Milli Məclis

Monopolistlərin cəzası sərtləşdirildi

13
"Antiinhisar fəaliyyəti haqqında" Qanuna dəyişiklik olunub. Bu cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzası 2 dəfə ağırlaşdırılıb.

BAKI, 5 apr — Sputnik. Bu gün Milli Məclisin plenar iclasında "Antiinhisar fəaliyyəti haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Sputnik xəbər verir ki, Qanunun 10-cu maddəsinin 1-ci bəndi aşağıdakı redaksiyada verilir:

"1) kartel sövdələşməsi, yəni eyni əmtəə (xidmət) bazarında rəqabət aparan, maliyyə və hüquqi baxımdan müstəqil olan iki və ya daha çox təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və (və ya) yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə bazarın ərazi prinsipinə, alqı‑satqının həcminə, malların çeşidinə və ya müştərilərə (sifarişçilərə) görə bölüşdürülməsi, malların (xidmətlərin) alınmasından və ya satılmasından imtina edilməsi, qiymətlərin (tariflərin) yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması, malların satışına və ya xidmətlərin göstərilməsinə güzəştlərin, endirimlərin və əlavələrin müəyyən edilməsi, yaxud rəqabəti məhdudlaşdıran digər vasitələrin tətbiqi barədə hər hansı bir formada könüllü sövdələşməsi".

Millət vəkili Ziyad Səmədzadə bildirib ki, vaxtilə qəbul edilmiş Qanunun 10-cu maddəsində olan fikirlər ümumiləşdirilərək bir cümlədə verilir. Bu dəyişiklik də ölkədə rəqabət mühitinin daha da yaxşılaşdırılmasına yönəlib.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Sonra Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb. Layihə barədə məlumat verən millət vəkili Əli Hüseynli deyib ki, təklif olunan dəyişiklik "Antiinhisar fəaliyyəti haqqında" Qanuna dəyişiklik ilə üzvi surətdə bağlıdır. Cinayət Məcəlləsinin 199-cu maddəsi inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırmaya görə cəzanı müəyyənləşdirirdi.

"Burada maksimum cəza 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası idi. Sanksiya kifayət qədər ciddiləşdirilir. Belə ki, bundan sonra bu fəaliyyətə görə maksimum məsuliyyət 7 ildən 12 ilədək olacaq", —deputat deyib.

Onun sözlərinə görə, faktiki olaraq bu cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzası 2 dəfə sərtləşdirilmiş olur: "Hesab edirəm ki, ölkədə həyata keçirilən yeni iqtisadi islahat fonunda kifayət qədər düzgün addımdır".

Layihə səsə qoyularaq qəbul olunub.

13
Teqlər:
inhisar, monopoliya, Milli Məclis, qanun
Əlaqədar
"Ölkədə süni qiymət artımı varsa, deməli monopoliya var"
Vasif Talıbov Naxçıvanda inhisarçılığın qarşısının alınması barədə tapşırıq verib
Brokerlər inhisarçı deyilmiş
İqtisadi islahatlar paketinə daxil olan 24 qanuna dəyişikliklər qəbul edilib
Milli Məclisdə 6 qanun layihəsi qəbul olunub
Milli Məclisdə 7 qanun layihəsi müzakirə olunur