Vüqar Bayramov

Bayram günlərində heç 2 manata da 1 dollar tapa bilməyəcəyik

174
(Yenilənib 18:24 28.12.2015)
İqtisadçı-ekspert Vüqar Bayramov: Üçüncü devalvasiya bank sistemini tamamilə çökdürəcək.

BAKI, 28 dek — Sputnik. Manatın dollara nisbətən məzənnəsinin 50 faiz aşağı salınması ilə bağlı Mərkəzi Bankın son addımı ötən həftə sonu Bakıda və eləcə də rayonlarda uzun illərdən sonra yenidən “qara bazar” formalaşdırdı. 

Məsələni Sputnik-ə şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, üzən valyuta siyasətinə keçdiyini bəyan edərək devalvasiyaya gedən Mərkəzi Bankın manatı kəskin dəyərsizləşdirməsi milli valyutaya olan inamın tamamilə sarsılmasına səbəb olub. Vətəndaşlar manatın yeni və daha kəskin devalvasiyasından ehtiyatlanaraq əllərindəki pullarını kütləvi şəkildə dollara dəyişməyə çalışırlar. Mərkəzi Bankın ötən həftəsonu bazarda olmaması isə dollara olan tələbin ödənilməsinə imkan vermədi: “ Ötən həftənin iş günlərində 300 milyon dollara intervensiya edən adıçəkilən bank bazardan cəkiləcəyi halda manatın kəksin dəyər itirəcəyini proqnozlaşdırmaq çətin deyil. Bakıda heç də bütün valyutadəyişmə məntəqələri işlərini bərpa etməyib. Mərkəzi Bankın intervensiya xərcləri göstərir ki, ikinci devalvasiya dollara olan tələbi azaltmayıb. Üçüncü devalvasiyanın baş verməsi isə yumşaq desək, bank sektorunun çökməsinə gətirib çıxara bilər.” 

копейки на фоне доллара
© Sputnik / Natalya Seliverstova

İqtisadçı-ekspert qarşıdan gələn bayram günlərində heç 2 manata belə 1 dollar tapa bilməyəcəyimizi deyib: “Qarşıdan bayram günlərin gəldiyini nəzərə alsaq Mərkəzi Bank hökmən qeyri-iş günlərində də intervensiyasını davam etdirməlidir. Çünki əgər bayram günlərdə Mərkəzi Bank bazara çıxmazsa, o zaman 2 manata belə 1 dollara tapmaq mümkün olmayacaq və bu milli valyutanın qara bazarda kəskin ucuzlaşmasına səbəb olacaq.

Buna görə də, indiki halda ən məqbul yol xarici borclanmağa getməklə Mərkəzi Bankın dollara tələbini qarşılamaq və manatın siterilizasiyası hesabına dollarlaşma prosesini başa çatdırmaqdır.”

Bayramovun fikrincə, 17 milyard dollardan 5 milyard dollaradək valyuta ehtiyatları azalan Mərkəzi Bankın bazara müdaxilə imkanları getdikcə məhdudlaşır. Buna görə də, Mərkəzi Bank əlavə rezervlər cəlb etməlidir:

“Mərkəzi Bank öncədən bayram günləri fəaliyyət göstərəcəyini bəyan edib ilin sonu və yeni ilin əvvəlləri bazarı dollar ilə təmin etməkdə davam etməlidir. Əks halda bayram günləri istənilən inzibati metodlarla “qara bazarın” və o cümlədən, dolların bahalaşmasının qarşısını almaq mümkün olmayacaq.” – deyə ekspert əlavə edib.

174
Mövzu:
Azərbaycan valyutasının ucuzlaşması (22)
 Göygöl gölü, arxiv şəkli

Yaz payız yoxa çıxır - Bəs şairlər nəyi vəsf edəcəklər?

