Marketdə siqaret satışı

Marketlərdə ajiotaj: siqaret böhranı dərinləşir

1115
(Yenilənib 15:00 15.03.2016)
İqtisadçı ekspert Nazim Məmmədov: "Nə qədər ki, bazar iqtisadiyyatı tələb-təklif üzərində qurulmayıb və nə qədər ki, insiharçılıq var, bizdə qiymətlər optimallaşmayacaq"

Marketlərdə ajiotaj: siqaret böhranı dərinləşir
BAKI, 14 mart — Sputnik. Azərbaycanda pərakəndə satış istisna olunmaqla, tütün məmulatlarının nağd pulla satışına yenidən qadağa qoyulub. Bu qayda son istehlakçıya aid olunmur, lakin onun tətbiqi artıq öz neqativ effektini verib.

Belə ki, mağazalarda siqaret qıtlığı yaranıb, bundan başqa bəzi yerlərdə müxtəlif növ siqaretlərin qiymətlərində müəyyan qədər artım da müşahidə olunur. Satıcılar bunu tütün məmulatlarının nağd pulla satışına qoyulan qadağa ilə əlaqələndiriblər. Bununla yanaşı cəmiyyətdə, bayram günlərində və ya aprel ayından etibarən siqaretin və digər məhsulların qiymətlərinin qalxacağı haqda şayiələr də yayılıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik-ə açıqlamasında bildirib ki, satışının yuxarı həddi dövlət tərəfindən müəyyən olunmadıqda, biznes qurumu istənilən malı istənilən qiymətə sata bilər: "Mən şəxsi istehlak məqsədilə yox, biznes məqsədilə olan siqaretlərin plastik kart vasitəsilə alınmasının tərəfdarıyam. Süni qiymət adı altında biznes qurumlara bəzi dövlət qurumlarının hücum etməsi qeyri-qanuni bir hərəkətdir. Biznes qurumu istənilən malı istənilən qiymətə verə bilər, əgər o, dövlət tərəfindən tənzimlənmirsə. Bu işə qanuni rəy vermək üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalı və malların satışının yuxarı həddi müəyyən olunmalıdır. O həddən yuxarı satılanlar artıq süni qiymət artımı kimi qiymətləndirilib ifşa olunmalıdır".

"Çox təəssüflər olsun ki, özü mal istehsal edən bir fermer malı yüksək qiymətə verəndə dövlət orqanları onun haqqında tədbir görürlər. Bu, bazar iqtisadiyyatına və liberal bazar qanunlarına ziddir", —deyə ekspert bildirib.

İqtisadçı ekspert Nazim Məmmədovun sözlərinə görə isə, Azərbaycanda bir siqaret istehsalçısı var və o, öz qiymətlərini diktə edir: "Tələb-təklif üzərində qurulan bazar iqtisadiyyatlarında disproporsiya yarananda qiymət bahalaşıb və ya ucuzlaşa bilər. Amma Azərbaycanda iqtisadiyyatda insiharçılıq olduğuna görə, əksər hallarda insiharçı qiymətlər mövcud olur. Bu qiymətləri qonşu ölkələrlə müqayisə edəndə bunlar bir neçə dəfə baha olmuş olur. Nə qədər ki, bazar iqtisadiyyatı tələb-təklif üzərində qurulmayıb və nə qədər ki, insiharçılıq var, bizdə qiymətlər optimallaşmayacaq. Konkret siqaretlə bağlı isə hamı etiraf edir ki, Azərbaycanda bir istehsalçı var və o, bazarda öz qiymətlərini diktə edir".

Siqaretlərin kartla satılması məsələsi mağazalarda yenidən "siqaret böhranı" yaradıb. Bəzi market sahibləri və satıcılar bu qərardan razı deyillər. Yasamal rayonu Mətbuat prospektində yerləşən marketlərdən birinin sahibi də Sputnik-ə bildirib ki, o, hal-hazırda satış üçün siqaret ala bilmir. Marketi yenidən siqaretlə təmin etmək üçün ondan müəyyən məbləğdə pul ödəyərək bankdan plastik kart almaq tələb olunur, bundan başqa, o, 4 faiz vergi də ödəməli olacaq. Bu şərtlər isə market sahibini qane etmir.

Tütün məmulatlarının nağd pulla satışına qoyulan qadağa distribütorları da narazı salıb. Onlar deyirlər ki, topdan və pərakəndə satış nöqtələri bu qaydaların tətbiqinə hazır deyil. Satış nöqtələrinin əksəriyyəti nə bank hesabı, nə də ki, POS-terminallarla təmin olunub, təmin olunanlar isə onların istifadəsində maraqlı deyillər. Distribütorların fikrincə, yaranmış vəziyyət bazara qaçaqmalçılıq yolu ilə gətirilən məhsulların sayını artıracaq. Çünki, leqal yolla gətirilən siqaretlər istehlakçıya çatmayacaq. Nəticə etibarilə, bu, dövlət büdcəmizə də təsir edəcək.

