Elxan Süleymanov

Millət vəkilindən ilginc açıqlama

89
(Yenilənib 15:12 22.01.2016)
Elxan Süleymanov neft pullarının vaxtında düzgün xərclənmədiyini deyir: "İnsan o vaxt gələcəyini yaxşı qurur ki, pulu olanda onu daha düzgün xərcləyir"

BAKI, 22 yan — Sputnik. "Neft ölür, biz də kasıblamalıyıq. Bu təbii haldır. Lakin insan o vaxt gələcəyini yaxşı qurur ki, pulu olanda onu daha düzgün xərcləyir".

Sputnik xəbər verir ki, bu açıqlamanı millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov jurnalistlərlə keçirdiyi görüşündə deyib.

Ölkədə vaxtında anti-böhran tədbirlərinə başlanılmadığına işarə edən millət vəkili, neftdən gələn gəlirlərin zamanında doğru xərclənmədiyini bildirib.

"Azərbaycan neft və qaz ölkəsidir. Bizim büdcəmiz bunlarla formalaşır. Hökumət gözləmirdi ki, neftin qiyməti birdən-birə belə düşə bilər. Ona görə də indi arzuolunmaz durumla qarşılaşmışıq", —deyə E. Süleymanov vurğulayıb.

Bununla belə, millət vəkili böhrandan, sadəcə Azərbaycanın əziyyət çəkmədiyini qeyd edib: "Digər neft istehsalçısı ölkələr də ağır vəziyyətə düşüblər. O cümlədən, çoxlu təbii sərvətləri olan Rusiya da bu bəlaya düşüb. Həmçinin də Qazaxstan. Onlar bizdən də pis vəziyyətdədirlər".

Deputat, neftin kəskin ucuzlaşmasınən səbəblərinə də toxunub: "Bu, ABŞ-Rusiya savaşının nəticəsidir".

 

89
Teqlər:
Elxan Süleymanov, deputat, millət vəkili, AŞPA, böhran, neft
Əlaqədar
Prezident: Təəssüf ki, OPEC-in hər toplantısından sonra neftin qiyməti düşür
Azərbaycan prezidenti: Neftin qiymətinin daha da düşməsi bizi təəccübləndirməyəcək
Elman Rüstəmov: yeni büdcə layihəsində neftin baza qiyməti $30-dan götürülüb
Neftin ucuzlaşması davam edir
Neftin qiyməti son 12 ildə ilk dəfə 29 dollardan aşağı düşüb
Pəhriz saxlayan qız, arxiv şəkli

Kortəbii pəhrizin fəsadları çox olur

2
(Yenilənib 19:32 11.04.2021)
Tədqiqatlar göstərir ki, ənənəvi pəhrizlər vasitəsilə arıqlayan hər 10 nəfərdən yalnız biri pəhrizə son verdikdən illər sonra istədiyi çəkidə olur. Digərləri isə əvvəlkindən də artıq olmaqla itirdiyi çəkini geri qazanırlar.

BAKI, 11 aprel — Sputnik. "Artıq çəkidən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Lakin azçəkili olmaq müasir dövrdə sağlamlıq və gözəllik əlaməti hesab edilir, desək, yəqin ki, yanılmarıq. Artıq çəkili olmaq isə əksinə, bir çox xəstəliklərin xarakterik əlamətlərindən biri sayılır, həmçinin vaxtından əvvəl ölüm və əlillik ehtimalını artırır. Qeyd edək ki, artıq çəki və obezlik ölüm riskinə görə dünyada beşinci yerdə dayanır. Hər il azı 2,8 milyon yetkin insan artıq çəki və ya piylənmə səbəbindən həyatını itirir. Dünya əhalisində qeydə alınan diabet xəstəliyinin 44%-i, ürəyin işemik xəstəliyinin 23%-i və bəzi xərçəng növlərinin 7-41%-i həddindən artıq çəki və piylənmə ilə əlaqələndirilir". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssisləri Elvira Quliyeva və Nərmin Axundova birgə hazırladıqları məqalədə qeyd ediblər.

Ekspertlər insanların artıq çəkidən daha "asan" yollarla uzaqlaşmağa çalışdıqlarını qeyd edirlər: "Onların yönəldiyi "möcüzəvi pəhriz"lər, "şok detoks"lar, "rahat arıqlama əlavələri" kimi yollar heç də özünü doğrultmur, əksinə qidalanma davranışının pozulmasına səbəb olur ki, bu da orqanizmdə ciddi fəsadlar yaradır. Kortəbii şəkildə edilən pəhrizlərin 95%-i uğursuzluqla nəticələnir. Pəhriz sonrası ilk 1-5 il ərzində sürətlə itirilən çəki geri qazanılır. Bütün bu nəticələr isə ənənəvi pəhrizin faydasız olduğunu göstərir".

Tədqiqatlar göstərir ki, ənənəvi pəhrizlər vasitəsilə arıqlayan hər 10 nəfərdən yalnız biri pəhrizə son verdikdən illər sonra istədiyi çəkidə olur. Digərləri isə əvvəlkindən də artıq olmaqla itirdiyi çəkini geri qazanırlar.

