Наркотики

Azərbaycanın bu bölgələri "Kolumbiyaya" çevrilir

9328
(Yenilənib 14:13 03.02.2016)
Regionlar sosial-iqtisadi problemlər məngənəsində boğulur. Jurnalistlər təmsil etdikləri rayonlardakı dəhşətli vəziyyətdən danışırlar.

BAKI, 3 fev — Sputnik. Ekspertlər manatın devalvasiyası, xaricə kapital axını, neft qiymətlərinin aşağı düşməsi fonunda qiymətlərin artmasının fevral ayında respublikada vəziyyəti daha da ağırlaşdıracağını proqnozlaşdırıblar. Bu böhran dalğasının regionlara xüsusilə mənfi təsir göstərəcəyi də qeyd olunan proqnozlar arasındadır. Bəs son bir ayda ölkədə baş verənlərin fonunda regionların sosial-iqtisadi vəziyyəti necədir? Ölkənin regionlarını təmsil edən tanınmış jurnalistlər ümumi vəziyyət barədə fikirlərini Sputnik-lə bölüşüblər.

"Aqil Abbas hamını soğan əkib-becərməyə çağırdı, Ağdam fermerlərinin tonlarla soğanı anbarda məhv oldu"

Elman Cəfərli, jurnalist
Elman Cəfərli, jurnalist

"Cümhuriyət" qəzetinin Ağdam rayonundan olan redaktoru Elman Cəfərli: "Ağdamın Azərbaycanın nəzarətində olan 38 kəndində yaşayış davam edir. Rayonun elə kəndi var ki, düşmənlə təmas xəttinə çox yaxındır. Bu insanların təmas xəttinə yaxın ərazidə yaşamasını stimullaşdırmaq üçün müəyyən addımlar atılmalıdır. Bəzi kəndlərin yolları bərbad vəziyyətdədir. Prezident keçən yolları asfaltlamaqdansa, kəndlərarası yolları təmir etmək lazımdır. Rayonun mərkəzi olan Quzanlının elə küçələri var ki, palçıq dizə çıxır.

Ağdam əhalisinin əsas problemi işsizlikdir. İşğaldan öncə Ağdam ölkənin ən varlı, məhsuldar rayonlarından biri idi. Sovet vaxtı rayon iqtisadiyyatının əsasını pambıqçılıq, üzümçülük, şərabçılıq, baramaçılıq, heyvandarlıq təşkil edirdi. Bu sahələri inkişaf etdirmək üçün bu gün də imkan var.

Dövlət bu istiqamətdə addımlar atmalı, kəndli əməyinə dəyər verilməlidir. Fermerlərə subsidiyalar verilməli, dizel yanacağının qiyməti aşağı salınmalıdır. Hörmətli deputat Aqil Abbas hamını soğan əkib-becərməyə çağırdı. Ancaq heç soruşan olmadı ki, becərilən məhsulu satmağa imkan varmı. Ötən il Ağdam fermerlərinin tonlarla soğanı anbarda məhv oldu. Çünki kəndli məhsulunu bazara çıxara bilmədi".

"Qərb bölgəsində banka borcu olmayan ailə tapmaq çətin məsələdir"

Elçin Rüstəmli, jurnalist
Elçin Rüstəmli, jurnalist

"Bizim Yol" qəzetinin Tovuz rayonundan olan baş redaktor müavini Elçin Rüstəmli: "Azərbaycan regionlarında əhalinin gəlirləri bir neçə mənbədən formalaşır. Kənd təsərrüfatı məhsullarının satışından gələn vəsaitlər, paytaxtda və Rusiyada işləyənlərin göndərdikləri vəsaitlər, pensiya, müavinət və maaş alanların dövlətdən əldə etdiyi gəlirlər.

Neftin qiymətinin kəskin ucuzlaşmasından yaranan böhran bütün istiqamətlərdə insanların gəlirlərinin kəsilməsinə və dəyərsizləşməsinə gətirib çıxarıb. Rusiyada iqtisadi vəziyyətin ağırlaşması orada çalışan azərbaycanlıların (onların içində ölkənin Qərb bölgəsindən olanlar üstünlük təşkil edir) gəlirlərinin azalmasına, bir çox hallarda kəsilməsinə gətirib çıxarıb. Bundan başqa, rublun dəyərsizləşməsi də onların işləyib Azərbaycana göndərdikləri vəsaitlərin dəyərini azaldıb.

