Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı namizədlik məsələsinə aydınlıq gətirdi

125
(Yenilənib 15:37 03.09.2015)
VHP lideri hələ namizədliklə bağlı fikrini dəqiqləşdirməyib.

BAKI, 3 sent-Sputnik. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) parlement seçkilərində iştirakla bağlı namizədlər siyahısını açıqlasa da, siyahıda partiya lideri Sabir Rüstəmxanlının adı yer almayıb.

Adının siyahıda yer almamasına aydınlıq gətirən VHP lideri Sabir Rüstəmxanlı Sputnik-ə açıqlamasında deyib ki, namizədlər siyahısı hissə-hissə cəmiyyətə açıqlanır və bu ilkin siyahıdır. “Hələ açıqlanan siyahı tam siyahı deyil. Mənim adımın siyahıda olmamasına gəldikdə isə, deyə bilərəm ki, hələ vaxta var və zaman yetişəndə mən də namizədliyimi irəli sürəcəm. Namizədliyimin irəli sürülməsilə bağlı hər hansı bir problem yoxdur. Partiya üzvləri də, cəmiyyətdə görüşdüyüm insanlar da mənə namizədliyimi irəli sürməyimi təkid edirlər. Ona görə də, namizədliyimin irəli sürülməsində heç bir problem yoxdur. Hələ seçkilərə yenicə start verilib və biz də müəyyən mərhələdə namizədliyimizi irəli sürəcəyik” —deyə VHP lideri bildirib.

VHP 14 Dairə Seçki Komissiyasına (DSK) təqdim etdiyi namizədlərin siyahısını açıqlayıb və siyahıda partiya sədri, millət vəkili Sabir Rüstəmxanlının adı yoxdur.

Bir az əvvəl Sabir Rüstəmxanlının həyat yoldaşı, Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirmişdi ki, bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini irəli sürmək fikri var. “Mən namizədliyimi irəli sürəcəyəmsə, Sabir Rüstəmxanlı namizəd olmayacaq.” – deyə xanım Rüstəmxanlı bildirmişdi.

Dairə Seçki Komissiyaları namizədlərin sənədlərini sentyabrın 1-dən qəbul etməyə başlayıb. 

Bu ilin noyabr ayının 1-də Azərbaycan Milli Məclisinə seçki keçiriləcək.


125