Televizor

Azərbaycan telekanalları əhalinin gözündə "ölüb"

170
(Yenilənib 15:41 16.02.2016)
Yerli teleməkanımızdan "qaçanların" sayı günü-gündən artır. Əcnəbi kanalların həyatımızın ayrılmaz hissəsinə çevrilməsi mütəxəssisləri ciddi narahat etməyə başlayıb.

BAKI, 16 fev — Sputnik. Azərbaycan teleməkanının problemləri tək mütəxəssisləri deyil, sıravi vətəndaşları da daim narahat edir. Ölkədə yerli telekanallara baxanların sayının günü-gündən azalması və xarici kanalların sürətlə həyatımıza girməsi, aydınlarımızı əndişələndirən ən ciddi problemlərdən birinə çevrilib.

Yerli televiziyalarımıza baxırıqmı? Telekanallarımızda nələr bizi qane edir, nələr etmir? Televiziyalarda nələri görmək istəyirik? Sputnik bu suallara cavab tapmaq məqsədilə bir neçə media nümayəndəsi arasında kiçik rəy sorğusu keçirib. Nəticələri təqdim edirik:

Kamal Yaşar, mədəniyyət müxbiri
© Photo : Kamal Yashar
Kamal Yaşar, mədəniyyət müxbiri

Kamal Yaşar — mədəniyyət müxbiri: "Özüm də televiziya işçisi olduğum üçün, əlbəttə gedişatı izləyirəm. Ancaq bir tamaşaçı olaraq bir-iki istisnanı çıxmaq şərtilə, ümumi efirimizi ürəkaçan hesab etmirəm. Bayağılıq, bazar ab-havası, ləhcəli və kobud danışıq, adi etiket qaydalarını belə bilməyən aparıcıların mövcudluğu, efirin sırf kapital mənbəyinə çevrilməsi və s. kimi məsələlər məni qane etmir. Telekanallarımızda intellektual və maarifləndirici verilişləri, öyrədici proqramları, məxsusən bölgələrimizlə bağlı maraqlı araşdırma tipli (gedib kənd toyu çəkmək yox) verilişləri, intellektual şouları, aktyorlarla, ünumiyyətlə teatr və kino ilə, sənətlə əlaqəli verilişləri və maksimum savadlı aparıcıları görmək istəyirəm".

Kamran Yunis — aktyor, dublajçı: "Azərbaycanda televiziyalara baxmıram. Çünki, hər mənada yalanlarla doludur. Cəfəng, boş şoularla efir zəbt olunub. Yalançı səmimiyyət məkanıdır televiziyalarımız. Millətin durumundan xəbərsiz verilişlər, insanların gərilmiş əsəblərini bir az da tarıma çəkir. Yalançı səmimiyyət isə göz önündədir. Kanallarımızda Azərbaycanın adına yaraşan verilişlər görmək istəyirəm".

Kamran Yunis, aktyor
© Photo : Kamran M. Yunis
Kamran Yunis, aktyor

Vüsal Qarayev — jurnalist: "Kanallarımıza baxmıram. Çünki, Azərbaycanda bütün kanalların iş prinsipi yalan üzərində qurulub. Bir ölkədə bir dənə dövlət kanalı olar. Bizdə isə bütün kanallar asılıdır. Televiziya kanalları insanları manqurtlaşdırmaq üçün, düşündürməmək üçün əllərindən gələni edir. Fikir verin, bütün kanallarda eyni tipli verlişlər, qonaqlıq, gəzmək, çalıb-oynamaq göstərilir. Onu görmək istərdim ki, televiziya kanalları insanların problemini ictimailəşdirsin, vətəndaşa olan haqsızlıqları, insanların dərdini-sərini göstərsin".