Regiondan gəlib Bakıda müvəqqəti iş tapan vətəndaşlarımızın gəlirləri kəskin azalıb, onların əksəriyyəti iş yerllərini itirdiyindən geri qayıtmalı olublar. Neft bumu hesabına tikinti sektorunda, xidmət sahəsində iş tapanlar hazırda işsizlər ordusuna qoşulub. Manatın bir il əzrində 100 faizdən çox dəyərdən düşməsi, ərzaq və gündəlik tələbat mallarının kəskin bahalaşması bölgə əhalisinin dövlətdən aldığı vəsaitləri yarıbayarı dəyərsizləşdirib.

Eyni zamanda kənd təsərüfatı məhsullarının istehsalı zəifləyib (çünki maya dəyəri yüksəlib), satış bazarı daralıb. Əhalinin dövlət subsidiyalarına, ucuz kreditlərə əlçatanlığı çox aşağı səviyyədədir. Banklar yüksək faizli kreditlərlə əhalinin gəlirlərini mənimsəyir, onları kölə vəziyyətinə salıb. Bu gün Qərb bölgəsində banka borcu olmayan ailə tapmaq çətin məsələdir.

Daha bir problem sərhəd bölgəsində yaşayanlarla bağlıdır. Burada yaşayan əhali Gürcüstanla ticarət edib gündəlik təlabatlarını ucuz qiymətə əldə edirdilər. Onlar həm də satmaq üçün kiçik həcmdə olsa da, ərzaq, gündəlik tələbat mallarını ölkəyə gətirib müəyyən qazanc əldə edirdilər. Hazırda devalvasiya, gömrük rejiminin sərtləşdirilməsi gəlirləri buradan çıxan insanların da sosial vəziyyətini ağırlaşdırıb".

"İşsizlik Mingəçeviri "Kolumbiyaya" döndərib"

Sputnik-in Mingəçevirdən olan əməkdaşı Fuad Həsənov deyib: "Mingəçevir istər sovetlər dövründə olsun, istərsə də müstəqillik dövründə, Azərbaycanın ən təmiz və gözəl şəhərlərindən biri olub. Lakin şəhərin gözəl və təmiz olması sosial problemlərin üzərini ört-basdır edə bilmir. Müstəqillikdən sonra bu şəhərdə işsizlik böyük problem olub və problem olmaqda da davam edir.

Lakin bəla təkcə işsizlik deyil, işsizliyin özü ilə gətirdiyi mənəvi çöküşdür. Bəlkə çoxları bilmir, amma narkomanlar arasında bu şəhər "Qafqazın Kolumbiyası" adlanır.

İşsizlik nəticədə insanları zərərli vərdişlərə, eləcə də, narkomaniyaya meylləndirir. Bu şəhər əhalisinin, xüsusilə gəncliyin gələcəklə bağlı heç nəyə ümidləri yoxdur. İmkanı olan şəhəri tərk edib paytaxta, ya da xarici ölkələrə üz tutur. İmkanı olmayanlar isə dərdlərini unutmağın ən optimal yolu kimi zərərli vərdişləri seçirlər".

"Kosmetik dəyişikliklər aparıldı, amma…"

Kamil Həmidov, jurnalist
Kamil Həmidov, jurnalist

Gün.az saytının Göranboydan olan əməkdaşı Kamil Həmidov: "Göranboy rayonunun problemləri respublikanın digər rayonlarının problemləri ilə eynidir. İşsizlik, kasıblıq, ümidsizlik hər yerdə hökm sürür. Goranboy böyük kənd təsərrüfatı potensialına malik olan, meyvə-tərəvəzin bol olduğu rayon olsa da, əhali istehsal etdiyi məhsulu bazara çıxara, lazımi qiymətə sata və qazanc əldə edə bilmir.

Mən Goranboy rayonundan olsam da, Abşeron rayonunun Qobu qəsəbəsində yaşayıram. Məni tanıyanlar da bilir ki, Qobuda yaşağım bu illər ərzində hansı problemlərlə, çətinliklərlə, dözülməz şəraitlə qarşılaşmışam. Bu, Qobu da daxil olmaqla Abşeronun inkişafının hansı səviyyədə olduğunu göstərir.

Son illərdə Abşeron da daxil olmaqla regionlarımızın həqiqi inkişafına, tərəqqisinə nail olmaq olardı. Təəssüf ki, reallıqda bu baş vermədi. Bölgələrdə inkişaf adı ilə sadəcə, kosmetik dəyişikliklər aparıldı. İllər uzunu vətəndaşları narahat edən problemlər yerində sayır".

