Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Kasıb uşaqların ali məktəbə yolu biryolluq bağlana bilər

© Photo : REPORTQəbul imtahanları. Arxiv şəkli
Qəbul imtahanları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cəmiyyət "imtahan islahatları" ilə bağlı həyəcan siqnalı verir.

BAKI, 23 fev-Sputnik. Təhsil naziri Mikayıl Cabbarovun ölkədə imtahan sisteminin dəyişdirilməsilə bağlı verdiyi açıqlamalar Azərbaycan cəmiyyətdə ciddi narahatlıq yaradıb. Test sistemində çatışmazlıqların olduğunu deyən nazir bildirib ki, hazırda imtahan verənlərin oxu, yazı, fikri ifadə edə bilmək vərdişləri ilə bağlı imtahan sisteminin tətbiqi istiqamətində TQDK sədri Məleykə Abbaszadə ilə müzakirələr gedir. Növbəti 2-3 ildə test imtahanının formasında dəyişiklik gözlənilməsə də, sonrakı dövrdə həm forması, həm də məzmunu dəyişilməlidir. "3-4 il ərzində ali təhsil müəssisəsini bitirən tələbənin bilikləri testlə ölçülə bilməz. Onların biliklərinin qiymətləndirilməsi üçün yeni alətlər lazımdır və hazırda yeni qiymətləndirmə standartları ilə bağlı fəaliyyət həyata keçirilir." — deyə nazir bildirib.

© Photo : AzadFikirЗардушт Ализаде
Зардушт Ализаде  - Sputnik Azərbaycan
Зардушт Ализаде

Təhsil nazirinin söylədiklərini Sputnik-ə şərh edən tanınmış politoloq Zərdüşt Əlizadə deyib: "Heç bir insan əməyinin məhsulu kamil deyil. Bəzi elm sahələri, bəzi fənnlər var ki, orada test həqiqətən də özünü doğrultmur. Uşaqlar sadəcə əzbərçiliklə məşğuldurlar. Bir çox hallarda müstəqil düşünmək qabiliyyəti olmayan uşaqlar maksimum qiymətlər alırlar. Sonra da oxuyanda görünür ki, onlar ortabab, hətta zəifdirlər. Amma o biri tərəfdən yadımıza salaq ki, nə üçün biz test sistemini tətbiq etməyə məcbur olmuşduq? Çünki artıq sovet sistemi tamamilə çürümüşdü, başdan-ayağa rüşvətə bulanmışdı. Hansısa obyektiv meyarlar yox idi. O, ali məktəblərə qəbul olunan tələbələrin mən deyərdim bəlkə də, 80%-i nadan, cahil, tələbə adına layiq olmayan adamlar olurdu. Ya rüşvət verirdilər, ya da qohumbazlıqla ali məktəbə qəbul olunurdular. Nəticədə respublika xeyli zay ali təhsilli mütəxəssis qazanırdı. Və bunun qarşısını almaq üçün, Xalq Cəbhəsi hakimiyyətə gələndə, Türkiyədən test sistemini əxz etdilər. Elə ilk cəhddən də bəzi cəbhəçilərin uşaqları testdən kənar ali məktəblərə keçə bildilər. Hər halda test sistemi rüşvətlə, tanışbazlıqla səciyyələnən sovet kommunist sisteminə nisbətən xeyli kasıb və savadlı uşaqlara imkan verdi ki, ali məktəbə pulsuz-parasız qəbul olunsun."