Vüqar Hüseynov — APA televiziyasının direktoru: "Telekanalların əksəriyyətini izləyirəm. Lakin konkret olaraq hansısa telekanalın izləyicisi deyiləm. Hər telekanalda maraqlı layihələr olur. Əsasən xəbər yüklü proqramları izləyirəm. Həftəsonu imkan olduqca Mədəniyyət kanalında retro verilişlərə baxıram. Telekanallarda qane etməyən məqam layihələrin bir-birini təkrarlamasıdır. Kanalların texniki imkanları və kadr potensialı daha maraqlı layihələr etməyə imkan verir, məncə bunu dəyərləndirmək lazımdır.Telekanalların işini xəbər konseptində qurmasını daha çox istərdim. Və bir də şou proqramların sayının azaldılmasını, maarifləndirici, xəbər yüklü, tarixə dair proqramların sayının artırılmasını arzulayıram".

Вугар Гусейнов

Sədaqət Raufqızı — radio aparıcı: "Yerli telekanallarımıza baxıram. Kanallarda məni bir tamaşaçı olaraq qane etməyən çox şey var. Əslində hər kanal özünəməxsus fərqlilik nümayiş etdirir. Amma eyni xətt üzrə yayıma cəhd etsələr də, alınmır. Sırf əyləncə kanalı olaraq fəaliyyət göstərmək istəyir, amma bayağılıq göstərirlər. Təkrarçılıq çoxdur, bu da yorucudur. Yəni biz ən yaxşı olmağa cəhd edirik, amma nədənsə nail ola bilmirik buna. Bəlkə nə vaxtsa direktor olsam, çalışaram ki, daha çox interaktivlik prinsipini ortalığa qoyum. Hər yaş kateqoriyası nəzərə alınmalıdır, yəni tamaşaçının televiziyaya baxma vaxtına görə verilişlər yaradılmalıdır. Daha kütləni yaş kateqoriyasına bölməklə verilişlər kanallar arasında bölünməməlidir. İstənilən kanal muğam, rok, caz və s. səsləndirməlidir".

Nəriman İsmayılov — operator: "ATV kanalına arada baxıram. Maraqsız verilişlər çox olur, ona görə baxmağa dəyməz. Televiziyalarda reallığı görmək istərdim".

170
Teqlər:
Nəriman İsmayılov, Sədaqət Raufqızı, Vüqar Hüseynov, Vüsal Qarayev, Kamran Yunis, Kamal Yaşar, telekanal, televiziya
Əlaqədar
100-dən çox televiziya kanalı bağlanacaq
Azərbaycan Televiziyası – 60
Jurnalist təşkilatı ölkə telekanallarını “topa tutdu”
Telekanal bağlanır
Böhran ödənişli televiziya bazarına necə təsir göstərib?
Abşeron tutu

Xəzrinin musiqisi, samovar çayı, tutlu plov: yaşlıya savab, cavana səhhət

8
(Yenilənib 22:56 10.07.2020)
Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar

BAKI, 10 iyul — Sputnik. Abşeronun tutu başqa aləmdir. Hər həyətdə bir-iki tut ağacı salmaq hələ dədə-babadan adət olub. Tutu əkən həmişə savab sahibidir, çünki ağacın kölgəsi sərinlik verir, meyvəsinin isə dadından doymaq olmur. Yayın cırhacırında bəzən hündürlüyü ikimərtəbəli ev boyda olan tut ağacının altında xəzri küləyinin musiqisini dinləmək, samovar çayı içmək qədər gözəl bir nəsə tapmaq çətin məsələdir.

Abşeronun xartutu əvəzolunmaz bir bitkidir

Tut ağacını həyətində əkən şəxs bir növ səxavətli insan kimi tanınır, çünki istəsən də, istəməsən də, mövsüm dövründə bütün məhsulu yığıb qurtara bilməzsən. Qonşuya, qohuma pay yollamalı olursan, ətrafdakıları tut yığmağa dəvət etməlisən. Tutu quruda, ondan mürəbbə və bəkməz hazırlaya bilərsən. Qışın soyuq günlərində insana güc-qüvvə verər tutdan hazırlanan məhsullar.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Abşeronda tutun onlarla növünə rast gəlinir. Şahtut, bidanə, tehrani, muştut, xartut kimi müxtəlif sortları yarımadanın hər yerində əkilib. Şahtut və muştut ilk məhsulunu artıq mayın sonunda verir. Tehrani iyunun sonuna tükənir. Bidanə isə iyulun yarısına kimi məhsulunu ağacda saxlayır. İyun ayı küləkli keçsə, bəzən tutun hamısı yerə tökülür. Küləksiz illərdə isə tut elə ağacda quruyur, toplayıb qışa ehtiyat kimi saxlamaq olar.

