Qoşqar Səlimli, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin müəllimi

İlahiyyatçıdan VIP çadır servisi barəsində maraqlı açıqlama

406
(Yenilənib 17:05 02.03.2016)
Qoşqar Səlimli: İranla Səudiyyə Ərəbistanı arasında siyasi mənfəət problemləri var.

BAKI, 2 mart – Sputnik. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin müəllimi Qoşqar Səlimli İslamofobiyanın yayılma səbəbləri, Yaxın Şərqdə müsəlman qarşıdurmaları və cəmiyyətdə din haqda yanlış anlaşılmalarla bağlı Sputnik-in suallarını cavablandırıb:

- Bu gün qərb yarımkürəsində, əsasən də Avropa ölkələrində İslamofobiya (İslam qorxusu) sürətlə yayılmaqdadır. İslamofobiyanın yayılmasında müsəlmanların da rolu var? 

— İslamofobiyanın yayılmasında bir çox faktorlar var. Onlardan biri də elə müsəlmanların özlərinin bəzi yanlış hərəkətləridir. İslamda olmayan bəzi məsələləri dində varmış kimi göstərmək, başqa dinlərə göstəriləcək münasibətin əslinin elə olmadığı halda onu əsliymiş kimi göstərmək və s. Halbuki İslamda digər millətlərə, digər dinlərə, ümumiyyətlə müxtəlif fikirlərə çox tolerant münasibət var. Bu tolerant münasibət təəssüf ki, bəzi radikal düşüncəyə sahib müsəlmanlar tərəfindən yanlış anlaşılır və digər dinlər, digər millətlərə olan qeyri-tolerant münasibət nəticəsində qarşı-tərəfdən də əks münasibət gəlir. Yəni təsir-əks təsir məsələsi kimi də anlamaq olar. Siz onlara necə münasibət göstərirsinizsə elə də qarılığını alırsınız. Əgər münasibət dostcadırsa sizə də dostca yanaşırlar. Yox əgər düşməncə rəftar varsa qarşı tərəfdən də eyni addımı görürsünüz. İslamdakı bəzi doktrinlərin yanlış anlaşılması, qarşı tərəflə münasibətlərin yanlış qurulması nəhayətdə İslamofobiyanın meydana gəlməsinə səbəb olur. 

Təbii ki, İslamofobiyanı sırf bununla bağlamaq olmaz. Çünki İslamofobiya digər din mənsublarının da müsəlmanlara baxdığı pəncərədən asılıdır. Onların müsəlmanlara münasibəti necədir? Din və dünya düşüncəsi, millət düşüncəsi, müsəlmanlara baxışı necədir? Bunu da araşdırmaq lazımdır. Deməyim odur ki, İslamofobiyanın əmələ gəlməsində sırf müsəlmanları suçlamaq qətiyyən doğru deyil. Məsələn, Avropa ölkələrində müsəlmanlar sakit və əsl dini həyat yaşamalarına baxmayaraq, millətçilərin hücumuna məruz qalırlar. Özlərini guya “mühafizəkar”, “milliyətçi” adlandıran din düşmənləri müsəlmanlara qarşı qeyri-obyektiv yanaşaraq islamofobiyanın yayılmasında maraqlıdırlar. Almaniya və İngiltərəni xüsusilə qeyd etmək istərdim. Əlbəttə bütün alman və ingilisləri bura aid eləmək olmaz. 

- Hazırda dünyanın bəzi bölgələrində müsəlmanların öz aralarında problemlər var. Xüsusilə də Yaxın Şərqdə. İki teokratik dövlət olan Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyin özü İslamofobiyanın yayılmasında rol oynayır?

— Xeyr, rol oynamır, çünki bütün bunlar hamısı məlumatsızlıqdan qaynaqlanır. Müsəlman alimlər, istər şiəsi istərsə də sünnisi, yaxud da dövlət adamları bir-birilərilə görüşürlər. Səudiyyə Ərəbistanı ilə İranın çox yaxşı münasibətləri var. Kənardan elə görünməyinə baxmayın, nəhayətdə onlar bir-birlərilə yaxın olan dövlətlərdir. Yaxın Şərqdə olanlar dinlə əlaqəli deyil. İranla Səudiyyə Ərəbistanı arasında siyasi mənfəət problemləri var. Hər ikisi regionda öz təsir imkanlarında maraqlıdır. Yaxın Şərqdəki toqquşma siyasidir və bunun İslamofobiyaya təsir etdiyinə inanmıram.  

- Sırf bu maraqlara görə, təkcə Suriyada 400 mindən çox insan həyatını itirdi. İslamda siyasət insan həyatından önəmlidir? 

— Əlbəttə, yox. Siyasət hər şey demək deyil. Dövlətlərin idarə olunmasında, xarici ölkələrlə münasibətində siyasətin çox əhəmiyyətli rolu var. Amma siyasi münasibəti tənzimləyən dövlət qurumları var və həmin qurumlarda siyasi əxlaq var. Müəyyən siyasi fəaliyyətlər də o siyasi əxlaqdan asılıdır. Əlbəttə insan həyatı hər şeydən irəlidir. Dinimiz də bunu əmr edir. 

- İslamofobiyanın bugün təkcə Qərb ölkələrində yox lokal səviyyədə də yayıldığını görə bilirik. Əlbəttə burada savadsız din adamlarının da rolu az deyil. İnsanlar tez-tez sual verirlər. Din xadimi “VIP çadır servisi” işi ilə məşğul ola bilər? Siz necə düşünürsüz, ola bilər?

— “VIP çadır servisi” ticari fəaliyyətin bir növüdür. Bunun dinlə əlaqəsi təbii ki yoxdur. Ancaq bu işlə məşğul olan istər din adamı olsun, istər adi şəxs, buna normal baxmaq lazımdır. Nəzərə almaq lazımdır ki, bu işin görülməsində xalqdan böyük tələb var. Tələb olan yerdə də təkliflərin olması normaldır. Amma yenə təkrar edirəm, belə şeylərin İslam dini ilə əlaqəsi yoxdur. Bunlar dünya işləridir və ticarətin bir növüdür. 

406