Bu cəmiyyət vicdanlı adamları, savadlı, istedadlı uşaqları istəmir

Z.Əlizadə hesab edir ki, lakin sonra başqa bir istiqamət başlandı. Bu da valideynlərin pul imkanları ilə bağlı rəqabəti idi. "Orta ümumtəhsil məktəblərinin səviyyəsi xeyli aşağı düşmüşdü. Valideynlərdən kimin imkanı vardısa, repititor tuturdular və uşaqları məhz imtahan üçün hazırlaşdırırdılar. Nəticədə yenə də varlı və ya ortabab ailələrin uşaqları yaxşı ballar toplayaraq ali məktəblərə daxil oldular. Amma yenə də kasıb ailələrin istedadlı, savadlı uşaqları kənarda qaldı." — deyən politoloq hesab edir ki, test sistemi fəzada özbaşına hərəkət eləmir. O, cəmiyyətin sifarişini yerinə yetirir: "Əgər cəmiyyət orta məktəbə, ali məktəbə sifariş verirsə ki, sən mənim üçün vicdanlı, savadlı, müstəqil düşünən, qeyrətli kadrlar hazırla, mən də onların yaxşı işlə təmin olunmasına, yaxşı yaşamasına, faydalı işlə məşğul olmasına şərait yaradacam, onda, cəmiyyət bütünlüklə yaxşı tərəfə yönəlir, yaxşı istedadlı müəllimlər çıxır ortaya və yaxşı tələbələr də hazırlayır. Yoxsa cəmiyyətdən belə sifariş gəlir ki, sən gözüqıpıq ol, başıaşağı ol, itaət edən, şərəfsiz, vicdansız məxluq yetişdir, biz də onu məmur aparatında yerləşdirib, dinməz-söyləməz itaət qulları almaq istəyirik, onda da məktəb başlayır, zırramaları, cahilləri, qanmazları hazırlamağa. Bizim faciəmiz bundadır. Yoxsa bizim faciəmiz təhsil sistemindəki hansısa əlahiddə qüsurda deyil. Bizim faciəmiz cəmiyyətdən gələn sifarişlə bağlıdır. Bu sifariş vicdanlı adamları, savadlı, istedadlı uşaqları istəmir.
İmtahan barədə lətifə

Zərdüşt Əlizadə nazirin test sistemində nitq, ritorika, yazı vərdişlərini, hər hansı seçim variantları ilə məhdudlaşmayan düşüncə, tənqidi düşünmək tərzini özündə əks etdirən sualların olmaması barədə fikirlərinə münasibət bildirərkən deyib: "Mənim 70 yaşım var, 50 ildir ki, Azərbaycan cəmiyyətini izləyirəm. Mənim yadıma gələn, Azərbaycan cəmiyyətində ən parlaq nitqi olan insanlar bunlardır: Rəhmətlik Aydın Məmmədov, ikincisi, Əli Kərimli, üçüncüsü, Fərəməz Novruzoğlu. Əgər onlara bu cür natiqlər lazımdırsa, onda sovet təhsil sistemini bərpa eləsinlər. Onlara yeni aydınməmmədovlar, əlikərimlilər, fərəməznovruzoğlular lazımdırsa, onda sual verirəm ki, bunların əşhədü-ehtiyac duyduqları ixtisas natiqliq ixtisasıdır, yoxsa başqası? Mən belə başa düşürəm ki, Azərbaycan daha çox savadlı mühəndislərə, kimyaçılara, geoloqlara, fiziklərə möhtacdır, nəinki natiqlərə.

Qaldısa, cəmiyyətin sovet qəbul sisteminə qayıdışına, bununla kasıb uşaqların ali məktəbə yolunu kəsə bilər, bəli, o təhlükə var. Sovet uşaqlarının qəbul imtahanlarına münasibətini lətifələr çox gözəl ifadə edirdi. Sovet qəbul sistemi haqqında bir sovet lətifəsi vardı: "Demək, tarixdən imtahan gedir. Bir nəfər tapşırılmış tələbə gəlir. Müəllim soruşur ki, Oktyabr inqilabı nə vaxt olub, deyir 17-ci ildə. Deyir Böyük Vətən Müharibəsi nə vaxt olub, deyir 41-ci ildə. Müəllim deyir əla, 5. Sonra tapşırılmamış tələbə gəlir. Müəllim soruşur: İstanbul nə vaxt işğal olunub? Tələbə deyir 1453-cü ildə. Müəllim ən çətin sualları verir, cavab alır. Axırda soruşur ki, 2-ci dünya müharibəsində sovet xalqı nə qədər itki vermişdi? Tələbə deyir 20 milyon. Müəllim deyir çox gözəl, indi isə bir-bir familiyalarını de." Bu, sovet imtahan sistemini çox gözəl ifadə edir. Amma unutmayın ki, sovet ali təhsil sistemini bitirən mühəndislər, kosmosa peyk çıxarmışdılar, insan çıxarmışdılar, nəhəng zavodlar tikmişdilər, böyük elmi nailiyyətləri var idi, Nobel mükafatları alırdılar və s. Yəni birmənalı şəkildə o sistemi pisləmək lazım deyil. O vaxt ki, cəmiyyət məktəbə savadlı kadrları sifariş edirdi, onda məktəb savadlı insanlar yetişdirirdi. O vaxt ki, sistem çürüməyə başladı və sistem məktəbə, universitetlərə savadsız, vicdansız, əqidəsiz, şərəfsiz, ləyaqətsiz kadrların hazırlanmasını sifariş etməyə başladı, onda da o sifarişə uyğun kadrlar hazırlanmağa başladı. Yuxarıdan aşağıya qədər sağlamlaşma prosesi getməsə, necə də otursaq, Krılovun təmsilində olduğu kimi, biz yaxşı orkestr yarada, bir nəticəyə nail ola bilməyəcəyik"

