Müayinə

Sirri hələ çözülməyən peşə...

532
(Yenilənib 18:15 13.01.2016)
Çöpçüyə inananlar da var, bunu fırıldaq kimi qəbul edənlər də. Hətta, üzdə özünü inanmamış göstərib, övladını gizlicə çöpçüyə aparanlar da yox deyil.

BAKI, 13 yan — Sputnik. "Artıq bir həftədir ki, uşağın qızdırması düşmürdü. Həkim dərman yazdı, alıb verdik, amma heç bir təsiri olmadı. Axırda bir nəfər qohum 20 yanvar yaxınlığında yaşayan çöpçünü məsləhət gördü. Uşağı apardıq onun yanına. Sən demə çöpü qalıbmış. Sağolsun, çöpünü çıxarandan 10 dəqiqə sonra qızdırması düşdü".

Bunu həkimlərdən ümidini üzərək çöpçüyə üz tutan paytaxt sakini Yeganə Rzayeva Sputnik-in əməkdaşı ilə həmsöhbətində deyib.

"Bəzən insan səhhətində elə anlar yaşanır ki, həkimlər heç nə edə bilmirlər. Çöp qalmaq da onun kimi bir şeydir. Nəticəsi olmayan bir şeyə görə həkimlərə pul tökməkdənsə, həmin pulun onda birini çöpçüyə versən, ondan yaxşıdır" —deyə Yeganə Rzayeva bildirib.

Bu gün təkcə Bakı şəhərində çöpçü kimi fəaliyyət göstərən saysız-hesabsız insanlar var. Onların içində ən məşhuru isə, paytaxt sakinlərinin çoxunun yaxşı tanıdığı, "Şamaxinka" deyilən ərazidə yaşayan Sahibə adlı çöpçüdür.

Bu çöpçünü digərlərindən fərqləndirən cəhət, işinin peşəkarı olması ilə yanaşı, göstərdiyi xidmətin qarşılığında tələb etdiyi ödənişin də başqalarında çox olmasıdır. Əməkdaşımızın əldə etdiyi məlumata görə, Sahibə xanımın gördüyü işin qiyməti ən azı 10 manatdan başlayır.

Bakıda məşhur çöpçünün evi
© Sputnik / Fuad Həsənov
Bakıda məşhur çöpçünün evi

Onun yanına gedib-gələn sakinlərdən öyrəndiyimizə görə, hətta bir çox həkimlər belə, öhdəsindən gələ bilmədikləri "qızdırma" probleminə görə, körpələrin ailələrini çöpçüyə — bilavasitə onun yanına göndərirlər.

Lakin əks fikirdə olan həkim və psixoloqlar da az deyil. Məsələn, 5 nömrəli xəstəxananın həkim professoru Rasim Məmmədov.

"Çöpçü anlayışı daha çox bölgələrimizdə ön plandadır. Başa düşmürəm, bəyəm Qərb ölkələrində də boğazda, burunda hər qida qalanda çöpçü axtarırlar? Əlbəttə xeyr", —deyə o, Sputnik-ə açıqlamasında bildirdi.

Qərb ölkələrində çöpçülərin olmadığını və çöpçü anlayışının qəbul edilmədiyini deyən həkim hesab edir ki, deməli bizimkilər hər xırda şeyi böyüdür, kimlərinsə ciblərini doldurmağa meylli olurlar.

Göründüyü kimi, çöpçüyə inananlar da var, bunu fırıldaq kimi qəbul edənlər də. Hətta, üzdə özünü inanmamış göstərib, övladını gizlicə çöpçüyə aparanlar da yox deyil. Fakt odur ki, bu peşənin sirri hələ də çözülməyib…

532
Teqlər:
"Şamaxinka", Bakı, xəstəlik, xəstə, həkim, çöpçü
Mövzu:
Xalq təbabətinə marağın artması (5)
Əlaqədar
Xəstə üzərində inanılmaz əməliyyat
Qanvermə aksiyasında iştirak edən 5 nəfərdə xəstəlik aşkarlanıb
Doğum tarixi ilə xəstəlik risklərini hesablamaq olar
Banu Şucai, arxiv şəkli

Azərbaycanın ən gözəl qızı oğlanı onlayn seçdilər

86
(Yenilənib 23:44 10.07.2020)
Karantin rejimi tətbiq olunandan əvvəl altı ay müddətində iştirakçılar model xoreoqrafiyası, model işinin nəzəriyyəsi, psixologiya və xarici dil dərslərinə qatılıblar

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Modellər Banu Şücai və Elçin Dadaşov Miss&Mister Azerbaijan-2020 milli gözəllik müsabiqəsinin qalibi olublar.

Bu barədə Sputnik Azərbaycan-a layihənin mətbuat xidmətindən məlumat verilib.

Koronavirus pandemiyası səbəbindən müsabiqə ilk dəfə onlayn keçirilib. Münsiflər heyətinə layihənin yaradıcısı və təşkilatçısı Anelya Orduxanova, baş koordinator, quruluşçu xoreoqraf Ayla Mais, koordinator və xoreoqraf Hidayət Xəlilov (Mister Super Model 2018) və müsabiqənin piar-meneceri, psixoloq Səxavət Qabiloğlu daxildirlər. 