"İşsizlik Lənkəranda narkomaniyanın "çiçəklənməsi"nə şərait yaradıb"

Xaqani Səfəroğlu, jurnalist
Xaqani Səfəroğlu, jurnalist

Strateq.az saytının Lənkərandan olan redaktoru Xaqani Səfəroğlu: "Lənkərandakı əsas problemlərdən biri işsizlikdir ki, bu da əhalinin böyük hissəsini əhatə edir. Rayonda indi "Palsüd", "Azərsun Holdinq"in zavodları, "Gilan Holdinq"in meyvə-tərəvəz konserv zavodları tikilib, amma bu da işsizlik problemini həll etmir. Çünki orada işə götürülənlər sayca azdır. Əhalinin əksəriyyəti Rusiyaya gedib. Orada xırda ticarətlə məşğul olub, ailələrini dolandırırlar. Bütövlükdə ölkədə hansı problemlər mövcuddursa, onlar Lənkarana da aiddir.

Bu gün Lənkarının sferasında ən ciddi problem narkomaniya ilə bağlıdır. Problemin bir sıra səbəbləri var: birinci, İrana yaxın olmağımız, oradan narkotranzitin keçməsi. İkincisi, gənclər arasında işsizliyin olmasıdır ki, bu da narkomaniyanın artmasına səbəb olur. Hökumətin bu yöndə fəaliyyəti elə də qaneedici deyil. Statistika göstərilir, amma bu, heç nəyi həll eləmir.

Rayonun mərkəzi və bir sıra kəndlər qazlaşdırılsa da, ümumilikdə Lənkəranın qazlaşdırılması məsələsi hələ tam başa çatmayıb. Mavi yanacağın olmaması Talış meşələrinin qırılması ilə müşayiət olunur. Bundan əlavə, Lənkəranın kanalizasiya sisteminin qurulması ilə bağlı ciddi iş aparılmalıdır. Rayonda sovet dövründən qalma kanalizasiya xətləri var ki, bu da ildən-ilə artan şəhər əhalisini təmin eləmir. Lənkəranda kənd təsərrüfatı sahələrində ciddi kreditləşməyə ehtiyac var. Ölkənin başqa yerlərində əkilməyən, Lənkəranda becərilən spesifik bitkilər var ki, onları xarici ölkələrdən gətirincə, dövlət tərəfindən öz məhsullarımızın biznesini, istehsalını, əkinini stimullaşdırmaq olar.

Rayonda ikinci böyük problem isə çayçılıqla bağlıdır. SSRİ vaxtında ittifaq miqyasında Lənkəran çayçılığın mərkəzi kimi tanınır və burada kifayət qədər çay becərilirdi. Ümid edirəm ki, Lənkəranda çayçılğın inkişafı ilə bağlı dövlət proqramı qəbul olunacaq. Bunun üçün ilk növbədə sahibkarlara uzunmüddətli kreditlər verilməsi nəzərdə tutulmalıdır. Dəniz ilə bağlı məsələlər, eyni zamanda orada balıqçılığın inkişafı üçün böyük şərait var. Bu sahədə müəyyən işlər görmək olar, balıqçılıqla bağlı təkliflər ola bilər. Lənkəranda turizmi inkişaf etdirmək olar. Burada dağ turizminin inkişafı üçün yaxşı imkanlar var. Lənkəranda müalicəvi əhəmiyyətli bulaqlar var ki, onların ortaya çıxarılması üçün biznes strukturlarına, sahibkarlıq fəaliyyətinə stimul yaratmaq lazımdır ki, bu sahəni inkişaf etdirə bilsinlər".

"Radikal dini qruplaşmalara meyllənirlər"

Ann.az saytının Qaxdan olan əməkdaşı Şahpəri Abbasova: "Devalvasiya Şəki-Balakən bölgəsinin onsuz da ağır olan sosial-iqtisadi durumunu bir az da ağırlaşdırıb. Kolxoz və sovxozların dağılması ümumilikdə kənd təsərrüfatı sisteminin sıradan çıxmasına səbəb oldu. Torpaq bol olsa da, kəndlilərin torpağı əkib-becərmək imkanı olmadı. Nəticədə kənd təsərrüfatı sahəsi iflic vəziyyətə düşdü. Fermer təsərrüfatları isə inkişaf edə bilmədi. Çünki ölkədəki iri monopoliyalar yerli təsərrüfatların inkişafına, onların istehsal etdiyi məhsulları bazara çıxarmağa imkan vermədi. Maldarlığın inkişafı üçün zəruri olan örüş sahələri vəzifəli şəxslər, onların qohumları tərəfindən mənimsənildi. O bölgə üçün xas olan tütünçülük, üzümçülük, baramaçılıq təsərrüfatları məhv edildi. Fındıqçılıq qalsa da, əhali yerli monopolistlərə fındığı dəyər-dəyməzə satmaq məcburiyyətində qalır və nəticədə çox cüzi gəlir əldə edir.

