Оружие журналиста. Архивное фото

Media böhran burulğanında: jurnalistlərin sosial durumu ağırlaşıb

919
(Yenilənib 18:40 19.01.2016)
Devalvasiya ölkənin "beyin işçiləri" adlanan təbəqəsinin də həyatını çətinləşdirib. Onların mövcud vəziyyətdən çıxması üçün nə tələb olunur?

BAKI, 19 yan — Sputnik. Dolların bahalaşması, manatın devalvasiyaya uğraması, inflyasiyanın artması Azərbaycanda bir çox sahələrdə böhranın yaranmasına səbəb olub. Bu dövrdə ölkənin "beyin işçiləri" adlanan jurnalistlərin vəziyyəti necədir? Onların mövcud vəziyyətdən çıxması üçün nə tələb olunur?

Ölkənin tanınmış media mənsublarından bir neçəsi jurnalistlərin hazırkı durumunu və vəziyyətdən çıxış yollarını Sputnik-ə şərh ediblər. APA-nın baş direktoru Nurşən Quliyev deyib ki, ölkə iqtisadiyyatında baş verənlər təbii olaraq mətbuata da təsirsiz ötüşməyib. Kağızın qiymətinin, poliqrafiya xərclərinin artması, ölkədə müşahidə olunan bahalaşma, gözlənilən ixtisarlar mətbuatı, jurnalistləri də çətin vəziyyət qarşısında qoya bilər.

N.Quliyev bu situasiyada reklam bazarının genişləndirilməsini və media qurumlarının təmərküzləşməsini zəruri hesab edir: "Belə vəziyyətdə daha sanballı, daha əhəmiyyətli media orqanlarının fəaliyyətinə önəm verilməsi, nisbətən kiçik, az əhəmiyyətli qəzet və saytların bağlanması, onların daha böyük və əhəmiyyətli media orqanları ilə birləşdirilməsi çıxış yollarından biri ola bilər".

"APA Holdinq"ə gəldikdə isə, baş direktor bildirib ki, gedən proseslər şirkətin gəlirlərinə təsirsiz ötüşməsə də, jurnalistlərin maaşlarında dəyişiklik və ixtisar olmayıb: "Bununla belə, biz proseslərin inkişafından asılı olaraq, yarana biləcək çətinliklərin təsirini minimuma endirmək, kollektivi saxlamaq və jurnalistlərin maaşlarında azalma baş verməməsi üçün müəyyən planlar üzərində işləyirik".

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov də deyib ki, hazırda jurnalistlərin maddi vəziyyəti elə hamı kimidir: "Onlar da bu cəmiyyətdə yaşayırlar və təbii ki, ölkədə gedən bütün proseslərin təsirini öz həyatlarında hiss edirlər".

V.Məmmədov ilk növbədə jurnalistlərin maaşlarında indeksasiyaya ehtiyac olduğunu qeyd edib: "Əlbəttə, maaşları indeksasiya etmək yaxşı olardı və imkan daxilində edilməlidir. Bundan başqa hansısa addımlara ehtiyac olduğunu düşünmürəm".

"Azadinform" agentliyinin redaktoru Elçin Bayramlı jurnalistlərin əhalinin aztəminatlı, aşağımaaşlı təbəqələrindən biri olduğunu, heç vaxt maaş artımlarının onlara şamil edilmədiyini deyib: "Təsəvvür edin ki, 15 il qabaq da qəzetin 1 səhifəsinə görə qonorar 10-15 manat idi, indi də. Halbuki, bu 15 ildə qiymətlər azı 15 dəfə artıb. Əksər jurnalistlər, o cümlədən də mən kirayədə qalıram. Əməkhaqqımın yarısı kirayə puluna gedir. Yerdə qalan pulla indi bahalaşmadan sonra məcburi xərcləri (kommunal haqları, yolpulu və s.) çıxmaqla yalnız 10-15 gün ən minimal tələblərlə yaşamaq mümkündür".

O, son bir ildə manatın 100 faiz devalvasiyaya uğradığını və qiymətlərın orta hesabla 50-60 % bahalaşdığını qeyd edib: "Məsələn, 200 manata əvvəl aldığımız mallara indi azı 300-350 manat xərcləməliyik. Mətbuat işçilərinin çoxu özəl sektorda işləyir ki, dövlətin maaşları qaldırmasının da onlara aidiyyəti olmur".

Bayramlının fikrincə, reklam bazarı inkişaf etsə, abunəliklər çoxalsa, maaşları artırmaq olar. O, bu vəziyyətdə KİV-də təmərküzləşməyə də zərurt olduğunu qeyd edib.

