Bakının mənzərəsi

Bakı şəhəri icarəyə verilir

9250
(Yenilənib 15:31 28.01.2016)
Paytaxtdakı dükanlar ard-arda bağlanır, şəhəri "icarəyə verilir" elanları bürüyüb, işləyən mağazalar isə ciddi endirimlərə getsələr də, günlərlə müştəri gözləməkdən təngə gəlib

BAKI, 28 yan — Sputnik. Milli valyutanın dəyərdən düşməsi fonunda xaricdən gətirilən məhsullarda baş verən məcburi qiymət artımı alıcılıq qabiliyyətinə olduqca mənfi təsir edib. Xüsusilə ticarətlə məşğul olan sahibkarlar mənfəət yetərsizliyi ucbatından bir-bir öz mağazalarını ya bağlayır, ya icarəyə verir, ya da kəskin endirimə getməyə məcbur olurlar.

Lakin bunun da heç bir xeyri olmur. Çünki apardığımız araşdırmalar göstərir ki, nə obyekt alan var, nə də icarəyə götürən. Hətta endirimlər olmasına baxmayaraq, mağazaların qapısını açıb içəriyə girən də yox dərəcəsindədir.

İstər şəhərin mərkəzi olsun, istərsə də digər ərazilərdə vəziyyət eynidir. Artıq obyektlərin icarə verilməsi prosesi şəhəri o qədər bürüyüb ki, "bütün şəhər icarəyə verilir" mənzərəsi meydana çıxır.

Sputnik-in əməkdaşı bir neçə obyekt sahibləri ilə mövcud vəziyyəti müzakirə edib. Şəhərin Nizami küçəsində yerləşən paltar mağazasının icarədarı Nəsib Məmmədov, ancaq ziyanla işlədiklərini bildirib.

"Dünən axşam televizorda bir nəfər hökumət nümayəndəsi deyirdi ki, "dövlət əlindən gələni edir, gərək insanlar özləri də təşəbbüs göstərsin, ticari aktivliyi artırsın, girişkən olsun". Çox gülməlidir, insanlar cibdə pul olmadan necə aktiv olsun?", —deyir N. Məmmədov.

Ticarətçinin sözlərinə görə, yaxşı ticarət qurmaq üçün əldə maya olmalıdır: "Mən həmin hökumət nümayəndəsinə səslənirəm. Bu ölkədə hansı bank, digər ölkələrdə olduğu kimi normal faizlə kredit verir?! Hamısında faizlər yüksəkdir. Hökumət ilk əvvəl bu problemi həll etsin ki, bizdə banklara yaxınlaşa bilək, pul götürüb düzgün sahələrə yönəldə bilək".

  • Bağlanan qadın geyimlər dükanı
    Bağlanan qadın geyimlər dükanı
    © Sputnik / Fuad Hasanov
  • Şəhərin geyim dükanında 70% endirimlər
    Şəhərin geyim dükanında 70% endirimlər
    © Sputnik / Fuad Hasanov
  • Icarəyə verilən Bakının mərkəzində ticarət obyekti
    Icarəyə verilən Bakının mərkəzində ticarət obyekti
    © Sputnik / Fuad Hasanov
  • İcarəyə verilən satış obyekti
    İcarəyə verilən satış obyekti
    © Sputnik / Fuad Hasanov
  • Bakıda ticarət obyektlər bağlanır
    Bakıda ticarət obyektlər bağlanır
    © Sputnik / Fuad Hasanov
1 / 5
© Sputnik / Fuad Hasanov
Bağlanan qadın geyimlər dükanı

Digər bir mağaza sahibi Elnur Mirzəyev, vəziyyət belə davam edərsə, ailəsi ilə birlikdə ölkəni tərk edə biləcəyini söyləyib: "Mən 3 uşaq böyüdürəm. Onların uğurlu gələcək qurmasını istəyirəm. 25 ildir müstəqil dövlətik, amma hələ də rüşvətdən, monopoliyadan danışırıq".

"Hələ də bankların insanları incitdiyindən danışırıq. Bəs biz nə vaxt müsbət bir şeydən danışacağıq? Ümid edirəm nə isə dəyişər, amma bu vəziyyətdə ailəmlə bu ölkədə çox qalacağımı düşünmürəm", — deyə sahibkar narazılığını dilə gətirir.

Brend mallar satılan növbəti dükana baş çəkirik. Satıcının gəlişimizə sevinməsindən və içəridəki mənzərədən anlayırıq ki, gün ərzində dükana daxil olan ilk mütəriyik. Daha doğrusu, müştəri də deyilik. Elə bu gerçəyin özü satıcının sevincinin çox çəkməsinə mane oldu.

