Psixoloqlar: İqtisadi böhran cəmiyyətdə stressə səbəb olur

Ölkədə təhlükəli tendensiya: intihara meylli yeni qrup yaranıb

87
(Yenilənib 10:47 18.02.2016)
Ekspertlər hesab edirlər ki, banka kreditlərini qaytara bilməyənlər Azərbaycanda sui-qəsdə meylli üçüncü insan qrupunu formalaşıdırır

Ölkədə təhlükəli tendensiya: intihara meylli yeni qrup yaranıb
BAKI, 16 fev — Sputnik. Yaxın keçmişimizdən başlayaraq "stress" sözü ancaq elmi anlayış olmaqdan kənara çıxaraq, bizim gündəlik həyatımıza daxil olub. Bu sözü, əksər hallarda, keçirilmiş sarsıntı, pis hadisə, qorxu hissiyyatı barədə danışarkən işlədirlər. Stress — müxtəlif növ təsirlər (sevinc, qoxu, qəm-kədər, ağrı, soyuq, zəhərlənmə, travma, cərrahi əməliyyatlar və s.) nəticəsində yarana bilər.

Ölkədə baş verən son hadisələr də əhalinin bir hissəsini stress vəziyyətinə salıb. Belə ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra bizim cəmiyyətimizdə depressiya, bədbinlik və aqressiyanın artdığı nümayiş olunur. Belə vəziyyət sui-qəsd hadisələrinə də səbəb olur.

Psixoloq Azad İsazadə Sputnik-ə açıqlamasında bildirib ki, Azərbaycanda sui-qəsd hadisələrinə daha çox 2012-2013-cü illərdə rast gəlinirdi. Lakin maraqlı fakt odur ki, böhranlı vəziyyət belə halların azalmasına səbəb olur. Ekspert bunun səbəbini böhranlı vəziyyətə hazırlıqda görür, yəni belə vəziyyətdə insan psixologiyası daha davamlı olur.

Azad İsazadənin sözlərinə görə, buna baxmayaraq Azərbaycanda sui-qəsdə meyilli olan üçüncü insan qrupu formalaşır: "Sui-qəsdlərdən söhbət açanda biz deyirik ki, bu tip situasiyaları iki risq qrupuna bölmək olar: birinciyə yeniyetmələr aiddir, onların arasında daha tez-tez intiharlara rast gəlinir. İkinci qrup isə 55-70 yaşlı insanlardır. Bu dövr onlarda ümidsizlik yaranır, özlərini heç kimə lazım olmayan hesab edirlər və sair".

"Bugünkü reallıqda isə yeni risk qrupu yaranır — bankdan kredit götürən qrup. Özünə qəsd edən kredit götürən insanların sayı 10-u keçirsə, biz bunu mütləq hansısa risk qrupuna ayırmalıyıq", —deyə psixoloq bildirib.

Ekspertin fikrincə, Azərbaycanda belə insanlara kömək və dəstək olan vahid sistem olsaydı, oxşar hadisələr baş verməzdi.

Psixoloq Tariyel Faziloğlunun sözlərinə görə isə, oxşar vəziyyət Azərbaycanda cinayətlərin artmasına və ailələrin dağılmasına səbəb olacaq.

"Azərbaycanda mütəşəkkil cinayətkar qrupların və əsasən də oğurluqların sayının sürətlə artdığını müşahidə edirik. Ailədaxili münaqişələrin artımı da proqnozlaşdırılır ki, zamanla hər kəs bunu müşahidə edəcək. Çünki iqtisadi bir sistem təmamilə yerdəyişmə etdi. Dövlət nəzarət mexanizmindən imtina edəndə burada müəyyən mənada dövlətin iqtisadi balansı pozulduğu kimi ailədaxili iqtisadi balans da pozuldu. İqtisadi balansın pozulması isə bir çox iqtisadi təməllərə daha çox bağlı olan ailələrin dağılması ilə nəticələnəcək", —deyə psixoloq Sputnik-ə bildirib.

