CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Hyundai Azərbaycan"a qarşı ağır ittiham

© Sputnik / Fuad HasanovHyundai Servis-in binası
Hyundai Servis-in binası - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülər şirkətə məxsus servislərdə qiymətlərin çox baha olması, həmçinin eyni xidməti göstərən servislərdə fərqli qiymətlər "oxunduğunu" bildirirlər. Qarşı tərəf isə iddiaları qəbul etmir.

BAKI, 10 mart — Sputnik. "Maşının arxa sağ buferi bir az sürtülmüşdü. Əzilmə filan — heç nə yox idi. Getdim "Hyundai" servisə, usta heç sağ əməlli baxmamış 100 manat qiymət oxudu. Yaxşı ki, razılaşmadım. Başqa servisə yaxınlaşdım, cəmi 50 manata başa gəldi".

Bunu Sputnik-in əməkdaşı ilə söhbətində sürücü Zaur Məmmədov deyib. Sürücünün dediyinə görə, hətta eyni avtomobil şirkətinin ayrı-ayrı servis filiallarında belə, ustalar fərqli qiymətlər deyirlər.

"Belə hallara çox rast gəlmişəm. Məsələn, elə olub ki, "Hyundai" servisin Xırdalan filialında çox pul istədiklərinə görə, maşınımı həmin şirkətin Badamdardakı servisinə aparıb orda daha ucuz təmir elətdirmişəm", — deyə Zaur Məmmədov qeyd edib.

Sürücü problemin kökünü rəhbərliyin məsuliyyətsizliyində görür: "Əslində xarici ölkələrdə olduğu kimi, bizdə də servislərin qiymət lövhələri divardan asılmalıdır. Yoxsa hər usta bir qiymət deyir. Bu həm düzgün deyil, həm də haqsızlıqdır. Ustaların özbaşınalığına səbəb rəhbərliyin işə az nəzarət etməsindən qaynaqlanır".

Digər bir sürücü Murad Orucov da avtoservislərin çox vaxt fırıldaq işlətdiyini deyib: "Çox nadir hallarda servislər doğru qiymət deyirlər. Manat öləndən sonra ümumiyyətlə bu sahədə dərəbəylik baş alıb gedir. Süni qiymət şişirtmələri həddindən artıq çoxdur".

"Hyundai Azərbaycan" şirkətinin qəbul meneceri Səbuhi Məmmədli Sputnik-ə açıqlamasında, avtoservisdə çalışan heç bir ustanın özbaşına qiymət qoymadığını, bütün qiymətləri idarə heyətinin təyin etdiyini bildirdi: "Bizdə təmir qiymətlərini baş mexaniklərdən ibarət idarə heyəti təyin edir".

"Qaldı ki, filiallar arası qiymət fərqliliyinə, bunlar hamısı yalandır. Bizdə bu mümkün deyil", —deyə şirkət təmsilçisi bildirdi.

Eyni işə adi servislə müqayisədə "Hyundai" şirkətinin daha çox pul istədiyi məsələsinə də aydınlıq gətirən Səbuhi Məmmədli deyib: "Elə təmir işləri var ki, o zaman maşının müəyyən hissəsi sökülüb elə işlənilməlidir. Yəni effektli olması üçün. Amma bir çox servis bunu sökmədən də edir. Təbii ki, burda keyfiyyət əsas rol oynayır".

Xəbər lenti
0