13
(Yenilənib 22:30 15.08.2020)
Ehtimal edilir ki, dünya miqyasında havalar o qədər soyuq və o qədər isti keçsin ki, iki fəsil yaransın.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 avqust — Sputnik. Son illər havaların tez isinib, tez soyuması, günlərin yay fəslində belə qısa olması, havanın tez qaralması halları müşahidə edilir. Hətda bəzən ara fəsillər yaz-payız fəsillərinin yox olacağı da deyilir.

"Bu il isti keçdi", "hava vaxtından tez qaralır", "sanki günlər qısalıb" və s. bu kimi fikirlər demək olar ki, hamını düşünüdürür.

Bəs əslində nə baş verir?

Coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Sputnik Azərbaycan-a açqıalamsında bildirib ki, fəsillər astronomik və iqlim fəsilləri olaraq, iki formada müəyyən edilir.

Astronomik fəsillər Yerin Günəş ətrafında hərəkətinə əsaslanır və təqribən hər bir fəsil 90 gün civarında olur.

Astronomik fəsillər Yerin Günəş ətrafında fırlanması nəticəsində meydana gəlir. Bunun dəqiq tarixləri var, 23 sentyabr, 23 dekabr, 22 mart və 22 iyun tarixlərində fəsillər dəyişir. Bu tarixlər fəsillərin başlanması və başa çatması tarixləridir: "İqlim fəsilləri isə, müəyyən temperatur həddinin keçilməsi ilə izah edilir. İqlim fəsillərində hər il 3-5 gün fərqlilik ola bilər. Məsələn, iqlim fəsillərində temperatur dayanıqlı olaraq, 10 C-dən yuxarı müşahidə edilirsə, bu yaz fəslidir. Bu mart ayının əvvəlində də, martın 10-da da müşahidə edilə bilər".

Mütəxəssis bildirib ki, iqlim dəyişiklikləri qlobal problemdir.

Onun sözlərinə görə, belə bir nəzəri fikir var ki, gələcəkdə ara fəsillər - yaz və payız olmayacaq. Bu nəzəri bir fikirdir.

Yəni, ehtimal edilir ki, dünya miqyasında havalar o qədər soyuq və o qədər isti keçsin ki, iki fəsil yaransın. Bu uzun illər sonra üçün ehtimal edilir.

"Bu, Yerdə iqlimin formalaşmasında rol oynayan təbii amillərin dəyişməsi baş verərsə, mümkün ola bilər. Yəni, Yerin xəyali oxunun orbit müstəvisində meylinin dəyişməsi, gələn Günəş radiasiyasının düşmə bucağının dəyişməsi ilə əlaqədar ola bilər. Belə hallar ola bilər".

Mütəxəssis hesab edir ki, ilin müqayisəli formada isti keçməsini, günün qısalmasını, havanın daha soyuq keçməsini dilə gətirmək isə, sadəcə sözdür, müşahidə deyil.

"Ümumi götürəndə Azərbaycanda 1961-1990-cı illərə nisbətən 1991-ci ildən 2015-2017-ci ilə qədər tempratur 0,6-1,5 C yüksəlib. Bu faktdır. Bu ilqim dəyişmələrinin birinci əlamətidir. İqlim dəyişməsinin ilk əlaməti yağıntı və temperaturdur. Azərbaycanda, Abşeron yarımadasından başqa bütün ərazilər də yağıntıların miqdarı azalıb" – deyən M. Həsənov əlavə edib ki, bu qlobal miqyasda iqlim dəyişmələrinin nəticəsidir. Yəni, qlobal iqlim dəyişmələri lokal olaraq Azərbaycanda da müşahidə edilir. Bu belə davam edərsə, təbiətdə də, kənd təsərrüfatında da, landşaftda da, həyatın bütün sahələrində iqlim dəyişiklikləri baş verəcək. Biz də buna uyğunlşamalıyıq.