"Yeni Media Jurnalistləri" İctimai Birliyinin sədri, Strateq.az saytının redaktoru Xaqani Səfəroğlu da ölkədəki böhranın media sektorundan yan keçmədiyini deyib: "Onsuz da maddi vəziyyəti yaxşı olmayan jurnalistlər devalvasiyanın sərt zərbəsinə tuş gəldilər. Hazırda qəzet redaksiayalarında əmək haqları yüksək deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. İlk növbədə qəzetlərdə reklam bazarının olmaması, maliyyə vəziyyətini ağırlaşdıran əsas səbəbdir. "Qəzetin pulu reklamdan gəlir" desək, heç də velosiped icad etmərik. Qəzet satışı həddən artıq böhranlı durumdadır. Əgər KİV-ə dövlət dəstəyi olmasaydı, indiki şəraitdə ölkədə qəzet sahəsi çoxdan canını tapşırmışdı".

Onun fikrincə, neft pulları hesabına KİV-ə dəstək verilməsi periodu artıq arxada qalıb. Həmçinin hesab edir ki, redaksiyalarda jurnalistlərin əmək haqlarının artırılması vacibdir: "Son devalavasiyadan sonra orta maaş məbləği sayılan 500 manat dəyərinin yarısını itirib. Redaksiyalar innovativ metodlar axtarıb tapmalı, yaradıcı mühit genişləndirilməlidir. Əmək haqqı ödənilərkən peşəkar jurnalist əməyi ilə digərləri fərqləndirilməlidir. Bizdə media sektorunda təmərküzləşmə prosesi uzaq gələcəyin işidir. Belə bir perspektiv hazırda yoxdur və bunun üçün baza, imkanlar və şərait də qurulmayıb".

Ölkənin tanınmış jurnalistlərindən biri, "Yeni Müsavat" qəzetinin əməkdaşı Aygün Muradxanlı da Azərbaycanda jurnalistlərin maddi durumunun ürəkaçan olmadığını bildirib: "Media işçilərini əhalinin sosial cəhətdən ən az müdafiə olunan təbəqəsi saymaq olar. Ona görə ki, bu gün Azərbaycan media quruluşları arasında işçilərinin əmək hüquqlarını yetərincə qoruyan, çalışanlara zəhmətlərinin qarşılığını verən media quruluşu, demək olar, yoxdur. Bəzən insanlar media rəhbərlərinin, qəzetçiliyi reketçiliyə çevirənlərin həyat tərzini əsas götürüb jurnalistlərin rifah içərisində yaşadığını düşünür. Bu çox yanlış təsəvvürdür. Medianın əsas yükünü çiyinlərində daşıyan qəzetçilərin durumu ağırdır. Çoxları kirayələrdə, ya valideyn küncündə yaşayır, illərdir qazanclarını bankların girovluğundan qurtara bilmir".

Jurnalistin dediyinə görə, manatın ucuzlaşmasından sonra media orqanlarının gəlirləri ciddi şəkildə azaldığına görə, durum bir qədər də pisləşib: "Təsəvvür edin, iş yerlərinin çoxunda maaşlar simvolikdir, əmək haqqının əsas hissəsini qonorar formalaşdırır. Qonorar fondu isə media orqanının gəlirlərindən birbaşa asılıdır".

Dövlətin ayırdığı maddi dəstəyə gəlincə: "Həmin vəsait media orqanlarının saxlanmasına xərcləndiyi üçün — hər halda media rəhbərləri belə açıqlama verir — "sıravilər" o dəstəyi ümumiyyətlə hiss eləmir. Son günlər redaksiyaların çoxundan ixtisar xəbərləri gəlməkdədir. Görünən odur ki, yaxın gələcəkdə işsiz jurnalistlərin sayı kəskin artacaq. Hazırki böhran şəraitində media orqanlarının qorunub saxlanması çətin olacaq: "Bütün çətinliklərə baxmayaraq, media rəhbərləri imkanlarını səfərbər edib komandalarını qorumalıdır. Çünki media orqanı imzalarla güclüdür və illərdir həmin orqanlara ciddi gəlirlər gətirənlər də yaxşı komandalardır".

919
Teqlər:
qəzetlər, saytlar, Dolların bahalaşması, media, KİV, böhran, mətbuat, inflyasiya, manatın devalvasiyası, jurnalist
Əlaqədar
Azərbaycan qəzetlərindən biri rəsmən ləğv olundu
“Qara siyahı” – bu dəfə “reket” qəzetlər yox, verilişlər üçün...
Qəzetlərin gələcəyi necə olacaq?
Məhbus jurnalistin barəsindəki hökmdən apellyasiya şikayəti verilib
Bu il dünyada öldürülən jurnalistlərin statistikası açıqlandı
Əfv siyahısına həbsdəki bütün jurnalistlərin adları daxil edilib
Jurnalist hüquqlarını pozanlar yüksək məbləğdə cərimə ödəyəcəklər