Lakin iqtisadçı ekspert Nazim Məmmədov bununla razı deyil. Onun sözlərinə görə, bu, distribütorların vergidən yayınmaq üçün dedikləri bir bəhanədir: "Bütün bunlar bəhanədir. Bunun yeganə səbəbi vergidən yayınmaqdır. Bu, insiharçı şirkətlərin distribütorlarının bu və ya digər formada qeydiyyatdan kənar alış-veriş etməklə dövlət büdcəsinə ödəniləcək vergiləri azaltmaq məqsədini daşıyır. Bunların hamısı şayiədir, doğru deyil".

Bu cür halların olduğunu deyən iqtisadçının sözlərinə görə, bu o demək deyil ki, dövlət bunların nazı ilə oynamalıdır: "Bunun qaydaları və prinsipləri hamı üçün eyni olmalıdır".

Qeyd edək ki, siqaretlərin satışı indiyədək vergidən yayınma hallarının ən çox baş verdiyi sahələrdən biri kimi sayılır. Özü də əsas problem pərakəndə yox, topdansatış məntəqələri ilə bağlıdır.

1115
Teqlər:
plastik kart, tütün, market, siqaret, böhran
Əlaqədar
Siqaretlər ucuzlaşıb, amma ən zəif satılanlar
Bu siqaretlər satışdan yığışdırılacaq
"Cibimdə 5 manat var, onu da siqaretə vermək istəmirəm..."
Siqareti yerə atanlar 500, saqqızı atanlar 50 manat cərimələnəcəklər
Bakıda siqaretin və mobil telefonların satışı dayandırılıb
Məktəblərin birində, arxiv şəkli

Bu şagirdlərin summativ qiymətləndirilməsi aparılmayacaq

18
(Yenilənib 12:52 20.01.2021)
II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır.

BAKI, 20 yanvar — Sputnik. Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.

18
Teqlər:
Azərbaycan Təhsil Nazirliyi, Təhsil Nazirliyi
Səhiyyə nazirinin müavini Viktor Qasımov, arxiv şəkli

Peyvənd vurduran nazir müavini hazırkı durumu barədə açıqlama verib

6
(Yenilənib 11:40 20.01.2021)
Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib ki, vaksinasiya prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb.

BAKI, 20 yanvar — Sputnik. "Azərbaycanda başlayan vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə də davam etdiriləcək".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, ölkədə başlayan vaksinasiya prosesi ilkin mərhələdə tibb işçiləri üzərində aparılır:

"Mən özüm də vaksin vurdurmuşam. Özümü yaxşı hiss edirəm. Ümumiyyətlə, vaksinasiya prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb".

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev də ölkədə vaksinasiyanın başladığı ilk gün - 18 yanvarda koronavirusa qarşı peyvənd etdirib.

6
Şuşa, arxiv şəkli

Şuşada möhtəşəm layihələrə start verildi

0
(Yenilənib 13:49 20.01.2021)
Nazir: "Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik".

BAKI, 20 yanvar — Sputnik. Mədəniyyət Nazirliyi Prezident İlham Əliyevin Şuşada bu il "Xarı bülbül" festivalı və Vaqif poeziya günlərinin keçirilməsi tapşırığı ilə bağlı işlərə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti ilə görüşündə deyib.

A.Kərimov nümayəndə heyətlərinin Ağdam və Füzuli rayonlarının işğaldan azad olunan ərazilərinə səfərlərini yüksək dəyərləndirdiyini deyib.

Bildirib ki, Azərbaycanı dəstəkləyən, ona dost olan insanların bu ərazilərə səfəri, xoş niyyəti bizim üçün böyük əhəmiyyət kəsb edir:

"44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı və 30 ildən sonra torpaqlarımıza qovuşduq. Müharibə zamanı mən türkdilli dövlətlərin Azərbaycana dəstəyini xüsusi vurğulamaq istəyirəm. Həm cəmiyyət tərəfindən, həm də siyasi aləmdə biz bu böyük dəstəyi hiss etdik. Yəqin məlumatlısınız ki, ICESCO-nun nümayəndə heyəti də bir neçə gün əvvəl Azərbaycana səfərində işğaldan azad olunan ərazilərimizə baş çəkmişdi. Bu ərazilərdə biz yeni layihələr reallaşdırmağı düşünürük və bu proseslərdə türkdilli dövlətlərlə də birgə əməkdaşlıq məsələləri daha sıx şəkildə təşkil olunmalıdır. Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il Şuşada "Xarı bülbül" festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıq verib və biz artıq bununla bağlı işlərə başlamışıq. Elə ərazilər var ki, minalardan təmizlənməlidir, artıq Füzulidən Şuşaya yol çəkilir, yeni infrastruktur hazırlanır. Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik".

Nazir daha sonra "Nizami İli" ilə bağlı keçiriləcək tədbirlər haqqında fikirlərini bölüşüb. Bildirib ki, dahi Nizami Gəncəvinin yubileyi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də qeyd ediləcək: "İnanıram ki, türkdilli dövlətlərin nümayəndələri "Nizami İli" ilə əlaqədar təşkil edilən tədbir və festivallarda yaxından iştirak edərək öz töhfələrini verəcəklər".

Qeyd edək ki, görüşdə TDƏŞ-in Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ Baş katibinin müavini Qismət Gözəlov, təşkilatın layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı iştirak edib.

0