US Visa

Turistlərə beş günə elektron viza verilməsi məsələsinə baxılır

22
(Yenilənib 14:20 03.09.2015)
“Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası” təsdiq edilib.

BAKI, 3 sent-Sputnik. “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası” təsdiq edilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik-ə verilən məlumata görə, qayda Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanıb və turistlərə elektron viza hüququnu əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nazirlikdə akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.

Şöbədən bildiriblər ki, “Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamın icrasının təmin edilməsi məqsədilə Azərbaycana viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir.

Nazirlik ilkin olaraq əsasən gəlmə turizmlə məşğul olan 65 turizm şirkətinə sözügedən sistemdən istifadə edərək elektron turist vizası almaq hüququ verib. Hazırda ilkin olaraq elektron turist viza sistemindən istifadə etmək həvalə olunmuş turizm şirkətləri müvafiq qaydaya uyğun olaraq akkreditasiyadan keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən xüsusi razılıq (lisenziya) almış və qeyd olunan qaydalarda göstərilən tələblərə uyğun gələn istənilən turizm şirkəti akkreditasiyadan keçmək üçün nazirliyə müraciət edə bilərlər. Elektron turist vizaları müraciət edildikdən ən geci 10 gün müddətinə rəsmiləşdirilir.

Nazirlikdən əlavə ediblər ki, prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən viza verilməsi prosedurunun 10 gündən 5 günə salınması ilə bağlı birgə fəaliyyət həyata keçirilir.

22