Ekspertlər qeyd ediblər ki, əhalidə müşahidə olunan depressiv vəziyyət 2016-cı ilin sonunadək davam edəcək, ilin sonunda isə əhalidə bu vəziyyətə qarşı immunitet yaranacaq. Beləliklə, 2017-ci il üçün əhalinin depressiyadan çıxacağı gözlənilir.

87
Teqlər:
Psixoloq Tariyel Faziloğlu, Psixoloq Azad İsazadə, stress, intihar
Əlaqədar
İntihara cəhd edən sahibkardan şok açıqlamalar: "1 həftəyə problemim həll olunmasa..."
Ömürlük məhkum intihar edib
Azərbaycan diaspor təşkilatının sədr müavini intihar edib
Bu peşəni seçənlər daha çox intihar edir
Qadın qızıl məmulata baxır, arxiv şəkli

Lombardlardakı girovu bağlayanlar peyda olublar - Onların vətəndaşa xeyri nədir?

4
"Bank olmayan kredit təşkilatlarının faizləri banklarla müqayisədə çox bahadır. Amma lombardlarla müqayisədə ucuzdur. Bu, borcun alınaraq daha baha qiymətə satılmasıdır".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. "Lombardda qızılınız var? Zəng edin, çıxartmağa kömək edək!"

Son vaxtlar bu cür elanlara avtobus dayanacaqlarında tez-tez rast gəlinir. Hətta vətəndaşlar arasında bu elanlara maraq göstərənlər də az deyil. Xüsusilə lombardda qızılı olan şəxslər bu tip elanlar vasitəsilə lombarda qoyduğu girovu çıxartmağın onlar üçün nə dərəcədə təhlükəli olub-olmadığı ilə maraqlanırlar. Sputnik Azərbaycan əhalinin geniş marağına səbəb olan bu tip elanların izinə düşüb.

Apardığımız kiçik araşdırma zamanı bəlli oldu ki, bu cür elanlarla vətəndaşlara lombarddakı qızılını çıxartmağa kömək təklif edənlər bank olmayan kredit təşkilatlarıdır. Elanda göstərilən nömrələrdən biri ilə əlaqə saxlayaraq bu köməyin hansı formada, hansı şərtlər qarşılığında edildiyini öyrənməyə çalışdıq.

Özünü "Brand kredit" təşkilatının nümayəndəsi kimi təqdim edən Taleh Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, onların məqsədi müştəri cəlb etməkdir:

"Bəzi vətəndaşlar lombarda qoyduğu qızılını faiz yüksək olduğu üçün çıxarda bilmir. Nəticədə lombard girov saxladığı qızılı satır. Biz isə vətəndaşlara lombardlara qoyduqları qızılı çıxartmağa kömək edirik. Vətəndaşın lombarda olan borcunu ödəyirik, onunla yenidən müqavilə bağlayırıq. Tutaq ki, vətəndaşın lombarda 1300 manat borcu var. Biz onun lombarda olan bu borcunu ödəyirik. Ona həmin məbləğdə yeni kredit ayırırıq. Vətəndaş o məbləği bizə faiz hesablanmaqla 6, 12, yaxud da 18 ay ərizində ödəyir.

Əgər kredit müqaviləsi 12 aylıq bağlanarsa, aylıq ödəniş 138 manat 50 qəpik təşkil edir. Borc 12 aydan tez ödənilirsə, növbəti ayların faizi silinir. Beləcə, vətəndaş 12 aya 362 manat pul itirir. Lombardlarda isə bu, daha yüksəkdir. Bunun üçün vətəndaş bizim ofisə şəxsiyyət vəsiqəsi və girov aktı ilə yaxınlaşır. Biz onun lombarddakı borcunu bağlayırıq, qızılı yenidən qiymətləndirilir və müqavilə bağlanılır. Borc azaldıqca müştəri qızıldan hissə-hissə götürür. Bizim faizimiz lombardlarla müqayisədə aşağıdır. Həm vətəndaş qazanır, həm də biz".