Rüşvətin aradan qaldırılması test sisteminin 4-5-ci dərəcəli müsbət tərəfidir

© Photo : REPORTВургун Эйюб
Вургун Эйюб - Sputnik Azərbaycan
Вургун Эйюб

Azərbaycanda ali məktəblərə qəbul üçün test sistemini Azərbaycana gətirən TQDK-nın ilk sədri Vurğun Əyyub isə o fikirdədir ki, nazirin fikri cəmiyyətdə doğru anlaşılmayıb.
Onun fikrincə, söhbət test üsulunun ləğvindən deyil, ali məktəbə qəbulda test sisteminin daha da təkmilləşdirilməsindən gedə bilər. Onun fikrincə, orta məktəblərdə imtahanları Təhsil Nazirliyi keçirməlidir. Buraxılış imtahanlarını isə Təhsil Nazirliyi keçirməyə bilər. Bu işi TQDK-ya həvalə etmək mümkündür. "Test üsulunun bir çox üstünlükləri var. Təəssüf ki, bu üsul bizdə rüşvətin qarşısını almaq üçün bir mexanizm kimi təqdim olunur. Halbuki rüşvətin aradan qaldırılması test sisteminin 4-5-ci dərəcəli müsbət tərəflərindən biridir" — deyən V.Əyyuba görə, təhsildən danışan bir çox ekspertlər səhvən TQDK-nı təhsil verən orqan kimi başa düşürlər. Halbuki TQDK biliyi ölçmə və dəyərləndirmə vasitəsidir.

"Bu başqa məsələdir ki, əgər orta məktəbi bitirmiş uşaq yaxşı nitqə malik deyilsə, öz fikrini sərbəst şəkildə ifadə edə bilmirsə, dünyagörüşləri məhduddursa və s. bunun səbəbini orta məktəblərin verdiyi təhsildə axtarmaq lazımdır. Və bunun qarşısını buraxılış imtahanlarında almaq lazımdır. Bizdə təhsil mütəxəssislərinin bir çoxu guya imtahanda məzunun dünyagörüşlərinə, nitqinə, özünüifadə qabiliyyətinə üstünlük verirlər. Amma istənilən təhsil mütəxəssisinə sübut etmək mümkündür ki, o, subyektivizmə yol verir. İmtahanı 3 mütəxəssis götürsə, onların üçünün də uşağın verdiyi cavablarla bağlı fikirləri üst-üstə düşməyəcək. Burada subyektivizmə yol veriləcəyi mütləqdir. Amma şərt o deyil ki, o, mütləq uşağı kəsmək istəyir." — deyən V.Əyyubun fikrincə, orta məktəb şagirdə düzgün yazı və danışıq qabiliyyətini öyrətməlidir: "Konkret savadlı məzun himni yaxşı oxumaya, detallı tarixi bilməyə də bilər. Amma biz savadlı mütəxəssis hazırlayırıq deyiriksə, onun ümumi bilikləri olmalıdır. O, fizikanı gözəl bilən şagird zəhmət çəksin himni də gözəl bilsin. O şagird başa düşməlidir ki, fizikanı, kimyanı bilməklə yanaşı himni, dövlət rəmzlərini də bilmək onun borcudur. Biz güzəştlər sistemindən əl çəkməliyik. Biri gözəl idmançıdırsa, imkan vermək lazımdır ki, o, idmanla məşğul olsun. Yoxsa idmançını zorla ali məktəbə qəbul elətdirməyə, hüquqşünas, polis, prokuror etməyə ehtiyac yoxdur."