Abşeronun xartutu isə əvəzolunmaz bir bitkidir. Qanı aşağı olan, vitamini çatmayan şəxslərə məsləhətdir. Gözəl turşməzə dadı olur, hemoqlobini artırır. Hamilə qadınlara məsləhətdir. Toplayıb kənara qoyduqda, tez bir zamanda özündən xeyli şirə buraxır. Bazarlarda xartutun şirəsini ayrıca stəkanla satırlar. Tutların içində ən bahalısı sayılır. Əvəzsiz məhsuldur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir

Tutun yaxşı sirkəsi də olur. Amma üzümdən fərqli olaraq mütləq tərkibinə bir neçə element əlavə edilir. Qara çörək, kömür və paslı mismar sirkəni tündləşdirir. Tut qaraciyərin dərmanıdır deyə, tut sirkəsi və tut bəkməzi qaraciyər üçün xeyirlidir.

Bidanə tutların içində möhtəşəmliyi ilə seçilir. Fars dilindən alınma söz olan “bidanə” tumsuz, toxumsuz mənasını verir. Toxumu yoxdur deyə, mürəbbəsi dadlı olur. Şirinliyi də normadadır. Bidanədən həm də çox gözəl bir yemək hazırlanır: tutlu plov. Ağdam və Ağcabədi zonasında məşhur olan tutlu plovu ən azı ildə bir dəfə tut mövsümündə bişirmək olar. Düyü qədər də tut tələb olunur. Kərə yağı, tut və düyüdən hazırlanır. Tut çırpılır, təmizlənir, qazana düzülür, yağda bişirilir, üzərinə də düyü əlavə edilir. Dadından doymaq olmur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Qaratut və muştutun şirinliyi az olur, şəkərdən uzaq durmaq istəyənlər üçün daha məsləhətlidir. Gözəl mürəbbəsi alınır. Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir. Yerə tökülür, bir çox canlını qidalandırır. Qarışqalar elə hey tutdan daşıyırlar, qışa hazırlaşırlar. Həyətində toyuq-cücə, qaz-ördək saxlayanlar tutun qiymətini yaxşı bilirlər. Tutun qurumuş budaqları həm samovara, həm də manqala yarayır, çünki bərk oduncağı var, istisi çox olur. Bacaranlar kömür də hazırlaya bilərlər. Tut ağacından hər hansı bir əşya illərlə sahibinə xidmət edə bilər. Yaxşı ət taxtası, odun doğramaq üçün kötük düzəltmək olar, dekorativ işlər üçün material kimi yararlıdır. Tutdan musiqi alətləri də düzəldilir. Əsasən, tarı tut ağacından hazırlayırlar. 

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Gövdəsi insanın boynu yoğunluğunda oldusa, demək, ömrünün sonu yaxınlaşır