"Sanki ölkədə qurbağa gölünə daş atılıb. Elə durğunluq yaşanır ki, kimsə başına nə gələcəyini təxmin edə bilmir. Ətrafımızdakı bağlı dükanlara baxın, aylar öncəyədək hamısı fəaliyyət göstərirdi, indi ard-arda bağlanırlar. Hələ bura "Torqovı"dır — şəhərin mərkəzidir. Görün, şəhərkənarı və rayonlarda necə vəziyyətdir", —deyir satıcı Səbuhi Əliyev.

Ərazidəki vətəndaşlarla da söhbətləşdik, sonuncu dəfə nə zaman pal-paltar aldıqlarını soruşduq. Xanım həmsöhbətimiz Vüsalə Nuriyeva, geyim-gecimə üstünlük verdiyini desə də, hazırki gündəminin bər-bəzək olmadığını vurğuladı.

"Ailəmizin gəlirləri xeyli azalıb, xərclərimiz artıb. Üstəlik vəziyyətin daha da pisləşəcəyini düşünürük. Buna görə də olan-qalan 3-5 manatımızı geyimə xərcləmək niyyətimiz yoxdur. Kim bilir, bir tikə çörəyə möhtac olmaq da mümkündür", —müsahibimiz qeyd etdi.

Tahir Aslanov da qarderobundakı köhnə geyimlərlə kifayətlənir: "Bir ayaqqabını 2-3 il geyinmək olar, amma evdə uşaq ağlayanda, ona çörək aparmamaq mümkün deyil. Zatən, dollarla bərabər, pal-paltarın qiyməti də qalxıb, məvacibimiz isə uçuruma yuvarlanıb. Qısası, birinci devalvasiyadan bu yana özümə və ailə üzvlərimə üst-baş almamışıq".

İqtisadçı ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında obyektlərin kütləvi bağlanmasının dövlətə ciddi zərbə vuracağını deyib. Onun sözlərinə görə bu, birbaşa vergidən gələn gəlirlərə mənfi təsir edəcək.

"Obyektlərin kütləvi bağlanacağı əslində gözlənilən idi. Xaricdən dollarla gətirilən məhsulların dəyəri istər-istəməz qalxmalı idi", —deyir mütəxəssis.

Onun sözlərinə görə, qiymətlərin bahalaşması alıcılıq qabiliyyətinə təsir göstərməyə bilməzdi: "Əlbəttə bu heç də xoşagələn amil deyil. Çünki obyektlər dövlətə vergi ödəyirdilər. İndi onların bağlanması dövlətin həmin vergidən məhrum olması deməkdir ki, bu da sosial siyasətə mənfi təsir edəcək".

9250
Teqlər:
mağaza, Nizami küçəsi, Torqovı, obyekt, dükan, devalvasiya, ticarət, Bakı, Azərbaycanın milli valyutası, manat, dollar
Əlaqədar
Böhranla əlləşən şirkətlərimiz üçün ümid qapısı
Media böhran burulğanında: jurnalistlərin sosial durumu ağırlaşıb
Parlament toplanır: hansı anti-böhran qərarları veriləcək?
"İş yerlərinin ixtisarı böhrandan çıxış yolu deyil"
Maliyyə hesabatı, arxiv şəkli

Şəhid ailələri qazilərə ödəniləcək müavinətlərlə bağlı açıqlama verildi

20
(Yenilənib 19:52 01.12.2020)
Talıbov deyib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri məlumatsızlıqdan irəli gəlir.

BAKI, 1 dekabr - Sputnik. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir. Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar:

- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.
- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.

Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:
- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);
- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;
- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;
- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;
- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;
- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;
- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;
- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;
- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir.

Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

20
Dəniz piyadaları döyüşlərdən daimi dislokasiya məntəqəsinə qayıdıb

Dəniz piyadaları döyüşlərdən daimi dislokasiya məntəqəsinə qayıdıb

12
(Yenilənib 19:03 01.12.2020)
Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.

BAKI, 1 dekabr — Sputnik. Vətən müharibəsində yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları öz missiyalarını başa vuraraq hərbi hissəyə geri qayıdıb.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

© AR Ministry of Defence
Dəniz piyadaları döyüşlərdən daimi dislokasiya məntəqəsinə qayıdıb

Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.

12
Teqlər:
dəniz, Müdafiə Nazirliyi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

0
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

0