Azərbaycan təhsilinin perspektivinə gəlincə, Vurğun Əyyib hesab edir ki, bu, uzunmüddətli prosesdir: "Mən hələ ki, bu prosesə başlanğıcı görmürəm. Azərbaycanda təhsildə köklü islahatlar üçün siyasi iradənin mövcudluğunu görmürəm. Təkcə qərarlarla, sərəncamlarla təhsili düzəltmək mümkün deyil. Təhsili siyasətdən uzaqlaşdırmaq lazımdır. Elə etmək lazımdır ki, təhsil icra hakimiyyətlərinin asılılığından azad olsun. Müəllimlər birmənalı şəkildə seçkilərin keçirilməsindən uzaq durmalıdırlar. İlkin addımlar bunlardır. Təhsili tam siyasətdən kənar tutandan sonra onun gələcək hədəflərini müəyyənləşdirmək mümkündür."

Test üsulunun ləğvi korrupsiyaya yol aça bilər

© Photo : Bakhtiyar HajiyevБахтияр Гаджиев
Бахтияр Гаджиев - Sputnik Azərbaycan
Бахтияр Гаджиев

Xaricdə təhsil almış azərbaycanlı ictimai-siyasi fəal Bəxtiyar Hacıyev Sputnik-ə bildirib ki, Azərbaycanın müstəqillik dövründə ən böyük uğurlarından biri 20 ildən artıqdır tələbə qəbulunun mərkəzləşmiş, korrupsiyaya bulaşmamış aparılmasıdır. O, qeyd edib ki, qəbul imtahanlarının test üsulu ilə yox, müsahibələr, yazılı müraciətlər və digər subyektiv faktorların rol oynadığı üsullarla aparılması ən azı iki məsələdə problem yarada bilər: "Birincisi, indiki halda tələbələr bir qəbul imtahanının nəticəsi ilə müxtəlif universitetlərə eyni anda müraciət edirlər, topladıqları ballara uyğun yerə TQDK tərəfindən yerləşdirilirlər. Test üsulunun ləğvi bu sahədə böyük bir qarışıqlığa, hansısa tələbənin daha yaxşı göstəriciləri olduğu halda, kənarda qalmasına, bəzilərinin isə aşağı göstəricilərlə ali məktəbə yerləşdirilməsinə səbəb ola bilər. İkincisi, Azərbaycan beynəlxalq şəffaflıq qurumlarının siyahısında öndə yox, sonda olan ölkələrdəndir. Əgər ali məktəblərə qəbul prosesini test üsulu ilə yox, başqa qiymətləndirmə üsulları ilə yoxlasa, korrupsiyaya yol aça bilər."

Dünya təcrübəsinə istinad edən B.Hacıyev deyib: "Dünyanın aparıcı təhsil ocaqları, tələbələrin potensialının qiymətləndirilməsində onların dərsdən kənar fəaliyyəti, uğurları, yazı qabiliyyəti və digər faktorları qiymətləndirsələr də, hər bir universitet SAT, GRE, GMAT və digər standartlaşdırılmış imtahan nəticələrini də tələb edirlər. Yəni, hər bir halda tələbəyə hansısa bilik və bacarıqlarını nümayiş etdirmək, digər tələbələrlə müqayisə olunması üçün standart testlər də qiymətləndirmə üsulu kimi tətbiq edilir. Üstəlik, qeyd etdiyim kimi, bu universitetlərin çoxu beynəlxalq şəffaflıq təşkilatlarının müxtəlif indekslərində ən öndə gedən ölkələrdə yerləşirlər. Orada insan faktoru, qəbul zamanı korrupsiya hallarının olması müzakirə mövzusu olmur. Azərbaycanda isə yazı, nitq, şifahi imtahan və digər üsullarla qiymətləndirilmə aparılsa, bu, həm tələbələrlə universitetlər arasında qarışıqlıq yaradacaq, həm də qəbul prosesi zamanı korrupsiya hallarına geniş imkan yaradacaq."

Xəbər lenti
0