Masazırda mitinq

"Yeni Bakı" sakinləri etiraz edir

13424
(Yenilənib 10:22 30.11.2015)
Sakinlər: Ev sahibindən çox, kirayəşin kimi yaşayırıq.

Bakı, 29 noy — Sputnik. Masazırdakı "Yeni Bakı" Yaşayış Kompleksinin sakinləri dünən gecədən etibarən mitinqə başlayıblar. "Ev sahibindən çox, kirayəşin kimi yaşayırıq. Ayda hər kvadratmetrə görə 40 qəpik alırlar. Əlavə olaraq da lisenziyasız 43 kanala görə 6 manat yığırlar. Təsəvvür edin, 100 kv metr evi olan adam hər ay 46 manat ödəməlidir. Üstəlik ödədiyimiz pula görə xidmət də yoxdur. Bəs o pullar kimin cibinə gedir? Biz niyə əziyyətlə qazandığımız pulları kiməsə verməliyik?" deyə kompleks sakinləri bildiriblər. Bundan əlavə, MMC qeyri-yaşayış obyektlərindən ayda hər kvadratmetrə görə 80 qəpik pul alır. Niyəsi isə izah olunmur:

"Soruşanda deyirlər ki, binanın saxlanması üçündür. Şəhərcikdə 5 ədəd 13, 22 ədəd tək bloklu mənzil var. Bir blokdan ayda təxminən 1000 manat toplanır. Ancaq bu 1000 manatın hara sərf olunduğu bizə açıqlanmır".

Mənzil Məcəlləsinə görə, çoxmənzilli binalarda ümumi əmlakın (pilləkanlar, lift, lift şaxtası, dəhliz və s.) saxlanması üçün lazım olan vəsaiti həmin binanın mülkiyyətçiləri ödəməlidir. Lakin bu məbləğ sakinlərin razılığı ilə ümumi toplantı zamanı müəyyənləşdirilməlidir. "İlin Dörd Fəsli" MMC kvadratına 40 qəpik kommunal haqqını hər hansı bir sakinlə razılaşmadan müəyyənləşdirib.

"Üstəlik, bizimlə kommunal ödəmə haqqında müqavilə bağlanmayıb. MMC zəhmət çəkib bir binanın saxlanmasına xərclədiyi məbləği açıqlasın. Biz də verdiyimiz pulların kiminsə cibinə getmədiyinə əmin olaq. Hər halda bir blokun saxlanmasına ayda 1000 manat pul xərclənməsi absurddur. Üstəlik, kommunal ödəmə haqqında müqavilə olmadan pul toplamaq qanun pozuntusudur". Sakinlər ev aldıqları "İlin Dörd Fəsli" MMC-nin müxtəlif vaxtlarda onlardan işıq, qaz, su sayğaclarına görə qanunsuz aldığı pullardan (250, 500, 700 AZN) və aylıq kommunal haqqının çoxluğundan şikayətçidirlər.

Buna görə "Yeni Bakı" sakinləri Dilarə Əsgərova, Nurlan Kərimli, Coşqun Hacıkərimov, Rəşad Qasımov, Samir Hüseynov, Rəşadət Quliyev, Safura Quliyeva, Qalina Ozerova, Sevər Süleymanova, Zərifə Hüseynova, Zaur Mirzəyev, Ümid Əsgərov, Adil Məmmədov, Fəxrəddin İsmayılov və daha 43 nəfər problemlərinin həll edilməsi üçün prezident İlham Əliyevə, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və "Azərişıq"a müraciət ediblər. Nəticəsini gözləyirlər.

13424