Professor qeyd edib ki, iqlim dəyişmələrinə əsas səbəb atmosferin çirkləndirilməsidir. İndiki dövrdə iqlim dəyişməsinin əsas səbəbi antropogen amillərdir. "Atmosferə atılan zərərli qazların miqdarı artır, Günəşdən gələn radiasiya Yer səthinə çatır və Yer səthi o istiliyi geri qaytarmalıdır. Lakin geri qaytaranda həmin şüalar istixana effekti adlanan həmin zəhərli qazlara dəyib, yenidən yerə qayıdır. Zəhərli qazlar radiasiyanı geri buraxmır. Qayıdanda isə Yeri idarə edən atmosferdə tempraturu yüksəldir" - deyən Həsənov qeyd eidb ki, antorpogen amillər dedikdə, bura avtomobillər, zavod-fabriklər, kənd təsərrüfatı və s. amillər daxildir.

Professor əlavə edib ki, iqlim dəyişmələrinin nəticələrindən bir də, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda su ehtiyatlarından azalması ilə özünü büruzə edir.

13
Kök kişi, arxiv şəkli

Qatqı maddələri, yoxsa qida əlavələri?

3
(Yenilənib 21:03 15.08.2020)
Qida sənayesində yalnız elmi araşdırmalar nəticəsində təhlükəsizliyi sübut olunmuş, istifadə dozası müəyyən edilmiş qatqı maddələrinin istifadəsinə icazə verilir.

BAKI, 15 avqust — Sputnik. "Qatqı maddələri", yoxsa "qida əlavələri" terminlərindən hansının istifadəsinin düzgün olduğunu aydınlaşdırmaq zəruridir. Belə ki, müxtəlif dillərdə "food supplements" və ya "dietary supplements", "биологически активные добавки", "gıda takviyeleri" kimi məlum olan "qida əlavələri", daha doğrusu, "bioloji fəallığa malik qida əlavələri" termini qida rasionunu zənginləşdirmək və profilaktika məqsədilə kapsul, tablet, toz, məhlul və s. şəklində, müəyyən edilmiş dozada qəbul olunan, bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioloji aktivliyə malik maddələrə (vitaminlər, mineral maddələr, amin turşuları və s.) şamil edilir.

Azərbaycan Qida Təhlükəsizliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qatqı maddələri ayrılıqda qida kimi istifadə edilməyən, hər hansı bir qidanın xam maddəsi, əsas və ya köməkçi komponenti olmayan, qidaların (əsasən, qablaşdırılmış, hazır qidaların) rəf ömrünü uzatmaq, dad, qoxu, tekstura, görünüş və s. kimi xüsusiyyətlərini saxlamaq, inkişaf etdirmək məqsədilə onlara əlavə edilməsinə icazə verilən kimyəvi maddələrdir. Qatqı maddələri müasir dövrümüzün kəşfi deyil, qədim zamanlardan bəri onlardan qida hazırlanması və saxlanmasında istifadə edilib. Bunlardan uzun müddət saxlamaq, dad vermək məqsədilə ətə və balığa əlavə edilən duzu, həmçinin ədviyyatı, şəkəri misal göstərmək olar.

Qida əlavələrinin sənayedə geniş istifadəsinə XIX əsrin sonlarından başlanılmışdır. Doğrudur, qatqı maddələri kimyəvi maddələrdir, amma bütün kimyəvi maddələrin insan orqanizmi üçün təhlükə törətdiyini düşünmək də yanlışdır. Belə ki, bütün orqanizmlərin strukturunu təşkil edən, həyat fəaliyyətinin vacib komponentləri olan zülallar, yağlar, karbohidratlar, vitaminlər, minerallar da kimyəvi maddələrdir.

