CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ƏƏSMN-dən imtiyazlı şəxslərlə bağlı statistika

Abunə olmaq
ƏƏSMN əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi və tibbi-sosial reabilitasiyası istiqamətində gördüyü işləri açıqlayıb.

BAKI, 8 yan-Sputnik. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi və tibbi-sosial reabilitasiyası istiqamətində ötən il də məqsədyönlü işlər aparılıb.

Bu barədə ƏƏSMN-in mətbuat xidmətindən Sputnik-ə daxil olan məlumatda deyilir. Burada qeyd olunur ki, prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Nazirlik tərəfindən respublikanın müxtəlif  bölgələri üzrə 82 fərdi yaşayış evi, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 145 mənzil, habelə Tərtər rayonunda 54 mənzilli yaşayış evi, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarına əsasən hələ 2014-cü il ərzində həmin ilədək növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı başa çatdırılıb və imtiyazlı şəxslərin elə növbəyə dayandıqları ildə avtomobillə təminatına başlanılıb. 2015-ci ildə daha 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs "Naz-LİFAN" markalı avtomobillə təmin ediliblər.

Azərbaycan prezidenti İlham Əliyev. Arxiv şəkli - Sputnik Azərbaycan
İlham Əliyev gözdən əlillər üçün yeni binanın açılışında iştirak edib

Nazirliyin respublikanın müxtəlif bölgələri üzrə 14 bərpa-müalicə müəssisəsində hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bərpa-müalicə xidməti ilə təmin olunur. 2015-ci ilin sentyabrında İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi ölkədə bərpa müalicəsi sisteminin müasir tələblərə uyğun qurulması yönündə görülən uğurlu işlərin nümunəsi olub. Cənubi Qafqaz regionunda analoqu olmayan bu mərkəz il ərzində 1000 nəfərdən çox müvafiq şəxsə müasir tibbi-fizioterapevtik üsullarla xidmət göstərməyə imkan verir. Digər bir sıra bərpa-müalicə müəssisələrində də müasir tələblərə uyğun şərait yaradılmaqdadır.

Ötən il ƏƏSMN tərəfindən 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib ki, bu da ümumən 2014-cü ildə göndərilənlərdən 64,6 faiz çoxdur. Həmçinin hesabat dövründə əlilliyi olan şəxslərə 1273 ədədi əlil arabası olmaqla ümumilikdə 34 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.

 "2015-ci il ücün əlilliyi olan şəxslərin və sağlam imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqram"ı çərçivəsində nazirlik keçən il ümumilikdə 13,6 mindən çox əlilliyi olan şəxsi və şəhid ailəsini birdəfəlik maddi yardımla təmin edib. Belə ki, Nazirlikdəki  müvafiq Komissiyanın qərarları əsasında sosial müdafiəyə daha çox ehtiyacı olan 602 nəfər  əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardımlar verilib. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsi və 316 nəfər 20 Yanvar əlili, Çernobıl AES-də baş vermiş qəzanın ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş 486 nəfər şəxs birdəfəlik maddi yardımla təmin olunub. Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan 1492 ailədəki 3117 uşağa, Beynəlxalq Əlillər günü ilə əlaqədar  8700 nəfər əlilliyi olan şəxsə də birdəfəlik maddi yardımlar ödənilib.

25 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicəsinə, 53 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə birdəfəlik maddi yardım ödənilməsi qaydasında köməklik göstərilib. Həmçinin keçən ilin noyabrında ölkəmizdə Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi təşkil olunub. 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın əl işlərinin təqdim olunduğu tədbirin yekununda qaliblərinə mükafatlar verilməklə yanaşı, digər 200 nəfərə yaxın iştirakçının hər birinə də birdəfəlik maddi yardımlar verilib.

Hazırda respublikamızda Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunan şəxslərin 69 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, 20 Yanvar əlilləri, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlillərdir. 2014-cü ildə müharibə əlilləri  və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Həmçinin aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Həmin müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial müavinətin aylıq məbləği isə 7,4 dəfə artırılıb. Eyni zamanda əmək pensiyaçılarının 28,8 %-ini əlilliyə görə əmək pensiyası alanlar təşkil edir və 2003-cü illə müqayisədə ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləğində 9,5 dəfə artım qeydə alınıb.

Xəbər lenti
0