© Photo : Courtesy organizers of the contest Miss & Mister Azerbaijan-2020
Banu Şücai və Elçin Dadaşov

Models Production model şirkətinin nümayəndəsi də finala qatılaraq iştirakçıların çıxışını onlayn izləyib.

Karantin rejimi tətbiq olunandan əvvəl altı ay müddətində iştirakçılar model xoreoqrafiyası, model işinin nəzəriyyəsi, psixologiya və xarici dil dərslərinə qatılıblar. Finalçılar Bakıdan və Azərbaycanın digər regionlarından şəbəkəyə qoşularaq məharətlərini münsiflərə nümayiş etdiriblər.

Səsvermə nəticəsində Banu Şücai və Elçin Dadaşov birinci olublar.

Banu Şücai Miss Globe International və  Miss smile titullarının sahibi, “Səs Azərbaycan” milli musiqi layihəsinin iştirakçısı olub. Dünyada bir çox beynəlxalq moda həftələrində model kimi iştirak edib. Elçin Dadaşov da moda və gözəllik sənayesi ilə bağlı müxtəlif layihələrə qatılıb.

 

86
Abşeron tutu

Xəzrinin musiqisi, samovar çayı, tutlu plov: yaşlıya savab, cavana səhhət

504
(Yenilənib 22:56 10.07.2020)
Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar

BAKI, 10 iyul — Sputnik. Abşeronun tutu başqa aləmdir. Hər həyətdə bir-iki tut ağacı salmaq hələ dədə-babadan adət olub. Tutu əkən həmişə savab sahibidir, çünki ağacın kölgəsi sərinlik verir, meyvəsinin isə dadından doymaq olmur. Yayın cırhacırında bəzən hündürlüyü ikimərtəbəli ev boyda olan tut ağacının altında xəzri küləyinin musiqisini dinləmək, samovar çayı içmək qədər gözəl bir nəsə tapmaq çətin məsələdir.

Abşeronun xartutu əvəzolunmaz bir bitkidir

Tut ağacını həyətində əkən şəxs bir növ səxavətli insan kimi tanınır, çünki istəsən də, istəməsən də, mövsüm dövründə bütün məhsulu yığıb qurtara bilməzsən. Qonşuya, qohuma pay yollamalı olursan, ətrafdakıları tut yığmağa dəvət etməlisən. Tutu quruda, ondan mürəbbə və bəkməz hazırlaya bilərsən. Qışın soyuq günlərində insana güc-qüvvə verər tutdan hazırlanan məhsullar.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Abşeronda tutun onlarla növünə rast gəlinir. Şahtut, bidanə, tehrani, muştut, xartut kimi müxtəlif sortları yarımadanın hər yerində əkilib. Şahtut və muştut ilk məhsulunu artıq mayın sonunda verir. Tehrani iyunun sonuna tükənir. Bidanə isə iyulun yarısına kimi məhsulunu ağacda saxlayır. İyun ayı küləkli keçsə, bəzən tutun hamısı yerə tökülür. Küləksiz illərdə isə tut elə ağacda quruyur, toplayıb qışa ehtiyat kimi saxlamaq olar.

Abşeronun xartutu isə əvəzolunmaz bir bitkidir. Qanı aşağı olan, vitamini çatmayan şəxslərə məsləhətdir. Gözəl turşməzə dadı olur, hemoqlobini artırır. Hamilə qadınlara məsləhətdir. Toplayıb kənara qoyduqda, tez bir zamanda özündən xeyli şirə buraxır. Bazarlarda xartutun şirəsini ayrıca stəkanla satırlar. Tutların içində ən bahalısı sayılır. Əvəzsiz məhsuldur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir

Tutun yaxşı sirkəsi də olur. Amma üzümdən fərqli olaraq mütləq tərkibinə bir neçə element əlavə edilir. Qara çörək, kömür və paslı mismar sirkəni tündləşdirir. Tut qaraciyərin dərmanıdır deyə, tut sirkəsi və tut bəkməzi qaraciyər üçün xeyirlidir.