Qatqı maddələrindən istifadə olunması qidanın bütün istehsal mərhələlərindən keçərək anbarlara, dükanlara və istehlakçıya çatdırılana qədər müəyyən edilmiş zaman ərzində məhsulun keyfiyyətinin qorunub saxlanılmasını təmin edir. Müasir dövrdə insanlar arasında allergik reaksiyalar, astma tutmaları, həzm sistemi pozğunluqları kimi narahatlıqların, həmçinin şiş xəstəliklərinin artmasının ən birinci səbəbi hazır qidaların və onların istehsalında istifadə edilən qatqı maddələrinin kütləvi şəkildə istehlakı hesab olunur. Lakin nəzərə almaq lazımdır ki, hər hansı bir kimyəvi maddənin insan orqanizminə təsiri həm orqanizmin fərdi xüsusiyyətlərindən, həm də istifadə edilən maddənin miqdarından asılıdır. Hər bir qatqı maddəsi üçün, bir qayda olaraq, sutkalıq istehlak dozası tətbiq edilir və bu həddin aşılması insan sağlamlığına göstəriləcək mənfi təzahürlərə gətirib çıxara bilir. Bundan başqa bir insan üçün tamamilə təhlükəsiz olan qatqı maddəsi digər birinə güclü zərərli təsir göstərə bilər. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (WHO) uşaqların, yaşlıların və allergik insanların hazır qidaların istehlakından uzaq durmasını tövsiyə edir.

Qatqı maddələri bitki, heyvan, mineral və ya sintetik mənşəli olub, 3 qrupa bölünür:

1. Təbii (məsələn, çuğundur suyundan alınan betanin – E162);

2. Təbiətdəkinin insan tərəfindən hazırlanmış əkizi olan, təbii məhsula yaxın qatqı maddələri (vanil və s.);

3. İnsan tərəfindən hazırlanan, təbiətdə rast gəlinməyən sintetik qatqı maddələri.

Qida sənayesində yalnız elmi araşdırmalar nəticəsində təhlükəsizliyi sübut olunmuş, istifadə dozası müəyyən edilmiş qatqı maddələrinin istifadəsinə icazə verilir. Dünyada bu araşdırmaların aparılmasına və dozanın müəyyən olunmasına cavabdehlik daşıyan qurum Qida Əlavələri üzrə FAO və WHO-nun müştərək ekspert komitəsi, başqa sözlə, JECFA-dır. Qatqı maddələrini təsvir etmək və qidanın digər inqrediyentləri ilə qarışıqlığına yol verməmək üçün Avropa Birliyinin işarəsi olaraq "E" hərfi və yanında 3 rəqəmli kodlardan istifadə edilir. Təbiiliyi və ya sintetikliyindən asılı olmayaraq, bütün qatqı maddələri bu kodlama sisteminin tərkibinə daxildir. Bu kodlama sisteminə görə qatqı maddələrini aşağıdakı kimi təsnifləndirmək olar:

- Rəngləyicilər – E100-E180 arası. Hazırlanma zamanı öz təbii rəngini itirən qidanın rəngini bərpa etmək, ona cəlbedici görünüş vermək, rəngsiz qidaya rəng qatmaq məqsədilə istifadə olunur. Qadağan olunmuş bütün rəngləyici maddələr ya toksiki, ya da kanserogen təsirlidir.

- Qoruyucular – E200-E297 arası, E330. Bura antimikrob agentlər (asetik turşusu, benzoy turşusu, kükürd dioksid, sorbik turşusu, propionik turşusu, nitrit və nitratlar) və antioksidantlar daxildir. Antimikrob agentlər qidanın kif, maya göbələkləri və bakteriyalar tərəfindən pozulmasının qarşısını alaraq onların keyfiyyətini qoruyur və rəfdəki ömrünü uzadır. Qoruyuculardan E210-E213 kimi kodlaşdırılan benzoy turşusu əksər bitkilərin yarpaq, qabıq və meyvələrində təbii halda mövcud olub sənayedə, əsasən, turşu və ya duz şəklində, un məmulatları, pendir, saqqız, şirniyyat, dondurulmuş süd məhsulları, yumşaq desertlərdə istifadə edilir. Lakin bu maddənin həddindən artıq istifadəsi astmaya, sinir pozğunluğuna və uşaqlarda hiperaktivliyə gətirib çıxarır.