© Sputnik / Zulfiyya Guluyeva
Binanın divarında "Lombardda qızılınız var? Zəng edin, çıxartmağa kömək edək!" yazısı

İqtisadçı Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, lombardlar vətəndaşları çox çarəsiz duruma salır: "Vətəndaşlara əlimyandıda qalanda pul götürmək üçün ən asan variant lombarda müraciət etməkdir. Çünki lombard vətəndaşdan ancaq girov tələb edir. Bu girovun qarşılığında götürdüyü pulu necə ödəyəcəyi lombardı maraqlandırmır. Çünki lombardlar girovu çox aşağı qiymətlə qiymətləndirirlər. Hətta müştəri pulu ödəmədikdə onlar çox rahatlıqla girovu özlərinə götürürlər. Buna görə də vətəndaşlar lombardlardan yaxalarını qurtarmaq istəyirlər. Bazarda belə bir tələbat olduğunu görən bank olmayan kredit təşkilatları isə lombardda girovu olan vətəndaşı özünə müştəri kimi cəlb edir. Əslində bununla problemi öz üzərinə götürmüş olur. Çünki lombarddan pul götürüb ödəyə bilməyən şəxslər problemli müştəri hesab olunurlar. Amma ortada girov olduğundan, bank olmayan kredit təşkilatları bu məsuliyyətin altına girirlər. Burada onların əsas məqsədi müştəri cəlb etmək, pul qazanmaqdır. Düzdür, bank olmayan kredit təşkilatlarının faizləri banklarla müqayisədə çox bahadır. Amma lombardlarla müqayisədə ucuzdur. Bu, borcun alınaraq daha baha qiymətə satılmasıdır".

S.Əliyevin sözlərinə görə, lombarddan qızılını çıxartmağa kömək edən kredit təşkilatı ilə yeni müqavilə bağlamaq vətəndaş üçün digər tərəfdən də sərfəlidir:

"Çünki lombardlara nəzarət yoxdur. Onların fəaliyyəti qanunla tənzimlənmir. Bank olmayan kredit təşkilatları isə Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir. Onlarda lombardlar kimi qəflətən bağlanaraq girovun batması mümkün deyil".

İqtisadçı bildirir ki, lombardların faizi çox baha, aylıq 5 faiz olur. Kredit təşkilatlarının isə faizi bir qədər aşağı - aylıq 1 faiz civarında olur: "Bu gün lombardlarla müqayisədə kredit təşkilatlarının faizi aşağıdır".

Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzən vətəndaşlar lombardlardan çox etibarsız olduğu üçün imtina edirlər: "Bəzi insanlar çətin duruma düşəndə girov qoyub lombarddan pul götürürlər. Amma az müddət sonra səhv etdiyini anlayır, lombardda girovun hər an batma ehtimalının olduğunu anlayır. Çünki əksər hallarda lombardlar bir ay fəaliyyət göstərir, qızılı yığıb ofisi bağlayırlar. Buna görə də, vətəndaşlar lombardlardan girovu çıxartmaq istəyirlər. Bank olmayan kredit təşkilatları da bunları nəzərə alaraq lombard müştərilərini özünə yönəldir. Onların kredit faizləri lombardlarla müqayisədə qismən aşağıdır. Həmçinin lombard girovu müştəri borcu ödəyəndə asanlıqla satır və yaxud özününküləşdirir. Bank olmayan kredit təşkilatı isə məhkəmə qərarı olmadan həmin girovu sata bilmir. Üstəlik, lombardla müqayisədə müştərinin ödədiyi məbləğ girov satılarkən nəzərə alınır. Bütün bunlara görə bank olmayan kredit təşkilatları lombardlarla müqayisədə daha etibarlı və sərfəlidir".

Qeyd edək ki, lombardlarla bağlı qanun layihəsi artıq Milli Məclisdə iki oxunuşdan keçib. Yaxın zamanda lombardların da fəaliyyəti qanunla tənzimlənəcək.

4
Teqlər:
vətəndaş, müqavilə, faiz, bank, borc, qızıl, lombard, Azərbaycan
Xırdalanda uşaqlar, arxiv şəkli

Uşaq ikili standartın çərçivəsində: internetdə bir fikir var, valideyndə başqası

12
(Yenilənib 22:30 23.11.2020)
Noyabrın 20-si Ümumdünya Uşaqlar Günüdür. BMT Baş Assambleyasının 1954-cu ildə qəbul etdiyi №836 saylı qətnaməsində bütün dövlətlərə uşaqların şərəfinə bu bayramın keçirilməsi tövsiyə olunub. Bu məqalə gec dərc olunsa da, həmin günə həsr olunub.

