Ərzaq dükanı - supermarket

Supermarketlərə istifadə müddəti başa çatmaqda olan ərzaqları tullamaq qadağan edildi

92
Ekspert: Bu işə ərzaqları xeyriyyə məqsədilə sivil toplum quruluşlarına bağışlayanlara müəyyən vergi güzəştlərinin tətbiq olunması ilə başlamaq olar.

BAKI, 1 aprel-Sputnik. Fransada supermarketlərə ərzaqları tullamağı qadağan edən qanun qüvvəyə minib. Qanuna görə, mağazalar istifadə müddəti bitməyə yaxınlaşan məhsulları xeyriyyə təşkilatlarına, onlar isə öz növbəsində ehtiyacı olanlara ötürməyə borcludurlar.

Sənəddə göstərilib ki, istifadə müddəti bitməyə az qalmış ərzaqları tullayan supermarketlər cəzalandırılacaq.
Sputnik fins.az-a istinadla bildirir ki, bu qanun qəbul olunana qədər ticarət obyektləri nəinki ərzaqları atırdılar, hətta bilərəkdən onları yararsız hala salırdılar ki, evsizlər onları tapıb yeyə bilməsinlər.

Bu qanunu tövsiyə edən fransız parlamentarilərindən biri qeyd edib ki, yeni qaydalar ehtiyacı olan 10 milyonadək insanı doyurmağa imkan verəcək. Fransa dünyada bu qanunu qəbul edən ilk ölkə olub. Təşəbbüsü irəli sürən fəallar bu təcrübəni Avropa İttifaqının digər ölkələrində də yaymaq niyyətindədirlər.

BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının məlumatına əsasən, 2015-ci ildə dünyada aclıqdan əziyyət çəkən təqribən 790 milyon insan var. Hesabatda təbii fəlakətlərə, silahlı münaqişələrə və ümumi siyasi qeyri-stabilliyə baxmayaraq, aclıqdan əziyyət çəkənlərin sayının azaldılması tendensiyası qeyd olunurdu. 25 il əvvəl ərzaq çatışmazlığından əziyyət çəkən insanların sayı milyardı keçirdi.

Məsələ ilə əlaqədar iqtisadçı ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda bunun tətbiq olunması üçün kifayət qədər imkanlar var: "Bizdə ehtiyacı olan insanların sayı kifayət qədər çoxdur. Əgər ölkəmizdə tətbiq edilərsə, bu, yaxşı haldır. Sadəcə bunun üçün sivil toplumun aktivliyi lazımdır. Fransada bunu tək dövlət və yaxud bələdiyyələr etmir, həm də sivil toplum quruluşları edir. Onlarda, yüzlərlə bu işlə məşğul olan sivil toplum quruluşları var".

Kartof
© Sputnik / Виталий Аньков
Azərbaycanda bunun tək dövlətin, hökumətin əli ilə etməyin mümkün olmayacağını deyən ekspert bunun üçün müəyyən təşviqlərin edilməsinin lazım gəldiyini söyləyib: "Məsələn, işə ərzaqları xeyriyyə məqsədilə sivil toplum quruluşlarına bağışlayanlara müəyyən vergi güzəştlərinin tətbiq olunması ilə başlamaq olar, ən azından ona görə ki, onlarda stimul yaransın. Bunu tətbiq etmək üçün təbliğat işləri də aparmaq lazımdır. Televiziyalarda bununla bağlı verilişlər olsun ki, dükanlarda, ərzaqla məşğul olan şirkətlərdə bir maraq yaransın. Bunun bir neçə istiqamətdən təşviqini təşkil etmək lazımdır ki, Azərbaycanda da bu, oturuşsun."

N.Cəfərlinin fikrincə, bu məsələlərdə vətəndaş cəmiyyəti özü aktiv olmalıdır.

"Hər regionda, məhəllələrdə ehtiyacı olan insanların siyahısı təsbit olunmalıdır. Bu iş həm də könüllülük tələb edir. Kompleks şəkildə bu məsələyə yanaşılsa, düşünürəm ki, Azərbaycanda da bunun tətbiq olunması üçün ciddi ehtiyac var" — deyə ekspert əlavə edib.

92
Teqlər:
Azərbaycan, BMT, Avropa ittifaqı, Avropa, Natiq Cəfərli, supermarket, Fransa
Əlaqədar
"Hər il dövlət büdcəsindən ərzaq alınması üçün 300 milyon manatdan çox vəsait ayrılır"
Azərbaycanda aztəminatlı ailələrə ərzaq talonları paylana bilər?
Ərzaq əvəzinə heyvan yemi yeməyə məhkumuq
Ərzaq məhsulları bahalaşıb
Bu marketlərdən ərzaq almayın