Bakıda küçə ticarəti.

Qanunsuz küçə ticarəti o qədər "qanunsuz" deyilmiş...

985
(Yenilənib 16:21 15.01.2016)
Qanunvericiliyin sərtləşdirilməsi küçələrdə alver edən kasıb zümrənin nümayəndələrini göründüyü kimi narahat etmir, çünki küçələrin də özünün yazılmamış qanunları var

BAKI, 15 yan — Sputnik.İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilərək, qanunsuz küçə ticarətinə qarşı cəzalar sərtləşdirilib. İXM-in yeni "Qanunsuz küçə ticarəti" adlı 453-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunacaq.

Qanunsuz küçə ticarətinə qarşı mübarizə aparılması müsbət haldır. Bəs, ölkə əhalisinin sosial durumunun ağırlaşdığı indiki dövrdə insanlara əlavə sıxıntı yaşatmaq nə dərəcədə doğrudur? Sırf məcburiyyət üzündən küçələrə düşən, çörəkpulu dərdindən səhərdən axşamadək, yağışlı-qarlı hava demədən, küçələrdə müştəri gözləyən kasıb vətəndaşın aqibəti axı necə olacaq? Normal gəliri olan insan isti iş yerini buraxıb, küçədə niyə alver etsinlər ki?!

"May ayına kimi vaxtımız var, qərarı may ayına kimi verəcəklər. Ondan sonra Allah kərimdir…"

Səyyar kitab satıcısı
© Sputnik / Murad Orucov
Səyyar kitab satıcısı

Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında, Bakı Dövlət Universitetinin qarşısında kitab satan yaşlı kişi də məcburi küçə ticarətçisinə çevrilən vətəndaşlardandır. Sputnik əməkdaşı alıcı qismində adamla dialoqa girərək, onun həyat tərzi və yeni dəyişikliklə bağlı fikirlərini dinləyib. Və ilk olaraq bundan sonra nə edəcəyi ilə maraqlanıb.

— Qanunvericilik sərtləşdirilir. Qanunsuz küçə ticarəti ilə bağlı cərimələr artırılır. Bundan sonra nə edəcəksiniz?
— May ayına kimi vaxtımız var, qərarı may ayına kimi verəcəklər. Ondan sonra Allah kərimdir…
— Axı sizi burda tutsalar, 80 manat cərimə edəcəklər.
— Aylıq 80 manat qazanıram ki, cərimə də ödəyim?!

Kişi bu sözləri deyib dərin fikrə getdi. Mən də onu dərin fikirdən ayıltmayıb yolumu davam etdirməyə başladım.

Kitab alıcısı
© Sputnik / Murad Orucov
Kitab alıcısı

Ondan aralanıb, metronun "Elmlər Akademiyası" stansiyasına tərəf yol aldım. Metronun qarşısında, maşının yük yerinə yığdığı siqaret satan küçə ticarətçisi ilə söhbətləşməyə çalışdım. Nə yalan deyim, mənim xanım olduğumu görüb, həm də yəqin üzümdən siqaret çəkənə bənzəmədiyimi hiss edib, yük yerini bağladı və üzünü o tərəfə çevirdi. Və bu mövzuda ümumiyyətlə danışmaq istəmədiyini hiss etdirdi.

Daha sonra "20 Yanvar" metrostansiyasının çıxışında, el arasında "xoruz" adlandırılan konfet satan yaşlı kişi ilə rastlaşdım. Ayaq üstə güclə duran babaya yaxınlaşıb bir konfet aldım. Sonra, "ay dayı, axı küçə satışı qadağandır, sizi görsələr, 80 manat cərimə edəcəklər…" dedim.

Səyyar ticarət
© Sputnik / Murad Orucov
Səyyar ticarət

Onun cavabı isə mənim sualımda daha təsirli oldu: "Qzım, mənim 80 manatım olsa, burda dayanıb konfet satmaram ki! Nə qədər istəyirlər, o qədər də cərimə yazsınlar. Mən burdayam!".

Onunla da sağollaşıb metronun digər istiqamətindəki küçə satıcılarına yaxınlaşdım. Siqaret və saqqız kimi məhsullar satan satıcı eyni səpkili sualımı gülüşlə qarşıladı.

"Bəli, yeni qanundan xəbərim var. Amma baxır, o qanun kimin üçün çıxıb. Şəxsən mənə aid deyil. Mənim qanunlarım başqadır", —dedi satıcı.

Bu satıcının eyhamından belə anladım ki, adam lazımi yerlərə "şirinlik" verib, işini görür. Eyni sözləri bir az aralıda saat satan oğlan da dedi: "Bizə yeni qanunun adiyyəti yoxdur, nə vaxt gəlsəniz, burdayam".

Belə… Görünən odur ki, bizim dərdinə yandığımız kasıb küçə tacirlərinin problemlərini məmurlarımız da gözardı etmirlər. Ayrıca, o da anlaşılır ki, qanunsuz küçə ticarəti heç də tam "qanunsuz" deyilmiş. Ya da qanun hamı üçün qanun deyilmiş.

985
Teqlər:
20 Yanvar, Elmlər, qanunsuz, satış, kitab, ticarət, küçə, cərimə, cəza
Əlaqədar
Bakıda ticarət obyektləri yanıb
Azərbaycanda elektron ticarətlə bağlı geniş platforma hazırlanır
Keçmiş milyonçu küçədə şorba satır
Azərbaycanda qanunsuz sponsorları və KİV-i hansı aqibət gözləyir?