Tutla bağlı Azərbaycan miflərində xeyli maraqlı təsəvvürə rast gəlirik. Tutu kəsmək günah sayılır, tutu kəsənin başına çox bəla gələr deyirlər. Xartut Bakı əhli üçün müqəddəs sayılır, amma həm də ağır ağacdır, deyirlər, gərək tutu cavan adam əkməsin. Elə ki, xartutun gövdəsi insanın boynu yoğunluğunda oldu, demək, həmin şəxsin ömrünün sonu yaxınlaşır. Məsləhətdir, xartutu yaşı əllidən yuxarı olan birisi əksin. Tut əkən onu adətən özü üçün yox, özündən sonra gələn nəsillər üçün əkir. Elə xartutun böyüməsinə heç 20-30 il bəs eləmir bəzən.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tutu sevməyən də az deyil, həyətini təmiz görmək istəyən, zir-zibili yığışdırmaqdan bezənlər ən radikal metoda, yəni ağacı doğramağa belə əl atırlar. Həm də əgər bağı başlı-başına buraxsan, elə ətraf qonşular bütün günü həyətdən tut daşımaqla məşğul olacaqlar. Tut yoxdursa, deməli, həyətinə girən də yoxdur. Son 30 ildə tut ağacları həm də xalq arasında “amerikan qurdu” deyilən bir bəla ilə rastlaşıb. Yaşıl rəngli qurd ağacda əməlli-başlı tor salaraq bütün yarpaqları məhv edə bilər. Nə qədər mübarizə etsən belə, çox zaman faydası olmur. Bağ əhli əlində qayçı tutu budayır, qurdları yandırır, ağacı dərmanlayır. Amma qonşuda varsa, bir müddət sonra yenə əmələ gəlir. Niyə bu qurda “amerikan qurdu” deyirlər, məlum deyil, amma əsasən SSRİ dağılandan və sərhədlər açılandan sonra əmələ gəlib. Ola bilər, haradasa xaricdən gətirilib.

Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar.

8
Əlaqədar
Koronavirus bizə çətin qalib gələ, çünki bizim ona qarşı silahımız var
Bir gün yeməsək, marketdən uzaq dursaq, okeana bərpa olmaq şansı verərdik
Açılan süfrələrdə yeri görünər hər an: İtirdiyi mövqeyə qayıdacaqmı zəfəran?
Sarımsaqdan zəncəfilə kimi: antiseptik ədviyyələr nə qədər effektlidir?
Koronavirusdan sağalmağın yolu xəstələnməkdən keçir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, arxiv şəkli

Vüsal Qasımlı: "Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya zəmanət verəcək"

3
(Yenilənib 21:40 10.07.2020)
"Pandemiyanın yaratdığı risklər və karantin rejimi bankların risk antipatiyasını artırır. Bu mənada dövlətin müdaxiləsinə ehtiyac yaranıb".

BAKI, 10 iyul — Sputnik. "İndi bank sektorunun qarşısında əsas çağırışlardan biri öz vəsaitlərini daha çox yerləşdirməkdir, başqa sözlə, kredit portfelini böyütməkdir". Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bankların müştərilərə verdikləri kreditlər pandemiya başlayandan - bu ilin fevralından aybaay azalır: "Bu ilin mart-may aylarında kredit portfeli 6,1 faiz azalaraq 14,4 milyard manata enib. Burada bankların lisenziyasının alınması da təsir göstərib. Hansı ki, bankların nağd vəsaitləri, Mərkəzi Bankda və başqa banklarda müxbir hesablardakı vəsaitləri, həmçinin qiymətli kağızlarının həcmi böyüyür. Pandemiyanın yaratdığı risklər və karantin rejimi bankların risk antipatiyasını artırır. Bu mənada dövlətin müdaxiləsinə ehtiyac yaranıb".

Vüsal Qasımlı bildirib ki, manatın sabitliyi, inflyasiyanın təkrəqəmli həddə nəzarətdə olması, əmanətlərin tam sığortalanması, problemli kreditlərin həlli və bəzi bankların sektordan uzaqlaşdırılması bu sahənin sağlamlığını qorumaq üçün baza tədbirləridir: "Sadalananlarla kifayətlənməyən dövlət bankların kredit portfelinin genişlənməsini dəstəkləyir".

Onun sözlərinə görə, pandemiyadan zərər çəkən sahibkarlara bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması problemli kreditlərin yaranmasının qarşısını alacaq: "Belə ki, sahibkarlar tərəfindən alınacaq yeni 500 milyon manatlıq kreditin 60 faizi - 300 milyon manatlıq hissəsi dövlət zəmanəti ilə təmin ediləcək. Yeni veriləcək kreditlərə görə zəmanət - Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına olacaq. Subsidiya yeni kreditlərə illik faiz dərəcəsinin 50 faizi həddində veriləcək".

