Mirhəsən Seyidov, İRƏLİ İctimai Birliyinin sədri

"Elə etməliyik ki, rəhbərin bizə ehtiyacı olsun..."

723
(Yenilənib 12:01 02.02.2016)
Mirhəsən Seyidov: "Avropa Gənclər Fondu bir ildə 25 ölkədə fəaliyyət göstərən gənclər təşkilatları üçün cəmi 2.5 milyon avro qrant ayırır, təkcə Azərbaycan Gənclər Fondu isə yerli QHT-lərimiz üçün ildə 5 milyon manat vəsait ayırır"

BAKI, 2 fev — Sputnik. 2 fevral Azərbaycanda gənclər günüdür. Ölkədə gənclərin durumu, bu istiqamətdə dövlət siyasəti, mövcud problemlər və uğurlarla bağlı Sputnik-in suallarını "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov cavablandırır:

- İrəlidə bizi gözləyən çətin ildə "İrəli"nin qarşısında hansı məqsədlər var?

— Bildiyimiz kimi, hər il bir ölkənin şəhəri Avropanın gənclər şəhəri seçilir. 2016-cı ildə Gəncə tarixi şəhər olaraq Avropanın gənclər şəhəri seçilib. Və beləliklə 2016-cı il ilin hədəfi Gəncənin Avropa gənclər şəhəri olmasında, Azərbaycan gənclər siyasətində yaxından iştirak edək və onlara bir növ dəstək verək. Gəncə gəncləri də sosial olaraq çox aktivdirlər və mən düşünürəm ki, bu il Gəncədə keçirilən bir çox tədbirlər və layihələrdə Gəncə gəncləri də yaxından iştirak edəcəklər.
2016-cı ildə dünyada baş verən böhran Azərbaycandan da yan keçməyib. Belə olan halda biz də özümüzə strateji plan cızmışıq. Bu il də gənclərlə bağlı planlar, gənclərin sosial aktivliyini artırmaq və xüsusilə sosial layihələrin dayanmadan icrasıdır. Bizim neft bazasından asılı olan layihələrimiz dayana bilər, amma sosial layihələrimiz dayanmamalıdır. Mən düşünürəm ki, 2014, 2015-ci illər gənclər üçün necə uğurlu illər idisə, 2016-cı il də gənclər üçün belə uğurlu olacaq.

- Azərbaycanda iki devalvasiya baş verdi. Əhalinin yaşam tərzi aşağı düşüb. Gənclərimizi və konkret olaraq "İrəli"ni hansı çətinliklər gözləyir?

— Təşkilatlar işlərini sırf devalvasiya və yaxud bundan irəli gələn proseslər üzərində qurmamalıdır. QHT-lər yaranan zaman heç kim onlara maddi yardım etmək kimi bir söz verməyib. Doğrudur, maddiyyata bağlı layihələr də icra olunur, amma eyni zamanda maddiyyat tələb etməyən layihələr də az deyil. Ümumiyyətlə QHT rəhbərləri və o təşkilatın üzvləri devalvasiya haqqında fikirləşməməlidir, əksinə sosial layihələr və digər maliyyəsi az olan layihələri keçirmək lazımdır. Elə layihələr var ki, yalnız gəncləri bir araya gətirmək lazımdır. Bizim üçün qrant və maliyyə fərq eləmir. Təki ictimai təşəbbüs yetərincə maraqlı olsun, təki bu təşəbbus indiyə kimi həyata keçmiş olmasın, təki biz səsimizi cəmiyyətə çatdıra bilək.

- Əgər QHT-lər qrantsız və maliyyə dəstəyi olmadan da işləyə bilirsə, o zaman niyə ölkədə bir çox təşkilatlar öz fəaliyətini dayandırıb?

— Bəli, sizinlə tamamilə razıyam. Bəzi təşkilatlar öz fəaliyyətini dayandırıb. Mən belə təşkilatları peşəkar kimi qəbul edə bilmirəm. Təşkilatlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçən zaman onlara qrant ayıracaqlarına heç kim söz verməyib. Ümumiyyətlə təşkilat öz fəaliyyətini qrantlardan asılı vəziyyədə salmamalıdır. Bu dəqiqə 9-10 milyonluq əhalisi olan Azərbaycanda 3 mindən çox təşkilat var. Bu da çoxluq təşkil edir. İndiki zamanda bizə kəmiyyət yox, keyfiyyət lazımdır.