Post-sovet məkanında adətən iyunun 1-ni Uşaq Hüquqlarının Müdafiəsi Günü kimi qeyd etmək qəbul olunub. Dünyanın bir çox ölkəsində uşaq hüquqları, onların problemləri ilə bağlı bir çox normativ aktlar və mütərəqqi qanunlar mövcuddur. Bununla belə, uşaq problemi hələ də aktuallığını saxlamaqdadır.

Çində uşaq oğurluğu problemi olduqca aktualdır

Uşaq gününü qəbul etmək nəyə lazım idi? Müasir dünya olduqca çətin problemləri ortaya qoyur. Hər gün texnoloji yenilik gündəmə gəlməsi yeni problemləri yaradır. Hər yeni mərhələdə yeni çətinliyi dəf etmək, bu işlərin uşaqlara təsirini aradan qaldırmaq lazım gəlir. Dünya üzrə ümumi qanunvericilik olmadığına görə, bəzən hər ölkə üzrə anlaşılmaz problemləri müşahidə edirik.

Məsələn, dünyanın ən qüdrətli ölkələrindən biri olan Çində uşaq oğurluğu problemi olduqca aktualdır. 1970-2015-ci illərdə ölkədə mövcud olan bir uşaq siyasəti böyük cinayətkar qrupların yaranmasına şərait yaradıb. Uşağı olmayan ailələr oğurluq yolla qaçırılmış uşaqları almaqla arzularına çatarmışlar. Əsil valideynlərin isə bəxtinə illərlə itirilmiş övladı axtarmaq qalırmış. Hətta bu gün də Çində minlərlə uşağın oğurlanması, kənara satılması, uşaq əməyinin istismarı, uşaqların cinsi istismarına rast gəlinir. Uşaqlara şikəst edib dilənçiliyə məcbur edən xüsusi qruplar da var. Maraqlı hallara da rast gəlinir.

İki yaşında itmiş Mao İn yalnız 30 il sonra öz valideynlərinə qovuşa bilib. 1988-ci ildə onu oğurlayıb başqa bir ailəyə satıblar. Uşağın anası Li Szinçji və atası Mao Szinçji övladlarını tapmaq üçün minlərlə elan yerləşdirib, çox miqdarda vəsait xərcləyiblər. Ana hətta öz işini tərk edərək həyatını oğlunun axtarışına sərf edib. İllərlə televiziya ekranından danışan Li heç vaxt ümidini itirmədiyini deyib. 2007-ci ildə övladlarını itirmiş valideynlərin qrupuna da qoşulan Mao və Li 2020-ci ildə övladlarına qoşula biliblər. Başqa regionda tapılan 34 yaşlı Qu Ninin DNT analizi verdikdən sonra hər şey aşkarlanıb.

Bu uşaqların nə təhsili var, nə də gələcəyi

Əslində belə hallar elə də tez-tez baş vermir, itirilmiş övladı tapmaq hər valideynə qismət olmur. Uşaq əməyinin istismarı, uşaqların təhsildən kənarda qalması, kasıblıq ucbatından uşaqların sağlamlığı itirməsi hallarına daha çox rast gəlinir. Afrikanın elə ölkələri var, orada elə uşaq özünü tanıyandan zibildə eşələnməklə məşğuldur. Yəni uşaq elə zibillikdə doğulur, böyüdükdən sonra orada pula satıla biləcək materialları toplayıb təhvil verir, min cür xəstəlik taparaq tez də həyatdan gedir. Bu uşaqların nə təhsili var, nə də gələcəyi.

Ekstremal halları kənara qoysaq, elə adi günümüzdə də xeyli çətinlik var. Ötən əsrin 70-ci illərində orta məktəbin 1-ci sinfinə gedən uşağın 7 yaşı olmalı idi. 6 yaşında uşağı götürməzdilər. Hazırda yaş həddi 6-ya endirilib, hətta ilin sonunda 6 yaşı tamam olanlar artıq sentyabrda məktəbə gedə bilərlər. 5 yaşlı uşaq artıq tədris prosesinə qoşulmalıdır. Özü də bu müddətdən öncə bu günün uşaqları həm bağça sistemindən keçir, həm də məktəbəqədər hazırlıq prosesindən.

