "Mirzə Cəlil özü deyirdi ki, "Molla Nəsrəddin"i zəmanə yaratdı. Amma bizdə zəmanənin "Molla Nəsrəddin"inə təlabat olsa da, onu yarada bilən insanlar və şərait yoxdur. Əslində bizim bu gün nöqsanlarımızı və cəmiyyətdəki neqativ halları tənqid etməyə ciddi ehtiyac var. O cür jurnala da ehtiyac var. Amma onun üçün bir yaxşı Mirzə Cəlil və onun yaradıcı kollektivi lazımdır. Ona görə mən hesab edirəm ki, o cür satirik jurnallara həmişə ehtiyac olub və bu gün də Azərbaycan cəmiyyətində o ehtiyac var", —deyə professor Sputnik-ə açıqlamasında bildirib.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının dosenti Qərənfil Quliyeva isə Sputnik-ə açıqlamasında deyib ki, "Molla Nəsirəddin" jurnalında qaldırılan erməni-müsəlman problemi indi də yaşanır: "Əlbəttə, "Molla Nəsrəddin" bu gün də yaşayır. Çünki "Molla Nəsrəddin" ana dili məsələsini qaldırırdı. Bu gün də ana dilimizi bəyənməyib ana dilimizdə danışmağı özünə sığışdırmayanlarımız var".

"Və yaxud milli məsələmiz. Bu gün də milli məsələ ilə bağlı erməni-müsəlman problemi qalxıb. Bu, "Molla Nəsrəddin"in uzaqgörənliyidir", — Q. Quliyeva vurğulayıb.

Məlumdur ki, "Molla Nəsrəddin"çilər çarizmin ağır senzurası və xurafat tərəfdarlarının təzyiqləri altında fəaliyyət göstəriblər. Rəsmi məlumatlara görə, hal-hazırda Azərbaycanda 5 mindən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Bəs "Molla Nəsrəddin" yenidən yarana bilərmi?

Qərənfil Quliyevanın sözlərinə görə, bunun üçün Mirzə Cəlil kimi dahi şəxslər olmalıdır: ""Molla Nəsrəddin"i yenidən yaratmaq üçün mirzə cəlillər, sabirlər, haqverdiyevlər və belə dahilər yaranmalıdır. Onların 110 il bundan qabaq toxunduqları məsələlərin böyük əksəriyyəti bu gün də aktualdır. Elə cəhalət məsələsi. Bu gün də elə insanlar var ki, həkimi qoyur kənara, kiminsə yanına gedib dua yazdırır, tibbi inkar edib başqa cəhalət işlərlə məşğul olur. Deməli, bu problemlər o zaman da var idi, bu zaman da var".

© Sputnik / Elnur Salayev
Cəbiş müəllim "Molla Nəsrəddin"i yubiley münasibətilə təbrik edir

Qeyd edək ki, "Molla Nəsrəddin" jurnalının birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Ümumilikdə, 25 il ərzində 748 nömrəsi çıxıb.

"Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi və başqa şair, yazıçı və jurnalistlər fəaliyyət göstərirdilər.

940
Teqlər:
jurnal, Qərənfil Quliyeva, Qulu Məhərrəmli, satira, Molla Nəsrəddin
Əlaqədar
Tanınmış jurnalistin məhkəməsinin vaxtı açıqlandı
Media böhran burulğanında: jurnalistlərin sosial durumu ağırlaşıb
Məhbus jurnalistin barəsindəki hökmdən apellyasiya şikayəti verilib
Bu il dünyada öldürülən jurnalistlərin statistikası açıqlandı
Əfv siyahısına həbsdəki bütün jurnalistlərin adları daxil edilib