Bidanə tutların içində möhtəşəmliyi ilə seçilir. Fars dilindən alınma söz olan “bidanə” tumsuz, toxumsuz mənasını verir. Toxumu yoxdur deyə, mürəbbəsi dadlı olur. Şirinliyi də normadadır. Bidanədən həm də çox gözəl bir yemək hazırlanır: tutlu plov. Ağdam və Ağcabədi zonasında məşhur olan tutlu plovu ən azı ildə bir dəfə tut mövsümündə bişirmək olar. Düyü qədər də tut tələb olunur. Kərə yağı, tut və düyüdən hazırlanır. Tut çırpılır, təmizlənir, qazana düzülür, yağda bişirilir, üzərinə də düyü əlavə edilir. Dadından doymaq olmur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Qaratut və muştutun şirinliyi az olur, şəkərdən uzaq durmaq istəyənlər üçün daha məsləhətlidir. Gözəl mürəbbəsi alınır. Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir. Yerə tökülür, bir çox canlını qidalandırır. Qarışqalar elə hey tutdan daşıyırlar, qışa hazırlaşırlar. Həyətində toyuq-cücə, qaz-ördək saxlayanlar tutun qiymətini yaxşı bilirlər. Tutun qurumuş budaqları həm samovara, həm də manqala yarayır, çünki bərk oduncağı var, istisi çox olur. Bacaranlar kömür də hazırlaya bilərlər. Tut ağacından hər hansı bir əşya illərlə sahibinə xidmət edə bilər. Yaxşı ət taxtası, odun doğramaq üçün kötük düzəltmək olar, dekorativ işlər üçün material kimi yararlıdır. Tutdan musiqi alətləri də düzəldilir. Əsasən, tarı tut ağacından hazırlayırlar. 

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Gövdəsi insanın boynu yoğunluğunda oldusa, demək, ömrünün sonu yaxınlaşır

Tutla bağlı Azərbaycan miflərində xeyli maraqlı təsəvvürə rast gəlirik. Tutu kəsmək günah sayılır, tutu kəsənin başına çox bəla gələr deyirlər. Xartut Bakı əhli üçün müqəddəs sayılır, amma həm də ağır ağacdır, deyirlər, gərək tutu cavan adam əkməsin. Elə ki, xartutun gövdəsi insanın boynu yoğunluğunda oldu, demək, həmin şəxsin ömrünün sonu yaxınlaşır. Məsləhətdir, xartutu yaşı əllidən yuxarı olan birisi əksin. Tut əkən onu adətən özü üçün yox, özündən sonra gələn nəsillər üçün əkir. Elə xartutun böyüməsinə heç 20-30 il bəs eləmir bəzən.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tutu sevməyən də az deyil, həyətini təmiz görmək istəyən, zir-zibili yığışdırmaqdan bezənlər ən radikal metoda, yəni ağacı doğramağa belə əl atırlar. Həm də əgər bağı başlı-başına buraxsan, elə ətraf qonşular bütün günü həyətdən tut daşımaqla məşğul olacaqlar. Tut yoxdursa, deməli, həyətinə girən də yoxdur. Son 30 ildə tut ağacları həm də xalq arasında “amerikan qurdu” deyilən bir bəla ilə rastlaşıb. Yaşıl rəngli qurd ağacda əməlli-başlı tor salaraq bütün yarpaqları məhv edə bilər. Nə qədər mübarizə etsən belə, çox zaman faydası olmur. Bağ əhli əlində qayçı tutu budayır, qurdları yandırır, ağacı dərmanlayır. Amma qonşuda varsa, bir müddət sonra yenə əmələ gəlir. Niyə bu qurda “amerikan qurdu” deyirlər, məlum deyil, amma əsasən SSRİ dağılandan və sərhədlər açılandan sonra əmələ gəlib. Ola bilər, haradasa xaricdən gətirilib.

Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar.

504
Əlaqədar
Koronavirus bizə çətin qalib gələ, çünki bizim ona qarşı silahımız var
Bir gün yeməsək, marketdən uzaq dursaq, okeana bərpa olmaq şansı verərdik
Açılan süfrələrdə yeri görünər hər an: İtirdiyi mövqeyə qayıdacaqmı zəfəran?
Sarımsaqdan zəncəfilə kimi: antiseptik ədviyyələr nə qədər effektlidir?
Koronavirusdan sağalmağın yolu xəstələnməkdən keçir
 Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko Belarusun dağılması təhlükəsindən danışdı

0
(Yenilənib 00:23 11.07.2020)
Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir

BAKI, 10 iyul — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin dağılması təhlükəsi olduğunu bəyan edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Lukaşenko yerli KİV-lərlə görüşündə ölkənin suverenliyinin qorunmasının əsas məqsəd olduğunu bildirib.

"Yalnız mənim deyil, bizim öz əllərimizlə qurduğumuz hər şeyin sabah dağılmasını və kiminsə gəlib, eksperimentlər həyata keçirməsini istəmirəm", - deyə Lukaşenko vurğulayıb.

Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək. Seçki kampaniyası zamanı müxalifətin bəzi liderləri və namizəd Viktor Babariko tutulub. Belarus DİN vurğulayır ki, onlar siyasi fəaliyyətinə görə deyil, kütləvi tədbirlər zamanı asayişin pozulmasına görə saxlanılıblar.

0
Əlaqədar
Lukaşenko anons etdi – İqtisadi, ekoloji problemlər kəskinləşəcək
Lukaşenko qələbə paradında - Moskvanı vətəninin paytaxtı adlandırdı
Lukaşenko bəyan etdi: "Koronavirus üzərində qələbə çaldıq"
Kreml: Belarusdakı seçkilərə müdaxilə etməyə hazırlaşmırıq
Lukaşenko xəbərdarlıq edib: Belarus ərazisinin bir hissəsini itirə bilər