Valideynin uşağına təsir etmək imkanı gün gündən azalır

Bu günün uşağı faktiki uşaqlığını keçirə bilmir. Elə doğulduğu gündən ətrafında onlarla texniki vasitə ilə üzləşir. 100-lərlə kanalı və internetə çıxışı olan televizor, müxtəlif növ planşet, smartfon, oyun qurğuları uşaq həyatının ayrılmaz hissəsinə çevrilir. Uşaq dəhşət dərəcədə yüklənir. Özünə qapanan, autizm xəstəliyinə düçar olan uşaqlarla yanaşı xeyli sayda hiperaktiv uşaqlar da peyda olub. Kimi telefonu əlinə alıb özünə qapanır, kimi də mənasız videoya baxıb ev-eşiyi dağıdır.

Valideynin uşağına təsir etmək imkanı gün gündən azalır. Uşağı daha çox internet resursları tərbiyə edir. Başqa insanların, digər millətlərin davranış modelləri valideynin dediyindən daha çox əhəmiyyət kəsb etməyə başlayır. İnformasiya kanalları çoxalıb deyə nəyinsə qarşısını da almaq olmur. Valideynin texniki bacarığı da bəzən uşağın bildiyindən zəif olur. Zet nəslinin nümayəndələri anında istənilən qurğudan baş çıxarır, özlərinə maraqla olan məlumatı hər yerdən tapa bilirlər.

Azərbaycanda nəsillər arasında sözün əsl mənasında bir ciddi anlaşılmazlıq var. Milli-mental dəyərlər aşılanır, bəzən bu yöndə olan fikirlər uşaqda gülüş doğurur. Muğamat dinləmək əvəzinə uşaq məşhur bloqçunun videosunu izləməyə, dolma-plov yerinə isə hamburger yeməyə üstünlük verir.

Bir-birini anlamamağın səbəblərindən biri də patriarxal cəmiyyətə məxsus ata kultunun olmasındən, uşağa bir şəxsiyyət kimi yanaşmamaqdan irəli gəlir. Uşaqla danışmaq, onun problemlərini anlamaq əvəzinə elə “mən dedim, deməli belə olacaq” fikrinə üstünlük verilir. Zaman isə dəyişib, bu günün valideyni çox zaman uşağı üçün layiqli nümunə ola bilmir, bir şeyi deyir, amma əksinə hərəkət edir. Telefonla oynamağı qadağan edir, amma səbəbini demir. Özü qazlı rəngli içkiyə üstünlük verir, amma övladına deyir, olmaz. Uşaq daim ailədaxili ikili standartların çərçivəsində yaşamalı olur. İnternetdə bir fikir var, valideynin beynində başqası.

Valideyn də uşaq üçün ən əhəmiyyətli nümunədir

Valideyn-uşaq münasibətlərini dünyanın bir çox ölkəsində ciddi araşdırırlar. Tez-tez hər hansı bir tədqiqatın nəticəsi də açıqlanır. Yüzlərlə kitab, təlimat yaradılıb. Nəyisə bilmirsənsə, uşaq psixoloqundan tutmuş ən müxtəlif növ mütəxəssisə müraciət edə bilərsən. Ölkə var, uşağa fastvud yeməyi qətiyyətlə qadağan edilib. Hər dərsdə onun ziyanından danışırlar. Baxırsan, belə qida satılan şəbəkəyə turistdən başqa heç kim getmir. Valideyn də uşaq üçün ən əhəmiyyətli nümunədir.

Bir ölkə, toplum olaraq yeni dönəmdə “uşaqlara münasibətdə necə davranmalıyıq” sualına cavab axtarmalıyıq. Uşaq valideyndən çox zəmanəsinə bənzəyir deyə, valideyn zamanın nəbzini tutmağı bacarmalı, uşağa irəlidə gedən bir flaqman kimi yol göstərməlidir.

12
Teqlər:
uşaqlar