- Digər qoruyuculardan nitrit və nitratlar emal edilmiş ət məhsullarında və balıqda rəng, qoxu, dad xüsusiyyətlərini qorumaq, mikroblara qarşı stabilliyin saxlanılması üçün tətbiq olunur. Nitritlərdən E250 (natrium nitrit) toksiki maddə olub nəfəs daralması, başgicəllənməsi və başağrısı kimi narahatlıqlara rəvac verə bilən potensial kanserogen maddədir. Buna baxmayaraq, bu maddə ət məhsullarında botulotoksin adlı zəhər əmələ gətirən "Clostridium botulinum" bakteriyasının inkişafının qarşısını alır. JEFCA tərəfindən bu maddənin bədən çəkisinə görə sutkalıq yolverilən qəbuletmə dozası 0,07 mq/kq olaraq təsis edilmişdir.

- Digər məşhur qoruyucu qatqı maddəsi olan E220 və ya kükürd dioksid içkilər, qurudulmuş meyvələr, meyvə şirəsi, sirkə və kartof məhsullarında göbələk əleyhinə istifadə edilir. Lakin bu qatqı maddəsi zəhərli olduğuna görə, onun ABŞ-da çiy meyvə və tərəvəzlərdə istifadəsi Qida və Dərman Assosiasiyası (FDA) tərəfindən məhdudlaşdırılmışdır. Belə ki, astma xəstələrində şoklara, böyrək çatışmazlığı olan xəstələrdə metabolizmin çətinləşməsinə gətirib çıxardığı, B1 və E vitaminlərini məhv etdiyi sübuta yetirilmişdir. İrlandiyanın Qida Təhlükəsizliyi Qurumu tərəfindən kükürd dioksid üçün bədən çəkisinə görə sutkalıq yolverilən qəbuletmə dozası 0,7 mq/kq olaraq müəyyən edilmişdir.

- Antioksidantlar – E300–E321. Qidada arzu edilməyən qoxu və dad dəyişikliklərinin, enzimatik qaralma və rəng itkisinin qarşısını almaq, rəf ömrünü uzatmaq məqsədilə, əsasən, yağ və yağ məhsullarına əlavə olunur.

- Emulqatorlar və stabilizatorlar – E322–E500. Qidada yağın və suyun bir-birinə qarışmasını təmin edir. Bura lesitin, mono və diqliseridlər aiddir.

- pH tənzimləyicilər və ya turşu bazalı təminatçılar – E500–E578.

- Dadlandırıcılar, aromatizatorlar – E620–E637. Qidanın dad və ya ətir xüsusiyyətlərinin yaxşılaşdırılması üçün istifadə olunur. Qida sənayesində ən çox istifadə edilən dadlandırıcı maddə natrium qlutamatdır. Bu maddədən ət və balıq ehtiva edən dondurulmuş qidalarda, quru qarışım halında satılan bütün şorbalarda, konservlərdə istifadə olunur. Natrium qlutamatın istifadəsinə görə uzaq Şərq ölkələri və Türkiyə birinci yerdədir. Bu maddədən kütləvi istifadə elmdə "Çin restoranı sindromu" kimi bilinən halsızlıq, uyuşuqluq və s. kimi narahatlıqlara səbəb olur.

- Daha geniş sferalı olanlar – E900–E927. Buraya qidanın teksturası, hazırlanması və bişirilmə xüsusiyyətlərini inkişaf etdirən, qida dəyərini qoruyan maddələr daxildir.

Qeyd edək ki, Amerikanın FDA təşkilatının istifadəsinə icazə verdiyi qatqı maddələrinin sayı 2800-dür. Avropa Birliyində isə bu rəqəm 297-dir.

Xatırladaq ki, qida məhsullarının təhlükəsizliyinin təminatının başlıca şərti qatqı maddələrinin sutkalıq istifadəsinə, yəni yolverilən normaya riayət etməkdir.

Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və Risklərin Qiymətləndirilməsi Departamentinin Qida Təhlükəsizliyi Şöbəsinin aparıcı mütəxəssisi Lamiyə Abasova tərəfindən hazırlanmışdır.

3