Əmək və əhalinin sosial müdafiəsi nazirliyi

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gecikmiş müraciəti

178
(Yenilənib 13:13 12.08.2015)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özəl sektora iş vaxtının dəyişdirilməsi ilə bağlı müraciət edib.

BAKI, 12 avq — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özəl sektora iş vaxtının dəyişdirilməsi ilə bağlı müraciət edib. 

Nazirlikdən Sputnik-ə verilən məlumatda deyilir ki,  bununla bağlı olaraq  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bankların rəhbərlərinə müraciət ünvanlanıb. 

Müraciətdə deyilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” 30 iyun 2015-ci il tarixli 1 nömrəli protokolunun 24-cü bəndi ilə Bakı şəhərində ictimai şəhər nəqliyyatının iş rejimini normallaşdırmaq,  avtomobil yollarında tıxacların yaranmasına şərait yaratmamaq və sərnişin daşımalarında yol hərəkətinin təhlükəsizliyini yüksəltmək məqsədilə 2015-ci ilin avqust ayından başlayaraq Bakı şəhərində iş vaxtının özəl sektorda saat 07:30 – 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunur. Tövsiyənin icrasını təmin etmək üçün Bakı şəhərində özəl sektorda və  bank sektorunda fəaliyyət göstərən işəgötürənlər tərəfindən aşağıda qeyd edilən əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi zəruridir.  

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 

İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər.

Əmək Məcəlləsinin 11-ci maddəsinin birinci bəndinin ə) yarımbəndi ilə işəgötürənə bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək hüququ verilmişdir. Əmək şəraiti — işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. Bu baxımdan işçinin əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtının başlanması vaxtının dəyişdirilməsi onun əmək şəraiti şərtlərinin dəyişdirilməsi kimi qəbul edilməlidir. 

Əmək Məcəlləsinin 56-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini   dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilə bilər. Bu halda nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin yeddinci hissəsinə əsasən işəgötürən işçinin əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndi ilə xitam verildikdə  ona orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəməlidir.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının yuxarıda qeyd edilən protokolunun 24-cü bəndi ilə müəyyən edilən tövsiyə xarakterli tədbirin dövlət əhəmiyyətli olduğunu Bakı şəhərində yerləşən özəl sektorda və  bank sektorunda çalışan işəgötürənlərin diqqətinə çatdıraraq, əmək müqavilələrində iş vaxtının başlanması ilə bağlı əmək şəraiti şərtlərinin dəyişdirilməsinin həmkarlar ittifaqı təşkilatı ilə, müəssisədə həmkarlar ittifaqı təşkilatı olmadıqda əmək kollektivi ilə danışıqlar aparmaqla işçilərin əmək müqavilələrinə xitam verilməsi hallarına maksimum səviyyədə yol vermədən həyata keçirilməsinin zəruri olduğunu bildirir.”. 

Müraciətdə Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərdən və bankların rəhbərlərindən görülən tədbirlər barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron poçtuna (info@mlspp.gov.az) məlumat göndərmələri xahiş olunur. 

178
Teqlər:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Kəlbəcər, arxiv şəkli

Ermənistanın ekoloji cinayətləri - işğal olunmuş ərazilərdə məhv edilmiş flora fauna

11
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev : İşğal olunmuş ərazilərimizdə 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.

BAKI, 20 oktyabr — Sputnik. Erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev "Beynəlxalq bitki sağlamlığı ili"nə həsr olunmuş bitki sağlamlığı və elmi tədqiqatlar" mövzusunda regional tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir:

"İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların florası barədə geniş məlumatlar yoxdur. Bunu nəzərə alaraq, həmin ərazilər tezliklə işğaldan azad olunandan sonra nadir və nəsli kəsilməkdə olan flora növlərinin araşdırılmasına başlanılacaq. Bu məqsədlə Azərbaycan Respublikası "Qırmızı Kitabı"nın III nəşrinin hazırlanması və nəşri planlaşdırılır".

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Bu günədək Azərbaycanın onlarla yaşayış məntəqəsi işğaldan azad edilib. Lakin təəssüflə qeyd etməliyik ki, ermənilər işğal etdikləri ərazilərdəki hər şeyi, eləcə də flora və faunanı məhv ediblər.

11
Bakıda maska taxmış şəxs

Yoluxanların sayı artdı, sərtləşməyə hazır olun!

37
Azərbaycanda koronavirus xəstələrinin 40 min 272 nəfəri müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 45 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 241 min 664 test aparılıb. Bugünkü test sayı isə 9028-dir.

37
Yunanıstan bayrağı

Yunanıstanın Türkiyə xofu: Orduda xidmət müddətini artırır

0
(Yenilənib 23:23 20.10.2020)
Məlumata əsasən Yunanıstanda xidmət müddəti 9 aydan 12 aya qədər artırılacaq. Bundan əlavə, Yunanıstanda şəxslər hərbi xidmətə bundan sonra 19 yox, 18 yaşdan etibarən çağırılacaq.

 

BAKI, 20 oktyabr — Sputnik. Yunanıstan Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda bu ölkəyə məxsus Silahlı Qüvvələrində xidmət müddətini artırmağı planlaşdırır. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən Yunanıstanda xidmət müddəti 9 aydan 12 aya qədər artırılacaq. Bundan əlavə, Yunanıstanda şəxslər hərbi xidmətə bundan sonra 19 yox, 18 yaşdan etibarən çağırılacaq.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanlarının birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

0