"Eyni zamanda 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrdə sahibkarların kreditlərinə 10 faiz subsidiya təqdim olunacaq. Faiz dərəcəsi 10-dan aşağı olarsa, subsidiya kreditin faiz dərəcəsi həcmində verilir. Azərbaycanda orta kredit faizi və inflyasiyanı nəzərə alanda, bu yolla sahibkarlar üçün maliyyə vəsaitinin ucuzlaşması təmin olunur", – deyə o davam edib.

V.Qasımlının sözlərinə görə, mövcud 1 milyard manatlıq kredit portfeli üzrə faiz subsidiyaları, habelə yeni kreditlərə 500 milyon manatlıq portfel üzrə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması, bütövlükdə 1,5 milyard manat kredit portfelinə dəstəkdir: "Bu isə ölkə üzrə hazırkı kredit portfelinin 10 faizindən daha çoxdur.

 Bundan başqa, pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Mərkəzi Bankın maliyyə bazarlarına dəstək istiqamətində qəbul etdiyi proqram üzrə – requlyativ tətil, istehlakçı hüquqlarının qorunması, rəqəmsallaşmaya keçidin sürətləndirilməsi, maliyyə inklüzivliyinin artırılması, onlayn xidmət kanallarının təşviqi, maliyyə intizamının qorunması, maliyyə dayanıqlılığına dəstək istiqamətində icrası nəzərdə tutulan tədbirlər əks olunub. Maliyyə bazarları üzrə icrası nəzərdə tutulan tədbirlər-bank sektoru, sığorta bazarları və kapital bazarlarını əhatə edir".

Vüsal Qasımlı qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu, İnnovasiyalar Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Gənclər Fondu, Aqrolizinq, İpoteka və Kredit Zəmanət Fondu, "Maarifçi" Tələbə Kredit Fondu, Azərbaycan İnvestisiya Şirkəti və investisya təşviqi sənədi kimi mexanizmlərlə dövlət ucuz maliyyə vəsaitlərinə və aktivlərə çıxışı asanlaşdırır: "Bununla yanaşı, kreditlərin bazar faizi və iqtisadiyyatın məhsuldarlıq səviyyəsi arasında lazımi nisbətin qurulması üçün kompleks fəaliyyətlər davam etdirilir. Ən əsası odur ki, bank kreditləri iqtisadi artımı dəstəkləsin".

3
Ermənistanda Rusiya hərbi bazası, arxiv şəkli

Ermənistan Rusiya ilə hərbi əməkdaşlığı davam etdirəcək

0
(Yenilənib 22:24 10.07.2020)
Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müdafiə və təhlükəsizlik sahələrində Rusiya ilə hərbi-siyasi, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edib.

 

BAKI, 10 iyul — Sputnik. Ermənistan yeni milli təhlükəsizlik strategiyası çərçivəsində Rusiya ilə hərbi əməkdaşlığını davam etdirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında yerləşdirilən strategiyanın mətnində bildirilir.

Qeyd olunur ki, Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müdafiə və təhlükəsizlik sahələrində Rusiya ilə hərbi-siyasi, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edib.

Sənəddə, həmçinin vurğulanır ki, Yerevan üzv-ölkələrin maraqlarının effektiv şəkildə qorunması və strukturun institusional imkanlarının genişləndirilməsi naminə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə təşəbbüslərdə aktiv şəkildə iştirak edir: "Ermənistan təşkilatın effektivliyinin artırılması və üzv ölkələrinin biri-birinə münasibətdə müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsi istiqamətində işlərini davam etdirəcək".

Sənəddə ABŞ-la əməkdaşlıq kontekstində hərbi-siyasi məsləhətləşmələrin və institutların islahatlarına yönələn qarşılıqlı əlaqələrin vacibliyi vurğulanır.

Sənəddə, həmçinin siyasi, ticari-iqtisadi, müdafiə və mədəni-humanitar sahələrdə Rusiya ilə strateji və müttəfiqlik əlaqələrinin inkişafı Yerevanın xarici siyasətində əsas prioritetlərindən biridir.

0