- Əvvəllər xarici donorlarla əməkdaşlıq edən təşkilatlar çox idi. Son 2 ildə xarici donorlarla işləmək qadağan edildi. Bəs ölkədə o boşluğu dolduran donor var?

Müasir gənclər
© Sputnik / Aleksandr Kryazhev

— Avropa Gənclər Fondu 25 ölkəni öz əhatəsində birləşdirir və Fond bir il ərzində cəmi 2.5 milyon avro pul ayırır və bu 25 ölkədə olan təşkilatlar arasında müxtəlif layihələr üçün xərclənir. Azərbaycan Gənclər Fondu isə tək özü ildə 5 milyon manat ayırır. Bununla paralel olaraq, Azərbaycanda müəyyən icra strukturları, nazirliklər də müxtəlif vaxtlarda müxtəlif layihələrə qrant ayırırlar. Və bu qrantlarla layihələr həyata keçirmək mümkündür.

- Bir çox savadlı gənclərimiz təhsil üçün xarici ölkələrə üz tuturlar və çoxu sonradan həmin ölkədə qalıb işləməyə üstünlük verir, geri qayıtmır. Bir təşkilat olaraq belə gənclərin geri qaytarılması üçün nə etmisiniz və ya etmək istəyirsiniz?

— İlk dəfə olaraq Heydər Əliyev hakimiyyətə gələndən sonra savadlı kadr çatışmazlığını aradan qaldırmaq üçün bir çox gəncləri xarici ölkələrə göndərib, orada təhsil almalarına kömək edirdi. Hazırda da cənab Prezidentin təşəbbüsü ilə, Azərbaycan Dövlət Neft Fondunun hesabına, Təhsil Nazirliyinin xətti ilə, 2009-2015-ci illərdə Azərbaycandan dünyanın ən nüfuzlu universitetlərinə tələbələr göndərilib. Bu əsl dünya təcrübəsidir və kadr çatışmazlığı üçün gözəl layihədir. Amma mənim fikrimcə, ölkə universitetlərinin təhsil səviyyəsini xarici universitetlər səviyyəsinə qaldırmaq lazımdır ki, gənclər ölkədə qalıb təhsil alsınlar. Mən razıyam ki, bir çox tələbələrimiz xaricdə qalıb işləyir. Bu, psixologiyadan irəli gəlir. Amma gənclər bir müddət sonra geri dönmək istəyir. Hətta mənim özümə neçə dəfələrlə belə məsələ ilə bağlı yazıblar. Keçmişdə oxuduqları və dondurduqları universiteti yenidən bərpa etmək istəyiblər. Deməli geri dönmək istəyən gənclər də var, orada qalmaq istəyən gənclər də.

- Bu gün işsizlik Azərbaycan gəncinin ən böyük problemidir. Bununla bağlı hansısa layihələriniz varmı?

— Böhran vəziyyətində mətbuatdan oxuyuruq ki, bir çox şirkətlər kadr ixtisarına başlayıb. Bu, qəti düzgün deyil. İndiki vəziyyətdə əksinə işçilər işdə saxlanılmalıdır. Şəxsən mən bir gənc olaraq işdən çıxan heç kimin yerində olmaq istəməzdim. Çünki işi layiqincə yerinə yetirirsən, hər şey əladır, amma işdən ixtisar olunursan. Bu, yaxşı hal deyil. Və ikincə məsələ var. Gənclər öz üzərində işləməlidir, dil biliklərini, ixtisaslarını mükəmməl öyrənməlidirlər ki, rəhbərin də sizə ehtiyacı olsun. O ki qaldı bizim gənclərə köməyimizə, bizim Bank Tədris Mərkəzi ilə əməkdaşlığıməz var. 2015-2016-cı illəri əhatə edir. Məhz orada iştirak edən gənc özünü doğruldanda, bütün tələblərə cavab verəndə, o zaman həmin gənc işlə təmin olunur.

P.S
Xatırladaq ki, 2 fevral 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

723
Teqlər:
Mirhəsən Seyidov, "İrəli" İctimai Birliyi, Avropanın gənclər şəhəri, gənclər siyasəti, 2 fevral Azərbaycanda gənclər günü
Əlaqədar
60 nəfər gənc alimə bu il ev veriləcək
Əli Həsənov: Gəncliyin əsas vəzifələrindən biri seçkidə fəallıqdır
Gənclər xüsusi hərbi hazırlığa cəlb ediləcəklər
Astaralı gənc qırmızı kitaba düşən bəbiri öldürüb