Bölgənin zəngin təbiəti turizmin inkişafına imkan verirdi. Lakin bu fürsət də qaçırıldı. Ölkəyə iri neft gəlirləri gələn vaxt bölgədə turizmin inkişafı üçün çox cüzi iş görülsə də, xidmət sektoru inkişaf etmədi. Halbuki turizmin inkişafının başlıca şərtlərindən biri xidmət sektorunun inkişafı idi və bu bölgədə işsizliyi xeyli azaldardı.

Bu qədər resursları ola-ola, bu gün bölgənin nisbətən gənc əhalisi ya paytaxtdadır, ya da Rusiyada. Bölgədə qalan gənclər işsizlikdən əziyyət çəkirlər. Gəlirləri çox cüzidir. Bir çox hallarda onlar bölgədəki radikal dini qruplaşmalara meyllənirlər. Alkoqolizmə, narkomaniyaya meyl də getdikcə artır. İnsanlar adi keyfiyyətli tibbi xidmət almaq üçün Bakıya, ya da İrana üz tuturlar. Baxmayaraq ki, bu bölgənin savadlı insanları, sanballı kadr potensialı var, amma onlar işsizlik, kasıblıq girdabında boğulurlar. Gələcək onlara ölkəni tərk etməkdən başqa yaxşı heç nə vəd etmir".

"Dotasiyalar olmasa, blokada şəraitində yaşayan Naxçıvan üçün çox ağır olar"

Zaur İbrahimli, jurnalist
Zaur İbrahimli, jurnalist

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonundan olan araşdırmaçı-jurnalist Zaur İbrahimli: "Hazırda ölkədə müşahidə olunan iqtisadi böhran Naxçıvana çox neqativ təsir göstərməkdədir. Belə ki, dövlət sifarişlərinin, tikintilərin azalması iş yerlərinin bağlanmasıyla nəticələnir. Əhali Türkiyəyə miqrasiya etməklə vəziyyətdən çıxmağa çalışır. Digər tərəfdən Naxçıvan MR rəhbərliyi gömrük prosedurlarını sadələşdirməklə İran və Türkiyə ilə ticarəti və əhalinin ərzaq, gündəlik tələbat malları idxal etməsini stimullaşdırır. Eyni zamanda biznes kreditlərin, xüsusən kənd təsərrüfatı üçün verilməsinin genişləndirilməsi üçün tədbirlər görülür.

Son illər Naxçıvanda çox böyük miqyasda abadlıq işləri görülüb. Bütün yol, rabitə, enerji, su ilə təchizat infrastrukturu yenilənib. Amma məşğulluq problemi qalır. Blokada vəziyyəti mövcud potensialın tam istifadəsinə imkan vermir. Əhali Türkiyə, Rusiya və Bakıya üz tutur.

Naxçıvan iqtisadiyyatı üçün hazırda emal sənayesi, kənd təsərrüfatı, tikinti materiallarının istehsalının stimullaşdırılması aktualdır. Bununla belə dövlət büdcəsindən dotasiyalar olmasa, blokada şəraitində yaşayan Naxçıvan üçün çox ağır olar. Dəmir yolu əlaqəsinin bərpası isə vəziyyəti yüngülləşdirməyə imkan verərdi. Amma hələ ki, yaxın perspektivdə real görünmür. Bu baxımdan, Naxçıvan üçün iqtisadi inkişaf templərini hazırda saxlamaq daha çətindir. Amma insanlarımız artıq buna öyrəşib və hazırda populyar olan ifadədən istifadə etsək, dolanışıq üçün alternativ yollar axtarırlar. Yaxşı olar ki, ölkə rəhbərliyi Türkiyə ilə Azərbaycandan gedən əmək miqrantlarının vəziyyətinin yaxşıalaşdırılması üçün müzakirələrə başlasın. Bu, Naxçıvan sakinlərinə çox böyük töhfə olardı".

9328
Teqlər:
sakinlər, region, narazılıq, kənd təsərrüfatı, etiraz, krizis, devalvasiya, əhali, böhran, sosial
Əlaqədar
Bölgələrdə keçirilən etiraz aksiyaları ilə bağlı rəsmi məlumat yayılıb
Bölgələrdə qiymət artımına qarşı etiraz aksiyaları keçirilib
Azərbaycanın şimal bölgəsinə gedənlərə şad xəbər
Prezident İlham Əliyevin ölkənin şimal-qərb bölgəsinə səfəri başlayıb
ATƏT MQ həmsədrlərinin bölgəyə səfəri başlayır
Bəzi bölgələrdə havanın temperaturu yüksələcək