Rüşvət

Allah kəssin belə çörəyi

563
İsmayıl MƏMMƏDLİ
Məmur-əhali, polis-vətəndaş, həkim-xəstə, tibb bacısı-xəstə yaxını, idmançı-jurnalist (və sair) münasibətlərindəki unikallığımızı əks etdirən o qədər hadisə ilə üzləşirik ki! Həm də hər gün...

BAKI, 23 mart — Sputnik. Ayıq sürücü xidmətində çalışan bir dostum var. Gündüzlər özəl şirkətlərdən birinin məliyyə məsuliyyətini daşıyır, gecələr sərxoşları. 400 manat maaş alan mühasib köməkçisi, ən xırda paketi 10 manata olan uşaq bezini başqa nə cür ala bilər ki?…

Gecələrin birində xidmətə müraciət edən bir oğlanı filan şadlıq sarayındakı toydan götürərək, filan restoranın yanında yerləşən evlərinə gətirir. Oğlan üsul-ədəb ilə 20 manat ödəniş edərək evlərinə qalxır. Və üstündən 5 dəqiqə keçməmiş həmin bəydən təkrar zəng gəlir ki, "qardaş, təcili qayıt".

"Geri döndüm, binanın qarşısında oğlanın maşınının qarşısını DYP, arxasını da PPX maşını kəsmişdi. Müştərimi dövrəyə alan 4-5 polisdən biri üstümə doğru gəldi, qoluma girib kənara çəkdi, "orda deyərsən ki, avtomobili mən idarə etməmişəm, özü sürüb". Gözlərimi bərəldib üzünə baxdım, səsini bir az da qısıb "ağıllı ol, sənin də payın çatacaq" dedi. Qolumu dartım polisin əlindən çıxardım və "mən bu çörəyi balama apara bilmərəm" deyə çəmkirdim. Ardınca o tərəfdə müştərimi "divana çəkən" polislərin eşidə biləcəyi uca səslə "o avtomobili mən idarə etmişəm,… restoranından götürüb bura gətirmişəm, xidmətimizə etdiyi zənglərin çıxarışını da təqdim edə bilərəm" deyə qışqırdım".

Dostumun bu danışdıqlarını dərk və həzm etməyə çalışırdım ki, baş verənlərin pərdəarxasına keçdi: "Deməli, mən müştərini düşürəndən sonra, o, evə qalxır. Pilləkanda yadına düşür ki, siqareti maşında qalıb və geri qayıdıb maşının qapısını açdıqda "QAİ"lər üstünü kəsdirir. Sən demə, toydan çıxanda taksilərdən biri xəbərləyibmiş, bütün yolu bizi bizdən xəbərsiz qovublar. Onlar maşını ayıq sürücünün idarə etdiyini gördükləri zaman biz artıq həyətdə olmuşuq. Söyə-söyə geri dönmək istərkən, müştərimin (həm də onların müştərisinin) geri qayıdıb avtomobilin qapısını açdığını görüblər və tez üstünü alıblar, maşının "kapotuna" toxunaraq, "mühərrik istidir, indi maşından düşürsən, deməli içkili vəziyyətdə sürmüsən" deyiblər. Oğlanın israrlı inandırma cəhdləri isə, təbii ki, faydasız idi".

Xoşbəxtlikdən mübahisə haqlı tərəfin xeyrinə başa çatıb. Lakin dostum "şikarı" "canavar"ın ağzından dartıb çıxardığı üçün, "sənin başına oyun açacağıq" qədər ciddi bir el xəbərdarlığına məruz qalıb. Üstündən də çox keçməmiş bədəlini işdən atılmaqla ödəyib. Başqa nə cür olmalıydı ki?… Bunu hesablamamaq üçün dostum qədər axmaq olmaq lazımdır.

Hə, dostumun 5-6 ay qabaq danışdığı bu xırda məsələni niyə xatırladım? Əslində, əhali-məmur, polis-vətəndaş, xəstə-həkim, tibb bacısı-xəstə yaxını, jurnalist-idmançı (və sair) münasibətlərindəki unikallığımızı xatırladacaq o qədər hadisə ilə üzləşirik ki! Həm də hər gün.

Bu ölkədə dərdini deməyə çalışan vətəndaşdan hər zaman isbat tələb olunduğu üçün, "gözəl" anılardan bir misal gətirmək olar. Bu günlərdə sosial şəbəkədə yayılan videonu görməyən çox az adam olar. İki DYP-çimizin və polissevər bir vətəndaşımızın, T.I.R sürücüsü olan türk abiyi necə canfəşanlıqla qanuna dəvət etdiklərini deyirəm. Adamın əlində bir, maşında da ikinci kamera olmasına, bütün prosesin anbaan qeydə alınmasına, sürücünün həmin görüntüləri diskə köçürüb polisə təqdim etməsinə və hətta kameralara düşən görüntüləri nöqtə-vergülünədək sözlə ifadə etməsinə baxmayaraq, bu yollarda saç-saqqalını ağartmış polislərimiz (təbii ki, yardımsevər vətəndaşımızın dəstəyi ilə) bu arqumentlərin qarşısında qətiyyətlə duruş gətirə bildilər. Doğrudur, sonda geri çəkildilər. O da hər halda, dövlətlərarası münaqişə düşməsin deyə…

Nəysə… Bu önəmsiz hadisələri köşə adı ilə oxucuya "sırımağa" çalışmağım da, həmin polislərin "çörək qazanmaq" metoduna bənzədi. Allah kəssin belə çörəyi…

563
Teqlər:
DYP, çörəkpulu, yol polisi, əməkhaqqı, rüşvət
Əlaqədar
Deputat seçilmiş məcburi köçkünlərin çörəkpulu kəsiləcək
Azərbaycanda ixtisaslı əmək fəaliyyətinə cəlb olunan qadınların sayı nə qədərdir?
Bakıda 3 polis əməkdaşını bıçaqladılar
Sahib Məmmədov: "Əmək müqaviləsi ilə işləyənlər kompensasiyalara iddia edə bilərlər"
Əmək pensiyalarının baza hissəsi artırıldı