"Əslində pəhriz üçün əsas prinsip kalori qəbuluna nəzarətdir. Bu nəzarət düzgün edildikdə çəki itirmək mümkündür. Bunun üçün sağlam qidalanma həyat tərzinə çevrilməlidir. Kortəbii pəhrizlərdə edilən ən böyük səhvlərdən biri çox aşağı kalorili menyular seçməkdir. Həmçinin gün ərzində ac qalaraq arıqlamağa çalışmaq da yanlış yoldur. Belə ki, orqanizmin gündəlik yaşamaq üçün tələb etdiyi kalorini almaması pəhriz və sonrakı dövrlərdə böyük fəsadlara yol aça bilər. Bundan başqa, aclıq orqanizmdə grelin hormonunun miqdarının artmasına səbəb olur ki, bu da beyində qidalanma istəyini stimullaşdırır. Belə ki, insan ac qalaraq orqanizmi daha çox yeməyə meyilləndirmiş olur. Grelin hormonunun təsiri ilə orqanizm yüksək şəkərli və yağlı qidalara yönəlir. Diyetoloqlar arasında "cəhənnəm effekti" deyə adlandırılan prosesin də başlıca səbəbi bu hesab oluna bilər. Bu proses pəhrizin kiçik bir pozuntusunda insanda "uyğunsuzluq" hissinin yaranmasına və qat-qat artıq kalori alacaq şəkildə yeməyə davam edilməsinə gətirib çıxarır", - deyə məqalədə vurğulanır.

Kök adam
© Depositphotos / Nanka-photo

Onlar bildirirlər ki, uzun müddətli saxlanılan və hansısa qidaları qadağan edən pəhrizlər metabolizmi zəiflədir: "Sürətlə və daha çox çəki atan orqanizm artıq miqdarda su və əzələ itirdiyi üçün pəhrizə son verdikdən dərhal sonra bədənə suyu geri toplamağa başlayır. İtirilən əzələ və zəifləyən metabolizm səbəbindən insan əvvəlkindən də artıq çəki almış olur. Məlumdur ki, əzələlər orqanizmin tonusunu təmin edir. Buna görə də əzələ itkisi nəticəsində orqanizm tonusunu da itirmiş olur. Diyetoloqların fikrincə, həftəlik 500-1000 q çəki itirilən, idmanla yanaşı davam edən uzunmüddətli, həmçinin tək növ deyil, qida rasionunda fərqli məhsullara yer verilən pəhrizlər daha etibarlıdır və nəticəsi effektivdir. Odur ki tamamilə ac qalmaq faydalı deyil".

"Diyetoloq və həkim nəzarəti olmadan, kortəbii şəkildə saxlanılan pəhrizlər bir sıra ciddi problemlərə yol aça bilər. Belə ki, tək tip qidalanma orqanizmdə metabolik, endokrinoloji, psixoloji problemlərə səbəb olur. Həmçinin tək tip qidalanmaqla uzunmüddətli davam edən pəhrizlər zamanı oynaq ağrıları, saç tökülməsi, əzələ tonusu itkisi, yüksək təzyiq, yaddaş pozuntusu və digər əlamətlər müşahidə olunur. Bəzi kortəbii pəhrizlər zamanı, həmçinin vegetarian qidalanma rasionlarından ət və süd məhsullarının azaldılması və ya tamamilə imtina olunması nəticəsində orqanizmdə vitamin çatışmazlığı yaranır. Unutmayın ki, qida rasionundan çörək, düyü və digər karbohidrat mənbələrinin çıxarılması qanda şəkərin miqdarının kəskin azalmasına səbəb ola bilər", - deyə məqalədə vurğulanıb.

Yeniyetməlik dövrü insanın öz orqanizmi ilə tanışlığının yeni mərhələsidir. Bu yaşlarda orqanizmdə həm fizioloji, həm də psixoloji dəyişikliklər baş verir: "Yeniyetməlik dövrünün ən ciddi problemlərindən biri piylənmədir. Bu dövrdə piylənmə ilə bağlı problemi olanlar həyatı boyu bir sıra xroniki xəstəliklərlə qarşılaşırlar. Buna səbəb yeniyetməlik dövründə yüksək çəki artımının orqanizmdə piy hüceyrələrinin sayını artırmasıdır. Bu intensivliklə artmış piy hüceyrələrinin parçalanması da yetkinlik dövrü ilə müqayisədə olduqca çətindir. Yeniyetməlik dövründə saxlanılan pəhrizlər adətən dəmir və kalsium çatışmazlığına səbəb olur. Bu da osteoparoz, hiperlipidemiya, xərçəng və ürək-damar xəstəliklərinin inkişafına zəmin yaradır. Orqanizmin böyümə və inkişafı mərhələsində düzgün və səmərəli qidalanma böyük əhəmiyyət kəsb edir. Çünki qida maddələrinə olan gündəlik tələbatdan əlavə orqanizmin inkişafını da təmin etmək lazımdır.

Unutmayın ki, düzgün və balanslı qidalanma, müntəzəm fiziki aktivlik sayəsində sağlam orqanizmə sahib olmaq mümkündür. Buna görə də artıq çəki ilə effektiv mübarizə aparmaq üçün mütləq həkim və ya diyetoloqun nəzarəti altında fərdi qaydada pəhriz növü nəzərdə tutulmalıdır".

2

Azərbaycanda son sutkada 2424 nəfər COVID-19-a yoluxub

9
Azərbaycanda indiyədək cəmi 285 993 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb

BAKI, 11 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 414 yeni yoluxma faktı qeydə alınıb, 1 695 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Azərbaycanda indiyədək cəmi 285 993 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb, 3 915 nəfər vəfat edib, aktiv xəstə sayı 31 370 nəfərdir.

Ölkədə son sutka ərzində 13 248, hazırkı dövrədək isə 3 018 445 test aparılıb.

9